Əbülfət MƏDƏTOĞLU: TANRI İLƏ GÖRÜŞ YOLU...

"Güllərin soyqırımı" kitabı barəsində ikinci yazı

Yazı masamın üzərində artıq özünə daim qalmaq hüququ qazanmış kitabı yenə vərəqləyirəm. Əslində o kitab əlimə gəlib çatan gündən onunla danışıram. Hətta tam səmimi deyim ki, kitaba toxunmadan, onu vərəqləmədən belə ruhən kitabların qəhrəmanı ilə dərdləşirəm. Çünki bu kitabın unudulmaz söz durduqca duracaq qəhrəmanı Nurəngiz Günlə etdiyim söhbətlər, hətta ən doğma adamım kimi söhbətləşmələrim yadımdan çıxmır, bu kitabı görəndən onlar təzəzlənirlər, yada dünyaya yenidən ayaq açırlar.... Bax beləcə, bir qəribəliyin içərisindəyəm. O qəribəliyə çıxış yolu da, dönüş , qayıdış da elə bu kitabın özündədir...

Adətən kamil insanlar təkcə görmürlər, kəşf etmirlər, münasibət bildirmirlər, onlar həm Tanrıya yol axtarırlar. Elə bir yol ki, Tanrı bəndəsini özüylə qovuşdura bilsin, həmsöhbət etsin, o dərgaha yüksəlsin, o mərtəbəni qazandırsın... Bəli, bax, bu cəhdi, bu axtarışı edənlərin içərisində ONUN yanaşması, ONUN cəhdləri, ONUN baxış bucağı o qədər sadə o qədər munis idi ki, sanki sevgiylə, sayğıyla bədirlənmişdi, cilalanmışdı. Kənardan müşahidə etdikcə, nəzər yetirdikcə, o axtarışın qatlarına endikcə qarşında Nurəngiz Günün Tanrıya doğru uzanan süd rəngli yolu görünür. İnanın ki, hətta o yolun rəngi adamın gözünü çəkir, adamı sanki duruldur, sudan keçirir. Ona görə bir oxucu olaraq özün hiss etmədən bir nur axınından adlayıb gedirsən o yola doğru. :

 

Açılan bu səhər Nurəngiz Günə,

Görən vəd edir -

fəqət əlləri,

Tanrı dərgahına uzanıb yenə...

yenə gözlərindən

yaş gilələnir...

Tanrısıyla görüş...

İlahi sevgi...

İlahi varlığın səsi, sədası...

 

Bəli, üzümüzə açılan hər səhərin bir ovqatı, ürəyi, duyğuları kökləyən bir işartısı, ipucu olur. Allah bəndəsi o işartıdan, o ipucundan yapışıb açılan səhərin özünə doğru gedir. Elə bil ki, bir maqnit çəkir səni. Özün özünü unudub səni çəkənə, səni cəzb edənə tərəf necə getdiyinin fərqini hiss etmirsən. Ayaqların yerdən üzülür sən bir pərvanə kimi işığa tərəf əllərini açaraq eləcə uçursan... uçursan... kirpiklərinin ucunda yaş tumurcuqlayır. Bax, bu göz yaşı deyil. Bu sadəcə sənin içindəki sevginin damçılarıdır. Bu damcılar həmin o yola su kimi çilənir... Çilənir ki, sevgin , göyərsin o yolda, səsin göyərsin o yolda... Çünki sevgin , səsin İlahi bir duadı. sən o ilahi duayla gedirsən Tanrıya doğru... gedirsən Tanrıyla görüşə...

 

Bütün

sevgisiylə görüşə gəlib,

eşqiylə,

ünüylə,

görüşə gəlib...

adıyla,

oduyla,

görüşə gəlib...

bütün hissələrini

ovcuna yığıb

dayanıb ümidin

güvənliyində...

 

Gördünüzmü, Nurəngiz Günün Tanrıyla görüş yolunda şeirləşən obrazını... Sözə, pıçıltıya çevrilən bəzən rəngarəng gülləri xatırladan duyğularını... Burdaca xatırladım ki, bir rəssam fırçası da bu dediklıərimin çevrəsində öz işini görməkdədi. Yəni kitabın müəllifi Maşallah Məftun həmin o yolu da, həmin o yolla Tanrıyla görüşə gedən Nurəngiz Günü , onun yaşantılarını da həm şair, həm rəssam kimi canlandırır hopdurur oxucu yaddaşına.

Açıq-aşkar yaşayırsan bunları. Yaşadıqca da o güllərə, çiçəklərə çevrilən poetik səhnənin ətrini duyursan, qoxusunu hiss edirsən.

 

Çiçək qoxusuyla

bənövşə ətriylə

qəlbində döyünən

sətriylə

görüşə gəlib...

göylər layla çalır,

şair eşqinə.

çiçəklər göz yaşın

saxlaya bilmir,

bir anın hökmünə

min illər gəlir,

Minbərlərdən

yenə əzan yüksəlir...

Bu kiçicik parça əslində yaşanan ömrün yolunu, yəni Tanrıya doğru gedən görüş yolunu kino lentinə köçürür. sən gözünün önündə o lentin bir qarışqa sürətilə fırlanmasını izləyirsən, İlahi, bu izlədiyin anın içərisində bir oxucu olaraq mənim nələr yaşadığımı sözlə ifadə etməyə gücüm çatmır... havalanmış kimi oluram. Köməyimə yetən AZAN səsidir! Bu səs Tanrıya gedən yolun bəlkə lap elə həqiqətən yol nişanıdı. Səni, məni istiqamətləndirir...

Bəli, Maşallah Məftunun "Güllərin soyqırımı" kitabının mənə yaşatdığı bir həyat gerçəkliyidir. O gerçəkliyin hər bir anı üçün müəllifə , unudulmaz Nurəngiz Günün ruhuna sayqı sevgiylə baş əyirəm.

Ədalət  2018.- 6 dekabr.- S.5.