Seymur Baycan:
“Son hekayəmi yazıb ədəbiyyatdan gedirəm”
Adalet.az Ayxan Ayvazla hazırda Tiflisdə yaşayan tanınmış yazıçımız Seymur Baycanın söhbətini təqdim edir.- Müxtəlif əsərlər
barədə yazıların dərc olunub. Mənə
maraqlıdır, Seymurun əlinin altında olan və daim
vərəqlədiyi, təzədən oxuduğu müəlliflər
kimlərdir? Ya da son dövr oxuduğun əsərlər
haqqında danışardın...
əvvəli
var
- Müxtəlif əsərlər barədə
yazıların dərc olunub. Mənə maraqlıdır,
Seymurun əlinin altında olan və daim vərəqlədiyi,
təzədən oxuduğu müəlliflər kimlərdir? Ya da son
dövr oxuduğun əsərlər haqqında
danışardın...
- Bilirsən ki, zaman
ədəbiyyata qarşı çox amansızdır. Zaman ötdükcə hətta ən
möhtəşəm, şedevr hesab olunan
əsərlərdə belə bəzi hissələr
aktuallığın itirir, bu günün
pəncərəsindən baxanda artıq, yersiz
görünür. Məsələn,
yaxınlarda Nobel mükafatçısı, fransız
ədəbiyyatının görkəmli nümayəndəsi
Romen Rollanın "Jan Kristof” əsərini oxudum. İrihəcmli, hadisələrlə bol, strukturu
sadə, gözəl əsərdir. Oxumamısansa,
oxumağını şiddətlə tövsiyə edirəm. Sənətə, yaradıcılığa aid
qiymətli fikirlər, məsləhətlər var
əsərdə. Diqqətlə oxusan,
xeyli faydalana bilərsən. Əsər
bir bəstəkarın həyatından bəhs edir. Romen Rollan qəhrəmanının
həyatını doğulduğu gündən
ölənə qədər yazıb. Amma
yuxarıda qeyd etdiyim kimi əsərdə bu günün
pəncərəsindən baxanda bir-iki yerdə
aktuallığın itirmiş təsvirlərə rast
gəldim və həqiqətən buna həm
təəssüfləndim, həm də kədərləndim. Deməli,
hətta Romen Rollan kimi usta bir yazıçı belə
zamanın amansızlığı qarşısında
müdafiəsizdir. Bu mənada Çexov
nəhəngdir. Ona görə yox ki,
Çexovun bütün yaradıcılığı
zamanın qarşısında əzəmətlə
dayanıbdır və heç bir əsəri
aktuallığını itirməyibdir. Xeyr. Çexovun zəif,
aktuallığını itirmiş kifayət qədər
hekayələri var. Amma Çexovun təxminən
altı-yeddi hekayəsi var ki, zamanın qarşısında
əzəmətlə dayanıb. Həmin
hekayələrdə nəinki artıq bir cümlə,
artıq, yersiz bir söz belə tapmaq mümkün deyil. Bu, sadəcə dəhşətdir. Çexovun hekayələrini zaman-zaman təkrar
oxuyuram. Çexov qədər
mətnə, sözə hakim olan, lakonik ikinci bir
yazıçı tanımıram. Başqalarının
qalın bir romanda yaza bilmədiyini Çexov bir
hekayədə yazır. Xəstəlik
onu nə qədər müdrikləşdirib, həyatın
faniliyini necə dərindən hiss edib. Ömrünün sonlarında necə kədərli,
ağır günlər keçirib. Onun
hisləri necə səmimi, necə həqiqidir. Peşəkarlıq, üslub öz yerində, amma
getdikcə əsərlərdə hislərin səmimiliyini
daha çox qiymətləndirirəm. Tomas
Vulf səliqəsiz yazıçıdır. Heminquey deyirdi ki, mən Tomas Vulf deyiləm, hər
sözün qədrini bilirəm. Amma
Tomas Vulfun əsərlərində bədiyyat, hisslər o
qədər güclüdür ki, biz onun səliqəsizliyini
heç görmək belə istəmirik. Tomas Vulfun əsərlərində hisslərin
səmimiliyi, bədiyyat, bütün hadisələrə,
mənzərələrə, əşyalara bədii
təfəkkürlə yanaşma səliqəsizliyi ikinci,
üçüncü plana keçirir. Tomas Vulf
ən çox hiss etdiyim yazıçılardan biridir. Onun "Evinə bax mələk” romanı ruhuma
çox yaxındır. Həmçinin Knut Hamsunun
"Misteriyalar” əsəri...
