SULARDA
YARANAN POEZİYA
"Ecoprint" nəşriyyatında
Səxavət Əmvəroğlunun
"Sətir-sətir oxu
məni" adlı şeirlər kitabı işıq üzü görüb. Kitaba şairin lirik
və bəşəri
mövzuda yazdığı
şeirlər daxil edilib. Torpaq-yurd sevgisi, dünyanın
müəmmaları, böyüyə
hörmət, müəllimlərə
ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərin ana xəttini təçkil edir. Müxtəlif illərdə yazılan
və oxucunu düşünməyə vadar
edən həmin şeirlər Səxavət
Ənvəroğlunun poetik
dünyasının ən
son nümunələridir.
S.Ənvəroğlu ixtisasca dənizçidir, Q.Məmmədov
adına Bakı Dəniz Yolları Məktəbini gəmi mexaniki ixtisası üzrə bitirib, ömrünün yarısından çoxu sularda üzməklə keçib. Çox vaxt həmdəmi
dəniz olub.
Dünyadan küsəndə, insanlardan
qaçanda, saçları
ilə küləyə,
baxışları ilə
dənizə sığınıb.
Nəhəngliyinə, maviliyinə qısıldıqca
sanki təsəlli tapıb. Mavi gözlü Xəzərimizin
ilin ayrı-ayrı fəsillərində, günün
fərqli saatlarında
sirli bir aləmə dönən gözəlliyini görmək,
duymaq üçün
mütləq onun qoynuna sığınmaq, seyrinə dalmaq lazımdır. Xəzər həmişə
söz-sənət adamlarının
ilham mənbəyi olub, bu mövzuya
həsr olunan saysız-hesabsız sənət
inciləri meydana gəlib.
Su - insanın arzularının
səda, ruhunun qida mənbəyidir. Su - möcüzədir və bəzən nəsil-nəsil
söz adamlarının
ən seçmə poetik nümunələri də elə sularda yaranıb, bu möcüzədən qaynaqlanıb, - Səxavət
Ənvəroğlunun poeziyası
kimi. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında
az-az şair tapılar ki, bu təbiət gözəlinə heç
olmasa bir şeir həsr etməsin. Səxavət
Ənvəroğlunun yaradıcılığı
ilə tanış
olduqda, şeirlərinin
məhz üzdüyü
sonsuz ümmanlardan, göy ləpələrdən
ruhlanaraq yarandığına
əsla şübhə
yeri qalmır. Şair dənizi özünün beşiyi,
sahilləri isə bəxtinin aynası hesab edir:
Dəniz
mənə qayğıların
beşiyi,
Əsən yellər ürəyimə
layladır.
Tufanları - ümidlərin keşiyi,
Sahilləri - taleyimə aynadır.
Şairin ruhunu ovudan göy
ləpələrdir. Həyatı
sınaqlardan keçsə
də, saçları
ağarsa da, ruhu göy ləpələrdən
dinclik tapır:
Güzgüdə baxanda özümə
hərdən,
Ağaran saçımdan gileylənirəm.
Ruhum nəğmə deyir göy ləpələrdən,
Sahildə işarır gözlərimdə
nəm.
Şairin ömrünün böyük
bir hissəsi qürbətdə, sularda üzməkdə keçib. Lakin, hara üz tutubsa
qəlbində Aərbaycanı
aparıb və dalğalar sahilə can atan kimi o da
həmişə geriyə
- Vətənə can atıb,
ürəyi Vətən
eşqi ilə alışıb - yanıb.
Bu hisslər onun bütün vətənpərvərlik
şeirlərindən, xüsusən,
"Qurban olum ey Vətən" şeirindən açıq-aydın
duyulur:
Mən hər zaman səni deyib gəzərəm,
Yollarına tər çiçəklər
düzərəm.
Qürbət yerdə möhnətinə
dözərəm,
Dayağına qurban olum ey
Vətən.
Quba - gözəl
Vətənimizin dilbər
güşələrindən biridir. Əslən qubalı olmasam
da, şəxsən mənim üçün
(müəll.) Quba həqiqətən
doğmadır.
Bunun bir sıra səbəbi var. Amma məncə ən əsas səbəbi, vaxtilə məzunu, indi isə əməkdaşı
olduğum Bakı Dövlət Universitetinin Tədris-təcrübə və
istirahət bazasının
məhz Qubada, II Nüğədi kəndində
yerləşməsidir. 50 ilə yaxındır ki, BDU-nun Biologiya fakültəsinin tələbələri
çöl təcrübələrini
həmin bazada keçirlər. Mən özüm
o yerlərdə ilk dəfə
hələ II kursu bitirərkən (1996-cı ildə)
olmuşdum. Müəllimlərimiz və tələbə dostlarımızla birgə
iki həftə o yerləri qarış-qarış
gəzib, gözəl
təbiətini öyrənmişdik.
2013-cü ildə o bazadakı taxtadan olan yarıuçuq tikilini 4 mərtəbəli,
göz oxşayan bina əvəzlədi.
