CÜMLƏ QURMAQ
DÖVLƏT QURMAQ QƏDƏR ÇƏTİNDİR
SEYRAN SƏXAVƏT
Nala-mıxa vurmadan birbaşa mətləbə keçək. Dilin ən qaynar yerindən,
kəndlinin televiziyaya verdiyi kiçik müsahibədən:
-
Telefonuma zəng daxil oldu, telefonumu açdım, telefonumda mənim
nəzərimə çatdırdılar ki, anam avtomobil qəzasında
iştirak eləyib. Mən qəzada anamın iştirak etdiyi
yerə tələsdim, orda anama baxış keçirdim,
anamın üzərində təcili yardım həyata
keçirdəndən sonra o dirçəlməyə
doğru getdi...
Bu, Azərbaycan kəndinin dili deyil və Azərbaycan kəndinin
dili deyilsə, deməli Azərbaycan dili də deyil. Bəs onda nədi?
Bu, Azərbaycan televiziya məkanının dilidi- evlərimizin
ən üzdü qonağı olan televiziyanın.
Qəzaya
düşmüş anası haqqında müsahibə verən
bu kəndli kişi kameranı görəndə
kim olduğunu, harda doğulduğunu, hal-hazırda harda
yaşadığını tam unudur, televiziya dilində,
sığallı-tumarlı, ənlik-kirşanlı, tənginəfəs
yarımcan cümlələrlə danışmağa
başlayır, o da bizim televiziya məkanı kimi mədəni,
təmtəraqlı görünmək istəyir.
Kənddən
başqa bir müsahibə:
-
Durduğum yerdə maşınımın arxa nahiyəsindən
həmlə edərək maşınımın arxa nahiyəsini
əzdi, mən də maddi ziyana düşdüm,
maşınımın orası da maddi ziyana
düşdü...
Şərhsiz...
Uzun
sözün qısası: Ölkəmizdə fəaliyyət
göstərən televiziyaların "qayğısı və
diqqəti" sayəsində Azərbaycan dili elə bir vəziyyətə
gəlib çatıb ki, bu dildə ara
vermədən iki saat danışarsan və heç nə deməyə
bilərsən - bu, əsl dəhşətdir:
danışırsan, danışırsan və heç nə
demirsən - söz yığnağı. İkinci
dünya müharibəsində konslagerlərdə insanlar
üzərində aparılan amansız təcrübələri
xatırlamalı oldum. Yumşaq desək, televiziya
kanalları Azərbaycan dilinin varlığında
görünməmiş "cərrahiyyə əməliyyatları"
aparmaqla onu zəiflədir, nəticədə dilin
"astması" diaqnozu ilə üzbəüz
qalırıq.
Dünyanın hər yerində dilin yaradanı,
cilalayanı, inkişaf etdirib qoruyanı xalqdı - əgər
xalq öz dilini, dərinə getsək özünü unudub
televiziya dilində danışmağa başladısa, bu,
başlanğıc deyil, sondur.
Şifahi
xalq ədəbiyyatı ilə azdan-çoxdan
qaynayıb-qarışmış biri kimi deyə bilərəm
ki, adamları göyün yeddi qatına qaldıran
alqışlar olduğu kimi, insanların yeddi qatından
keçən qarğışlar da var. Ah-nalənin
müşayətilə kitablardan oxuduğum, eşitdiyim,
insanı bütün varlığıyla silkələyən,
silkələyəndə dəymişi dura-dura adamın
kalını tökən qarğışları sadalamaq
fikrim yoxdu. Ancaq onu deməliyəm ki, bu
qarğışların içində ən dəhşətlisi
ikicə kəlmədən ibarətdir:
- Dilin
qurusun!
Dilimizə
kim qarğış eləyib- bizə ancaq
ehtiraz eləmək qalır:
-
Ağzından çıxsın qoynuna düşsün.
Ölkəmizdə müəllimləri, həkimləri,
hətta mollaları da attestasiyadan keçirirlər. Bəs
televiziya işçilərini niyə söz
azadlığı adı altında özbaşına
qoymuşuq. Ümumiyyətlə, Dövlət dilimizə
- ana dilimizlə bağlı münasibətdə
Ölünü də özbaşına qoymaq olmaz, yoxsa kəfəni
yırtıb çıxar və bir də görərik ki, bu
ölülər dünyanın hər yerindən boy verib
görünən, nəhəng Palıd ağacının -
Azərbaycan dilinin dibinə neft tökürlər ki, qurusun,
bilərəkdən ya bilməyərəkdən - fərq etməz.
