Dünyada tanınmaq Azərbaycanda tanınmaqdan asandır
(Şair Xəqani
Həbiboğlu ilə müsahibə)
(əvvəli
ötən sayımızda)
- Təəssüratlarınız
bitmir...
- Ora getməyim, orda laureat olmağım, "Smederevo Qızıl Açarı"nı təqdim etmələri mənim üçün gözlənilməz oldu. Orda bizdən çox fərqli mühüt gördüm. Heç kim bölünmüş yerlərdə məskunlaşmayıb, heç kim heç kimin yerini dar etmir. Festivalın tərkibində çox mükafatlar var, baş mükafat Qızıl açardır. Digər mükafatçıları iştirakçılar, baş mükafatçını isə münsiflər seçirlər. Amma açıq səsverməyə çıxarılan şeirlərin içərisində bir macar xanımın şeiri çox xoşuma gəldi, daha doğrusu çoxları tərəfindən bəyənildi. Mövzusu belə idi " Qadınlar tərcümə olunmur". Bu şeir barəsində mənim fikrimi soruşanda dedim ki, bizdə belə bir mahnı var." O üzə çevir məni, bu üzə çevir məni " əslində mahnıda " döndər" dir. Orda biraz da özüm uydurub, uyğunlaşdırdım. Alqışladılar. Sonra həmin xanım yaxınlaşıb mənə dedi ki, onu nahaq dediniz mənim şeirimi hamı bəyənmişdi, o sözlərin kölgəsində qaldı.
Gələn il o festivalı bu ilki laureat açmalıdır.
Və çox mədəni surətdə
bütün iştirakçıların
boynuna qoyurlar ki, hər il burda iştirak etməlisiniz. İndi ora mənə dünyaya pəncərə
kimi görünür.
Mən hətta bunu Azərbaycan və Kəlbəcər haqqında
yazmışdım ki,
Kəlbəcərdə tanınmaq,
Azərbaycanda tanınmaqdan
çətindir. Kəlbəcər sözə çox tələbkar yanaşır.
Gəlib
Bakıda tanına bilərdin, qayıdanda Kəlbəcər səni
qəbul etməyəcəkdi.
Və mənə belə aydın oldu ki, Dünyada tanınmaq Azərbaycanda tanınmaqdan asandır.
Açarı mənə
şəhərin meri
verdi. Çox mehriban
münasibət, şəkillər.
Adam özü də inanmır ki, belə bir şey
ola bilər.
Orda şair kiminsə qapısını döymür,
hamı şairə tərəf gəlir.
Bizdə
şeirə dərd kimi, avropada zövq kimi yanaşırlar.
- Söhbət
"çevirmək"dən düşmüşkən... şeirlərinizin
birində deyirsiz ki, sal daşı
çevirəndə göydə
durna qatarı
azır. Belə bir təcrübəniz var, yoxsa bu
əsatir hardan ağlınıza gəlib?
- Mən Kəlbəcərin
Şaplar kəndindənəm. Birinci kurs kəndə qayıdanda ( biraz
da özündən ,
oxumağından razı
oğlan idim) kəndimizin oxumayan uşaqları dedilər ki, bəs durna
qatarı gedəndə
sal daşı çevirsən qatar dağılır. Daşı
çevirdim və həqiqətən qatar dağıldı.
Heç
o uşaqlar özləri
də bilmirdilər hardan eşidiblər, mən isə onlardan eşitdim. Sonra müəyyən alimlərdən
maraqlandım, elə Oqtay Rza da
bizim institutda dərs deyirdi, ondan da soruşdum
ki, siz təbiət
alimisiniz, bəs bu nə ilə
əlaqədardır? O da dedi guya
nə bilim, impulslar filan...bilmirəm, ancaq çevirdim və dağıldı.
- Sizə elə gəlmir ki, yerdəki sal daşını çevirəndə göydəki
nizam pozulduğu kimi, göydə də bir daş
var, Tanrı onu çevirəndə insanlar yerdə öz yurd yuvalarından
didərgin düşürlər?
- Bəlkə də... dünyada hər şey bir-birilə əlaqədədir. Mən Serbiyada
deyirdim ki, Azərbaycanın elə yerləri var ki, burdan min dəfə gözəldir.
Orda bir şeir oxudum ki ;
Kəlbəcər yerdə yox, göydə fırlanır,
Bənövşə bürcündə, nərgiz
bürcündə.
