BİR SKAMYADA ÜÇÜNCÜ YER...

 

 (Fikirlər məcmusu)

 

Rövşən QƏRİBLİ

 

Mən yazıçı Qərib Mehdinin oğluyam. Atamın illər boyu qələmə aldığı, həmçinin, sonuncu kitabı haqqında mənim fikir söyləməyə haqqım çatırmı, yoxsa ətrafdan buna reaksiya və münasibət birmənalı olmayacaqdır?

O zaman gəlin belə razılaşaq: mən onun ocağında doğulub böyüsəm də, cəmiyyətdə olan insanlardan və onun oxucularından biriyəm. Qərib Mehdinin əsərlərinə quşbaxışı bir nəzər atıram desəm, doğru olmaz. Sadəcə, oxuyuram və düşünürəm. Ailədə bizim münasibətimiz fərqlidir: əlyazmalarından xəbərim yoxdur, kitablarını isə həmişə özü mənə hədiyyə verir. Mən də oxuyub təəssüratımı bölüşürəm...

Yazıçının ədəbi rəfində külliyyatının hələ ki, sonuncu nümunəsi olan və nəfis şəkildə tərtib olunmuş "Bir skamyada iki nəfər" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017) adlandırdığı kitabın üz qabığında eyni adlı yazıdan qaynaqlanan, ilk baxışda adi görünən, əslində isə düşündürücü şəkildə mənası dərində gizlədilmiş maraqlı bir süjet var: Parkda böyük, şaxəli, qollu-budaqlı bir ağacın altındakı skamyada iki nəfər əyləşib. Biri çəliyinə söykənib oturan qoca kişidir. İkincisi isə gənc qızdır. Çox gənc, hələ çiçəyi burnunda olan qız yaxınlığında oturan qoca kişiyə əhəmiyyət vermir. O, öz aləmindədir. Çəlikli qoca da öz fikir girdabına batıb. Əgər qocanın ovcu bərk sıxdığı çəliyin dəstəsindən ağrımasa və o, bu ağrını hiss etməsə, xəyalları qırılmayacaqdır. Ən maraqlısı budur ki... altında oturduqları qollu-budaqlı nəhəng ağacın qoca oturan tərəfi sarı yarpaqlarla doludur, cavan qız oturan tərəfdəki budaqların yarpaqlarında isə yaşıllıq var. Hər halda, çox uğurlu bir tapıntıdır. Ancaq ən ümdəsi bu iki nəfərin arasında qalan boş məsafədir. Əslində, o boş məsafə ikisinin arasında qərar tutmuş, su kimi axmaqda olan və dayanmadan ötən ZAMANın təsvir edilməyən təsviridir... Ədib eyni skamyada oturan çəlikli qoca ilə çiçəyi hələ burnunda olan gənc qızın arasındakı boş yerdə "əyləşən"in ZAMAN olduğunu deməyi unudub, yaxud bunun fərqinə varmayıb, ya da dolayısı ilə fikrini çatdırıb...g Nə isə...g Bir skamyada iki yox, üç varlıq var. Sadəcə, onlardan biri görünməzdir...

...Və bir də keçmiş günlər vardı... O günlər indi yoxdur, ancaq Allah insana çox dəyərli maqnit lenti verib - yaddaş... Axı qocanın da gəncliyi olub... o qız kimi...

Ruhən mənsur şeiri xatırladan bu kiçik həcmli yazıda çox maraqlı bir məqam var: Qız əsəbidir, çünki sevgilisi vədələşdikləri yerə gecikib. Qoca isə ölüm mələyinin tezliklə gələcəyindən təlaşlıdır. Qız ömrünün gözəl çağında yalnızca sevgidən dolayı narahatdır. Lakin qoca ölüm xofu içərisindədir...

Yenə də ZAMANa hansı qapıdansa giriş...

Yenə də məchulluqla dolu bir aləm... Biri küsər, doyar, bezər və həyatında bir başqasını da tapar... Lakin o birini ölümdən qorumaq mümkün olmayacaq... Ölüm nə küsür, nə doyur, nə də bezir. Növbəsi çatanda Əcəl skamyada əyləşən qocanı hansı şəraitdə olmasından asılı olmayaraq, yaxalayacaq. İstər parkda cavan qızla yanaşı otursun, istərsə də evində divanda əyləşib televizora baxsın...

