"Atamın son sözü
bu oldu ki, Laçın azad ediləndə sümüklərimi
aparıb orada dəfn edin..."
Ramiz Cəbrayılov: "Bu problemi gələcək nəsillərin çiyninə qoysaq, Qarabağ da İrəvanın, Göyçənin taleyini yaşaya bilər..."
Bu günlərdə
redaksiyamıza zəng vuran köhnə dostumuz, dəyərli
ziyalılarımızan biri olan Ramiz Cəbrayılov
Laçınlı günləri ilə bağlı ürəyini
ağrıdan xatirələrindən söz açdı. Və sonra bildirdi ki, bu xatirələr artıq
müsahibə formasındadır. Biz də həmin müsahibəni
təqdim edirik və bildiririk ki, Laçın rayon ictimaiyyətinin
tanınmış nümayəndələrindən biri olan
Ramiz Cəbrayılov geniş söhbətində hələ
1905-1906-cı, 1918-ci illərdə daşnak ermənilər tərəfindən
baba-nənələrinin, körpə atasının
başına gətirilənlər, eləcə də
doğma rayon və kəndinin dəfələrlə
yandırılması və 1992-ci ilin mayındakı son
işğalı haqqında, 1988-ci ildən bəri
Laçın rayonu və Dağlıq Qarabağ ətrafında
baş verən, bilavasitə şahidi olduğu hadisələr
barədə maraqlı epizodlar nəql edib...
"ATƏT-in Minsk qrupu
Volskinin 1988-1989-cu illərdəki
Xüsusi Komitəsinin ermənipərəst missiyasını
bu gün "uğurla"
davam etdirir..."
- Ramiz müəllim, 1988-ci ildən
hazırda işğal edilmiş digər bölgələrimiz
kimi, Laçında da sadə insanlar, xüsusən gənclər
ermənilərin separatçı-işğalçı niyyətlərinə
qarşı kifayət qədər dirəniş göstərirdi.
Rayonda milis taboru ilə yanaşı, özününüdafiə
dəstələri, respublikada ilk alaylardan biri
yaradılmışdı və s. Bəs nəticə niyə
belə oldu?..
- Bilirsiz,
öncə dediyim kimi, ayrı-ayrı fədakar insanlar həm
rəhbərlikdə, həm yerlərdə xeyli idi. Amma
ümumi sistem əvvəlcə Moskvanın tabeliyində
işlədiyindən, müstəqilliyimizin ilk aylarında,
illərində isə hakimiyyətsizlik və hakimiyyət
uğrunda mübarizə şəraitinə tabe olduğundan
xalqın bütün əziyyətləri hədər getdi və
torpaqlarımız, o cümlədən Laçın
işğal edildi...
Bəli,
Laçın gəncləri də fəal idi... Hələ öncə haqqında bəhs etdiyimiz
Qorbaçovun göstərişi ilə Dağlıq
Qarabağda Xüsusi İdarəetmə Komitəsinin rəhbəri
təyin edilmiş Arkadi Volski 1989-cu ildə Dağlıq
Qarabağ və ətraf bölgələrdən SSRİ Ali
Sovetinə deputat da seçilmişdi. O dövrdə
yalnız Laçın rayon komsomol komitəsi xüsusi plenum
keçirərək Azərbaycan seçiciləriinin
etimadını doğrultmadığına, ölkəmizə
qarşı xəyanətkar mövqe tutduğuna görə
A.Volskinin deputatlıqdan geri çağırılmasıyla
bağlı SSRİ Ali Sovetinə və baş katib
Qorbaçova müraciət ünvanladı. Həmin
plenumda Azərbaycan Komsomolu Mərkəzi Komitəsiinin
nümayəndələri Kamal Mədətov və Elmar
Zeynalov da iştirak etdilər. Yəni, Azərbaycan
komsomolunun rəhbərliyi də, Laçın rayon partiya
komitəsinin 1-ci katibi rəhmətlik Xanlar Məmmədov da
bizə birmənalı dəstək verdi. Bu, rayonumuz, həm də respublika üçün
tarixi bir hadisə idi və mətbuatda da geniş
işıqlandırıldı.
Lakin təəssüf ki, o dövrdə Volskini
"seçmiş" digər 15-20 rayon da bizə dəstək
vermədi.
Odur ki, məktubumuza Qorbaçovdan cavab da gəlmədi...
