ŞƏRƏFLİ TARİXİ YOL
KEÇƏN ƏDLİYYƏ SİSTEMİMİZ
Zəmin ABDULLAYEVA
Bakı şəhər 2 saylı
Notariat Kontorunun
Notariusu
Məlum
tarixi bir gerçəklik var. Bu danılmaz gerçəklik də
ondan ibarətdir ki, Şərqin ilk müstəqil dövləti
olan Azərbaycan özünün varlığını bəyan
edən kimi, yəni 1918-ci ilin may ayının 28-də paralel
olaraq dövlətin Ədliyyə Nazirliyinin də
yaradıldığını elan etdi. Bu bir daha
göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti bir
dövlət olaraq həm də hüquqa, qanunlara söykənib.
Özünün hüquqi dövlət
olduğunu dünyaya çatdırıb. Təbii ki,
yaşam ömrü qısa olmasına baxmayaraq, Xalq
Cümhuriyyəti dövrünün Ədliyyə Nazirliyi
çox fəal bir şəkildə ölkə həyatına
daxil ola bildi.
Məhz tanınmış dövlət xadimlərindən
biri olan Xəlil bəy Xasməmmədov da ölkənin ilk ədliyyə
naziri təyin edildi. Bu təcrübəli dövlət
xadiminin rəhbərliyi altında 1918-ci ilin noyabr
ayının 20-də Ədliyyə Nazirliyinin əsasnaməsi
hazırlanıb təsdiq edildi. Və əsasnaməyə
əsasən də ölkənin Ədliyyə Nazirliyinin
funksiyaları, səlahiyyətləri, onun fəaliyyət dairəsi
müəyyən oldu. Yəni qurumun konkret
olaraq hansı işləri görəcəyi əsaslı
şəkildə ortaya qoyuldu. Bu da onu göstərirdi
ki, Xalq Cümhuriyyətinin rəhbərliyi qanunlara,
qanunçuluğa, bütövlükdə ədliyyə sahəsinə
xüsusi önəm verir və ona sayğı ilə
yanaşır. Zaman baxımından ölkənin
ilk Ədliyyə Nazirliyinin də ömrü qısa
olmasına baxmayaraq, artıq bu qurumun bünövrəsi qoyulmuşdu.
Onun labüdlüyü bir gerçəklik kimi
ortaya çıxmışdı. Ona
görə də cümhuriyyətinin süqutundan sonra da
yaradılmış bütün qurumlarla bərabər ləğv
edilən Ədliyyə Nazirliyi də yeni formatda təsdiqləndi.
Yəni Sovet hökuməti öncə Xalq
Ədliyyə Komissarlığını yaratdı və
yaradılmış komissarlığa qanunvericilik layihələrinin
işlənib hazırlanması, eləcə də təlimatların
müəyyənləşdirilməsi, məhkəmə
işçilərinin seçilməsi və həmin
seçilmiş məhkəmə işçilərinə
inzibati rəhbərlik etmək funksiyası verildi. Bununla
yanaşı, Ədliyyə Nazirliyinə istintaqın
aparılması və qanunçuluğa ali
nəzarət də həvalə edildi. İlk
baxışdan müəyyən müsbət
çalarları özündə ifadə edən bu funksiyalar
1930-cu ildə ləğv edilərək bir neçə qurum
arasında paylaşdırıldı. Yəni
Xalq Ədliyyə Komissarlığı ləğv edildi və
onun vəzifələri Prokurorluq, Ali Məhkəmə, Mərkəzi
İcraiyyə Komitəsi arasında
bölüşdürüldü. Amma zaman
göstərdi ki, bu "bölüşdürmə" də
hələ tam şəkildə bir effektivlik ortaya
qoymayıbdı. Ona görə də
1933-cü ildə ləğv edilmiş qurum, yəni Xalq
Ədliyyə Komissarlığı bərpa olundu. Və
bu dəfə Xalq Ədliyyə Komissarlığı
qanunların şərhi, qanun layihələrinin və məhkəmə
kadrlarının hazırlanması, eləcə də əhaliyə
hüquqi yardımın göstərilməsi, pentensiar sistemin
idarə olunması, həmçinin Ali Məhkəməyə,
Prokurorluğa və vəkillərə rəhbərlik etmək
səlahiyyəti verildi. Qəbul edilmiş bu
format 1959-cu ilə qədər davam etdi. Doğrudur,
1937-ci ildə keçmiş SSRİ-də cərəyan edən
hadisələrin fonunda Xalq Ədliyyə
Komissarlığı əsasnaməsində müəyyən
dəyişikliklər edildi. Onun səlahiyyətləri
xeyli məhdudlaşdırıldı. Və məhz həmin
il Komissarlığa əsas fəaliyyət
sahəsi kimi məhkəmə və notariat orqanlarının
işinin təşkili, eləcə də onlara rəhbərlik
etmək funksiyası verildi.
