Mahir Naziroğlu

  Qəzəllər

Tərk eylədisə cananı, cananı xəbərsiz,

Çıxdı demək əldən dini-imanı xəbərsiz.

 

Etdi ən uca varlığa sevdalı sonunda,

Yusif Nəbinin eşqi Züleyxanı xəbərsiz.

 

Allah sənə göndərmədə ruzi, simic olma,

Ehsan elə dəstindəki ehsanı xəbərsiz.

 

Göstərdi elm mənzilini arifə, Allah,

Nadan tapa bilməz həmən ünvanı xəbərsiz.

 

Heç kəs əcəlin vaxtını bilməz, əcəl hətta

Gəldi apara Şahi-Süleymanı xəbərsiz.

 

Kafərlərin o hiyləli fikrindən, İlahi

Agah elə sən qoyma müsəlmanı xəbərsiz.

 

Nazir, o vilayətdən uzaq dur ki, o yurdun

Gər eşqi-Xudadan ola insanı, xəbərsiz.

 

***

Tale yatırıb bəxtimi möhkəmcə, oyanmaz,

Bəxtsiz cavanam söyləyərəm kimsə inanmaz.

 

Bir şəmi ki, həqq söndürə yandırmağa məncə

Yüz min gələ ləşkər, yenə yanmaz, yenə yanmaz.

 

Gül arzuladım, əllrimə batdı tikanlar,

Mən çəkdiyimi kim çəkə, göz yaşı dayanmaz.

 

Eşqə düşən aşıq odu saf niyyətə ağlar,

Eşq ilə axan göz yaşı heç vədə bulanmaz.

 

Cahil bilir dürri-cəvahir nədi, Nazirə

Gəl yüz dəfə söylə ona, qanmaz ki, o qanmaz.

Ədalət.-2018.-19 dekabr.-S.8.