Uzaqlarımın adamına məktub

 (Şair Nəcməddin Mürvətovun şeirləri haqqında)

Nəcməddin Mürvətovu uzun illərdir tanıyıram, dövri mətbuatda, internet saytlarında yayımlanan şeirlərini və bir neçə kitabını oxumuşam, poeziya, həyat, gedişat və açıllı- şirinli dünyamız haqqında xeyli maraqlı söhbətlər etmişik. Onun həyat, cəmiyyət, təhsil və insanlar haqqında məntiqi fikirlər söylədiyinin şahidi olmuşam.

Nəcməddin müəllim yaxşı dost, həm də çox maraqlı bir şairdir. Belə insanla dünyanın hər hansı bir uzaq nöqtəsinə getmək olar. Bilirsən ki, o dost yolunda hər şeyindən keçən, etibarlı, dürüst bir eloğludur. Adam istəyir ki, onunla bir yerdə işləsin, ya əsgərlikdə xidmət etsin və ya universitetdə bir yerdə oxumuş olsun, ən azından onun qonşusu olmaq belə gözəl bir nemətdir. Çünki Nəcməddin müəllim ziyalıdır, xalqının dərd -səri ilə yüklənmiş bir insandır. Neçə illərdir övladlarımızın təhsili keşiyində dayanıb, həyatın istisini də görüb, soyuğunu da...

Nəcməddin müəllim bir ay bundan öncə, mənə əlyazmalarını verdi ki, oxuyum və bu şeirlər haqqında fikirlərimi bildirim. Şeirləri oxuyub bitirən kimi qənaətim bu oldu ki, bu şeirlər Nəcməddin müəllimin ən yaxşı tərcüməyi- halıdır. Elə bir tərcümüyi - halı ki, onun hiss və düyuğlari, qəm-kədəri, sevinc və arzuları ən xırda cizgilərinə qədər bu ədəbi nümunələrdə əks olunub. Bir vergül qədər o yanı bu yanı yoxdur, hər şey yerli - yerində, dəqiq və orjinal bir şəkildə poetik misralara hopdurulub.

Bədii həqiqət tarix həqiqətindən daha etibarlıdır. Tarixi həqiqət arxivlərdə qalır, bəzən onun üstünü tarixin amansız tozu basır, lazım gələndə arxivlərdən çıxarılır, baxılır, azacıq da olsa tozu alınır. Amma bədii həqiqət poeziya olduğundan daim xalqın yaddaşında və dilindədir. O həqiqət nəğməyə çevrilir, bütün el- obaları dolaşır, həqiqətləri özüylə insan yaddaşına daşıyır. Məhz bu konteksden çıxış edərək demək istəyirəm ki, Nəciməddin Mürvətovun şeirləri, vətən, yurd, torpaq, dünya, sevgi və nifrət, işıq və qaranlıq haqqında bədii bir salnamədir ki, nə qədər Azərbaycan insanı yaşayır bu şeirlər də həmin insanların ən etibarlı yol yoldaşıdır.

Nəcməddin Mirvətov doğulduğu və yaşadığı rayonun xüsusən Xızı bölgəsinin min illik şeir sitilində qələm çalır. Bu bölgənin heca şeiri Qazax və Qarabağda yazılan heca şeirindən ciddi sürətdə fərqlənir. Şamaxı rayonun şeir küləyi artıq bu yerləri öz ağuşuna almışdır. Əruz elementləri ilə çuğalanmış fikirlər bu günün özündə də öz deyim tərzi, üslub və intonasiya xüsusiyyətləri ilə Cəfər Cabbarlı, M. Müşfiq şeirinin abu- havasını yaşatmaqdadır.

Nəcməddin müəllimin şeirlərində yuxarıda dediyim məsələlər; soy kökə bağlılıq, məzmunca əruz, formaca hecaya bənzəyən tendesiya, M. Ə. Sabir satirasının müasir quruluşu, Xızı qoşması olduqca özünü lokanik şəkildə buruzə verir. Şair min illərin qəm- kədər ,sevgi, iztirab, vüsalı anlarını özünəməxsus bir tərzdə qələmə alır.