Serblər hər hansı bir ərazinin göy aləmində yerdə bitən güllərin bürcünün
olmasına dair düşüncəni qəbul
edə bilmirlər. Onlar bunu
ancaq riyaziyyatçı
təfəkkürü ilə
əlaqələndirdilər. Avropada hər şey öz yerindədir. Ora gələn şairlərin hamısı
şirkət prezidentləri , öz nəşriyyatları
olan sahibkarlardır və s. Həyatları rahatdır, bizim qədər əziyyət
çəkib təxəyyül
sarsıntısı yaşamırlar.
- Nəsil səcərənizə baxsaq,
bir neçə şair var. Əmiləriniz
Qəmkeş Allahverdi,
İdris Verdiyev....Bəs atanız necə, o da şeir yazırdı?
- Atam da şeirlər
yazırdı, özü
də pis yazmırdı. Ziyalı adam idi,
iki ali məktəb
bitirmişdi, 37 il məktəb direktoru işləmişdi. Həmişə deyirdi Aşıq Ələsgəri bilib şeir yazmaq böyük cəsarət
tələb edir.
Aşıq Şəmşiri,
Bəhmən Vətənoğlunu ,
Sücaəti çox
sevirdi. Babam da şeir yazıb. Gözümü açıb şeirin
içində böyümüşəm.
Əmim çox məşhur aşıq şair idi. Başqaları gedib "Əsli və Kərəm " dastanını hansısa kitabdan oxuyurdusa, mən bələkdən eşitmişəm.
Mən o
mühütdə böyümüşəm.
Atamın direktor olduğu
məktəbdə yer
dar idi, kitabxana bizim evimiz idi." Ulduz " və
"Azərbaycan" ın
yeni fikirlər dövrü idi, mətbuat evə gəlirdi. Mən onları oxuyurdum,
iki tərəf arasında idim. O tərəfi sevirdim, amma yolum başqa
tərəfə idi. Evdəkilər həmişə məni tənqid edirdilər ki, sənin yazdığın
nədir, düz əməlli bir şey yaz. Qəmkeş kimi, Ələsgər kimi , Şəmşir
kimi yaz. Amma məni tənqid edən ailəmin mənə çox böyük yaxşılığı
o oldu ki, mən anladım bunların yolu ilə gedə bilməyəcəm. Biraz
kənara çıxdım
baxın
, o da avropalıların
xoşuna gəldi.
- Kəlbəcərdən
son dəfə necə
çıxdınız? "Semederevo Qızıl Açarı" sizdədir
indi ,
bəs Kəlbəcərdəki
evinizin açarını
necə, saxlayırsınız?
- Mən inanmazdım Kəlbəcəri ermənilər
ala bilərlər. İnsan hər
yerdə yaşaya bilər. Bakıda da ,lap köçüb Serbiyada da yaşamaq olar. Daha gözəl ölkələr
də var yaşamağa, amma insanın doğulduğu torpağa gedə bilməməsi şərəf
məsələsidir. Söhbət düşəndə
Kəlbəcərin gözəlliyindən
danışanda , deyirəm gözəl olmayan yerlər vətən deyil ? İstisudan danışanda Kəlbəcərin
elimiz, obamız olduğu yaddan çıxır.
Vətənimiz sərgi salonu deyil ki, biz onu
İstisuya görə
sevmirik. Kəlbəcərdən çıxmağımız çox dəhşətli
bir hadisə idi. Atla Murova qədər
gəlsəm də, atı da azad
edib dağdan ayırmadım. Evimizin açarını
isə gətirmədim,
çünki evdən
sonuncu çıxan mən idim və
artıq iş-işdən
keçmişdi. Qohumum Dilqəm
kəndimizdən, xüsusən
valideyinlərim onun sevimli müəllimləri
olduğu üçün
evimizdən xəbər
gətirirdi.
Və neçə
ildi ki, "günahı" doğulduğu
torpağı, doğmalarının
məzarını ziyarət
etmək olan "dağların teleqramı"
Dilqəm də erməni əsirliyindədir. Nə açar var, nə də evimizdən soraq! Elşən Əzimin
"Qıfıl" adlı
şeri var,qapıları
bağlayıb gətirdiyimiz
bir qom açardan
və yolumuzu gözləyən paslı
qıfıllardan yazır...
Xəqani yüz bəla çəkir,
Sevgiylə başın aldadır!
Aldığım açar qızıldan olsa da mənim üçün dünyanın ən müqəddəs açarı "bir kalafa kül altında qalmış paslı qıfıllara" düşən açarlardı, qalanları boş təsəllidən ibarətdir.
Söhbətləşdi:
Nuranə Nur
Ədalət 2018.- 7 dekabr.-
S.6.