Bir neçə ay
əvvəl Nobel mükafatçısı Kazuo
İşiquronun "Məni heç vaxt tərk etmə”
əsərini oxudum. Bu gün az qala heç kimin oxumadığı
unudulmuş Sovet yazıçılarının
əsərlərini belə maraqla oxuyan, sosrelizmin fontan
vurduğu əsərlərdə belə nələrsə
tapan, sosrealizmin fontan vurduğu əsərlərdən
nələrsə oğurlayan, nələrdənsə
bəhrələnən bir adam "Məni heç vaxt
tərk etmə” əsərini zorla oxudu. Ürəyim
sıxıldı. Nobel mükafatı
almış bir yazıçının əsərində
bizim köhnə yazıçıların təbirincə
desəm, həqiqətən də üç yazıçı
cümləsinə rast gəlmədim. Hislər isə başdan-başa surroqat hislər
idi. Elə bil ifrat
dərəcədə təmizkar bir qadın yağsız, dadsız-duzsuz
bir yemək bişirmişdi. Mətbəxtdə
qablar par-par parıldayır, süfrə ağappaq, hər
tərəf gül-çiçək kimi təmizdir, amma
yeməkdə bir qram dad yoxdur. Necə
deyərlər, yemək adamın ağzından yerə
tökülür, sən yeməyi yemirsən, yemək
səni yeyir. "Məni heç vaxt
tərk etmə” əsəri ilə paralel olaraq özbək
yazıçı Şərəf Rəşidovun
"Qaliblər” romanını oxuyurdum. "Qaliblər” kolxoz quruculuğundan bəhs
edir.Əsəri Mirzə İbrahimov Azərbaycan dilinə
tərcümə edib. Mövzu olaraq
Sovetin dağılması ilə tamam
aktuallığını itirmiş bir əsərdir. Amma inan ki, özbək yazıçı
Şərəf Rəşidovun kolxoz quruculuğundan bəhs
edən əsəri Nobel mükafatı almış Kazuo
İşiquronun əsərindən mənə daha maraqlı,
daha koloritli, daha çox ədəbiyyat kimi
göründü. Elis Manronun da
hekayələrini oxudum. O lap
biabırçılıq, rüsvayçılıq idi.
O arvada niyə, hansı
məqsədlə, hansı meyarla Nobel mükafatı
veriblər, bilmirəm. Tam səmimi
deyirəm, Əli Novruzov Elis Manrodan yaxşı
yazıçıdır. Deməyim
odur ki, əsər nə qədər peşəkarcasına
qurulsa da, surroqat hislər, hislərin imitasiyası məni
iyrəndirir. Elə hislər var ki,
onları imitasiya etmək mümkün deyil. Sən o hisləri həqiqətən də,
yaşamalısan. Həqiqətən,
yaşanmış hislər bənzərsiz bir şəkildə
ifadə olunur. Məsələn,
Çexov "6 nömrəli palata”da baş həkimin
ölümünü təsvir edərkən belə bir
cümlə yazır: "Gözünün önündən
gözəl bir maral sürüsü keçdi”. Bu cümlə həqiqətən yaşanmış
hislərin bənzərsiz şəkildə ifadə
olunmasıdır. Yaxud
"İonıç” hekayəsində Çexov
qəbiristanlığı təsvir etməklə
həyatın faniliyini necə inandırıcı bir
şəkildə göstərir. Hanı
ordu generalı, hanı opera müğənnisi? Yoxdur, çürüyüb torpağa
qarışıblar. Çexov o
hisləri həqiqətən də yaşamasaydı,
kiçik bir səhnədə həyatın faniliyini o dərəcədə
inandırıcı bir şəkildə təsvir edə
bilməzdi. Mümkünatı yoxdur
və sənətin müqəddəsliyi, ilahiliyi də
elə bundadır. "Sənət
qurban tələb edir” sözünü bu mənada başa
düşmək lazımdır. Yoxsa
ki, adamlar istəyirlər çox rahat bir həyat
yaşasınlar, həyatlarında hər şey qaydasında
olsun və sənətdə də başlarından yekə
qələtlər eləsinlər. Ali
hisləri imitasiya edən adamlar elə həmin hisləri
imitasiya edənləri aldada bilərlər.