"Ürəyi ilə danışan, heyi qalmayan, çətinliklə nəfəs alan, əzab içində çırpınan, bununla belə həyatın şirinliyindən doymayan qoca da yalvarıır, kimisə, nəyi isə insafa çağırır:

- Vədədə dəqiqlik nümunəsi göstərirsən? Gecikməyin mənim üçün də lazımdır. Bilirəm, gələcəksən. Bu qədər tələsməyə nə lüzum? Gecik, nə olar..."

Çox sarsıdıcı, üşəndirici və xofa salan bir sonluqdur...

Müəllifin bu kiçik, vur-tut cəmi bir-iki qranka makina vərəqi həcmində olan yazısı böyük bir romana bərabərdir. O, elə bir süjet qurmuşdur ki, əgər istəsə, bu mətni təsirli bir romana və yaxud povestə çevirə bilər. Hətta bu süjetdən televiziya tamaşasının da "qoxusu gəlir". Yazı sənətkar ssenarist və rejissor əlində bütün bədii "ünvanlara" - janrlara uyğundur.

Kitabın başlanğıc əsəri - "İlk sevgi məktubu" povesti də ZAMANa vurulan işarədir - müasir dövrlə bərabər, həm də keçmiş günlərin xatırlanmasıdır. Obrazlar, həyati olaylar real mənzərə müstəvisində dəqiq təsvir olunmuşdur. Təbii ki, Elçin müəllim əsas obyektdən savayı, daha çox ümumiləşmiş obrazdır. Qərib Mehdi tanıdığı bir çox insanların xarakterik xüsusiyyətini bu obrazın daxilində cəmləşdirmişdir, necə deyərlər, bir neçə xəmir parçasından bir kündə düzəltmişdir. Bu, bütün yazıçı dünyasının bilinən və bilinməyən sirlərindəndir. Hərçənd ki, dünya ədəbiyyatının bir çox görkəmli nümayəndələri, tanınmış realist yazıçıları sırf real həyata və bu həyatın tamamilə çılpaq təsvirinə, yəni baş verənləri əsasən olduğu kimi təsvir etməyə alışqandırlar və məhz belə yazı tərzinə üstünlük verirlər. Bu baxımdan onların yazı manerasında sürətli yazma halları hiss olunur. Dünya ədiblərinin yaradıcılığında bəzi yazıçıların əsərlərini, o cümlədən, Drayzeri ("Kerri bacı"), Viktor Hüqonu ("Səfillər"), Mopassanı ("Həyat"), Somerset Moemi ("Ay və qara şahı") və s. çıxmaq şərtilə sətiraltı mənalar, fikir qılafının altında gizlədilən məna yükləri nisbətən azlıq təşkil edir. Əlbəttə, bu, yalnız yaradıcılığı ilə tanış ola bildiyimiz müəyyən yazıçılara aiddir. Onlar öz əsərlərində lazım olan fikri məhz epizodik təsvirlərdə daha çox açırlar. Buna rəğmən Azərbaycan ədəbiyyatında sətiraltılıq, obrazlı ifadələr qalareyası, oynaq fikirlər daha qabarıqdır. Xüsusən də, Qərib Mehdidə həmin bədii vərdiş daha güclüdür desəm, yanılmaram. Bu, onun əsərlərində birmənalılıq təşkil edir. O, danışanda da, cəmiyyətdəki insanlarla ünsiyyətdə olarkən də hər zaman "öz üslubuna" sadiqdir.

İnsanlar onu real həyatda həm də baməzə adam kimi tanıyırlar. O, gülür və güldürür. Və Qərib Mehdi heç də adi halda güldürmür. Qərib Mehdi adi hadisələrə bədii don geyindirib güldürməyi və düşündürməyi bacarır, hansı ki, başqaları bu əhvalatları yalnız adilik kimi qavrayıb söyləyə bilirlər. Və Qərib Mehdi öz söylədiklərinə özü də ürəkdən, nəfəsi kəsilə-kəsilə gülür. Çünki nə demək istədiyi özünə yaxşı bəllidir. O, öz ənənəsinə "İlk sevgi məktubu" povestində də vəfalılıq göstərmişdir. Əsərdə təsvir etdiyi hadisə ilə əlaqədar mənfi obraz kimi təqdim etdiyi məhkəmə sədrini "toybabası", əlində zolaqlı işarət ağacı olan milis nəfərini isə "əli çubuqlu fərraş" kimi satirik qələmlə qamçılamışdır.