Yəni,
o illərdə ayrı-ayrı fərdlər, qruplar istisna, ermənilərin
məkrli planlarına qarşı sistematik, planlı iş
görən yox idi. Amma bu gün cənab Prezident başda
olmaqla Qarabağın azadlığı üçün həm
siyasi, həm iqtisadi, həm hərbi müstəvidə
planlı işlər görülsə də, nəinki
Moskvada, Parisdə, Vaşinqtonda da dünənki Volskilərin
daha geniş və "modern" formada davamçıları
var. Hesab edirəm ki, artıq 26-cı ildir ki, ATƏT-in Minsk
qrupu adlanan bir qurum Arkadi Volskinin Xüsusi İdarəetmə
Komitəsinin ermənipərəst missiyasını Avropa və
dünya miqyasında "uğurla" davam etdirir. Bu qurum yalnız ermənilərin xeyrinə vaxt
keçirməklə, Azərbaycan xalqının
başını qatmaqla məşğuldur. Bu gün
mediadakı informasiyalardan da bəlli olur ki, Minsk qrupunun həmsədrləri
olan Rusiya da, Fransa da, ABŞ da nəinki
işğalçı, separatçı erməniləri
yerində oturtmağa, əksinə, hər vasitə ilə
onlara dəstək verməyə çalışır. Hər
üç ölkənin rəsmi və qeyri-rəsmi nümayəndələri,
alimləri, həkimləri, deputatları, incəsənət
və iş adamları və s. Azərbaycanın işğal
altındakı ərazilərinə mütəmadi səfərlər
edir, müxtəlif tədbirlərdə iştirak edir və hətta
onları təşkil edir, tikinti, təmir-bərpa işləri
aparır, işğalçı ordu hissələrinə
yardım edir, yeraltı-yerüstü sərvətlərimizin
istismarıyla məşğul olurlar və s.
Digər
tərəfdən, orta məktəb şagirdi də bunu dərk
edər ki, Minsk Qrupunun həmsədri olan hər üç
dövlət: ABŞ, Rusiya və Fransa dini baxımdan
xristiandır. Ona görə də, kim nə
deyir-desin, onların xristian Ermənistanı qoyub, müsəlman,
türk dövləti olan Azərbaycana dəstək verməsi
ağlasığan deyil... Yəni, ATƏT-in Minsk qrupu xristian
klubundan başqa bir şey deyil...
- Bilirik,
Laçından, doğma kəndinizdən
ayrıldığınız son günlərdən
danışmaq çətindir, sizin üçün...
- Nəinki
çətindir... Dəhşətli bir əzabdır, əzab...
1992-ci il mayın 16-17-də
Laçında, kəndimizdəki son günləri
xatırlayanda keçirdiyim hissləri danışmaqla təsəvvür
etmək mümkün deyil. Sanki həmin gün təbiət də,
kənddəki ev heyvanları, it-pişik,
mal-qara da yüz illərlə bu məkanda yaşamış
insanların bilinməz müddətə buradan getməyinə
yas saxlayırdı, şivən qoparırdı. Bir həftədən
çox idi, işıqlar yanmırdı, gecələr kənd
qatı zülmət içində idi, göydən sanki qara
rəngli leysan bir yağış tökürdü... Elə
bil, o dilsiz-ağılsız inəklər, qoyunlar, itlər,
toyuq-cücələr öz mələşmələri,
hürmələri, çığırtları ilə sanki
deyirdilər ki, ey insanlar, bu gözəl yurdunuzu tərk edib
haraya gedirsiniz...
...Evdən
çıxdığımız son məqamda kiçik
qardaşıma dedim ki, itimizi zəncirdən aç,
yazıqdır, bağlı qalmasın... Hələ
dinclik vaxtlarında o it iki dəfə qonşu erməni kəndindən
gəlib evimizin yanından atla keçən kolxoz sədri Sərkisyan
Qrişa ad-soyadlı erməniyə hücum edərək onun
atını parçalamışdı. Artıq
münaqişə başlananda bəlli oldu ki, həmin
Qrişa erməni kəndindəki separatçıların
lideri imiş... Yəni, sanki it də ermənilərin kəndimizə
məkrli niyyətlərlə gəldiyini hiss edirdi... Xülasə, qardaşım itimizi zəncirdən
açanda mən maşının qapısını
açıq qoyub əyləşmişdim. İt həmişəki
kimi açılan andaca kənara qaçmadı,
maşının yanına gəldi və qabaq
ayaqlarını qaldırıb dizlərimin üstünə qoyub
başladı əllərimi yalamağa... Ona təpinəndə
keçib çöməltmə oturdu maşının
qarşısında və tərpənmədi... Sanki o
dilsiz-ağılsız heyvan da deyirdi ki, ay etibarsızlar, bu
torpağı, biz heyvanları yağı düşmənə
qoyub hara gedirsiz... İnanırsız ki, biz o heyvanı bir təhər
kənara qovub maşını sürdükdən sonra o it
arxamızca 5-6 km-dək qaçdı... Sükan arxasında
göz yaşları məni boğdu... O gün əlacsızlıq,
acizlik, ayrılıq, həyəcan, utanc
duyğularının biri-birinə qarışıb
tüğyan etdiyi dəhşətli bir mənzərə
idi... Heç vaxt gözümün önündən getmir,
heç vaxt...
