ƏRDƏŞƏVİ KƏNDİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

və yaxud da Ardaşı, Ərdəşi, Ər evi və Ərdəşəvililər

(əvvəli ötən saylarımızda)

Xanım bu böyük qara daşa da pənah gətirərdi. Gözləri yollara o qədər dikili qalardı ki, yorulub mürgüyə gedərdi, başını daşa söykəyib yatardı. Vaxtı ilə əri Usuf həmin daşın üstündə oturardı. Xanım həmin qara daşı özünə təsəlli, ümid nişanəsi seçmişdi. Həmin qara daşı özünə həmdəm hesab edərək günlərini yubadarmış.

Təsadüfən ötən yolçu daşın üstünə başını qoyub yatan Xanımı oyadır, burada yatmasının səbəbini soruşur. Xanım başına gələnləri ona nağıl edir:

- Bu qara daş mənim ər daşımdı, ər evimdi - deyə cavab verir.

Xanımın Usufa qarşı olan məhəbbəti, inamı, etiqadından, sədaqətindən yaranan "Ər daşım", "Ər evim" sözləri assimilyasiyaya uğrayaraq "Ərdəşəvi" sözü kimi bizlərə gəlib çıxmışdı. Bizə məlumdur ki, oğuz-türk ləhcəsində bölgələrdə ev, əv, öydeyilir. "Ərdəşəvi" sözünün yaranması "ərdəş", "ər daşı", "ər əvi", "ər evi" sözlərinin birləşməsindən əmələ gəlmişdi. Ər, igidin daş qoyduğu yer, məkan mənasında işlədilmişdi. O vaxtdan bu günə kimi həmin qarovul daşı Xanım ananın Usufa olan sevgisini, məhəbbətinin inamını tarixə çevirərək gələn-gedənə söyləməkdən yorulmur.

"... Ərdəşəvi kəndinin 1727-ci ildə Osmanlılar tərəfindən əhalisinin və təsərrüfatının siyahıya almasına görə 16 ailə yaşayış evi olmuşdur".

Usufla Xanımın ailəsində Məmmədyar və Allahyar adlı oğlanları, Səkinə və Yetər adlı qızları olmuşdur.

Usufla Xanım şəcərəsini daha da sadalamaq olar. Onların səkkizinci şəcərəsi Ərdəşəvi kəndində yaşamaqdadır. Son zamanlara kimi Usuf uşağı adlanan bu nəsil Alıyarlı uşağı, Alı uşağı, Həsolar uşağı, Hüseynlər uşağı ilə birgə yaşayırlar.

1992-ci ildə Ərdəşəvi, Təzəkənd və Haqnəzər kəndləri bir ərazi vahidliyində birləşərək 347 ailədə 1477 nəfər sakin vardı. Son zamanların məlumatına əsasən, Ərdəşəvi kəndində 415 ailədə 1367 nəfər, Təzəkənd kəndində 117 ailədə 371 nəfər, Haqnəzər kəndində 85 ailə 271 nəfər sakin yaşayır. Qarabağ hadisələri ilə əlaqədar olaraq, öz doğma el-obasında didərgin düşən laçınlılar Ağcabədi rayonu ərazisində Taxta körpü yaşayış massivində məskunlaşmalı olmuşdular. Burada Ərdəşəvi, Fingə obası vardı.

Uzun müddət rəhbər işlərdə çalışmış el ağsaqqalı Yusifəli Paşayev başqa-başqa kənd sakinləri kimi o da ailə və uşağı yola salandan sonra Ərdəşəvi kəndində qalır. Qardaşı Qaçay, Vəli nə qədər çalışırlar o, inadından dönmür ki, dönmür. Deyir ki, elə burada olub qalmaq daha şərəflidir, nəinki başqa el-obada qaçqın həyatı yaşamağa. Ərdəşəvi kəndində ermənilər tərəfindən faciəvi surətdə şəhid olmuşdur.

Quliyev Vaqif Rzaqulu oğlu kənd məktəbində müəllim işləyirdi. Könüllü olaraq təhsil sahəsini Vətəni, torpağı müdafiə etmək kimi şərəfli yolu seçdi. Əyninə əsgər paltarı geyinərək Laçın alayında baş leytenant kimi kəşfiyyat bölüyünün komandiri təyin olundu. Axı o, keçmiş SSRİ Silahlı Qüvvələri tərkibində Monqolustanda xidmət edəndə böyük gizir kimi xidmət yolu keçmişdi. Xankəndinə kimi böyük kəşfiyyat yolu qət edən cəsur, qorxmaz zabit Vaqif Quliyev Vəng yaxınlığında döyüşə atılmışdır. Qeyri-bərabər döyüşdə onun kəşfiyyat bölüyüözü də qəhrəmancasına şəhid olmuşlar.

