Kinomuzun
Arifi və romantiki...
O, sənətin zirvəsinə
qalxmaq üçün "Zirvə"dən
başlamışdı
Dövlət mükafatı laureatı, Əməkdar incəsənət
xadimi, kinorejissor Arif Babayevdən bəhs edəndə bəzən
deyirlər ki, "Gün keçdi" filmi ilə
adını milli kinomuzun tarixinə qızıl hərflərlə
yazdırıb. Bir qədər mübahisəli
yanaşmadır. Niyə axı ancaq
"Gün keçdi"?
Bəs "Uşaqlığın
son gecəsi", "Bizi bağışlayın",
"Arxadan vurulan zərbə", "İnsan məskən
salır", "Alma almaya bənzər",
"Birisigün, gecə yarısı", "Zirvə"?
Arif Babayev milli kinomuza lirik-romantik ovqat gətirən
rejissordur. Bu
barədə artıq heç kim
mübahisə etmir.
Şirvanşahların
qonşusu - rejissor pultunun Paqaninisi
Arif
Hacıağa oğlu Babayev 90 il öncə
Bakıda, İçərişəhərdəki Qəsr
küçəsində, Şirvanşahlar sarayının
qonşuluğunda dünyaya gəlib. İşərişəhərə,
qala divarlarına, əyri-dolanbac, dar küçələrə,
burada yaşayan insanlara sevgi onunla birgə doğulub. Bu mühitdə böyüyən Arif görkəmli
kinorejissor kimi tanınana qədər xeyli məsafə qeyd
edib, çətinliklər görüb, maneələr dəf
edib.
Ağaəli
Dadaşov, Məhrəm Haşımov, Mehdi Məmmədov və
başqa nüfuzlu pedaqoqlardan dərs alıb, Dövlət Gənc
Tamaşaçılar Teatrında aktyor da olub, rejissor köməkçisi
də. Naxçıvan teatrının səhnəsində
Qoqolun "Evlənmə" tamaşasına quruluş da
verib, Bakıda pionerlər evinin direktoru da olub.
1956-cı ildə Azərbaycan televiziyası rəsmi
yayıma başlayan ilk günlərdən Arif Babayev burada
çalışmağa dəvət alır və cəmi 3
ildən sonra AZ.TV-nin Baş rejissoru təyin edilir. Yaradıcılıq
uğurlarının sorağı Moskvaya qədər gedib
çıxan İçərişəhərli oğlan
çox keçmir ki, "Rejissor pultunun Paqaninisi"
çağırılır. 1964-cü ildə
isə rəsmi titul alır-ona Əməkdar incəsənət
xadimi fəxri adı verilir. Yeri gəlmişkən,
Arif Babayev bu ada layiq görülən ilk televiziya rejissoru kimi
tarixə düşüb.
Rejissor məskən
salır
Arif Babayev hələ məktəbli illərindən
ürəyində gəzdirdiyi arzusuna çatır, onu
"Azərbaycanfilm" kinostudiyasına işə dəvət
edirlər. Amma buranın öz yazılan və yazılmayan
qanunları var idi, televiziyada adından söz etdirməsinə,
fəxri ad almasına baxmayaraq tammetrajlı film çəkmək
üçün müəyyən sınaqlardan, mərhələlərdən
keçməli idi. Ona İmran Qasımovun
ssenarisi əsasında "Zirvə" qısametrajlı
filmini çəkməyi tapşırırlar. Alpinistlərin həyatından bəhs edən bu 27 dəqiqəlik
filmi lentə almaq üçün Arif Babayev çox çətinliklərdən
keçir, ağır şəraitdə yorulmaq bilmədən
çalışır. Onun kinoda
debütü sayılan "Zirvə" 1965-ci ildə
ekranlara çıxır.
İlk böyük filmi isə "İnsan məskən
salır" bədii filmi olur. 1966-cı ildə
İmran Qasımovun ssenarisi əsasında ərsəyə gələn
ekran əsəri böyük maraqla qarşılanır.
