"Atamın son sözü
bu oldu ki, Laçın azad ediləndə sümüklərimi
aparıb orada dəfn edin..."
Ramiz Cəbrayılov: "Telman Orucov Ermənistan qaçqınlarını Qarabağdan, Şuşadan zor gücünə çıxardı..."
Ramiz Cəbrayılov
(əvvəli ötən
sayımızda)
"Fərhad Əliyevin o
qanlı-qadalı illərdə Laçında hansı zəhmətlər
çəkdiyinin şahidi oldum..."
-Ramiz müəllim, heç
iştirak etdiyiniz tədbirlərdə o vaxtkı 1-ci katib
Ə.Vəzirovun Azərbaycanın mənafeyinə uyğun gələn
bir çıxışını eşitmədiniz?..
-Xeyr. Qətiyyən...
Bu adamın hər kəlməsi ermənilərin, Moskvanın
xeyrinə idi. Yadınızda deyil, bir dəfə televiziya ilə
də yayımlanmış çıxışında dedi
ki, yoldaşlar, muştuluğumu verin, ermənilər
Bakıya qayıdır...
Elə
öncə bəhs etdiyim plenumdakı
çıxışının davamında Ə.Vəzirov
gözlənilmədən üzünü zala tutub sevinclə
dedi, ki, yoldaşlar, sizi təbrik edirəm, axır ki,
Qarabağ məsələsinin həlli yolunu tapdıq.
Bütün zal bir anlıq diqqət kəsildi ki, 1-ci katib, nəhayət,
Vətənimiz üçün bir faydalı söz deyəcək.
Vəzirov isə dedi ki, bəs Moskva Dağlıq Qarabağda
Xüsusi Komitə yaradılması haqda qərar verib,
yoldaş Arkadi Volski də həmin komitənin rəhbəri təyin
edilib. Bundan sonra Qarabağdakı bütün məsələləri
yoldaş Volski həll edəcək və Qarabağı həmişəki
kimi Azərbaycanın nəzarətinə qaytaracaq... Hamı
qaldı mat-məəttəl ki, bu nə danışır...
Ancaq o bədbəxtin
ya ağlı kəsmirdi, ya özünü bilməzliyə
qoyurdu ki, Qorbaçov Volski vasitəsilə Dağlıq
Qarabağın Azərbaycanla olan-qalan ilişgilərini də
qopararaq o torpaqların tamamilə ermənilərin əlinə
keçməsinə şərait yaradacaq...
Bir daha təkrar
edirəm, Kamran Bağırov, Ə.Vəzirov kimi yarıtmaz rəhbərlər
və onların bəzi yarıtmaz kadrları bu gün
Qarabağın işğal altında qalmasına məsuliyyət
daşıyırlar. Vəzirovun kadrlarından Mərkəzi
Komitənin katibi Telman Orucov da ermənilərin xeyrinə olan
addımlar atırdı. Məsələn, 1988-1989-cu illərdə
ermənilərin Ermənistandan qovduğu
soydaşlarımız öncə əsasən Dağlıq
Qarabağ, o cümlədən Şuşa ərazisinə
toplaşmışdılar. Onlar özləri xahiş edirdilər
ki, bu yerlərin təbiəti də elə Zəngəzurun,
Göyçənin təbiətinə uyğundur, bizə
şərait yaradın, buralarda məskunlaşaq. Lakin təəssüf
ki, Telman Orucov özü şəxsən bu işə rəhbərlik
edərək Ermənistan qaçqınlarını milislərin
vasitəsi ilə, zor gücünə yerləşdikləri ərazilərdən,
eləcə də Şuşadan çıxarıb digər
rayonlara göndərdi. Halbuki, qaçqın
soydaşlarımızın Dağlıq Qarabağda yerləşdirilməsi
oradakı azərbaycanlı əhalinin say tərkibinin xeyli
artmasına və yerli soydaşlarımıza da dəstəkləri
nəticəsində ermənilərin separatçılıq
hərəkatının qarşısının
alınmasına gətirib çıxarmaqla Qarabağ məsələsinin
ilkin mərhələdə həllinə şərait yarada
bilərdi...
-Amma yəqin
ki, o dövrdə də, sovet hakimiyyətinin
mövcudluğuna rəğmən partiya və komsomol
orqanlarında Vətənini, xalqını gerçəkdən
sevən qeyrətli məmurlarımız da olubdu?
