Seymur Baycan:
“Son hekayəmi yazıb ədəbiyyatdan gedirəm”
Adalet.az Ayxan Ayvazla hazırda Tiflisdə yaşayan tanınmış yazıçımız Seymur Baycanın söhbətini təqdim edir.
- Seymur, nə vaxtdır
müsahibə vermirsən. Səsin-sorağın
gəlmir. Hesab edirəm ki, Azərbaycanda ən
maraqlı müsahibə verən adamlardan birisən. Müsahibə də sanki sənin üçün
yaradıcılıqdır. Necə hesab edirsən,
bizim yazıçılar müsahibələrində
kifayət qədər səmimi ola bilirlərmi?
- Nikolay Tsiskaridze
çıxışlarından birində maraqlı bir söz
demişdi. Demişdi ki, müsahibə almaq
istəyən adamlara məmnuniyyətlə "hə”
cavabı verirəm. Çünki elə vaxt
gələ bilər ki, heç kimin yadına
düşmərəm, özüm müsahibə vermək
istəyərəm, amma məndən müsahibə alan adam tapılmaz.
Əslində
bəndənizə hər ay azı iki saytdan müsahibə
üçün müraciət edirlər. Amma
mədəni şəkildə müsahibə verməkdən
imtina edirəm. Baxıram ki, müsahibə almaq
istəyən adam yazılarımdan
xəbərsizdir. Məni bir publisist, yazıçı kimi
deyil, müğənni kimi danışdırmaq
istəyirlər. Mən isə
müsahibə vermək xatirinə müsahibə vermək
istəmirəm. Buna bir qram da
ehtiyacım yoxdur. Yazılarımdan,
kitablarımdan xəbərsiz adamla nədən danışa
bilərəm?
Bəli,
müsahibəni yaradıcılığın bir növü
hesab edirəm. Müsahibə oxumağı çox
sevirəm. Xüsusən haqq
dünyasına getmiş məşhur
yazıçıların, rejissorların
müsahibələrini daha diqqətlə oxuyuram. Çünki nələrin daha tez, nələrin
daha gec köhnəldiyini öyrənmək, zaman adlı
anlayışı dərindən hiss etmək
üçün rəhmətə getmiş adamların
müsahibələri əvəzedilməz mənbədir.
Təəssüf ki,
bizim yazıçılar, ümumən sənət
adamlarımız müsahibələrində səmimi ola bilmirlər. Bunun da bir yox, bir
neçə səbəbi var. Azad deyillər, az oxuyurlar, az baxırlar, geniş,
bəşəri düşünə bilmirlər, ən
əsası yaradıcılıq onların
nəzərində vəzifə kreslosuna dırmaşmaq üçün
vasitədir. Ona görə də
müsahibələri süni, vəzifəli, pullu adamlara
təşəkkürlərlə, minnətdarlıqlarla,
yaltaqlıqlarla zəngin, darıxdırıcı
alınır.
Səsin-sorağın
gəlmir sözünü isə başa düşmədim. Son
üç ildə hekayələrdən ibarət
üç, yazılardan ibarət iki kitab nəşr
etmişəm. Səsimin-sorağımın
gəlməsi üçün daha nə etməliyəm? Gedib
Azadlıq meydanında lüt gəzməliyik
- "Quqark” romanın
ən çox satılan əsərin oldu. Amma
ondan sonra roman yazmadın. Hekayələr
yazmağa başladın. Çoxları
Seymuru romançı kimi görürdülər. Roman yazmaq üçün də pul lazımdır,
demişdin. İndi nə
fikirdəsən? Hər halda
Tiflisdəsən, yazmağa şəraitin də var. Yeni bir
roman gələcəkmi?
