SƏNƏT
FƏDAİLƏRİ VƏ YA UNUDULMAĞA MƏHKUM OLANLAR
Hər zaman Ulu Şeyx Nizami yurdu olan qədim Gəncə
Azərbaycana dahi sənətkarlar, böyük söz
ustaları, əvəzsiz şəxsiyyətlər bəxş
edən bir diyar olub. Bu gün də doğma Gəncəmin
adı cəkiləndə böyük qürur və iftixar
hissi qəlbimi bürüyür. Bu da səbəbsiz
deyil. Yaşı 4000 ildən çoxu
haqlasa da hər zaman müasirliyi və gözəlliyi ilə
diqqət mərkəzində olmağı bacarır. Gəncəm böyüyür, inkişaf edir və
uğurlara imza atır. Bu gün doğma Gəncəmin
adı çəkiləndə bir çox korifeylər, sənət
adamları, incəsənət xadimləri gözlərim
önündən keçir. Bəşəri
ideyaları özündə cəmləyə bilən
neçə-neçə klassik və müasir Azərbaycan ədəbiyyatının
nəhəng simaları olan, öz sözünü zaman-zaman
təsdiqləmiş dühalar - Nizami Gəncəvi, Məhsəti
Gəncəvi, Əbul-ula Gəncəvi, Mirzə Şəfi
Vazeh kimi fikri və ideyası hər an müasir olan şəxsiyyətlər
göz önünə gəlir. Danılmaz
faktordur ki, məhz Azərbaycanda ilk ədəbi məclis olan
"Divani-hikmət" də Mirzə Şəfi Vazeh tərəfindən
Gəncədə təşkil olunub. Maraqlı
faktlardan biri də bundan ibarətdir ki, tarixi mənbələrə
görə bu ədəbi məclis sonralar Mirzə Şəfi
Vazeh Tiflisə köçsə də öz fəaliyyətini
dayandırmayıb. Tiflisdə fəaliyyət göstərən
ədəbi məclisdə hər zaman Abbasqulu Ağa
Bakıxanov, Mirzə Fətəli Axundzadə, Fazil xan
Şeyda, Qriqoryev, Rozen, Budaqov, şərqşünas Fridrix Bodenştedt
də mütəmadi olaraq yaxından iştirak ediblər. Məhz bu şəxsiyyətlərin zəngin
söz xəzinəsinə baş vurduqca istər-istəməz
onların yazdığı əsərlərdəki
obrazların müasiri olmaqla yanaşı, sözün əsl
mənasında fikir xəzinəsinin əsirinə
çevrilirsən. Bu əvəzsiz şəxsiyyətlər
dövrünün və zamanın bəşəri
ideyalarını bir araya cəmləməklə bütün
zamanlarda hikmətli söz xəzinələri ilə var
olublar. Bu varlıq əsrlər keçsə
də unudulmayıb, əksinə mövcud olan əbədi
tale yükü ulu Tanrının onların əsərlərinə
bəxş etdiyi öz dövrünün bəşəri
şəxsiyyətləri olaraq tarixin təlqini kimi
yaddaşlara hopublar. Ulu Şeyx Nizami yurdu
olan qədim Gəncəmin ədəbi-ictimai mühiti,
xüsusilə ədəbiyyatının, incəsənətinin
tarixi şöhrəti bütün zamanlarda ölkə
daxilində, həmçinin ölkə hüdudlarından kənarda
da hörmət və ehtiramla qarşılanıb.
Müasir
çağdaş Azərbaycan ədəbiyyatı və
dramaturgiyasında eləcə də teatrında müstəsna
xidmətləri olan Mir Cəlal Paşayev, Nigar Rəfibəyli,
Səməd Vurğun, Həmid Araslı, Əhməd Cəmil,
Mikayıl Rzaquluzadə, Ələkbər Ziyatay, Zeynal Xəlil,
Nəriman Həsənzadə, Altay Məmmədov, Fəridə
Əlyarbəyli, Nüşabə Məmmədli, Qərib
Mehdi, Məmməd Alim, Ələkbər Seyfi, Əşrəf
Yusifzadə, Ələddin Abbasov, Rəmziyyə Veysəlova, Məhəmməd
Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə,
Həsən Ağayev, Yusif Bağırov, Vaqif Şərifov və
başqalarının adlarını da qürur və iftixarla
yad etməmək mümkün deyil. Adı
çəkilən bu əvəzsiz inciləri də Gəncə
ədəbi və ictimai mühiti yetişdirib. Danılmazdır ki, hər zaman Gəncə ədəbi
mühiti öz qaynarlığı ilə daima seçilib.