 

Götür, sil kədəri baxışlarından,

Köklə varlığını sevinc, nəşəyə.

Bacar, ağrıları çıxar canından,

Çəkilmə özünlə xəlvət guşəyə.

 

Şair insanları xöşbəxt, qəmsiz, kədərsiz görmək istəyir, xəlvət guşələr qəm gətirir- deyir. Varlığını, sevincə, nəşəyə verməyi məsləhət bilir. Bu zaman Süleyman Rüstəmin "Ələmdən nəşəyə" şeiri istər - istəməz yada düşür. Mətnlərarası əlaqə orjinal bir şəkildə ortaya çıxır.

M. Ə. Sabirin şeir stixuyası, satirik ovqatı, cəmiyyətin qan verən yaraları, ağrı - acıları ədəbi - bədii və həm də tənqidi formada Nəcməddin Müvətovun yaradıcılığında sərgilənir. Şairin tənqid hədəfləri M. Ə. Sabirin tənqid hədəflərindən fəqrqlənsə də, sarkazm, öldürücü və həm də islahedicu gülüş xilasaedici və tərbəyələndirici təlim funkisiyası ayaq üstədir.

 

Pusuruq hər kəsi ki, gəldi hardan, getdi hara,

Kim deyib kimə nəsə, yalvarırıq "de də" kara.

Şişir dam boyda olur adicə bir söz bekara,

Belədə bil, çaşıram, lap düşürəm heyrətə çox,

Ömrümüz sərf olunur boş havayı qeybətə çox

 

Qeybət həmişə olub və olacaq da... Bu psixoloji hiss insanların içini ac qurd kimi gəmirir. Şeirin sonunda müəllif bu hissin insanda yaratdığı psixoloji tramva nəinki bir nəslin, gələcək nəsillərin də ruhunu zədələyir - qənaətininə gəlir. İnsanlarda şəxsiyyət zədələnməsi baş verir, bu da həyata, sosial cəmiyyətə, sevgiyə böyük ziyan vurur. Ona görə də şair qeybətin doğurduğu xorasma qışından azad olmaq üçün aşağıdakı şeirdə sərgilədiyi fikirləri oxumağı və bu fikirdən doğan əməllərə sahib çıxmağı məsləhət görür.

 

Kim deyirsə dünya batır, inanım?

Ümidsizsən, sonun çatır, inanım?

And içsələr bəxtin yatıb, inanım?

İnan təkcə yaradana, Allaha,

Ümidlə bax gələcəyə, sabaha.

İslam əxlaqnına, milli mənəvə dəyərlərə söykənmək bu şeirin başlıca idayasıdır. Dünya padişahının (Allah) hökmü bütün aləmlərin rəhnidir. O böyük Allah hər şeyi yoluna qoyandır. Gələcək və keçmiş böyük Yaradanın hüsnü - camalıdır. Bəlkə də, M. Ə. Sabir yaşasıydı, o, bir başa içindəki ürfan sevgisini və təşnəsini üzü çıxara biləcəkdir. Çünki onun satirik şeirinin ruhu ürfan səltənətinin əbədi axirət yoluna çıxmaqdaydı. Amma tale imkan vermədi. Ona görə də Nəcməddin Mürvətəv kimi satirik şeirlər yazan qələm adamlarımız bu yolu irəliləməkdədir.

Müasir dövrümüzdə satirik şeirlər M. Ə. Sabir effektini verə bimir. Ona görə artıq satirik şeirlərin altında gizlənən ürək dil açır və o başqa bir avazla dillənir. Şeirin istiqaqaməti dəyişir və bu "Oxutmuram əl çəkin" fikrinin asiossasiyası başqa anlama gəlir və şeirin məna tərzi dövrə üyğun olaraq müəyyən istiqamətlərə yozula bilir. Bu da böyük şairin qələbəsidir.