Bax, bu cür dəyişikliklərin əlavə və
yeniləmələrin sayəsində Ədliyyə Nazirliyi
bir qurum olaraq öz mürəkkəb, həm də müəyyən
mənada maraqlı bir tarixi yol keçdi. Ona görə də bu il 100 yaşı tamam olan ədliyyə
sistemimizin arxada qalan bir əsrlik fəaliyyət
dövrünü vərəqləyəndə bəzən
ziddiyyətli, bəzən də heyrət və təəccüb
doğuran məqamlarla da qarşılaşmalı oluruq. Onların da ən çox hissəsi məhz Sovet
dövrünün 50-ci illərə qədər olan
zamanını əhatə edir. Təbii
ki, bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da həmin
dövrün repressiyaları, ziddiyyətli idarəçilik
institutu və sairə də ədliyyə sistemindən də
yan keçməmiş, ona da öz təsirini göstərmişdi.
Yalnız ötən əsrin 60-cı illərindən
başlayaraq Azərbaycanın ədliyyə sistemi sahəsində
sözün bütün mənalarında qanunçuluq, qanuna
nəzarət, məhkəmə sisteminin müasirləşməsi
və digər məsələlər özünün
hüquqi baxımdan inkişafını büruzə verməyə
başladı. Bütün bunların da əsas
səbəbi Ulu Öndərimiz Heydər Əliyev cənablarının
ölkə həyatının bütün sahələri kimi
ədliyyə sisteminə də böyük diqqət
ayırması olmuşdur. Tarixə
müraciət edəndə məlum olur ki, 1959-cu ildə
Ədliyyə Komissarlığı ləğv edilərək
onun əsas funksiyaları Ali Məhkəməyə və bir
də Nazirlər Sovetinə verilmişdi. Yəni
respublikanın Ali Məhkəməsi məhkəmə
orqanlarının fəaliyyətinə rəhbərlik və
nəzarət, məhkəmə statistikasının
aparılması kimi vacib sahəyə nəzarət edirdi.
Nazirlər Soveti isə öz tərkibində hüquq
komissiyası yaratmışdı ki, o da Xalq Ədliyyə
Komissarlığına aid olan müəyyən sahələri
idarə edirdi. Bu qarışıqlıq 1970-ci
ilə kimi davam etdi. Yalnız Ümummilli
Liderimiz 1970-ci ilin oktyabr ayının 27-də Azərbaycan
Respublikası Ali Sovetinin qərarı ilə Ədliyyə
Nazirliyinin yaradılmasını rəsmi şəkildə
reallaşdırdı. Yeni
yaradılmış Ədliyyə Nazirliyi özü ilə
birlikdə Azərbaycan ədliyyəsinin tarixinə yeni bir səhifə
əlavə etdi. Bu yeni mərhələ
özülü 1918-ci ilin may ayının 28-də elan
edilmiş Ədliyyə Nazirliyinin müəyyən
formatını, funksiyalarını özünə
köçürə bildi.
Maraqlıdır
ki, 1970-ci ilin oktyabrın ayının 27-də yaradılan
Ədliyyə Nazirliyi Ali Məhkəmədən başqa
bütün məhkəmə orqanlarına rəhbərliyi, əhaliyə
hüquqi yardım göstərilməsi, notariat fəaliyyəti,
məhkəmə ekspertizasının aparılması kimi zəruri
funksiyaları özündə cəmlədi. Və
bununla da 1972-ci ildə əsasnaməsi təsdiq edilən
Ədliyyə Nazirliyi artıq ədliyyə sistemini tam şəkildə
tənzimləyən çox mühüm normativ sənədləri
qəbul etmiş oldu. Bu da ilk növbədə
gələcək, yəni müstəqilliyini ikinci dəfə
qazanan Azərbaycanın ədliyyə sistemi üçün
bir zəmin oldu. Məhz həmin o
yaradılmış sistemin bazasında Azərbaycan 23 ay
ömrü olan Xalq Cümhuriyyətinin ideyalarını,
proqramını gerçəkləşdirməyə
başladı. Nəticədə xalqın
tələbiylə ikinci dəfə hakimiyyətə gələn
Ümummilli liderimiz Heydər Əliyev ölkə həyatının
bütün sahələrində köklü islahatların
aparılması ilə dövlətin sütunlarının
möhkəmlənməsinə şərait yaratdı.