Bu əsəri Qərib Mehdi özünəməxsus səpkidə yazmışdır. Ruhuna, yazılış üslubuna orijinal dəyişikliklər etmişdir. Əslində, Qərib Mehdi uzun illərdir ki. Əsərlərinin - "mahnılarının motivini dəyişmişdir". İlk çağlar yazdığı povest və hekayələr, mənsur şerlər müəllif şöhrətinin başlanğıcıdır və onu "torpaq yoldan asfalt yola çıxarmışdır". Həmin əsərlər özəl dəyərlərə malikdir.

Üslub tərzi baxımından müəllifin əsərlərini üç qrupa ayırmaq olar: birinci: özünəməxsus ənənəvi üslub, yəni yumşaq səpkili yazı tərzi; ikinci: oynaq ruhlu yazı tərzi: yəni söz və cümlələri, məna və fikirləri qurduğu kompozisiyada oynadır, nəticədə şıltaq dəniz dalğalanını xatırladan qəribə və orijinal üslub meydana gəlir; üçüncü isə onun orijinal fikirlərinin aforizmlərə cevrilməsidir. Və bu aforizmlər məna yükünə və tutumuna görə heç də klassiklərin, nəinki klassiklərin, antik ədəbiyyat nümayəndələrinin kəlamlarından belə geri qalmır. "Bir skamyada iki nəfər" bu baxımdan çox uğurlu və diqqət cəlb edən bir kitabdır.

Yorulmadan və məhsuldar şəkildə işləyən yazıçı bir çox yeni sözlərin və obrazlı fikirlərin tapıcısıdır. Novator qələmçi yeni kitabında, həmçinin, bundan öncəki kitablarında da çalışıb ki, yeni sözlər tapsın və ya ənənəvi sözləri yeni sözlərlə əvəzləsin. Və bu məqsədinə nail olmuşdur. Onun yazıları "qrammatik səhv" əvəzinə "qrammatik qələt", "bıçaq" sözü əvəzinə "kəsər", "fikrini dar biçib gen cırmaq", "zəhmindən cırcıramalara zəngulə vurduran", "qadın cəngəlliyi", "müharibə kişiləri yemişdir", "məzə üçün mürəbbəyə "mirbaba" deyirəm", "ikiqapılı bir söz", "məhəbbət qübbəsinin başqa bir üfüqündən doğan səhər şəfəqləri", "bacaların getdikcə gurlaşan ağ tüstüləri göyün qara buludlarını hədələyirdi", "qara günləri qara köynək kimi hələ əynindən çıxarmayan", "O, başını, ürəyini əlinə alıb harasa qaçmaq istəyirdi", "Qız anası əllərini belinə qoydu. Bu görkəmlə həm ortasından ikiqulplu nəhəng küpəyə, həm də küpəgirən qarıya oxşadı" və sair və ilaxır... məcazi söz və ifadələrlə zəngindir.

Povest maraqlı mövzu üzərində qurulmuşdur. Əsərin ruhundan hiss olunur ki, sürətlə, yəni birnəfəsə yazılıb. Ana süjet xəttinin - ağacın budaqlarındakı tumurcuq və yarpaqları - epizodlar eyni üslubda qələmə alınmış və yazıçı öz ənənəsinə sadiq olaraq povesti eyni səpkidə davam etdirərək başa çatdırmışdır.

Əsərdə müharibədən sonrakı keşməkeşli illərin iki gəncinin məhəbbəti və bu məhəbbətin vüsala çevrilməsinə mane olan mühit, insanlar təsvir olunur. Gənclərin uzun illər sonra qarşılaşması bir həqiqəti üzə çıxarır: əsl məhəbbət ölmür, əbədi yaşayır. Povestdə təsvir olunan hər bir obraz özünəməxsusluğu ilə fərqlənir. Vətən müharibəsi cəbhələrində həlak olmuş qəhrəmanın istedadlı, mərd və qürurlu oğlunu - Elçini və müharibə iştirakçısı adı arxasında gizlənib xalqa hökmranlıq etməyə çalışan atasına, ərinin vəzifəsinə güvənib sadə insanlara üstdən aşağı baxan anasına rəğmən çox saf və təmiz qəlbi ilə sevdiyi oğlana layiq olan Mələyi yazıçı sevə-sevə təsvir edir və oxucusuna da sevdirir.

