Ana təbiətin gözəlliyini Görüb qarşısında heykələ döndüm

Seyran Cavadov

Bizdən sonra qalan dünya

 

Gözün gülsün, ağlamasın,

Sinən heç vaxt dağlanmasın,

Qapıların bağlanmasın,

Bizdən sonra qalan dünya.

 

Günəşin, suyun bol olsun,

Ürəklərə fərəh dolsun.

Üzünə xoş günlər doğsun,

Bizdən sonra qalan dünya.

 

İnsanlar doğmalaşsınlar,

Xoş, mehriban yaşasınlar.

Bağ-bağatın yetirsin bar,

Bizdən sonra qalan dünya.

 

Qalib gəlsin qoy sülh hərbə,

Heç kəsə dəyməsin zərbə.

Pozulmasın nizam, cərgə,

Bizdən sonra qalan dünya.

Fürsət düşübdür, kəs başın

(Vəzifəsindən sui-istifadə edən

məmurlara)

 

Desə ki, batmışam yasa,

Ha ağlasa, sızıldasa,

Məcbur eylə, düşsün tasa.

Alma nəzərə göz yaşın,

Fürsət düşübdür, kəs başın.

 

Ha desə ki, yoxdur pulum,

Qurtarıbdır evdə unum.

Nəyi varsa, üstünə cum,

Al əlindən sən daş-qaşın,

Fürsət düşübdür, kəs başın.

 

Baxma cavandır, ya qoca,

Nə fərqi var, getsin borca.

Qanını sor sən doyunca,

Soruşma, neçədir yaşın,

Fürsət düşübdür, kəs başın.

Nə vecinə, imkansızdır,

Deyirsən ki, verin, azdır...

Sənin üçün qış da yazdır.

Kaş ki, çox olsun daşbaşın,

Fürsət düşübdür, kəs başın.

 

İşi düşsə, müşkülə sal,

Varın, yoxun əlindən al,

Qapısında qalmasın mal,

Silkələ qohum-qardaşın.

Fürsət düşübdür, kəs başın.

 

Belə imkan ələ düşməz,

Yığdığınla dünyanı gəz.

Kefini çək, algınan həzz.

Nə bir utan, nə də yaşın,

Fürsət düşübdür, kəs başın.

 

Damağın çağ, kefin də saz,

Nə istəsən, onu da yaz.

Bilirsən ki, deyən olmaz,

"Gözün üstə vardır qaşın".

Fürsət düşübdür, kəs başın.

 

Hər şeyin var qoşa-qoşa,

Meyil saldın ətə, aşa.

Təkcə özün yaxşı yaşa.

Yıx evləri, satdır daşın,

Fürsət düşübdür, kəs başın.

Lerikdə gördüm

 

Lerik Rayon Ağsaqqallar

Şurasının sıdri, Əməkdar jurnalist

Həmzə Vəliməmmədova

 

Ana təbiətin gözəlliyini

Görüb qarşısında heykələ döndüm.

Neçə gözəlliyin özəlliyini

Dağların diyarı Lerikdə gördüm.

 

Ömürlər uzundur dağ diyarında,

Burda kişilər var, dağ vüqarında.

Dosta sədaqəti çətin zamanda

Dağların diyarı Lerikdə gördüm.

 

Mahmud Eyvazovun hər yerdə izin,

Şirəli babanın dillərdə sözün,

Uzun ömürlərin səbəbin, özün

Dağların diyarı Lerikdə gördüm.

Kişi hünərində neçə qarısın,

Hər kişi ömrünə olan yarısın,

Dağlardan yaranan Dağlar qapısın

Dağların diyarı Lerikdə gördüm.

 

Qıy vuran qartalı ənginliklərdə,

Köpürən dağ çayın dərin dərədə,

Qayanı keşikçi bənddə, bərədə

Dağların diyarı Lerikdə gördüm.

 

Meşələr, talalar burda bir aləm,

Ətəkdə gəl deyir yamyaşıl çəmən.

Hər gülü, çiçəyi min dərdə məlhəm

Dağların diyarı Lerikdə gördüm.

 

Keçmişə nəzər sal, bax bir az geri.

Görərsən həm gəlib, həm gedənləri.

Ağacın dəmirə döndüyü yeri

Dağların diyarı Lerikdə gördüm.

 

Nifrət notları

Hardan biləydim ki, içində nə var?

Yaman haram qatdın halal aşıma.

Nahaq eləmişəm sənə etibar,

Axır gəlib keçdin ocaq başına.

 

Qarabağ cənnətim, öz elim, obam,

O mənim ürəyim, ciyərim, canım.

Sənin köçüb gələn o ulu baban

Nökəri olubdur İbrahim xanın.

 

Düşünmə, qorxuram öz ölümümdən,

Başımın üstündən yellər əsibdir.

Etdiyim yaxşılıq gəlsin gözündən,

Belə qonşuluğu Allah kəsibdir.

 

Orda haray çəkir hər qaya, hər daş,

Dərdinə bir çarə edə bilmirəm.

Qıçlarım sınaydı, qırılaydı kaş,

Vətəndən Vətənə gedə bilmirəm.

 

Yox, yox, gedəcəyəm o yerlərə mən,

Ömrümə bir gün də qalası olsa.

Qarşımı kəsəmməz o yağı düşmən,

Qoy çıxsın yoluma, hünəri varsa.

 

Deyirəm sözümü mən bəri başdan,

Sənintək hiyləgər, namərd deyiləm.

Gözümə görünmür nə ölüm, nə qan,

Bu gün də olmasa, sabah gəlirəm.

Ədalət.-2018.-18 dekabr.-S.6.