Bağırov İslam İsmayıl oğlu Şuşa şəhərində yaşayırdı. O da könüllü olaraq orduda xidmətə yazılır. Döyüşlərdə fəal iştirak edir. Şuşa işğal olunanda, o da Ağdərədə gedən döyüşlərə qatılır və şəhid olur.

Həşimov Səlim Kərim oğlu ailə üzvləri ilə birlikdə Xocalı rayonunda yaşayırdı. Bu hadisələrin baş verən qaynar sahələrində o heç vaxt biganə qala bilməzdi. Yaşadığı el-obanın xeyir-şərində fəal iştirak edir. Xocalının ağır günlərində o da müdafiə batalyonunda xidmətə başlayır. Xocalının müdafiəsində qəhrəmancasına şəhid olur.

Milli ordu yarananda Həşimov Araz Ələsgər oğlu, Mirzəyev Adazil Səhliyalı oğlu, Fətəliyev Alıq Yelmar oğlu şəhid olmuşlar. Əhmədov Məzahir Saybalı oğlu, Cavadov Rövşən ağır döyüşlər zamanı sağlamlığını itirmişlər.

Mənbəyini Sarıbaba dağının buz bulaqlarından götürən Qozlu və Çəmənli çayını əmələ gətirərək Şəlvə çayına qovuşmağa tələsir. Mənbəyini Qırxqız dağlarından, buz bulaqlarından götürərək Kalafalıq, Bozgüney, Vağazin, Haqnəzər, Ərdəşəvi kəndlərindən keçərək Şəlvə çayına qovuşur. Bu çayların arası sanki inzibati ərazisinin xəritəsini çəkmişdi. Hər daşın hər qayanın altında hələ də sirri açılmayan tarix yaşayır. Hadisələrin baş verməsi tarixə, əfsanələrə çevrilmişdi. Bu ərazidə İlanqaya əfsanəsi daha böyük maraq kəsb edir.

İlanqaya

Dağ çayı olan Həkəri çayının qolu qıjıltı ilə axıb Laçın rayonunun Ərdəşəvi kəndinin yaxınlığından keçən Şəlvə çayına qarışır. Dağ çayının ləpələri hündür sal qayadan "asılı qalmış" qara zolaq "İlanqaya"nın ətəyini yalayır. Hündür sıldırım sal qayadan çaya bir "qara ilan" uzanıb. Çayın ləpədöyənindən isə iki-üç arşın (metr) yuxarı ilana sarı adamabənzər qara daş həkk olunubdur.

Deyilənlərə görə, insanlar o vaxtlar o qədər əməli-saleh olubdur ki, Allah-təala onların istəklərini, arzularını daha tez eşidərmiş və daha tez imdadına çatarmış.

Bu yerlərin incəbel, gözəl qızları bir yerə cəm olub, çayda çimirmişlər. Birdən bir əjdaha peyda olur. Qayadan qızlara tərəf sallandığını görürlər. Qızların içində bir dünya gözəli varmış, o isə çaydan adlayıb qayanın dibində özünə tumar verərək saçlarına sığal çəkirmiş, daranırmış. Qızlar nə qədər səsləyirlərsə, çayın səsi, qıjıltısı qoymur ki, qoymur çağırış səsini eşitsin.

Qız şəlalə saçlarını arxaya yığıb sonsuz göylərə baxır. Birdən bir əjdahanın ona tərəf sallanıb onun gözəlliyinə tamaşa etdiyini görür. Əlacsız qalan gözəl qız əllərini sonsuz göylərin ənginliyinə tərəf qaldıraraq yalvarmağa başlayır ki, onların hər ikisi daş olsunlar. Hər ikisiilan da, qız da birdən daşa dönüb hündür sal qayaya həkk olunurlar.

Həkəri çayı o vaxtdan bu günə kimi İlanqaya əfsanəsini öz nəğmələrinə qatıb insanlara "danışmaqdan" doymur.

 

Nemət BƏXTİYAR

AJB-nin üzvü,

Media "Qızıl Qələm"

mükafatı laureatı

Ədalət  2018.-11 dekabr.- S.7.