Bu yaxınlarda özünü baş qəhrəmanın prototipi sayan bir ali məktəb müəllimi təsadüfən mənimlə rastlaşdı. Bizim onunla - atamın uşaqlıq və gənclik dostu bu adamla münasibətimiz çox yaxşıdır. Bu dostluq indi də davam edir. O, yaxşı pedaqoq, həm də şairdir. Hərdən şerlərini mənə oxuyur. Söhbət əsnasında qəhrəman həmin yazıdan danışdı. Məhz mən o zaman bildim ki, qəhrəman - "Elçin müəllim" qarşımda dayanan hörmət etdiyim bu şəxsdir. "Elçin müəllim" mənə dedi ki, "Qərib mənim həyatımı yazıb, amma məni akademik kimi qələmə verib. Mən hələ akademik deyiləm axı..." Mən ona demədim ki, siz də daxil olmaqla, Elçin müəllim obrazı ümumiləşmiş obrazdır və bu personajı yaradarkən müəllifin daha kimləri nəzərdə tutduğu yalnız özünə məlumdur. Oyun kartı kimi bu obrazı əlində yelpikvari açsan, orada çoxlu-çoxlu adamlar görəcəksən.

Yazıçı əsərdə keçən əsrin 50-ci illərini gənc, yeniyetmə; müasir dövrümüzün yaşlı, müdrik sevgililərini elə təsvir edib ki, oxucu bu obrazları göz önündə canlandıra bilir. Bu obrazların dialoqları təbii, düşüncələri inandırıcıdır. Amma müəllifin obrazlarının bəziləri haqqında bunu demək olmaz.

Qərib Mehdi bəzən köhnə yazı adətlərinə qayıdaraq yenə də "kiçik ölçülü adamları" - cəmiyyətin aşağı pilləsində duran fərdləri (məsələn, haytalı Züleyxanı) "bəlağətli sözlərlə" danışdırır. Axı hər bir fərd cəmiyyətdə, el arasında adi qaydada mükalimə edir... Savadsız və xaraktercə kobud insan o cür obrazlı ifadələri necə qura bilər? Müəllif, öz obrazlı İfadələrini onlara səxavətlə "bağışlayır". Bu, düzgün tərz deyil.

 

Əsərdə sadə insanı məhz olduğu kimi dindirmək lazımdır. Cəmyyətin alt qatında və yaxıd cəmiyyət eskalatorunun aşağı pilləsində dayanan insan surəti - filosof və akademik deyil, o, xaraktercə əsəbi olsa belə, fərqi yoxdur, sadəlövh bir varlıqdır. Haytalı Züleyxa da bu qəbildəndir.

Görkəmli sənət adamı mərhum İmamverdi Əbilovun yazıçı Qərib Mehdiin uzun illər əvvəl işıq üzü görmüş ilk kitablarından olan "Yaralı mərmər" və "Ucalan dağlar" haqqındakı yazıları məni çox maraqlandırdı. İmamverdi müəllim həmin kitablara dair kiçik iradları istisna olmaqla, Qərib Mehdi haqqında çox yaxşı fikirlər söyləmişdir.

Yeri gəlmişkən:

Uşaqlıq və gənclik illərini yaşadığım evdə bizim kiçik bir mətbəximiz vardı (o mətbəx elə indi də durur). Aynabəndə yol məhz buradan keçirdi. Atam yaxşı sənətkardır, həyətimizdəki bütün tikinti işlərini özü görüb. Sonralar atam həmin mətbəx də daxil olmaqla astananı genişləndirmək məqsədi ilə yeni artırma yaratmaq fikrinə düşmüşdü və bünövrəsini də qoymuşdu. Əgər o artırma başa gəlsəydi, evin görkəmi bir qədər də dəyişər və daha yaxşı görünərdi... Yəni, artırma uğurlu olardı. Əsərdə də belədir. Bəzən sonrakı əlavələr əsərləri daha da gözəlləşdirir. Ancaq həmişə belə olmur.

İlkin əlyazısından və nəşrdən sonra hansısa bir əsərə yeni əlavələr etmək bəzən uğurlu alınmır. Mən bunu atama da demişəm. "Ədəbi mətbəxdən sonrakı ədəbi artırma" ən gözəl sözlərlə süslənsə belə, əgər yerinə düşmürsə, deməli, artıqdır. Atamı Azərbaycan oxcuları ilk dəfə "İşıq" hekayəsi ilə tanıyıb seviblər. Hekayə illər sonra başqa variantda - yeni əlavələrlə təkrar dərc olunanda, digər oxucuları bilmirəm, amma məni açmadı. Çəpərin içindəki torpağı özü qədər yayanda o daha yaxşı və səliqəli görünür, nəinki çəpəri yerindən qopardıb uzadaraq daşlıq yerlərə salmaq...

Məncə, hekayə əvvəlki variantda qalsaydı, daha təbii olardı. Bu baxımdan da "İşıq" hekayəsi "ədəbi mətbəxin ədəbi artırmasına" bənzəmədi.

