ƏRDƏŞƏVİ
KƏNDİ
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
və yaxud da Ardaşı,
Ərdəşi, Ər evi və Ərdəşəvililər
(əvvəli
ötən sayımızda)
Haçandan haçana özünə gələndən sonra gözlərinə bizlər görünsək:
- Neçə ildi harada itib batmısınız?!
Haradasınız bu neçə
illərdi?! Dağlarsız, dərələrsiz necə
dözmüsünüz?! - deyə pıçıltısı
dərəaşağı çözələnərək uzaqlaşıb eşidilməz
oldu.
Gileyli, güzarlı
dağlardan dərəyə
enirəm. Sanki, dərələr
məni sıxıb, sıxıb birdən çəkilir. Qara dumanın
hikkəsi də bir yandan, elə
bil o da küsüb bizdən, qisas alır bizdən. Barışmaq istəmir, o da
qaçıb sürünə-sürünə
dağı aşır,
görünməz olur.
Təbiətdə nə varsa hamısı
bir-bir bizləri qınasalar da, ixtiyar sahibidirlər. Haqlıdırlar. Hələ üzümüzə desələr
ki, "Harada itib batmısınız?! Yağı düşmən
26 ildir ki, sinəmizdə at oynadır.
Siz də bizim kimi
burada ölüb qalaydınız. Bilərdik ki,
döyüşdüyümüz yağı düşmənə
gücümüz çatmadı.
Həlak
olaydınız, qanınız
torpağa töküləydi,
onda təsəlli tapardıq. Yaxşı
ki, torpaq ayaqlarınızın altından
qaçmır...
Fingə
kəndi
Ötən yazılarda Laçın rayonunun Sarıbaba dağlarının, Qırxqız
dağlarının əzəməti
və vüqarı haqqında söz açdım. Bu dəfəki
görüşümüzdə Qorqundağ dağları haqqında olacaqdır.
Ona Laləli dağlar da deyərdik. Hər il
yaz gələndə,
bu dağların döşü həmişə
al yanaqlı, qara xallı lalələrlə
bəzənir. Sarı, qızılı
daşlardan, sarı torpaq örtüyü ilə göz qamaşdıran görünüşü
vardı bu dağların. Gecələr süd kimi ay işığı düşəndə,
uzaqdan tamaşa edəndə, həmin dağlar elə bil közərən ocağı, közü xatırladır. Belə mənzərəyə
görə də ata-babalarımız bu dağlara odlu, közlü, qorlu, alovlu dağlar adı vermişdilər Qorqundağ dağlarına.
Başı bəlalı dağların
bağrını dağ-mədəni
kəşfiyyatının işçiləri,
geoloqlar şırım-şırım
etmişdilər. Deyilənlərə görə bu
dağlarda torpağın
alt qatında faydaları
qazıntılar, qiymətli
yataqlar, civə, almaz süxurları vardı. Ona görə də
ehtiyatda olan mədən kimi ağızlarını bağladılar
ki, dəyən, toxunan olmasın. Bu günə saxlayıblar.
O da yağı düşmənə qismət
oldu.
Böyük Kırs, Sarıbaba,
Qorqundağ dağlarının
qoynundakı göz yaşı kimi şəffaf, müalicə
əhəmiyyətli bulaqların
suyundan mənbəyini
götürən, Aran
Qarabağa çatmaq
üçün tələsən
Qarqar çayının
qolu Laçın rayonunun Fingə kəndini iki sahilə bölmüşdü.
Fingə
kəndi və Yal kəndi deyərdilər bu yaşayış məskənlərinə.
Şuşa rayonunun Şırlan
kəndini, Xəlfəli
kəndinin ötüb
keçməyə can atan
dağlar çayı
burada xeyli qüvvə toplayır. Hər dərədən güc alan
dağ çayının
suyu get-gedə çoxlamağa, həcmi
artmağa başlayır.
Fingə kəndinin ətrafı gözəl mənzərəli
füsunkar təbiətin
qoynunda olması, bu yerlərin təmiz abu-havası adamları valeh edirdi. Hər addım başı
dərələrdə qarşına
çıxan müalicə
əhəmiyyətli təbii
bulaqlardan su içmək ayrı ləzzət verirdi. Adamların qidalanması üçün meşələrdə
bitən alma, armud, zoğal, alça, qoz, fındıq, əzgil, itburnu, çəmənliklərdə,
ormanlarda bitən çiyələklər, moruqlar,
qarağatlar başqa aləm idi.