-Bəli,
əlbəttə, olub. Məsələn, sizə şahidi
olduğum bir misal çəkim. Bildiyiniz kimi, 1988-1990-cı
illərdə Laçın rayonu ərazisində
"Qayğı" adlanan qəsəbə
salınırdı. Həmin qəsəbənin yeri çox
düzgün seçilmişdi. Çünki strateji bir məkan
idi. Belə ki, Ermənistanla Dağlıq Qarabağın erməni
kəndləri arasındakı ən qısa məsafə həmin
ərazidən keçirdi. Birbaşa avtomobil yolu olmasa da, ermənilər
Şuşanın Kirov və Qaladərəsi kəndlərinə
o yerlərdəki dalda dağ cığırlarıyla
keçməklə tədricən silah-sursat
daşımağa çalışırdılar. Odur ki, o məkanda
qəsəbə salınması ermənilərin
planlarının qarşısını almağa
hesablanmışdı. Artıq 1989-1990-cı illərdə isə
tikinti gedən ərazi Ermənistan istiqamətindən
atıcı silahlardan atəşə tutulurdu. Yəni hər
an təhlükə gözlənilirdi. Buna rəğmən
komsomol zərbəçi tikintisi elan edilmiş
"Qayğı" qəsəbəsinin tikintisinə Azərbaycanın
komsomol təşkilatlarından və ali məktəblərindən
ən vətənpərvər, qorxmaz gənclər
toplaşmışdı. Həmin gənclərə də o
dövrdə Azərbaycan komsomolu Mərkəzi Komitəsi təşkilati
şöbəsində seksiya rəhbəri kimi
çalışan, sonradan- 2001-2005-ci illərdə isə Azərbaycanın
İqtisadi İnkişaf naziri olmuş Fərhad Əliyev rəhbərlik
edirdi. O, Laçına komsomol zərbəçi dəstəsinin
komandiri kimi gəlmişdi. Və mən Laçında Fərhad
müəllimin o qanlı-qadalı illərdə, o güllələr
altında, gecə-gündüz, yayın qızmarında,
qışın sazağında "Qayğı" qəsəbəsinin
tikintisində hansı zəhmətlər çəkdiyinin
şahidi oldum...
Bəli,
Fərhad müəllim kimi vətənpərvər, millətsevər,
prinspial və cəsarətli rəhbər işçilərimiz,
məmurlarımız xeyli idi. Lakin bütövlükdə Azərbaycanın
idarəçilik sistemi birbaşa Moskvanın əmrləri ilə
idarə olunan, müticəsinə Kremlin, Qorbaçovun
qarşısında baş əyənlərin əlində
olduğundan biz erməni separatçılığına,
millətçiliyinə qarşı mübarizədə ciddi
uğur əldə edə bilmədik. Və mən bunu həmişə
deyirəm: əgər Ulu Öndər elə 1987-ci ildə
Moskvada Siyasi Bürodan istefa verən kimi Azərbaycana rəhbər
gələ bilsəydi, Vətənimizin başına bir belə
faciələr gəlməz, torpaqlarımız işğal
olunmazdı...
-O illərdə
ermənilərin Heydər Əliyevə mənfi münasibəti
barədə nələrinsə şahidi olmuşdunuz ki?..
-Bəli, dəfələrlə. Sizə bir epizod danışacam. Zənnimcə, bu artıq hər şeyi deyəcək... Dəqiq yadımdadır, 1987-ci il oktyabrın 21-i idi. Həmin gün Moskvada Sov.İKP MK Siyasi Bürosunun plenumu keçirilirdi. O dövrdə hər gün Bakı vaxtı ilə gecə saat 10-da Moskvadan "Vremya"("Zaman") xəbərlər proqramı verilirdi. O gün axşam biz Laçın rayon partiya komitəsinin 1-ci katibi rəhmətlik Xanlar Məmmədovla işlə əlaqədar getdiyimiz Səfiyan kəndindən mənim "Niva" markalı xidməti maşınımla geri dönürdük. Xanlar müəllim dedi ki, komsomol, çalışaq saat 10-dək rayon mərkəzinə çataq ki, "Vremya"ya baxaq, görək, plenumda hansı qərarlar verilib. Mən avtomobilimdə ehtiyat üçün daim "Sapfir" markalı kiçik ölçülü televizor saxlayırdım. Odur ki, 1-ci katibə dedim ki, Xanlar müəllim, narahat olmayın, Laçına çatmasaq da, maşında televizor var, xəbərlərə baxacağıq. Bu minvalla saat artıq 10-a 2-3 dəqiqə qalmış biz hələ Laçının 10-15 kilometrliyində Ermənistanın Gorus rayonunun Gorunzur(Kornidzor) və Dığ(Texnadzor) kəndləri ilə üzbəüz yerləşən "Tikanlı Zəmi" deyilən yerə çatırdıq. Maşını saxlayıb televizoru qoşduq. İnanın ki, "Vremya" başlayıb plenumun qərarları və Heydər Əliyevin öz ərizəsi ilə Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilməsi barədə xəbər səslənən kimi Gorus rayon mərkəzində və adı çəkilən erməni kəndlərində Bakıdakı atəşfəşanlıqlarla müqayisə olunacaq böyük bir atəşfəşanlıq başladı. O anlarda dərhal belə qərara gəldim ki, deməli, ermənilər öncədən Ulu Öndərin Kremldə tutduğu yüksək vəzifələrdən istefa verəcəyini biliblər... Və Heydər Əliyevin istefasından bir ay keçməmiş erməni lobbiləri SSRİ-də, Avropada, Amerikada Qarabağ məsələsəni gündəliyə gətirdilər. Deməli, ermənilər üçün ən keçilməz sədd, sipər məhz Heydər Əliyev idi... Ona görə o, vəzifədən çıxdığı günü onlar atəşfəşanlıq, toy-bayram edirdilər...
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 14 dekabr.- S.5.