Nəcməddin Mürvətovun satirik şeirləri öz dövrünün güzgüsü kimi özündə bir çox mənfi detalları üzə çıxarır. Ancaq bu, millətə sevgi və onun problemlərinin həll etmək istəkləri kimi şairin vətəndaş mövqeyini dəyərləndirlir.

Nəcməddin müəllim xalqımızın kədəri ilə yaşayan və onun dərd - səri ilə həmişə baş - başa qalan şairdir. Yurdumuzun başına gələn ağrı - acıları, Qarabağ torpağının bədnam qonşularımız tərəfindən işğalı onun şeirlərindən könül naləsi kimi keçir. Bu nalənin içində millətimizin əyilməz qüruru baş qaldırır və bütün dünyanı haqq- ədalətə səsləyir. Xalqımızı, torpağımızın azad edilməsi üçün səfərbər edir. 20 Yanvardan keçən yolumuzdan tutmuş bu günə kimi elə bir hərbi, siyasi qələbəmiz yoxdur ki, Nəcməddin müəllim ona şeir həsr eləməsin.

 

Əmindi özünə, arxayın necə,

Axı güvənirdi oraq-çəkicə.

Gördü rəhm olunmur qocaya, gəncə,

Yağıyla döyüşə verdi son qərar,

Oldu qürur günü İyirmi yanvar.

 

Bu şeirdə "oraq-çəkic" kəlməsi mənə çox maraqlı gəldi. Şair Sovet İttifaqına oraq -çəkic adını verir.. Əslində belədir. Fəhlə - kəndli birləşməsidir bu oraq çəkic. Indi "oraq-çəkic" Bakını qan dənizinə boyayıb. Fəhlə və kəndli qan tökərmi? Çox maraqlı situasiyadır. Bu müərəkkəb ismi birləşmə şeirin bədii dəyərini daha da artırır.

Və yaxud

 

Haqqını əlindən zorla yağının

Iyirmi yanvarda aldı bu millət.

Birləşib altında hürr bayrağının,

Qorxunu taxtından saldı bu millət.

Qorxunu taxtından salmaq ədəbi dillə deyilmiş bir mübarizə tarixidir. 20 Yanvarda qorxu hissi taxitından salındı. Sovet İttifaqı yetmiş il bu qorxunu taxta oturtmuşdi. Azərbaycan xalqının mübarizə əzmi, daxili enerjisi, şanlı keçmişi və gələcəyi 20 yanvar günündə "qorxu mülkünü" taxtından saldı. Təkçə burda keçmiş, bu gün iştirak etmirdi, yet kürəsininin yumru olmağına rəğmən gələcək də bizimlə idi.

Nəcəməddin Mürvətovoun kitabında gəraylılar, qoşmalar da geniş yer tutur. M. Sabir bəhrində satirik şeirlər yazan şair qoşma və gəraylının ən gözəl nümunələrini yaradır. Şeirlər təkçə xarici quruluşdan ibarət deyil, həm də dərin bir içə, aşıq şeirinin, xalq təfəkkürünün bütün cizgilərinə malikdir.

 

Gözünü geniş aç, dön bax hər yana,

Qayası, dağ-daşı, düzü gözəldir.

Haqqında dönməsin dilin yamana,

Bütövcə dünyanın özü gözəldir.

 

Gözəllik önündə dil yaman olmasın - deyir şair. Daha bunun ayrı adı yox! Gözəəliyi, dağ - daşı, dərəni görməyənlərin, daha doğrusu, görə bilməyənlərin xalqda deyildi kimi əvvəl - axır dilindən yaman yara çıxır. Şeirin qafiyə quruluşu möhkəmdir, bu möhkəmlik diliminzn bal şirəsindən qaynaqlanır və ruha xoş gəlir. Ayrı bir misal.

 

Köksüm altda hey qovrulan həsrəti

Ovutmağa gedəm gərək Təbrizə.

Ötür yaş da, qərarımdır bu qəti,

Aram tapsın yetib ürək Təbrizə.