Bizim kəndlərin birində dalaşan iki nəfərin
biri gecə ilə qonşunun bağındakı
ağacların dibinə neft töküb onları
qurutmuşdu.
Hər yoldan ötəni gətirib ona ekran etibar eləyəndə,
o da özü kimi üzdəniraqları qonaq sifəti ilə
(təbii ki, hamıya aid deyil) dəvət edib Azərbaycan
dili ilə mazaqlaşacaqdı də. Onlar hardan bilsin ki,
Cümlə qurmaq Dövlət qurmaq qədər çətindir.
Ölkəmizdə
Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutu (Nəsimidən ayıbdı
axı...) və mənim aləmimdə bu işlərə
birbaşa cavabdeh olan Milli Teleradio Şurası var. Özü
də hər iki təşkilatın adının əvvəlində
Milli... Milli... Bu, milli olmadı ki, cənablar.
Bəs, siz hara baxırsınız. Sizlərin
bu gün hara baxdığını dəqiq bilməsəm də,
deyərdim ki, zəhmət olmasa Dövlət
başçısına tərəf baxın...
Prezident İlham Əliyev noyabrın 1-də Azərbaycan
dilinin qorunması və dövlət dilindən istifadənin
daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında fərman imzalayıb. Yeri gəlmişkən
deyək ki, belə sənədin imzalanması ilk deyil; yəqin
ki, axırıncı da olmayacaq. Dilimizin
saflığının ən yüksək səviyyədə
dəstəklənməsi sevindirir, ancaq gəlin görək
bu sevinci ürək dolusu yaşaya bilirikmi? Cavab xeyli qəlizdir və qəlizləşə-qəlizləşə
də gedir. Bizim borcumuz bu gedişatın
qarşısını almaqdır. Bu mənada,
altmış ilə yaxın Azərbaycan diliylə işləyən
bir adam kimi, öz
narahatlığımı, istəyimi sizinlə
bölüşmək istəyirəm.
Birinci növbədə, Azərbaycan dilinin kövrək
ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan
olmadığını görəcəyik. Əgər siz də mən
baxan tərəfdən baxsanız, qarşınızda nəhəng
döyüş meydançasını xatırladan bir
görüntü açılacaq: mühasirədə qalan və
mühasirəyə alanlar.
Gəlin
hər şeyi öz adı ilə deyək: mühasirədə
qalan Azərbaycan dilidir. Mühasirəyə alanlar isə
aşağıdakılardır:
1. Televiziyalar.
2.
Radiolar.
3. Saytlar.
4. Mətbuat.
Və bu
dördlüyün içində saysız-hesabsız
verilişlər, məqalələr, tərcümə
olunmuş filmlər, təzə çəkilmiş milli
seriallar, reklamlar, idman şərhçiləri, rusdilli azərbaycanlılar,
hüquq-mühafizə orqanlarının dili, tibb
işçilərinin dili, bəzi yüksək çinli məmurlar,
xarici dillərdən gələn sözlər, Türkiyə
türkcəsindən gəlmələr, mahnı sözləri,
bəzi orta məktəb dərslikləri, prezident fərmanı
ilə çap olunmuş nağıl kitabları və s.
Və
yuxarıdakı dördlüyün içində
sadaladıqlarımın içində də saymaq istəmədiyim
saysız-hesabsız nüanslar...
Sözümün canı odur ki, bu mühasirəni yarmaq
çox çətin olacaq.
İndi isə Azərbaycan dilinin ağır vəziyyətdə
olduğuna sizləri inandırmaq üçün keçək
faktlara.
Aldı görək televiziyalarımız nə dedi:
-
Soyğunçuluğa imza atmış oğrular.
Belə çıxır ki, oğrular heç kəsə
məlum olmayan qanun-qayda ilə soyğunçuluq eləyəndən
sonra bu məsələni sənədləşdirir və
altına da imza atırlar ki, bəli, oğru bizik. Heç elə
də şey olar? Dünyanın heç
yerində görünməyən məntiqsizlik zirvəsi.
- Səhər
yeməyini həyata keçirmək...