- Ramiz
müəllim, yəqin, gündüzlər iş-güc
başınızı qatır. Amma gecələr
Laçını, Ağanusu düşünmək daha əzablı
olur?..
- Elə
bir gecə yoxdur ki, mən xəyalən Laçına
qayıdıb kəndimizin cığırlarını,
dağlarını, meşələrini, bulaqlarını,
Laçın rayon mərkəzinin küçələrini
qarış-qarış gəzməyim...
Filan yerə
gedən yolda neçə döngə vardı, həmin
döngələrdə hansı qaya, daş, qumlaq, dərə
vardı, hansı dərədə hansı bulaq vardı,
hansı yolun kənarında böyük bir ağac vardı,
hansı ağacın dibində gözəl
yaşıllıq vardı, həyətimizin filan
küncündə filan ağac əkilmişdi və s. və
i.a. İnanın ki, bəlkə də bir gecə hiss etsəm
ki, kəndimizdə hansısa yerin adını unutmuşam,
başıma hava gələr...
Adətən insan yuxuya getməzdən öncə ya bu
dünyada uzaq yerdə olan, yaxud həyatdan
köçmüş əzizini yuxuda görməyi arzu edir. Mən isə hər gecə,
üzr istəyirəm, yatağıma girəndə Yaradandan
diləyirəm ki, ay Allah, nə olar, yalvarıram, elə et, bu gecə Qarabağı,
Laçını, doğma kəndimizi, evimizi yuxuda
görüm. Və o məkanlar yuxuma girdiyi gecə
özümdə bir rahatlıq tapıram...
Ümidsiz yaşamaq insanın sonudur. Yenə də
deyirəm, böyük imidlə yaşayıram ki, nəhayət,
biz torpaqlarımıza qayıdacağıq. Amma mənim
çiynimdə hazırda iki böyük yük var. Birincisi,
torpaqlarımızın işğaldan azad edilməsi
üçün bir vətəndaş olaraq əlindən gələni
etmək...
İnsanın əsl vətəni onun doğulduğu
yerdir. Mənim üçün əsl doğma vətən
Azərbaycanın Laçın rayonunun Ağanus kəndidir.
Hazırda yaşadığım yer isə
paytaxtmız Bakıdır. Sözsüz
ki, Azərbaycan hamımız üçün ümumi vətəndir
və hər bir qarışı bizim üçün əzizdir.
Ancaq doğulduğun məkana sevginin daha
güclü olması insan fitrətindən gələn təbii
bir haldır. Özü də insan yaşlaşdıqca
doğulduğu yurdun torpağı, hər daşı, hər
ağacı sanki maqnit kimi onu özünə çəkir...
Atam 92
yaşında dünyasını dəyişdi və son
gününədək də şüuru, düşüncəsi,
yaddaşı əvvəlki qaydada idi...Bəlkə də rəhmətlik
Laçında yaşasaydı, 92 yox, 112 il
yaşayardı. Çünki o yerlərin havası, suyu, meyvəsi
və s. bir bambaşqa həyat cövhəri idi...
Dünyasını dəyişəndən bir gün qabaq atam
məni yanına çağırdı ki, oğul, mən
gedirəm, and iç ki, bir vəsiyyətim var, onu mütləq
yerinə yetirəcəksən. Cavab verdim ki,
ata, birincisi, belə şey danışma, nə getmək.
İkincisi də, sənin hər sözün
bizim üçün qanundur, buyur, eşidirəm.