Bilavasitə onun rəhbərliyi altında aparılan
hüquqi islahatlar konstitusiyamızda edilən bütün
yeniliklər Azərbaycanın bir hüquqi dövlət olaraq
tanınmasına imkan verdi. Aparılan
çoxşaxəli və köklü islahatlar imkan verdi ki, Ulu Öndərimizin daha bir istəyi
gerçəkləşsin. Bu istək də məhz
Ümummilli Liderimizin rəhbərliyi altında Hüquqi
İslahat Komissiyasının yaradılması oldu. Bu
komissiya qısa bir müddətdə ölkənin hüquq
sisteminin fəaliyyətini tənzimləyən ən əsas
qanunların qəbul edilməsinə, beynəlxalq hüququn tələblərin
Azərbaycanda təmin edilməsinə nail ola
bildi. Xususilə insan hüquqlarının, insan
haqlarının qorunması sayəsində mühüm
addımlar atıldı. Təbii ki, Azərbaycanın
bir dövlət olaraq bütün beynəlxalq qurumlarda təmsil
edilməsi məhz qəbul olunan qanunların sayəsində
reallaşdı. Heç də təsadüfi
deyil ki, ədliyyə sisteminin inkişafı ilə
bağlı konkret qanunların qəbul edilməsinə rəhbərlik
etmiş Ulu Öndərimiz vurğulayırdı ki,
"Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir.
Şübhəsiz ki, tariximizin parlaq səhifəsi
də var, qaranlıq səhifəsi də var, faciəli səhifəsi
də var". Bu da o deməkdir ki, biz
yüz illik bir tarixi olan ədliyyə sistemimizin dünəni
də, bu gününü də, sabahını da öyrənməklə
onun müsbət tərəflərini inkişaf etdirməklə
yeni dünyaya ən mükəmməl bir ədliyyə
sistemiylə qovuşmalıyıq. Heç
də təsadüfi deyil ki, ölkə prezidenti cənab
İlham Əliyevin də ədliyyə sistemi işçiləri
qarşısında qoyduğu əsas vəzifələrdən
biri də qanunçuluğun mükəmməl tətbiqi,
qorunması və inkişaf etdirilməsidir. Bu gün
respublikanın ədliyyə naziri Fikrət Məmmədov cənablarının
rəhbərliyi altında öz fəaliyyətini uğurla
davam etdirən Ədliyyə Nazirliyi və onun qurumları beynəlxalq
hüququn tələblərini də nəzərə almaqla
ölkə həyatında müsbət fəaliyyətini hər
an hiss etdirir və Azərbaycan vətəndaşları
da bu sistemə, bu fəaliyyətə güvənirlər.
Xususi olaraq beynəlxalq təşkilatların, BMT-nin, Avropa
Şurasının, İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin və digər nüfuzlu təşkilat
və qurumların Azərbaycanın hüquqi dövlət olması
ilə bağlı səsləndirdikləri fikirlər bir daha
göstərir ki, Azərbaycanın ədliyyə sistemi öz
fəaliyyətini doğru bir istiqamətdə
formalaşdırıb. Və təbii olaraq ölkə
prezidenti tərəfindən imzalanan "Ədliyyə
orqanlarının inkişafı haqqında", "Məhkəmə-hüquq
Şurası haqqında" və qəbul edilmiş digər
qanunlar da bu sistemin hər gün yeniləşməsinə,
necə deyərlər, özünü təsdiq etməsinə
xidmət edir.
Bəli, bir şanlı tarix
yaşamış Azərbaycanın ədliyyə sistemi bu
gün Xalq Cümhuriyyəti dövrünün böyük
ideyalarının reallaşması üçün Azərbaycanın
dünyəvi dövlət kimi möhkəmlənməsi
üçün gərək olan hər bir qanunun hər bir
istəyi ali məqsədə çevirib və ölkə
prezidentinin rəhbərliyi altında uğurlu bir yol getməkdədir.
Bu yolun uğurlu olacağına Ümummilli liderimizin
ideyaları öncədən inam yaradıbdı.
Ədalət 2018.-
30 avqust.- S.4.