Sözüm yoxdu.
-
Yanğınsöndürənlər alova müdaxilə etdilər.
Sözüm yoxdu.
-
Verlişimiz gözəl baş tutdu.
Ümumiyyətlə, "baş tutdu" sözündən
bir dəfəlik imtina etmək lazımdır, çünki
bu söz birləşməsi mini təxribatdır, dilimiz
bunsuz da yaşıya bilər.
- Güllələrə
məruz qalerıx.
Bunu da televiziya dilində danışmaq istəyən
xalq deyir.
- Messi rəqiblə
toqquşub yerə yıxıldı.
Mən bu yaşa gəlmişəm kiminsə göyə
yıxılmağını eşitməmişəm.
-
Havanın hərarəti (istiliyi) müsbət (isti) otuz iki dərəcə
isti təşkil edəcək.
- Külək
topun hərəkətlənməsinə səbəb olur.
- Tualet təmizləməkdə
güclü mütəxəssis (təmizləyici toz nəzərdə
tutulur)
- Jüri
finalının biletləri satılacaq.
Jüri
finalı nə deməkdi, axı?..
- Sahibsiz
it məktəbdən gələn uşağı dişlədi.
İt dişləmir, tutur.
- Həyətində
işləyən altmış yaşlı qadını ilan
sancdı.
İlan ağcaqanad deyil ki, sancsın - ilan vurur.
-
Camaatı təxliyyə etdilər.
Köçürdülər.
- Əmək tutumu işlər.
?
-
Görüşün referesi serbiyalı hakim.
Refere -
hakim, ikisi də bir sözdü.
- Marallar
çox tez hamilə olur.
Hamilə qadınlar olur, heyvanlar boğaz olur.
-
Axtarışı həyata keçirirlər.
Televiziya məkanında "həyata keçirmək"
sözünün bəxti açılmaq bilmir ki, bilmir.
-
Çoxlu izdiham gördük.
İzdiham
elə çoxluq deməkdi (adam
çoxluğu), əgər belədirsə "çoxlu
izdiham" nə deməkdi, hansı dildədi.
-
Qapımızdan gətirdiyimiz toyuğu, hinduşqanı ucuz
qiymətə xalqa təqdim edirik.
Bu nə təqdimat mərasimidi axı? Yuxarıdakı sözləri
kənddən yarmarkaya gəlmiş adam
deyir.
-
Balıq dadmayan balıq yağı.
?
-
Üstdad kolbasaları...
Üst, orta və alt dad olmur- dad olur, ya da olmur.
-
Yaxşı, bərpa olub qurtardın?
Bir kinofilmdən - demək istəyir ki, özünə
gəldin?
- Topu
(futbol) başla tora yerləşdirdi.
?
- Hərarət
(istilik) doqquz dərəcə şaxta olacaq.
?
- Evakuator
maşını cərimə meydançasına
daşıdı.
Daşıdı yox, apardı. Daşımaq başqa
şeydi.
- Hava
şəraiti yağmursuz keçəcək.
Hava yağmursuz olacaq.
- Ukraynada
əkiz öküzlər dünyaya gəldi.
İnəklər öküz doğa bilməz axı,
buzov doğar.
?
- Duş
qəbul eləyin.
Duşun, yaxud suyun altına girin. Duş
yüksək çinli dövlət məmuru deyil ki, onu qəbul
edək.
- Ən
çox qanunpozuntusunu pozan televiziya...
Nə deməkdi. Adamın yadına "Tarix Nadir"
kitabı düşür.
- Hərarət
mənfi on dörd dərəcə şaxta olacaq.
?
- Göbələk
toplamalıyam...
Göbələyi yığarlar, adamları bir yerə
toplayarlar.
- Eynəyi
geyin.
Paltarı geyinərlər, eynəyi isə taxarlar.
- Lui Vanqal jurnalistlərin üzr istəmələrini
istəmişdi.
"İstəmək"
sözünə elə yazığım gəldi ki...
- 183
ölkənin xarici vətəndaşları.
Nə deməkdi?
- Bizə
nahar ver.
"Yemək ver" sözünü qoyub heç vaxt
"bizə nahar ver" demirlər.
- Eskalator
çalışır.
Çalışmır, işləyir-
çalışmaq adama aiddi.
