Milli iftixarımız

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU -nun Ağcabədi filialının

dosenti, AYB AJB - nin üzvü

(əvvəli ötən saylarımızda)

 

O, atın yəhərindən yerə düşür. Sonra atılan güllə Abbasqulu bəyə tuş gəlir. O da gözlərini əbədi yumur. Ancaq onlar ölümləri ilə ölümsüzləşir yaddaşlarda əbədi yaşayırlar. Abbasqulu bəyin ölümünə xalqı matəm saxladı ağladı:

 

Bir məktəb yaratdı özülü özü,

Yarımçıq kəsildi ağzında sözü,

Arxadan vurdular, görmədi gözü,

Bəyin ölümünə yellər ağladı.

 

Abbasqulu bəyin Xəlilin meyitlərini at belində dədə - baba yurdları olan Böyük Vedi kəndinə gətirdilər:

 

Cüt tabut gəlirdi atın belində,

Acı göz yaşının leysan selində...

... İllərlə vuruşdu, döyüşdü əbəs ?

Namərdin əliylə kəsildi nəfəs.

 

9 may 1930 - cu ildə Böyük Vedidə Abbasqulu bəylə Xəlili dəfn etdilər:

 

Yenə toy tutdu bizə yağılar,

Yenə ellərimiz qara geyindi.

Dillərə sığmadı qanlı ağılar,

Ürəklər sızladı, dodaq deyindi.

"Söz sonu" başlığında Nəsibə xanım dünyanın müəmmalı işlərindən, həyatın enişli- yoxuşlu anlarından, erməni yağılarının başımıza açdıqları min bir oyunlardan ümumiyyətlə, ədalətsiz dünyanın dolanbaz yollarından gah bədbin, gah da nikbinliklə xüsusi poetik dillə yerli - yerində ustalıqla danışır:

 

... Fələyin işindən baş açmaq olmur,

Gülün qamətinə dolanır hey sar...

...Kimə qucağını açıb gəl deyir,

Kiminsə yerini vaxtsız edir dar.

 

Sonda Nəsibə xanım xalq qəhrəmanın Abbasqulu bəy Şadlinskiyə sözdən abidə ucaltmaq istədiyini bəyan edərək deyir:

 

Burda dastanım bitəcək sona,

Bu ellər, obalar könlündə ona,

Böyük bir abidə ucaldıb, bilin,

Gözlərdən kədəri, qüssəni silin.

 

Abbasqulu bəy Şadlinski xalqı üçün canını fəda etdiyinə görə xalqımızın qəlbində əbədi kök salmış unudulmaz şəxsiyyət milli iftixarımızdır.

Nəsibə xanım da romanda onun həyat mübarizə yolunu zərgər dəqiqliyi ilə poetik bir dillə çözməyə çalışmış, Vedibasarın tarixini vərəq- vərəq incələmişdir. Məlum olan hələ kölgədə qalan faktları üzə çıxardaraq araşdırmış, hadisələri yeni ampulada canlandırmış isti nəfəsi ilə onlara yeni həyatı nəfəs vermişdir. Bunlarla bahəm müəllif müəyyən tarixi məlumatlara söykənərək olduqca maraqlı məsələləri ön plana çəkmiş onlara işiq salmışdır. Tarixi - mənzum roman olan " Abbasqulu bəy Şadlinski" öz milli koloritinə görə diqqəti özünə hər zaman ram edə bilir. Nəcibə xanım romanı bir birinə zəncirvari bağlayan bölmələrə ayırmış, əhvalatları çözərkən bu ardıcıllığı lazımı şəkildə gözləmişdir.

Poetik baxımından əsərin quruluşu, bədii üslub rəngarəngliyi, dilinin aydın şirinliyi, ifadələrin səlisliyi, fikirlərin tamlığı, qarşıya qoyulan məqsədin bitginliyi əsəri daha canlı etmişdir.

Bölmələrin müxtəlif adlar altında cəmlənməsinə baxmayaraq, onları bir ideya, bir amal birliyə çağırır - Vətən, yurd, el- oba torpaq həsrəti, doğma Vətəni müdafiə edən qəhrəmanların mübarızliyi. Xalq qəhrəmanı Abbasqulu bəyin milli azadlıq uğrunda apardığı mübarizənin əsil mahiyyəti - Vətəni azad görmək, torpaqlarımızı yağı erməni daşnaklarının caynağından xilas etmək . Beləliklə, Nəsibə xanım İsrəfilqızının "Abbasqulu bəy Şadlinski" tarixi - mənzum romanı öz dəyər - qiymətini görə xalqımızın yaddaşında Milli azadlıq mübarizəmizin salnaməsi kimi həkk olunmuşdur.

Nəhayət, sonda belə bir nəticəyə gəlmək olar ki, Nəcibə xanımın "Abbasqulu bəy Şadlinski" tarixi - mənzum romanı Milli iftixarımız olan Abbasqulu bəy Şadlinskinin qəhrəmanlığını özündə ehtiva edən möhtəşəm bir sənət abidəsidir.

Mən Nəsibə xanıma sağlam can , yeni - yeni müvəffəqiyyətlər və yaradıcılıq yollarında isə bitib - tükənməyən uğurlar arzulayıram.

Ədalət  2018.- 7 dekabr.- S.4.