- Yox, roman
gəlməyəcək. Bir hekayə
mövzusu var, çox güman, 31 dekabrda yazıb
ədəbiyyat sahəsində fəaliyyətimə son
verəcəm. Yazmaq üçün
xüsusi ovqat lazımdır. Mətn
başımda tam bişsə də, xüsusi ovqatsız masa
arxasında otura bilmirəm. Son
illər 31 dekabrda, adətən, kədərli oluram. Sanki bayram üstümə bir yük qoyur. Təbrik almalısan, təbrik etməlisən. Nəsə xoş sözlər deməlisən. Bir
növ elə bil adam adi həyat
ritminə dəyişiklik etməyə məcbur olur. Üstəlik keçmiş yolkalar, oyuncaqlar,
şaxtababalar, qarqızlar, bayram süfrələri,
ölüb getmiş adamlar, dağılmış məkanlar
yadıma düşür, çox əziyyət
çəkirəm. Həm də dəqiq bilirəm
ki, nə qədər adam maddi
baxımdan bayram süfrəsi açmaq, uşaqlarına
hədiyyələr vermək, onları sevindirmək
iqtidarında deyil. İmkanım olsaydı, heç
olmasa, beş ailəyə
köməklik edib yüngülləşərdim, təskinlik
tapardım. İmkanım olmadığına görə
özümü daha çox günahkar hiss edirəm. Bu acizlik məni çox ağrıdır. Belə məqamlarda pul qazana bilməmək
bacarığımın olmamasına görə
özümü çox qınayıram. İstərdim, çoxlu pulum olsun, ehtiyacı olan
adamlara xərcləyim. Həqiqətən
də, başqalarına yardım etmək imkanı olduğu
halda yardım etməyən adamları başa düşə
bilmirəm. Onlar nə qədər
itirdiklərinin fərqində deyillər. Xüsusən, bayramlarda imkansız adamları
sevindirmək, onlara yaxınlaşmağa cəhdlər
etmək böyük alicənablıqdır, deyərdim ki,
ibadətlərin ən gözəlidir. Keçən il 31 dekabrda küçə itləri
üçün çoxlu sümük aldım. Yeni ili onlarla keçirdim. Sonra
gəlib yatdım. Bu il isə
əlahiddə bir hadisə baş verməsə, çox
güman oturub hekayə yazacam.
- O hekayəni yazandan
sonra ədəbiyyatdan gedəcəksən?
- Gedəcəksən
sözü bir az təmtaraqlı
səslənir. Ədəbiyyat
sahəsində fəaliyyətimə son verəcəm
desəm fikrimi daha təvazökar bir tərzdə ifadə
etmiş olaram.
- Seymur, "Gecikmiş
hekayələr” kitabın çap olundu. Ondan
sonra da bir neçə hekayə ilə çıxış
elədin. Sənə çoxlu iradlar
gəldi. Hekayələrinin
alınmadığını deyənlər də oldu,
fərqli görənlər də. Necə
düşünürsən, Seymur yaxşı
hekayəçidir?
- Bir dəfə
demişəm, indi bir daha deyirəm. Ədəbiyyatın
elə bir həddi var ki, bizim ədəbiyyatımızda o
həddə qədər üç adam çıxa
bilib. Cəfər Cabbarlı, Hüseyn Cavid və mən. O
hədd hansı həddir və Cəfər Cabbarlı,
Hüseyn Cavid hansı əsərlərində, hansı
məqamlarda ora çatıblar, onu deməyəcəm. Bu barədə danışmağa ehtiyac
görmürəm.
Seymur yaxşı
hekayəçi deyil, Seymur əla hekayəçidir. Azərbaycanlıların
bədii zövqü biabırçı
vəziyyətdədir. Azərbaycan oxucusunun səviyyəsi
hekayələrimdəki koloritin, professionallığın,
bədiyyatın və sairə amillərin heç
üç faizini qiymətləndirmək iqtidarında deyil.Azərbaycanlılar
əgər şükür etməyi bacarırlarsa,
şükür etməlidirlər ki, onların dilində
"Ocaqxanada”, "Qərəzsiz arzular qəbiristanlığı”,
"Uğursuz şairin ölümü”, "Sentimental
səyahət” kimi hekayələr yazılıb. Sözün açığı bu mənada
yumşaq desəm, mirvariləri sağa-sola
səpələməkdəyəm. Bunu
bilmək böyük dərddir. Elə
bil lənətlənmişəm.
- Sadə yazmağa
üstlünlük verirsən. Adi bir
hadisədən hekayə yaradırsan. Və
çox qəribədir ki, biz bəzən yanımızdan
ötüb keçən bu detallara fikir vermirik. Mənə elə gəlir ki, Seymuru adi
hadisələr daha çox təsirləndirir. Yazmaq
üçün çox da dərinə getmirsən...
- Henrix Böllə bir
dəfə sual vermişdilər ki, sən niyə daha
çox kiçik adamların həyatından yazırsan? O isə demişdi
ki, kiçik adamla böyük adamın arasındakı
sərhədi kim, necə
müəyyən edir? Söhbət
təxminən yadımda belə qalıb.
Özün
ədəbiyyatla məşğul olan adamsan. Bu
nə sualdır, mənə verirsən? Bilirsən, yaxud artıq bilməlisən ki,
ədəbiyyatda kiçik və böyük mövzu yoxdur. Nədən yox, necə yazmaq vacibdir.
- Yazılarında
keçmişə bağlılığın var. Sanki Seymur
indiki zamanda olmaqdan razı deyil. Hətta
qələmlə yazırsan. Yeni
dövrə uyğunlaşmaqda çətinlik
çəkirsən. Nədir bunun
səbəbi? Seymurun keçmişi
dahamı işıqlıydı?