- Bizə
öz əlində silah tutmağı bacaran...
"Əli silah tutan" demək istəyir.
- İndi həmin qolu izləyəcəyik.
İzləmək üçün prosesdi, indiki halda
"görəcəyik" olmalıdı.
- Hər
bütün bir idman növünü göstərirsiniz.
?
Bir idmançının televiziya
çıxışından.
- Hər
sezonda 100-150 nəfər uşaqlar.
?
- Diz
ayaqda ən incə, ən zərif yerdir.
?
- Vitali Kryuçkaya şillə endirdi.
?
- Top
qapıya daxil oldu.
Qoool...
- Rəqib
oyunçunun komanda yoldaşına ötürdüyü topu
qarşılaya bilmədi.
Adamı qarşılayarlar, topu alarlar.
- Messi
topu ələ keçirdi.
Bu, voleybol deyil, futboldu. Ona görə də
Messi topu ələ keçirmədi, aldı. Hörmətli
futbol şərhçisi, sən: "Messi topu ayağına
keçirdi" də deyə bilərsən.
-
Komandaların görüşməsi baş verdi.
?
- Rəqib
qapısına vurulan toplarda Ronaldo böyük pay sahibidi.
Pay başqa
şeydi.
-
Qapıçı topu tutmaq üçün uzandı.
Nə təhər məsləhətdi.
-
Yaşadığı haqda arayış gətirməlidi.
Söhbət
harda qeydiyyatda olmaqdan getmir; sadəcə arayış gətirirsən
ki, al bax, mən yaşayıram,sağam.
- Köhnə
təyyarələr təqaüdə göndərilməlidir.
?
- Digər
informasiyalar nəqliyyat nazirliyinin qabağına nəzər
yetirdik.
?
-
Hücumçu topu ram etdi.
?
- Lakin bəzi
bölgələrdə havanın yağmurlu keçəcəyi
burda da gözlənilir.
?
- Vəhşi
öküzü ram etmək kimə qismət olacaq.
Topu da ram eləyirik, vəhşi öküzü də.
Doğurdanmı vəhşi öküzlə
futbol topu arasında heç bir fərq yoxdu.
- Bu məsələ
bu gün həll olmasa qalacaq balalara. Bu torpaq
bizim olub mənasız savaşlardan qabaq.
Vətənpərvərlik
haqqında dinlədiyim mahnının sözlərinə fikir
verin:
- İcazə versəydiniz özümü sizin gücə
etibar etmək istəyirəm.
Səkkiz
sözün əvəzinə dörd söz: sizə
arxayın olmaq istəyirəm.
- Bu inəklər
Hindistanda onların allahlarından biri hesab olunur.
?
- Vəhşi
öküz zənciri açıb getdi.
Vəhşi öküz zənciri qıra bilər,
aça bilməz, çünki açmaq üçün əl
lazımdı- öküzlərin əli olmur.
-
Üç xal məsafəsini saxlaya bilmir.
Azərbaycanca deyil.
- Şaşkova (voleybol) topu oyuna daxil edir.
?
- Voleybol
salonunda azərkeşlər özlərinə yer tapmırlar,
atılıb düşürlər.
Nə deməkdi?
- Bizə
zəng edən zəng müəlliflərinin, zəng sahiblərinin
adlarını çəkməyin məqamı yetmişdi.
Kasıblığın, dayazlığın, mənasızlığın
dərəcəsinə fikir verdinizmi?
- Məşqçi
dəyişikliyi baş verib.
?
- Tərəfimizdən
cinayət işi açılmışdır.
Cinayət işi açılmışdır.
-
Öküzü tutmağın yolunu düzgün təmin etməmişdilər.
?
-
Qaraçuxur gölü çərçivələrini
aşıb.
?
- Soyuqla
mübarizə aparmaq üçün...
Soyuqla mübarizə aparmaq nə deməkdi? Mübarizə aparmaq
çox böyük anlamdı, axı...
-
Sağlam və güclü saçlar...
?
- İsti geyim əşyaları.
?
- Minlərlə
baş mal-qara tələf olub.
?
-Aralı
qulaqlar.
Nə deyək?
-
Xocalı soyqırımı məsələsini gündəmə
gətirmək məsələsi.
?
-
Bir-birimizi səfər etmək.
?
-
Ağappaq qar örtüyü ilə örtülüb.