 

"Təbrizə" qoşmasında şair vətən həsrətini ovudur, ürək yalnız Təbrizdə qərar tuta bilər. Çünki ruh yerindən oynamaşdır. Necə ki "Dünya duracaq yer deyil, ey can, səfər eylə" qərarı ilə həmməsləkdir. Şair hər bir şeirində deyək ki, təbiət və ya sevgi şeiri olsa belə ona içtimai don geyindirə biliir. Aşağıdakı qoşmaya nəzər salaq:

 

Yoxdur onun ağlı şəksiz

Səni qoyub çıxıb gedir.

Kimdir axı o ürəksiz,

Ürəyini sıxıb gedir.

 

Hicran bilmir, həsrət bilmir,

Məhəbbətdə möhnət bilmir.

Sevgi nədir, əlbət bilmir,

Seyr eyləyir baxıb gedir.

Haqlı bir fikir: "sevgi nədi, bilmir əlbət, seyr eləyir, baxıb gedir" mətləbi yeni bir baxış bucağı yaradır. Və harasa göndərilir. Bu mənada kı, bu şeir "Bu dünya bir pəncərədir, hər gələn baxıb gedir" düşüncəsi ilə birləşir. Yəni əsas məsələ: Nəcməddin müəllimin şeirləri hər tərəflə, -istər keçmş, istərsə gələcək- əlaqə yaradır, mətnlərarası əlaqəni sürətləndirir.

Şairin təbiət şeirləri də çox maraqlı gəldi mənə. O cəmiyyətdən bəzəndə təbiətin qoynuna qaçır. Artıq xəbislik, xəyanət, xiffət, qeybət ərşə dirənib.

Onda insanlar, elə cəmiyyətin özü də təbiətin ruhuna can atıb özünü təmizləyib adabtasıya olmağa çalışır. Şairin təbiətdən bəhs edən şeirlərin əsas məramı cəmiyyəti saflaşdırmaq və durultmaqdır. Bir sözlə, cəmiyətdə lirik qəhrəman üşüyür. əlbəttə bu üşümək təbətin soyuğundan üşümək deyil.

 

Üşüyürəm soyuqdan yox, içimdəki sırsıradan,

Bax, ruhuma hakim olub laqeydliyim, dalğınlığım.

Həyat eşqi, həzz-ləzzətlər bir-bir çıxır hey sıradan,

Itib gedib o əvvəlki kükrəməyim, çılğınlığım.

 

Içindəki sırsıradan, laqeydlikdən üşümək dəhşətdir. Amma təbiətin qoynunda üşümək nə gözəl! Insan təbiətin qoynunda üşümək hissini itirəndə cəmiyyətin problemlərindən titim - titim titrəyir.

Bu o zaman olur ki, təbiət və cəmiyyət arasında tarazlıq pozulur. Bu zaman şair təbiətə qayıdır. Çünki təbiət həmişə cəmiyyəti saflaşdırmağa can atır, onu qoruyur, ilkinliyini yada salır.

 

Güllərin sevirəm mən hər rəngini,

Tək-təki, dəstəni, həm çələngini.

Bəxş edir ruhuma öz ahəngini,

Məftun etməyiylə gözəlliyinə,

Hərəsi ayrı bir zövq verir mənə.

Şair insanları təbiətə, təbiətdən öyrənməyə, ondakı çevrilmələri və təzələnməni öz üzərində, daha doğrusu cəmiyyətin beynində qurmağa çağırır. Bu təkçə Nəcməddin müəllimin arzusu deyil, bu mədəniyyətin əbədi və əzəli olaraq xitabıdır.

Şairin kitabına sevgi şeirləri, qəzəlləri və deyimləri toplanmışdır. Bu sevginin ən ali məqsədi nədir? Yer üzündə bütün insalaı xöşbəxt görmək. Bundan gözəl arzu ola bilər?

 

Qismətimə düşən kəsdin,

Bir ömürlük mənə bəsdin.

Ümidimi yaman kəsdin,

Sevincimə ünvan, yoldun,

Oxunmamış nəğməm oldun.