Biz hər il
tələbələri Qubaya
çöl təcrübəsinə
apararaq, hər dəfə o gözəl yerlərin havasından udur, suyundan içir, qonaqpərvər
camaatı ilə mehriban ünsiyətdə
oluruq. Hər dəfə də
o torpağa qədəm
qoyduqda ilk olaraq görkəmli folklorşünas-alim,
AMEA-nın müxbir üzvü, "Ataların
sözü - Xalqın
gözü" kitabımızın
redaktoru olmuş ailəmizin əzizi, mənə də hər zaman səmimi yol göstərən, unudulmaz
Azad Nəbiyevin məzarını
ziyarət edirəm.
Bundan savayı fakültəmizin
professoru, uzun illər prorektor işləmiş Məcnun
Babayev və dosent Zemfira xanım Abdulova ilə tez-tez o gözəl yerləri xatırlayırıq. Elə
Səxavət Ənvəroğlunun
"Qubam" şeirini
ilk dəfə oxuyanda
da, mən xəyalən o doğma yerləri gəzdim, gözlərim önündə
Qubanın tanış
mənzərəsi canlandı:
Parlayan ulduzsan, yanar çıraqsan,
Ömür yollarımda nurlu mayaksan.
Fəxrimdir qoynunda zirvəli
dağlar,
Gəzməli ormanlar, görməli
bağlar,
Hər yer tamaşalı, maraqlı Qubam.
Müəllim peşəsi çox şərəfli peşədir. Biz hamımız ilk müəllimlərimizə
borcluyuq. Və hamı kimi, Səxavət Ənvəroğlu
da müəllimlərin
qarşısında baş
əyir, hər yaşda bu şərəfli
peşə sahiblərinə
möhtac olduğunu dilinə gətirməkdən
çəkinmir:
Yüz yaşım olsa da möhtacam yenə,
Mənə bilik verən müəllimlərə.
Müqəddəs bir kəlmə
ANA sözünü,
Yazdırıb öyrədən müəllimlərə.
Şair möhkəm dözüm,
iradə sahibidir. O, bu həyatda nə qədər ağrı-acı
görsə də, yenə dözür. Çünki, dözüm
- Ulu Yaradanın insana bəxş etdiyi unikal xüsusiyyətlərdəndir:
Cavanlıq havası ötməyib
hələ,
Qəlbim arzulara yetməyib hələ.
Yaddaşım yerində, itməyib
hələ,
Dözür ağrılara kövrək
ürəyim.
Kitabda təqdim
edilən şeirlər
Səxavət Ənvəroğlunun
ağrılı-acılı, ələkdən keçirilən
günlərindən bir
xatirə olsa da, şairin arzuları tükənməyib,
yoldadır. Əsən küləklər də onu qorxudan deyil:
Həyat
çox keçirib məni ələkdən,
Nə qədər
arzular yoldadır hələ.
Gözüm qorxan deyil dəli küləkdən,
Ağrılar, acılar güc gəlsə belə.
Qələm dostumun məhəbbət şeirləri də sünilikdən çox -
çox uzaqdır. Onların
çoxu ümidsiz məhəbbətdən soraq
versələr də,
təbii hisslərlə,
qısa və aydın kəlmələrlə
zəngindirlər:
Necə
də yolunda qurban vermişəm,
Ömürdən qoparıb gözəl illəri.
Kövrək ürəyimdə boran
bilmişəm,
Mənə uzatdığın soyuq əlləri.
və ya:
Xəzan
yarpaqları vaxtsız
tökəndə,
Küləklər telinə sığal çəkəndə.
Ürəyin qəm yeyib, kədər əkəndə,
Məni xəyalında yaşadacaqsan.
Səxavət Ənvəroğlu qayğıkeş
ailə başçısıdır. Şairin
"Adını Vüsal
qoymuşam", "Solmazdım
qızım", "Nəvələr
bir yerə yığılan zaman",
"Olar qardaş"
və s. şeirlərində
onun ailə üzvlərinə, qohumlarına
və nəvələrinə
hansı sevgi və qayğıyla yanaşdığı diqqəti
çəkir:
Sizsiniz ömrümün bahar çağları,
Sevincli günlərin
barlı bağları.
İnadla
aşaraq uca dağları,
Qartal tək uçardım, yatmazdım
qızım.
Şair
2016-cı ildə qardaş
Türkiyə sularında
üzərkən belə
bir şeir yazmışdı:
Şimşəklərin işartılı anında,
Nur çiləyən ulduzların yanında.
Qürub çağı günəşin al qanında,
Dalğaların nəfəsində tap məni.
Şair Səxavət Ənvəroğlu mərhəmət sahibidir və hər kəsi ürəyində mərhəmət odu yandırmağa səsləyir. Mən inanıram ki, əziz qələm dostum həyatın sərt dalğaları ilə üz-üzə duraraq, illər boyu sözdən ruhlanacaq və söz duyanlara həyan olası hələ çox sözlər yaradacaq - həm dəryadan, həm də dünyadan. Odur ki, mən bu həyat yolunda ona fırtınasız sular, təlatümsüz səyahətlər arzulayıram.
Anar Məmmədov,
BDU-nun dosenti,
AYB və AJB-nin, üzvü
Ədalət 2018.-11 dekabr.- S.6.