Və...

... Qərib Mehdiyə üzümü qələmlə tutub deyirəm, daha doğrusu, oxucusu kimi təklif edirəm: zamanında müəllifə böyük şöhrətlər gətirmiş kitablarından (o kitabların bəzilərindən evdə nadir nüsxələr qalıb) nümunələr seçib yeni kitablarında dərc etdirsin. Bu baxımdan "İşıq" (bu kitabdan bizdə, ümumiyyətlə, yoxdur) (təbii ki, əvvəlki variantında, artırmasız), "Yaralı mərmər" (bəzi yazıların təkrar dərci var), "Ucalan dağlar", "Rast", "Səndən sonra" və sair kitablarından seçmələr etsin. Tanıdığım bir çox köhnə oxucular "İşıq" və "Ucalan dağlar" əsərini yenidən oxumaq üçün məndən istəyirlər. Ortalıqda kitab yoxdur ki, mən də onların xahişlərini yerinə yetirəm...

Qərib Mehdi istəsə "Seçilmiş əsərlər" seriyasına start verə bilər. Bir də onun qələminin ən uğurlu yazıları tanıdığı kollektiv, mühit, həmçinin, insanlar barədə yazdığı yazılardır. O, cəmiyyətdə zümrəsindən asılı olmayaraq, yaxından dostluq etdiyi və həyatında sevincli-kədərli rollar oynamış insanlarla uzun illər boyu bir həyatı bölüşmüşdür. Qərib Mehdi uzağı görən yazıçılardandır, müşahidələri dəqiqdir. Gözündən heç nə qaçmır. Bu səpkidə olan "Geriyə baxmaq olar" adlı yazısı mənim yadımdadır ki, tanıdığım insanlar tərəfindən həvəslə oxunurdu.

Qərib Mehdi gənclik illərində teatrda işləmişdir, aktyor, orta məktəbdə müəllim olmuşdur. Onun sonralar ən çox getdiyi məkanlar "Gəncənin səsi" qəzetinin redaksiyası, mətbəə (mətbəədən böyük rezonans doğuran gözəl bir yazı yazıb), "Alimlər evi", Gəncə Dövlət Dram Teatrı olub. Gününün yarıdan çoxunu bu ocaqlarda keçirən Qərib Mehdi zəngin müşahidələrə sahibdir. Özü də elə-belə yox, maraqlı müşahidələr edib.

Bu müşahidələr onun teatr, mətbəə, redaksiya və işlədiyi universitet mühitindən yazdığı onlarla əsərin yaranmasına səbəb olub: povestlər, hekayələr, memuarlar, resenziyalar və s. "Səməndər quşu", "Uzağa uçan bal arısı", "Başqalarını və özünü oynayan aktyor", "Əsli ədədin əfsanəsi", "Sözün dostu", "Bu dəfə özü haqqında", "Qardaş itirmiş qələmdaş", "Oyun", "Xəstə", "Qarğa", "Prezentasiya", "Tanıdığım adamlar", "Adam-teatr", "Hamını oxumğa çağıran adam", "Aydınlığa doğru, Aydın!", "Gül əvəzinə söz", "Mümkünsüzlük" və s. onlarla əsər onun yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Ancaq mənə elə gəlir ki, Qərib Mehdinin beyin "anbarında" hələ də xeyli zəngin müşahidə məhsulları qorunub saxlanır. "Anbarın" qapısını daha geniş açmaq və həmin müşahidələri "azadlığa buraxaraq" oxucuları cəlb edəcək yeni maraqlı yazılara çevirmək vaxtıdır. Bəli, mənə elə gəlir ki, tipindən, personajından, ictimai mühitindən, qonşuluq mühitindən, həyatdakı dostlarından sadə bir dillə bəhs edən həmin yazıları (yazılanları toplayıb), yazılmayanları da yazıb bir başlıq altında - "Geriyə baxmaq olar" sərlövhəsi altında cəmləsin. İnanıram ki, rezonansı daha artıq olacaq.

 

***

...Görün, Qərib Mehdi "İlk sevgi məktubu" povestini necə bitirir:

"Günəş sarımtıl şəfəqlərini yığıb qüruba enirdi. Bir azdan onun yerini heç vaxt görüşməyəcəyi Ay tutacaqdı. Dan sökülənə yaxın biri yerini o birinə verəcəkdi..."

Belə zərif, şairanə və mənalı sözlərin müəllifi xoşbəxt yazıçı olsun gərək!

 

Ədalət  2018.- 30 avqust.- S.11-12.