- Bizim ədəbi
mühiti izləyirsənmi? Nələr
dəyişib, səncə? Sanki bir
ölgünlük var...
- İzləyirəm. Hansı
dildə yazırsansa, həmin dildə yazılmış
əsərləri müntəzəm oxumaq vacib şərtdir. Hətta mövzusu, əsərin səviyyəsi
səni qane etməsə də oxumalısan. Bizim ədəbi mühitimizə gəldikdə
isə yəqin ki, yaşıdlarım, məndən yaşda
böyük olanlar sözlərimi təsdiq edərlər,
heç vaxt bizim ədəbi mühiti bu qədər boz
görməmişəm. Ölkədə
müəlliflərə qonorar verən müstəqil bir
ədəbiyyat jurnalı yoxdur. Ta
təffərrüata girməyin mənası varmı? Ədəbi mühitin nə vəziyyətdə
olmasını izah etmək üçün tək bu fakt
bəs edir.
- Əvvəl tez-tez
gündəmi dəyişirdin. Hətta
bu, sənin üçün adi bir şeyə
çevrilmişdi. İndi Seymuru sakit,
bir küncə çəkilən görürük. Yəqin yaşla bağlıdır. Ya da artıq bu kimi şeylərin mənasız
olduğunu düşünürsən.
- Yaş, mütailə,
özünü, keçmişini təftiş etmək
əlbəttə təsirini göstərir. Bu şəksizdir. Zamanında
doğru bildiyim, doğru hesab etdiyim fikirləri
yazmışam. Çox az halda
qəsdən qalmaqal yaratmışam.
Səsin-sorağın
gəlmir, küncə çəkilmisən... Bu nə ifadələrdi? Elə
bir zorla boynuma qoymaq istəyirsən ki, yoxa çıxmısan. Doğrudan elə görünür? Sənə az əvvəl dedim ki, son üç
ildə hekayələrdən ibarət üç,
yazılardan ibraət iki kitab nəşr etmişəm. Başım çıxmır, daha nə
etməliyəm? İşim
yazmaqdı, mən də yazıram.
- Seymur, qadınlarla
bağlı kəskin yazıların olub. Hətta gənc
yazarlara müraciət etmişdin ki, Azərbaycan qadını
ilə evlənməsin. Düşüncəsi
normal olan qadınlar sənin dediyinə gülüb
keçirlər. Amma ümumən
reaksiya sərt olur. Səncə, bu
cür ümumiləşdirmələr doğrudurmu?
- Təbiət
qadınlarda daha güclü olur. Zəmanəmizin
kifayət qədər məşhur
mütəfəkkirlərindən birinin təbirincə
desəm, təbiət qadını şiddətlə
cırmaqlayır. Qadın doğmaq
istəyirsə, doğmalıdır. Doğmasa,
başı xarab olacaq. Qadınların
həyata münasibəti daha praktikdir.Məsələn, siyasi
sistemlərin, həyat şərtlərinin kəskin
dəyişməsini kişilər daha ağrılı
keçirirlər. Yadımdadır, 90-cı
illərdə nə qədər kişi evdə
oturmuşdu, qadınlar isə işləyib evə
çörək gətirirdi. Niyə? Tutaq
ki, X. adlı kişi səhər
işə gedib axşam işdən qayıdıb ayın
sonunda maaş almağa öyrəşmişdi. Sovet dağılıb, zavod bağlanıb. İş yoxdur. Kişi
isə başını itirib. Bilmir
nə etsin. Əlindən heç
nə gəlmir. Gedib bazarda alver
etməyə utanır. Qadının
isə bağlanmış zavoda yas tutmağa, ağlaşma
qurmağa vaxtı yoxdur. O dəqiq, qəti
şəkildə bilir ki, hansısa bir yolla evə
çörək gətirib balaları yemləmək
lazımdır.