Meşələrdə bitən adi palıddan, qırmızı
palıddan, vələsdən,
ulasdan, ağcaqayından,
cökədən tikinti
materialları kimi geniş istifadə olunardı. Qayalar, daşlar və
çınqıllar sanki
dağlara, dərələrə
səpələnmişdilər.
Bu ərazidə Haqnəzər
və Vağazin kəndinin yaxınlıqlarında
daş süxurlarının
maraqlı xüsusiyyətləri
mövcuddur. Böyük daşlar çiliklənəndə,
sınanda günəş
şüası altında
dənəvari parlaq şüalar rəqs edərdi. İnsanların gözlərini qamaşdırardı.
Çəkisi isə yüngül
olmaqla yanaşı, tərkibində mineral birləşmələrin,
şüşənin olması
müəyyən olunmuşdu.
Tikinti materialları üçün
əlverişli idi.
Ondan sakinlər evlərin inşa olunması üçün geniş istifadə edirdilər.
Fingə kəndinin yaxınlığında
qədim tarixə malik olan köhnə
qəbiristanlıq vardı. İnsanların qəbirlərinin başdaşlarının
həmin boz rəngli daşlardan hazırlanması, üzərilərində
quş, ox, kaman həkk olunması təsdiq edirdi ki, burada yaşayan
sakinlərin əsas məşğuliyyəti ovçuluq
olmuşdur. Demək olar
ki, bu yerlərin
iqlimi, relyefi onu sübut edir ki, yazı,
yayı isti, payızı, qışı
isə sərt olurdu. Bəzən insanlar uzaq yerlərdən tez-tez buraya gələrək müvəqqəti məskən
salmış, ovla məşğul olmaq üçün dəyələr
düzəldərmişlər. Sonralar isə yaşayış məskənlərinə çevrilmişdi.
Yal kənddə deyilənə
görə kilsə, monastır olmuşdu.
Tikilinin materialları sökülərək
kolxoz üçün
anbar və mal-qara üçün tövlə inşa edilmişdi.
Belə
kilsə və monastırların ara məsafələr
10-20 kilometr olmuşdu.
Fingə,
Ərdəşəvi, Qurdhacı
kəndləri ilə
Ərikli kəndi arasında və Qorçu kəndində tikilmişdi. Son vaxtlara kimi uçub
dağılmış bünövrəsi,
təməl daşı
qalmaqda idilər.
"... V əsrdə, bəlkə
də daha əvvəl Azərbaycan Respublikasının indiki ərazilərində Alban, yaxud
da hazırda adlandırdığımız kimi Qafqaz Albaniyası
deyilən bir dövlət yaranır.
Albaniya dövləti Qafqazda və Orta Asiyada
baş verən hadisələrdə fəal
şəkildə iştirak
edir. VII əsrdə Qafqaz Albaniyası öz ağır günlərini
yaşamağa başlayır.
Cənubdan Sasani İran hücum çəkərək, xristianlığı
qəbul etmiş Qafqaz Albaniyasında zərdüştlüyün yenidən
bərpa etmək istəyi, Qərbdən Bizans təzyiq göstərərək, Alban kilsələrini
öz nəzarətinə
almağa çalışır.
Ərəblər Məhəmməd peyğəmbərin yeni və yenilməz dini ilə hücum
edir".
Ova gələn türk və fars
dilində danışanlar
yerli sakinlərlə ünsiyyət qura bilmədikləri üçün
dava-dalaşlara səbəb
olurmuş. Meşələrdə yaşayan ov
heyvanlarını vurub
öldürdüklərinə görə etirazlarını
bildirirlər. Gecə pusqu
qurub ovçulara hücum edirlər. Dava düşür, ölənlər,
yaralananlar olur. Səhər açılanda baxıb görürlər ki, həmin dillərini başa düşmədikləri
adamlar qaçıb gediblər. Danışıqdan, ləhcədən əmələ gələn
sözlərin axtarışı
ilə çox mənbələrə müraciət
etməli olduq. "Fingə" fars mənşəli sözlərə uyğun
olaraq, dərman bitkilərinin çox bitən yerlər, "fənək" sözü
isə ov heyvanlarının çox
yaşadığı yer,
məkan mənasında
işlənmişdir. Belə hesab etmək olar ki, bu
yerlərin florasına
və faunasına uyğun addan istifadə edilmişdir.
Əlik,
cüyür, dovşan,
tülkü, çaqqal,
canavar kimi heyvanlar vardı.
(ardı
gələn sayımızda)
Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Media "Qızıl
Qələm"
mükafatı laureatı
Ədalət.-2018.-4
dekabr.-S.7.