 

Şair çox gözəl vurğulayır ki, sevgilər də nəğmə kimidir, oxunanı da var, oxunmayanı da. Oxunmağı lap gözəl. Oxunmamağı isə sevginin əbədi və əzəli ruhudur. O nəğmə hələ yatır. Amma nə vaxtsa oyanacaq öz şirin nəğməsini ötəcəkdir.

Nəcməddin Mürvətovun "Uzaqlarımın adamı" şeirində həm dünyəvi, həm də müasir fəlçəfi düşüncənin mahiyyətini gördüm. Mənə elə elə gəlir ki, uzaqlarda həmişə bir adamım olub və mən həmişə onun yanına getməyə can atırıam və görünür heç vaxt da onun yanına gedə bilməyəcəm, sadəcə şeirlərimi ona məktub kimi göndərməklə ovunacam.

Bax həmin psixoloji fəlsəfi düşüncə vahid bir sistemdir və şair dostum onu çox gözəl əşkarlayıb.

 

Səndən gələn doğmalıq var, duyuram,

Uzaqlarımın adamı, çox mənə.

Deyimlərin, söz-kəlmənə uyuram,

Bundan başqa bir təsəlli yox mənə.

 

Ruhlarımız söhbətləşir, sanıram,

Uyğun gəlir düşüncənlə düşüncəm.

Təsdiq edir, nələrisə danıram,

Sonda eyni nəticənlə nəticəm.

 

Uzada olan o adam ya keçmişdir, ya gələcək. Şair onunla daim əlaqədədir, ona görə ruhlar söhbətləşir, bəlkə də o adam insan nəslinin əvvəlidir, və ya da bəlkə sonu, ya da onun canının dərinliyində olan gen və kimlik bizi özünə çəkir, bu əlaqə fəlsəfənin daxili enerjisidir.

Nəcməddin müəllim qəzəllərində düyğu və düşüncələrini böyük ustalıqla cilalayır. əbədi eşqin iztirabları yenə lirik qəhrəmanı yaxıb yandırır. Amma bu iztirab yaşam tərzidir və insana böyük zövq verir. Eyni zamanda bu aşiq, məşuq əlindən, onun vəfasızlıqdan nə qədər zülmlər görsə də ,o böyük Ustada sadiqdir, onun mərhəmətini daim dəyərləndirir. Bu ustad kimdir? Bəlkə elə o böyük Yaradan və eşq tanrısı Məcnun? Hər halda aşıq o böyük Ustadın qarşısında daim səcdədədir.

 

Əxz elədin, bilirəm, hər nə ki var ustaddan,

Varlığıma cəm olub min cürə var ustaddan.

 

Kitaba toplanmış deyimlər ədəbi - bədi, fəlsəfi düşüncələr reallıqdan kənar deyil. Təbiət və cəmiyyətlə beynimizin əlaqəsi, toqquşması, ehtizası, qaparıb və çəkilməsi bu düşüncələri yaradır. Mən deyərdim ki, hər bir deyim böyük bir şeir mövzusdur. Şair sadəcə onu da bir ədəbi növ kimi qələmə alıb.

 

Öyünmə, səndən çox ucaları var,

Necə ki,az deyil dərkindən kənar.

 

Tutmasın gözünü kiçicik uğur,

Səssiz böyüyünə bacar möhür vur.

 

Şair gözəl deyir: dərkdən kənar olan o böyük Ustad, kainatın padişahı Allahdır. Hər şey onun əlindədir. Ona görə də gözünü heç vaxt kiçicik uğur tutmasın, səssiz böyüyüyünə bacar möhür vur. Necə deyərlər sadəcə "biz qələm tutanıq, hər şeyi deyən Allahdır"

Mən inanıram ki, Nəcməddin Mürvətovun uzaqaqdakı o adama, bəlkə də dünyanın ilk və son adamına yazdığı məktublar- şeirlər qədir bilən oxucular tərəfindən maraqla qarşılanacaq. Şair dostuma uğurlar diləyirəm.

Qəşəm Nəcəfzadə,

Şair, Əməkdar Mədəniyyət işçisi

Ədalət.-2018.-19 dekabr.-S.6.