?
- Xəzərin Mahaçqaladan keçən hissəsi
donub.
Xəzər çay deyil ki, Mahaçqaladan keçsin.
-
Komandaların səviyyəsi yüksək səviyyədədir.
Komandaların səviyyəsi yüksəkdir.
-
Komandanın qələbəsini rəsmiləşdirdi.
Bütün
qələbələr rəsmidir də, qeyri -rəsmi qələbə
olmur ki...
- Məsələyə
münasibət bildirən Abdulla Gül bildirib ki...
?
- Dəniz
suları buz içindədi.
Xeyir, buz dəniz suyunun içindədi.
- Onun
keçid yolunu keçən ikinci bir adam
yoxdu.
?
- İlin sonunda nəzərdə tutulması gözlənilir.
?
-
Komandanın ən iri qələbəsi.
?
-
Bataqlıqlar qəribə səslərlə doludur (Vatson)
?
- Mən
bir çox uğurlara imza atmışam.
?
- Ətləri (əti) basdırma eləmisiniz? Apteki fəaliyyətə
salacaqlar. Şəxsi münasibətlər
zəminində. Elə bir mahnılar.
İşıqların yanması həllini
tapacaq. Liftin işləməsini həyata
keçirəcəyik. Adamlarda məlumatlılıq
yoxdu. Presedent olmayan çap hadisəsi
baş vermişdi. Kəpəyə
qarşı çempion... və ilaxır və sair.
Bu cür
misalların sayını nə qədər desən uzatmaq
olar, nəticədə çox uzuuun bir yol alınar - lap elə
burdan Şuşaya qədər...
Bütün bunlar hələ mənim 2011-ci ildə
televiziyadan bir ay, ay yarım müddətində ara-sıra
götürdüyüm qeydlərdi. Özünüz
hesabınızı götürün də... Orasını
da deyim ki, dilimizi güvə kimi yeyən bu cür
faktların, hansı ayın neçəsində, hansı
televiziyanın hansı verilişində, saat neçədə
və kim tərəfindən efirə getməsi
də məlumdur. Dilimizin xətrinə zərurət
yaransa onu da açıqlaya bilərik. Həmin il fevral ayının 20-də Az.TV-də
göstərilən "Şerlok Xolms" filmindən bir
cümlənin tərcüməsinə fikir verin: Görəsən
bu şəraitdə sualtı qayıq tikmək olarmı?
Yaxud
fevralın 21-də "İdman" kanalında
"Saraqoza"-"Real" Betis futbol komandalarının
görüşündə şərhçi deyir: Bu hücum
öz inkişafını tapa bilmədi. Cümlədə
altı söz işlənib, halbuki ordakı fikri iki sözlə
də ifadə etmək olar: hücum alınmadı. Demək istəyirəm ki, cümləni yerli-yersiz
sözlərlə həddindən artıq
ağırlaşdırmaq, yükləmək olmaz. Elektrik naqillərini həddindən artıq yükləyəndə
qısa qapanma yaranır. Cümlə də
dilin naqilidi, onu da həddindən artıq yükləyəndə
qısaqapanma yaranır - Dilin qısa qapanması. Və bütün fəsadlar da bundan sonra boy verir -
necə deyərlər, süni mayalanma yolu ilə eybəcər,
şikəst, müstər və xəstə cümlələrin
döl kompaniyası dilimizin ərazisində hökmranlıq
eləyir. Mənim fikrimcə, cümlələrin
belə dağıdıcı döl kompaniyasının
Baş Qərargahı Azərbaycan televiziya məkanıdır.
Ən azı ona görə ki, yuxarıda
sadaladığımız saysız-hesabsız faktların
hamısı yalnız televiziya məkanından
götürülüb və radiolardan, saytlardan, yazılı
mətbuatdan götürdüyümüz faktları bu
yazıya əlavə etməmişik.
Bu cür vəziyyətdə dil doğub-törəməz
olur. Doğub-törəməz Dil isə sonsuz qadınlar
kimidir, nəsl yavaş-yavaş itir. İnsanın
nəsli itdiyi kimi, belə demək mümkündürsə,
Dilin də nəsli itir. Çünki Dil insan deməkdir . Çünki
İnsan Dil deməkdir. Dildəki
bütün xüsusiyyətlər İnsanda, İnsandakı
bütün xüsusiyyətlər dildədir.