- Keçmişə
çox bağlıyam. Həqiqətən
də, bir hadisəyə qiymət verməyim üçün
mütləq həmin hadisə keçmişə
çevrilməlidir. Bir dəfə
qarlı dağlara səfərə getmişdim. Orda
səfər yoldaşım sual verdi ki,
bu səfərdən sənin yadında daha çox nə
qalacaq? Dedim ki, indi cavab verə bilmərəm. Mənim nə bu günüm var, nə də
sabahım, mənim ancaq dünənim var. Bu heç, bunu qoyaq
kənara. Digər tərəfdən
həqiqətən də yaşadığım dövrə
uyğunlaşmaqda çətinlik çəkirəm. İki dəfə bank hesabı açmışam,
ikisində də bank kartımı itirmişəm. Bank
kartı, bankomat görəndə özümü pis hiss
edirəm. İstəyirəm adamlar əlini
salsın cibinə, pulu çıxartsın aldığı
əşyanın, ərzağın qiymətini ödəsin. Hər dəfə kommunal xərcləri
ödəmək lazım gələndə itə
dönürəm. Hər dəfə
kiminsə köməyinə ehtiyac yaranır. Ömrümdə bir dəfə də olsun,
"Votsap”dan mesaj almamışam. Köhnə
"Nokia”dan istifadə edirəm. Neçə
dəfə yaxın dostlar təzə telefon almaq
istəyiblər, razı olmamışam. Gənclər oturub söhbət edəndə
bilmirəm nədən danışırlar. Özümü
çox köhnə hiss edirəm. Robotlar,
peyklər, gələcək haqqında söhbətlər
məni əsəbiləşdirir, yorur, darıxdırır.
Bax elə dünən
piyada gəzməyə çıxmışdım. Azı
15 kilometr gəzdim. Parkda
gəzərkən tualetə ehtiyac yarandı. Əvvəllər həmin parkda adi qaydada tualet
fəaliyyət göstərirdi. Balaca
köşkdə bir arvad otururdu. Pulunu verib adam balası kimi keçirdin
içəri. İndi orda təzə tualet
quraşdırıblar. Pulu harasa
qoymalısan, sonra hansısa düyməni basmalısan. Bilmirəm, qapı necə açılır,
necə bağlanır. "Min bir
gecə” nağıllarında Sindbad nəhəng yumurtanın
ətrafında fırlanıb qapı axtaran kimi tualetin
ətrafına fırlandım, orasına-burasına baxdım,
heç nə başa düşmədim. Məcbur qalıb sürətli addımlarla getdim
parkın yaxınlığındakı ticarət
mərkəzinə.
- Həmişə
deyirdin ki, mən təsadüfən ədəbiyyata
gələn adamam. Məncə, Seymur
ədəbiyyatsız yaşaya bilməz. Sən necə düşünürsən? Ədəbiyyatı
bir kənara qoyub başqa işlə məşğul ola bilərdin?
- Görəsən, hansı sahədə fəaliyyət göstərib başımı saxlaya bilərəm? Bu barədə çox
düşünmüşəm. Mənə
elə gəlir ki, ədəbiyyatı bir kənara qoysam, qoyun
otara, qaz saxlaya bilərəm. Qoyunları
və qazları çox sevirəm. Düzdür,
qoyun otarmaq, qaz saxlamaq heç də asan deyil, amma başqa
işlərlə müqayisədə bunlar nədənsə
mənə öhdəsindən gələ biləcəyim
işlər kimi görünür.
- Tez-tez giley dolu
yazılar yazırsan. Gəncləri
danlayırsan. Və belə bir təəssürat
yaranır ki, Seymur artıq ağsaqqalıq edir.
Yazılarında çıxış yolu
göstərmirsən, deyirlər. Razısan
bu fikirlərlə?
- Razı
deyiləm. Nə giley dolu yazılar, nə
danlamaq, nə ağsaqqallıq? İşim-gücüm
yoxdur? Avarayam mən? Bunlar yersiz, mənasız
söz-söhbətlərdir. Publisistikam
son iki ildə çox dəyişib. Adamlar
isə beş il, yeddi il, on il
əvvəl oxuduqları yazılara əsaslanaraq haqqımda
fikir bildirməkdə davam edirlər. Bir
neçə ay əvvəl "Tolstoyun vida məktubu”
adlı yazı yazdım. O cür yüksək
səviyyəli yazı yazmış adam haqqında
ağsaqqallıq edir, gəncləri danlayır
sözlərini demək nə dərəcədə
ədalətlidir?
Ədalət.-2018.-18
dekabr.-S.5.