Hamı xoşbəxt olmaq istəyirdi və ya Fuad Cəfərlinin şeirlərindəki süküt...

Tural Cəfərli

Məşhur İspan şairi Federiko Qarsia Lorkanın belə bir fikri var: " Şeirlərində süküt olmayan şair hələ yaşamağa başlamayıb..." Sükut bəzən danışmaqdan yaxşıdır. Əgər şeirdə süküt varsa, bu daha yaxşıdır.

Fuad Cəfərlinin şeirlərində incə bir sükut, heç kimi narahat etməyən bir sakitlik var. Bu sakitliyi, bu rahatlığı duymaq, hiss etmək ayrıca bir xoşbəxtlikdir, sevgidir. İndi bu xoşbəxtliyi, bu sevgini udum-udum, aram-aram, həzin-həzin yaşamaq var. Yaşamaq bu yaşamaqda yeni dünyaları kəşf etmək, yeni hisslərlə, duyğularla tanış olmaq üçün aşağıdakı şeirə diqqət edək:

 

Hər qədər zəhərli olsa belə

Sonra siqaret yandırdım

Qaranlıqlar tənha qalmasın deyə

Fəqət, bu bir məsum istəyiymiş, sən demə.

 

Qaranlıqlar həqiqətin özüdür. Bu həqiqətin tənha qalmaması üçün şair hər cür fədəkarlığa hazırdır. Öz canını, sağlamlığını, bütün varlığını bu həqiqət yolunda qurban verib, həqiqəti qorumağı özü üçün ali məqsəd hesab edir. Sonra da bir az kədərli şəkildə istəyinin məsumluğunu, saflığını, təmizləyini dərk edib, həqiqətin üzünə bir sığal çəkir. Bu sığal həqiqətin üzündə qəribə bir təbəssüm yaradır. Biz bu təbəssümü şeirin növbəti hissəsində görürük:

 

Sən demə, qaranlıqlar çoxdan quruyub qan içində

körpülər isə yorulub yellənmir daha intihar ipində.

Mən isə bir sonsuzluq qədər gecikmişəm...

 

İnsanlar arasındakı münasibətlərin qurulduğu körpülər zəifləyib, kövrəlib, bir az da qopmağa meyillənib... Bu şairi narahat edir. Çünki münasibətlərin soyuması, uzaqlaşmaq fəlsəfi mənada insanın əvvəldən, ilkin başlanğıcdan qopmağı deməkdir. İlkin başlanğıcdan qopmaq təhlükəlidir. Çünki ilkin başlanğıc bizim sonrakı gedişatımıza təsir edir. Yaxşı, daha yaxşı olmağımız üçün...

 

Əslində, hamı xoşhbəxt olmaq istəyirdi,

bütün zamanlarda olduğu kimi

Biz o kəndirsiz yelləncəkdə,

hamıdan biri idik.

Hələ onda can verməmişdik,

ulduzları da günəş

qədər sevirdik -

vəhdəti günəş etməsə belə...

Sən demə, cümlə "əslində" sözü ilə başlayırsa,

sonda hər nöqtə bir dramı ağlayır...

 

Xoşbəxt olmaq bu xoşbəxtliyi duymaq şairin zaman kəsiyində həm yaradıcılığına, həm həyatına təsir edir. Daha inandırıcı, daha səmimi, daha olduğu kimi hisslərin təqdimatı vacibdir. Bu baxımdan Fuad Cəfərli səmimi, inandırıcı olduğu kimidir. Hər yarpağın üstündəki şehi öz göz yaşı kimi görür, buludların yorğunluğunu çiyinlərində hiss edir, dağların qürurunu öz həyat yolunda göstərir. Fuad Cəfərli gənc olmasına baxmayaraq, həyata müdrik baxır, o yerin göyün vəhdətini öz yaradıcılığında izah etməyə çalışır. Bunu bacarırmı? Buna necə nail olur? Bu suallar cavab tapmaq üçün aşağıdakı şeirə nəzər salaq:

 

Qocalıb geriyə baxanda

bir gəncin manifestini

görmək istəmirsənsə

bu şeir sənin biletin olsun,

al, qaç -

sonuncu sərnişin kimi, min uzaqlara...

İsmi təyyarələr olan uzaqlara.

Bir gəlmə,

xəyalların disident olduğu buralara...

 

Buralarda

boyu uca olan arzuları vurururlar,

beşinci mərtəbəni keçməsin deyə.

 

Şəkərlər barmaq arasında,

üzü siqaret tüstüsünə,

çay buxarı azmış kimi...

Mən bir alış-veriş siyahısına büküləcəyəm,

heç olmasa səni seroza bükməsinlər.

 

Aldatmasın səni göydələnlər,

onların üzündə böyüdücü var.

Əslində, sandığın qədər uca deyillər...