Dili qorumağın ən real yolu onu korlamamaqdır. Əgər
korlamasaq Dilin özünü qorumaq instinqdi - cəhdi daha da
güclənər və gəlib bu vəziyyətə
düşməz.
Azərbaycan
dilini çox zəif bilən, ingilis dilində bülbül
kimi cəh-cəh vuran adam ən
yaxşı halda yarımingilis və dörddə bir azərbaycanlıdır.
Bu, həm də demoqrafik məsələdir.
Çünki sən mənən azərbaycanlı
olmasan da, sənəddə bizlərdən biri kimi
sayılırsan. Ona görə də hələ
1988-ci ildə Az. TV-dəki "Üzbəüz"
verlişində demişdim ki, "öz dilini bilməyən
Azərbaycanlını mən emiqrant hesab edirəm".
Belə "emiqrant" çoxluğuna qətiyyən
yol vermək olmaz, yoxsa doğma dilimiz kəkələyər,
pəltək olar. Xəstə dildə
sağlam düşüncə olmur. Sağlam
düşüncəli şəxs təpədən-dırnağa
silahlanmış adam kimidir - aralıdan
görüntüsü bəs eləyir...
İmkan
daxilində Azərbaycan dilinin - Dövlət dilimizin ərazisində
baş verənlərlə tanış
olduq. Vəziyyətin son dərəcə ciddi
olduğunu bir daha anladım. Mənə elə
gəldi ki, doğma dilimizin heç zaman bu günkü kimi təcili
yardıma ehtiyacı olmayıb - rus imperiyasının tərkibində
olanda da. Əgər təcili tədbirlər
görüb konkret addımlar atılmasa, Ana Dilimiz komaya
düşə bilər. Məşhur bir deyim var: Öz
ordusunu yedirtməyən xalq, başqasının ordusunu yedirdər.
Bu məntiqdən çıxış edərək: Öz
dilini qorumayan xalq, başqasının dilində
danışmalı olacaq.
Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla
danışırıq, nəticədə dilimizin şirinliyi
-şirəsi çəkilir və ilanı yuvasından
çıxartmağa qadir olan möhtəşəm Azərbaycan
dili əncir qurusuna oxşayır. Mənim aləmimdə
televiziyada Azərbaycan dili adı ilə dinləyicilərə
sırınan cümlələr, cümlələrin
içindəki sözlər çox əzilib-büzülür.
Deyəsən, o cümlələrin, o sözləin
böyük əksəriyyətini gecələr Tibilisi
prospektində adam şəklində
görənlər olub...
Dilin
namusu elin namusudur - O toxunulmazdır!
Bu, deputat
toxunulmazlığına bənzəməz - Dilin namusuna
toxunmaq, Torpağın namusuna toxunmaq kimi qəbul
olunmalıdır!
Əks halda Ulu öndər Heydər Əliyevdən yadigar qalan konstitusiyadakı məlum və məşhur maddəni dəyişib belə yazmalı olacağıq:
- Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan televiziya məkanın dilidir.
Azərbaycan dilinin korlanmasında əsas səbəbkarın Azərbaycan Televiziya Məkanı olduğunu nəzərə alaraq təklif edirəm:
1. Dilçilərdən və söz adamlarından yaradılmış qrup, televiziyada gedən verilişlərin dili barədə növbətçilik etsinlər.
2. Dillə bağlı nöqsanları televiziya rəhbərinin nəzərinə çatdırsınlar.
3. Dillə bağlı nöqsanlar təkrar olduqda televiziya rəmzi məbləğlə cərimə olunsun. (100 manat)
4. Dillə bağlı nöqsanlar yenə təkrar olduqda həmin televiziya 100 min manat (yüz min manat) cərimə olunsun.
5. Bu da kömək eləməsə həmin televiziyanın lesenziya məsələsinə yenidən baxılsın və lazım gələrsə fəaliyyəti dayandırılsın.
Yoxsa Azərbaycan dili öz fəaliyyətini dayandıracaq.
Seçim özümüzündü.
22-23 noyabr 2018 -ci il
P.S. Bu təklifi radiolara, saytlara və
yazılı mətbuata da tətbiq etmək olar
Ədalət 2018.- 1 dekabr.- S.8-9.