Mikayıl Müşfiqin 110 illiyi Naxçıvanda da qeyd olundu

Azərbaycan Respblikasının prezidenti cənab İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamı ilə ölməz şairimiz Mikayıl Müşfiqin 110 illiyinin keçirilməsi Bakı şəhərində, eləcə də respblikamızın bütün bölgələrində qeyd olundu. Növbəti yubiley Naxçıvan Muxtar Respublikasında keçirildi. Qonaqpərvər Naxçıvan əhalisi Bakıdan gedən tədbir nümayəndələrini böyük fərəhlə qarşıladılar. Tədbir iştirakçıları hava limanından birbaşa ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzdülər.Sonra isə Heydər Əliyev muzeyində ulu öndərin həyat yaradıcılığı ilə tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırdılar. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respblikasının Mədəniyyət Nazirinin müavini Rəşad Xudiyev açaraq gələn qonaqları tədbir iştirakçılarını salamladı.

Naxçıvan MR-nın Mədəniyyət Nazirliyi " Cabir Novruz" Mədəniyyət fondunun birgə təşkil etdiyi M.Müşfiqin 110 illiyi şair-dramaturq, böyük mütəffəkkir Hüseyn Cavidin məqbərəsi önündə başladı.Tədbirdə filologiya elmləri doktoru, professor Hüseyn Həşimi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov, Naxçıvan MR-nın Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi Asim Yadigar, xalq artisti Kamran Quliyev, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad barədə ətraflı çıxış etdilər. " Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, Milli Məclisin məsul işçisi Mələkxanım Bayramova, " Cabir Novruz" Mədəniyyət Fondunun vitse-prezidenti, şair Nəcməddin Mürvətov, Mədəniyyət Nazirliyinin mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin əməkdaşı Sənan Talıbov, Müşfiq nəslindən olan Vahab İsmayılzadə aydın səma altında toplaşan Cavid, Əhməd, Müşfiqsevərlərə araşdırıb bildiklərini geniş əhatəli çıxışları ilə çatdırdılar.

Tədbirin ideya rəhbəri, bəstəkar-şair Cəlal Qurbanovun M.Müşfiqin " Yenə o bağ olaydı" şeirinə nəzirə olaraq yazdığı " Yenə Müşfiq olaydı" şeri alqışlarla qarşılandı. Xalq artisti Nurəddin Mehdixanlının məharətli səsi, əməkdar artist Rəşad İlyasovun ifa etdiyi " Sənə qurban" mahnısı yüksək şövqlə qarşılandı. Əhməd Cavad rolunda Nurəddin Mehdixnlı şaqraq səsi ilə üzünü məqbərəyə tutaraq- Cavid əfəndi bu gün sənin görüşünə sevdiyin Müşfiq gəlib. Bu zaman məqbərənin qapısı açılaraq Cavid Əfəndinin obrazını canlandıran xalq artisti Həsən Ağasoy Müşfiqi qarşılayıb :-"Xoş gəldin, mənim etibarlı, sədaqətli Müşfiqim"-deyərək böyük sevgi ilə Müşfiqi bağrına basdı.

Mikayıl Müşfiq obrazını canlandıran Bakı Bələdiyyə Teatrının aktyoru, " Humay" mükafatı laureatı Toğrul Müşfiq tamaşaçılara duyğulu anlar yaşatdı.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

 

Elşad Dağlı( Qasımov)

Fondun Mətbuat

Xidməti

Ədalət  2018.- 7 dekabr.- S.8.