Düzü, mən gözləyirdim ki, atam, nə isə ailəmizlə
bağlı, anamla bağlı bir vəsiyyət edəcək...
Amma onun dediklərini eşidəndə tüklərim
biz-biz oldu. Atam dedi ki, oğul, mən o günü
görə bilmədim, amma inşallah, siz görəcəksiniz
Laçının azad edildiyi günü... Laçın
alınandan sonra mənim sümüklərimi burada qoyma qala,
aparıb kəndimizdə -Ağanusda basdır... Dedi, səni
and verirəm Allaha, bu vəsiyyətimi unutma...
Deməli,
insan dünyadan köçdüyü son anlarda belə
övladları, ailəsindən çox torpağının,
dədə-baba yurdunun taleyi haqda düşünür.... Atama verdiyim söz mənim çiynimdə ən
böyük yükdür. Və gecə-gündüz
Allaha dua edirəm ki bizə şərait yarat,
torpaqlarımızı azad edək və mən atama verdiyim vədi
yerinə yetirim...
Məni narahat edən digər məsələ odur ki, 1991-1993-cü illərdə Qarabağdan, o cümlədən Laçından çıxmış insanların çoxu Azərbaycanın digər şəhər və bölgələrində ailə həyatı qurub, onların həmin yerlərdə övladları doğulub və bu gün artıq onlar da ailə qurmaq üzrədir... Mənim, üzr istəyirəm, bir övladım var, 1995-ci idə Bakıda doğulub. Özümü və ailəmi Vətənə kifayət qədər bağlı, Qarabağ, Laçın, Şuşa həsrəti ilə yaşayan bir ailə hesab edirəm. Bizim ailədə elə bir gün olmaz ki, o torpaqlarımızla bağlı söhbət getməsin. Övladım da vətənpərvər böyüyür, ata-ana yurdları ilə daim maraqlanır. Amma diqqət edirəm ki, övladımdakı o yurdsevərlik, Qarabağa, Laçına olan sevgi biz böyüklərdəki qədər deyil. Birdən buna görə daxilən narahat oluram, yanıram. Və sonra düşünürəm ki, bu, təbii haldır. Ovladımın gerçək gördüyü doğma yurdu, Laçın, Şuşa yox, Bakıdır... Və bu gün mən ondan narahatam ki, o torpaqlarda doğulub yaşamış bizim orta və yaşlı nəsil də tədricən dünyasını dəyişir, say baxımından azalırıq. Və o da təbiidir ki, işğal altındakı torpaqlarımızda son 26-27 ildə doğulan ermənilər bizim gənclərdən fərqli olaraq o yerləri özlərinə əsl vətən hesab edirlər... Eyni zamanda o torpaqlardakı bizə aid olan tarixi izləri, abidələri məzarları və s. tamamilə məhv edirlər, yoxa çıxarırlar... Əgər Qarabağın azad edilməsi məsələsini biz bu gün həll edə bilməyib gələcək nəsillərin boynuna yükləsək, qorxuram ki, Qarabağ da, Şuşa da, Laçın da, Kəlbəcər də... ermənilərə peşkəş edilmiş İrəvanın, Göyçənin, Zəngəzurun taleyini yaşasın... Odur ki, bu gün nənki didərginlər, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad edilməsi məsuliyyətini öz üzərində daim hiss etməlidir...
Şükürlər olsun ki, bu gün Azərbaycan
prezidenti cənab İlham Əliyevin indiki geosiyasi dünya
gerçəkliyi çərçivəsində çox
ötkəm xarici siyasəti var. Amma onu da qəbul etməliyik
ki, ermənilərin arxasında Rusiya, ABŞ, Fransa kimi nəhənglər
və onların ərazisində fəaliyyət göstərən
erməni lobbiləri dayanır. Buna görə problemin həllinin
gecikməsinin səbəblərini də anlamaq gərəkdir.
Ancaq yenə də ümidimizi itirməyək. Allah cənab
Prezidentə cansağlığı versin. Bizim bu gün o
torpaqları azad etmək qüdrətində olan, müasir
silahlanma ilə yanaşı, yüksək vətənpərvərlik
əhvali-ruhiyyəsinə malik ordumuz da var....Biz
inanınırıq ki, cənab prezident Qarabağın
azadlığı üçün əlindən gələni
edir və inşallah, azad torpaqlarımıza,
Şuşamıza, Laçınımıza dönəcəyimiz
gün yetişəcək...
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 13 dekabr.- S.5.