Sonrakı illərdə bir-birinin ardınca bədii
filmlər çəkməyə başlayır. Milli
kinomuz Arif Babayevin istedadı, zəhmətsevərliyi və əzmkarlığı
sayəsində "Uşaqlığın son gecəsi",
"Gün keçdi", "Ömrün ilk saatı",
"Alma almaya bənzər", "Arxadan vurulan zərbə",
"Bizi bağışlayın", "Birisigün, gecə
yarısı" kimi ekran əsərləri qazanır. Bu filmlərin əksəriyyəti Azərbaycan sərhədlərini
aşaraq milli kinomuzu uğurla təmsil edir.
Sonuncu
filmi-"Birisigün, gecəyarısı" ekranlara
çıxandan bir neçə il sonra
Dövlət mükafatına layiq görülür. Amma həmin vaxt Arif Babayev artıq dünyada yox idi.
Şəxsi həyatını, sağlamlığını
kinoya qurban verən istedadlı rejissor 1983-cü il avqustun 26-da 54 yaşında dünyadan
köçür. Sevdiyi Bakıdan, hər dəfə köhnə
məhəllələrindən keçərkən kövrəldiyi
İçərişəhərdən, çəkiliş
meydançalarından həmişəlik ayrılır.
Bakının
ekran şairi
Müasirləri Arif Babayevi "Bakının ekran
şairi" adlandırırlar. Milli kinomuza
lirik-romantik ovqatın gətirilməsi məhz onun adı ilə
sıx bağlıdır. Cəmi 54 il
ömür sürən sənətkarın artıq 90
yaşı tamam olur. "İnsan məskən salır",
"Uşaqlığın son gecəsi", "Gün
keçdi", "Bizi bağışlayın", "Alma
almaya bənzər", "Arxadan vurulan zərbə"... hər
dəfə nümayiş etdiriləndə Arif Babayev öz
tamaşaçısı ilə birgə yaşayır. Dostlarının, həmkarlarının xatirələrində
ömrünü davam etdirir.
Xalq
yazıçısı Anar istedadlı kinorejissoru belə
anır: "Arifin çəkdiyi "Gün keçdi"
filmində ab-hava təkrarsızlığı var. Arifin
çox sevdiyi Bakının, İçərişəhərin
mühiti o filmdə hiss olunur. Filmə baxandan
sonra İçərişəhər adı çəkiləndə
orada doğulub boya-başa çatan Arif yada
düşür".
Xalq
artisti, kinorejissor Oqtay Mir-Qasım: "Qəlbini hər adama
açmazdı, qarşılaşdığı
haqsızlığı, biganəliyi ürəyinə
salırdı. Son dərəcə dəblə
və səliqəli geyinirdi. Mənə həmişə
qəribə gəlirdi, İçərişəhərli
olasan, kinoda çalışasan, amma söyüş söyə
bilməyəsən..."
Əməkdar artist, aktyor, kinorejissor Elxan Qasımov: "Arif Babayevin həyatı və yaradıcılığı heç də asan olmadı, çox çətinliklər gördü, maneələrlə rastlaşdı. Amma həmişə Arif olaraq qalmağı bacardı. Etirazını da özünəməxsus şəkildə bildirirdi. Onunla qonşu olmuşuq, öz dünyası var idi və ora hər adamı buraxmırdı. Çəkiliş meydançasında özünü dünyanın ən xoşbəxti hesab edirdi. Təəssüf ki, çox az yaşadı, fikir və düşüncələrinin hamısını ekrana gətirə bilmədi. Arifə qarşı haqsızlıq və ədalətsizlik çox olub. Təsəvvür edin ki, sonuncu filminə Dövlət mükafatını ekranlara çıxandan bir neçə il sonra verdilər. Arif bu mükafatı sağlığında almalı idi..."
Sənətin zirvəsinə qalxmaq
üçün "Zirvə"dən başlayan Arif Babayev
hər zaman ucalıqdadır...
Ədalət 2018.- 8 dekabr.- S.11.