Öpüşməyin də haram olduğu...

Sevinc Elsevər

Qəmər

 

atdı özünü altıncı mərtəbədəki pəncərəsindən Qəmər

yastığının altındakı intihar məktubunu

tapıb gizlətdi anası

pəncərə silərkən

təmizlik uğrunda çalışarkən yıxıldı dedilər

 

gənc qızların intiharı da ayıbdı

"görən kimlə, qələt qayırdı

intihar elədi” – deyirlər

 

pəncərə təmizlərkən

yıxıldı dedilər

ona uşaqlıqdan

pəncərə təmizləməyi

namus təmizləməyi öyrətmişdilər.

Skripkaçı qız

 

yay-qış boğazında şərflə gəzir

skripkaçı qız

boğazındakı ləkəni gizlətməyə çalışaraq

sevişməyin

öpüşməyin haram olduğunu

ayıb sayıldığını bilir çoxdan

izah eləmək çətindi

boğazındakı ləkənin

skripka ilə sevgili olduğundan yarandığını

sınayıcı nəzərlərlə baxan

"o boğazındakı ləkədi?”- soran adamlara

 

oysa oxuduğu musiqi məktəbində

tələbə yoldaşlarıyla

bir yarış içindədirlər

kimin boğazındakı ləkə daha böyüksə

daha çox bağlanmış

daha çox sevgili olmuş

daha çox sevişmiş skripkasıyla...

 

***

çox azdı ümidim

gecələr yuxudan əvvəl

üzümə çəkdiyim kremin

qırışları önləyəcəyinə

amma kremi çəkməkdən qalmıram

üstümə düşən işi görürəm

sabah güzgülərə baxanda

özümü az günahlandırım deyə...

 

***

səninlə son görüşümüzü

xatırlayıram

elə orda, o anlarda

qərar verdim əbədi ayrılığa

sənin əynin isti qalındı

mənsə tir-tir əsirdim

bir nazik pencəkdə

 

***

sirrə qovuşasan

əsla ölməyəsən

hamının gözü baxa-baxa yola salmayalar adamı

çiyinlərdə

göstərə-göstərə

bir çala qazıb basdırmayalar

yerini itirməməkçün nişanə qoymayalar

gedib-gəlib çağırmayalar

çığırmayalar

qəfil buxarlanasan dumduru su kimi

yağış gölməçəsi kimi

uşaqların da vecinə olmaz ölüm o zaman

onlar əylənirlər

cizgi filmlərindəki personajlar

qəfil yoxa çıxanda

sirli gələr, sehrli gələr onlara dünya

əllərini yana açarlar heyrətlə

sadəcə "o adam artıq qoqqı!”- deyə...

 

***

vatsapda rəfiqəsinə

dərdini anladır dərdli qadın

gözüyaşlı baş şəkilləriylə bəzəyə-bəzəyə dərdlərini

 

durğu işarələrinə

nöqtəyə-vergülə

bütün dil qaydalarına dəqiqliklə

yerli-yerində əməl eləyən rəfiqəsisə

onun fonetik, qrammatik səhvlərini

hər şeydən əvvəl görür.

Cıqqılı müharibə meydanı

 

yaraladı ayağım

xalçamın üstündəki

oyuncaq avtomatın süngüsü

qanım axıb xalçamı

batırmasın deyə

təkayaq üstündə

gəzirəm tullana-tullana

 

azca pambıq

qırmzı yod

tənzif gəzirəm təlaşla

göynəyimi kəsməyə...

 

cıqqılı müharibə meydanında

lap itirmişəm başımı

bir az daha

bir az daha anlayıram

anaların göz yaşını...

İctimai nəqliyyatda vaqeələr

metroda oxuduğum kitab

kömək eləyir adamların baxışlarından qaçmağa

qınıma çəkilməyim üçün ən yaxşı yoldur bu

çevirdiyim səhifədə öpüşən cütlük şəkli çıxır qarşıma

hırıldayır başımın üstündəki iki yeniyetmə

mənə elə gəlir narahat olur

onlarla yanaşı duran

hicablı gənc xanım da

əlimlə gizləyirəm şəkli

guya təsadüfən

birnəfəsə oxuyub bitirməyə çalışıram

əlimdəki səhifəni

kimsələri narahat etmədən

 

***

avtobusdakı basabasda

"qiymətliyerini

hicablı, gənc xanıma təklif edir cavan kişi

yaşlı yorğun xanım qala-qala

sonra boşalan həmin o "qiymətliyerini

bahalı geyimli, makiyajlı, gözəl bir xanıma təklif edir

həmin o cavan kişi

bayaqdan mən ayaq üstəyəm

gənc kişinin alicənablığına baxıb gülümsəyirəm

görəsən daha kimi layiq biləcək

öz "qiymətli taxtınadeyə?!

***

getdikcə böyüməkdə olan sinələrini

gizlətmək üçün

əlləri qoynunda gəzər ərgən qızlar

nənələri, anaları təpinər onlara:

"əllərini qoynuna qoyma!”-deyə

xeyir gətirməzmiş

əlləri qoynunda gəzmək

köhnə bir inanca görə

 

sonra qəfil çətinləşər həyat

azadlıqlarını

uşaqlıqlarını itirdikcə

axırda bir ömürlük unudarlar özlərini

sinələrini

amma əlləri qoynunda qalar onların yenə...

***

içdikləri qanı bir-birləriylə

bölüşən yarasalar

şəfqət hissi doğurur

paylaşmaq gözəldi

qan içəndə

 

***

bəlkə də hələ başqa cür yaşamağa

alışmadığımız üçün ayrılmırıq sevgilimlə

bir-birimizə söykənib yaşayırıq deyə

birimiz gedəcək

birimiz yıxılacaq

hələ

söyləmək çətindir

hansımızın ayaq üstündə qalacağını

hansımızın yıxılacağını...

Ədalət  2018.- 11 dekabr.-  S.7.