Hətta qadın
romantikdirsə, iyirmi beş yaşa
çatmamış, birində bir az tez, birində bir az gec
romantika tükənir, ruh tamam ölur. Sən romantik,
məsum, şirin görünən bir qızla
evlənirsən, səhəri oyanıb görürsən ki,
bu romantik, məsum, şirin qız öz praktikliyi,
acgözlüyü, təmtərağa hərisliyi ilə
dözülməz dərəcədə iyrənc bir
ifritəyə çevrilib, süpürgəyə
minərək evin içində öz tələblərini
səsləndirə-səsləndirə, adamın
sümüklərini ürpəndirən
qəhqəhələr çəkə-çəkə o
tərəfə, bu tərəfə uçur və artıq
sən tərəfdən heç bir şikayət, izah
qəbul olunmur. Bu metamarfoza barədə
ciddi və əhatəli düşünsən,
qadınların arasından niyə böyük
sənətkarlar çıxmır sualına cavab tapa bilərsən. Günahı tarixin üstünə atmaq tarixə
qarşı haqsızlıqdır.
Yaşlı
kişilər azyaşlı qızlara meyil edəndə
heç də təkcə təravətli bədən
axtarmırlar, onlar həm də məsumluq axtarırlar. Məşhur
Uruqvay yazıçısı Xuan Karlos Onetti "Girdab”
əsərində bu barədə yazıb.
Riyakarlıq, məkr,
hiyləgərlik qadın təbiətinin ayrılmaz
hissəsidir. Ruslar boş yerə demirlər ki,
şeytan bir işi bacarmayanda ora qadın göndərir. Maraqlısı ondadır ki, qadında ifritəlik,
hiyləgərlik, ləçərlik, həyasızlıq
nə qədər güclüdürsə, ehtiras, yataq
performansı da bir o qədər güclü olur. Mehriban, sakit qadınların arasında çox nadir
hallarda ehtiraslı qadına rast gəlmək olar. Əlbəttə bütün bunlar subyektiv və
elmi cəhətdən əsası olmayan fikirlərdir. Sadəcə, onu demək istəyirəm ki, cinsin
naqisliyi ilə coğrafi, milli naqislik birləşəndə,
üst-üstə gələndə daha dözülməz
vəziyyət yaranır. Azərbaycan
qadınının həyat fəlsəfəsi intellekti,
istedadı təhqir etməkdən ibarətdir. Özü də bunu adama minnət qoya-qoya
edirlər. Guya bütün bunlar sənin
yaxşılığın üçündür və
sairə və ilaxır...
- Kompleksli
birisən. Bunu yazılarında da tez-tez
vurğulamısan. Ən adi şeydən pərt
olursan, ən adi reaksiyadan depressiyaya
düşürsən. Amma həm də
ən sərt yazıları da yazan sənsən. Yazılarında maraqlı bir obrazını tapanlar
səni həyatda görəndə məyus olurlar. Deyirlər
ki, Seymur qurudur, sakitdir, macəra dolu deyil. Hansı
daha doğrudur? Seymur Baycan qapalı
biridir?
- Nə
dərəcədə qapalı, quru, sakit adam olub
olmadığımı bilmirəm. Hərə
bir cür görür və sözün həqiqi
mənasında bu məni maraqlandırmır. Amma çox utancaq adamam. Bu
günə qədər utancaqlığım mənə
çox əziyyət verib.
- Niyə bu qədər
pessimistsən? Axı sən Azərbaycanda
ən çox tanınan müəlliflərdən birisən. Seymur istədiyi qiyməti ala bilməyibmi
yoxsa?
-
Azərbaycanda mənə qiymət verə biləcək
adamların sayı beşdən artıq deyil. Hansı
ölkədə doğulduğumu, necə bir xalqa mənsub
olduğumu yaxşı bilirəm. Qaldı bədbinliyə...
Əvvəla, bədbin olmaq insanın təməl
hüquqlarından biridir. İkincisi, ciddi adam bədbin
olmalıdır. Amma süni şəkildə bədbin olmaq
adamı ciddi etmir. Bu proses əsaslandırılmış,
təbii şəkildə baş verməlidir. Məşhur
bütün dahilər dəlidirlər, amma bütün
dəlilər dahi deyillər sözünü burda fikrimizi
ifadə etmək üçün azacıq başqa cür
istifadə etsək, belə bir formula yaranar: "Bütün
ciddi adamlar bədbindirlər, amma hər bədbini ciddi adam
hesab etmək olmaz”.
Ədalət.-2018.-19
dekabr.-S.5.