 

Şəhərin səs-küyü, narahatlığı, yolların monotonluğu qəlbi həssas, dünyanı kövrək hiss edən adamlar üçün ağrılı prosesdir. Fuadın bu ağrılı prosesdə bəxti gətitib. Belə ki, o bu ağrılardan şeir yazmaqla az da olsa rahatlıq tapır. Fuad yazmasa oxucular da öz üzərlərində bir ağırlıq, bir yorğunluq, bir narahatçılıq hiss edirlər. Ona görə Fuad yazır. Yazır ki, ağırlıqlar, yorğunluqlar, narahatçılıqlar baş alıb getməsin. İnsanları yaşamaq eşqindən usandırmasınlar.

Bu şəhərdə

çoxdan itib təmkin.

Bu şəhərdə

sakinlər qonaq,

qonaqlar saking

Bu şəhərdə

sevinc yarımçıq,

gülüş itkin,

bu şəhərdə

kədər bitkin,

həsrət bitkin.

 

Bu şəhərdə

yollar geniş,

yolçular dardı,

bu şəhərdə

varlıq yoxdu,

yoxluq vardı.

 

Fuad Cəfərli sentimentallığını pozitivizmə, cismi ruha, şüuru hissə doğru aparır. Bu onun fərqliliyi, özəlliyidir. Şeirlərində səbr, təmkin, süküt nizamı qorunur. Bu nizamın pozulması bütün məna fikirlərin pozulması deməkdir. Ona görə bu nizam möhmək bağlantılara, tellərə sahidir.

Fuadın yaradıcılığını fərqləndirən xüsusiyyətlərdən biri nitqin, ifadənin ekspressiv funksiyasıdır. Şair həyata münasibəti emosional şəkildə verir. O, xarici aləmdən aldığı müxtəlif ani, keçici hissləri lirikada verə bilir. Lakin elə bu zaman da xarici aləmdən, gerçəklikdən alınan assosiativ duyğular, hisslər, fikirlər bədii poetik ifadənin predmetinə çevrilir. Şair xarici aləmi təsvir edərkən orada öz duyğularını, hisslərini verir.

Bizi əhatə edən təbiətin, gerçəkliyin min bir aləmi, özünəməxsus sirləri var. Adi adamlardan fərqli olaraq şairlər baş verənlərə soyuqqanlı yanaşa bilmir ona emosional münasibət bəsləyirlər. Sanki həqiqi şair adi insanın, kütləvi oxucunun görə bilmədiyini bədii mikroskopda böyüdür, inandırıcılıqla oxuculara çatdırır. Yalnız bu zaman həqiqi sənət nümunəsi kimi şeir öz bədii-estetik dərketmə funksiyasını yerinə yetirirg

...Qırıq qəlblər şəhəri Bakı,

söylə görüm, nədir ağlındakı?!

Bunca gözlər boşaltdın, bəs deyilmi,

axı insandır sənin qarşındakı!..

 

Sürüşkən küçələrin,

arzuların ayağından yapışır,

Zəhər cildində, tələ cildində.

Parklarında yalqızlıq dolaşır,

yaşlı cildində, cavan cildində.

xatirələrdən savayı,

birinin heç nəyi yoxdur, birinin .

Hətta sən belə

köhnə Bakı adlı bir xatirəsən.

Cansız ağ-qara şəkillərsən.

 

Fuadın yaradıcılığında psixoloji məqamlar özünü daha çox insan faktorunda, onun həyatla mübarizəsində göstərir. "Xatirələr, anlar, görüşlər güzgü kimi hər addımda qarşına çıxırsa, səni uzaqlara, lap uzaqlara, keçmişdəki uzaqlara aparırsa, demək hələ yaşayırsan, demək hələ varsan"-deyir Fuad Cəfərli. Bu yaşamağın asketik həyat tərzinə oxşarlığını da sezmək mümkündür. Fuad Cəfərlinin şeirləri dünya nemətlərindən, vəzifədən, mənfəətdən, niyyətlərdən çox uzaqdır. Ona görə Fuadın bu şeirində toxunulan məsələyə fikir verək:

Təəssüf ki, hər insanla böyümür sevgi.

Yoxsa geridə qaldığını

düşündüyün kastalar

əsrlər sonra küçənin tinində

axsaya-axsaya qarşına çıxmazdı.

İstəsən günahı mühafizəkarlarda

ya liberallarda da tapmaq olardı,

Lakin çox gec idi.

 

Ahəng, ritm, süküt... Bu üç anlayışın vəhdətindən doğan ümidlər Fuad Cəfərlinin şeirlərində ana xətt kimi keçir. Əsas giriş qapıları həmişə açıqdı Fuadın poetik təfəkküründə. Çünki bağlı qapıların arxasında nəsə gizli olan, bilinməsi istənilməyən nələrsə var. Fuadın isə gizli, bilinməyini istəmədiyi nələrsə yoxdu. Fuadın şeirləri göy üzü kimi açıq, hava kimi təmiz, su kimi safdır. Bunları dadmaq, ruhun ehtiyacını ödəmək üçün Fuad Cəfərlinin şeirlərini oxumaq lazımdır. Hələ yazılacaq çox şeirlər olacaq, çox hisslər yaşanacaq, ona görə də gənc şairə yaradıcılıq yollarında uğurlar, bu saflığı, təmizliyi həmişə qorumağını arzu edirəm...

Ədalət  2018.- 7 dekabr.- S.7.