Bunun bir səbəbi qədim ənənələrlə
üzvi surətdə sıx bağlılıqdırsa, digər
səbəbi isə qədim Gəncənin XX əsrdə
Bakıdan sonra ikinci ədəbi-mədəni paytaxta
çevrilməsidir. Bütün bunlar sözsüz ki,
Ulu Gəncəmin XVII əsr qan yaddaşı kimi
tarix-memarlıq abidəsi sayılan "Şah Abbas" və
"Uğurlu xan" karvansaralarının, eləcə də
İmamzadə kompleksinin, Gəncə şəhərinin
mühüm tarixi və etnoqrafik abidəsi olan "Köhnə
Səbiskar" qəbirstanlığının həmçinin
"Qızıl Hacılı" tarix-memarlıq abidəsinin,
Dövlət Dram teatrı, Filarmoniya və Pedaqoji Universitetinin
eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin
digər institut və texnikumların, Nizami məqbərəsinin
və şəhərin özünün qədimliyinin ədəbi-mədəni
həyata böyük təsiri ilə üzvi şəkildə
bağlılığından qaynaqlanır. Gəncə
yetirdiyi böyük elm adamları ilə, teatr xadimləri və
ümumən incəsənət ustaları ilə fəxr edə
bilər, amma söhbət ədəbi mühitdən gedirsə,
son əlli ildə burada görkəmli nasir və dramaturq kimi
yaşayıb-yaradan, hər zaman Gəncəmin Xan
çinarı kimi xatırlanan Altay Məmmədovun, şairə-dramaturq
Fəridə Əlyarbəylinin, şair Məmməd Alimin və
hal-hazırda 80 yaşına çatıb Gəncədən
kənara çıxmasa belə, Azərbaycan ədəbi
mühitində kifayət qədər tanınmış
yazıçı Qərib Mehdinin, Xəzəngülün,
Sahib İbrahimlinin, Aləmzər Əlizadənin,
Nüşabə Məmmədlinin bu yaxınlarda
dünyalarını dəyişən, mərhum gözəl
şairlərimiz olan Bahadur Fərmanın, Rübailin xidmətlərini
unutmaq olmaz. Bütün bunlarla yanaşı,
qeyd etməliyəm ki, bəli Gəncə ədəbi
mühiti bütün Azərbaycan üçün hər
zaman cəlbedici olub. Bu gün qürurla qeyd etməliyəm
ki, acı taleli, romantik şair Məhəmməd Hadinin və
Abbas Səhhətin nakam ömürlərinin son
çağları da məhz Nizami yurdu olan Gəncədə
keçib. İndi hər ikisinin ziyarətgaha
çevrilən qəbirüstü abidələri də elə
Gəncə torpağındadır.
Gəncədə
bu əbəbi mühitdən qaynaqlanan, öz sözü və
dəsti-xətti ilə hər zaman seçilməyi bacaran, həyat
və yaradıcılığı XI yüzilliyin sonuna, XII
yüzilliyn əvvəllərinə aid olan məşhur
rübai ustası Məhsəti Gəncəvi və Raziyə
Gəncəvi kimi qadın şairlərimizin
yaradıcılıq bulağından bəhrələnən
və xanım-xatınlığı ilə diqqət mərkəzində
olmağı bacaran şairə-dramaturq Fəridə Əlyarbəyli
yaradıcılığından danışmamaq, ondan yan
ötmək mümkün deyil.
Fəridə
Həsən qızı Əlyarbəyli 1924-cü il iyul ayının 2-də Gəncədə
anadan olub. Burada orta məktəbi bitirdikdən
sonra 1942-ci ildə indiki Bakı Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olub. 1947-ci
ildə təhsilini tamamlayan Fəridə Əlyarbəyli
1948-ci ildə Azərbaycan Elmlər Akademiyasının Gəncə
Bazasında kiçik elmi işçi kimi fəaliyyətə
başlayıb. Mətbuatda dərc edilən
bir sıra tarixi faktları vərəqlədikcə məlum
olur ki, 1950-1952-ci illərdə Azərbaycan Yazıcılar
Birliyi Gəncə filialının işi bir qədər zəifləyib,
hətta öz fəaliyyətini dayandırmaq təhlükəsi
dərəcəsinə çatıb. Bu
zaman Bakıda yazıçılar bir araya gələrək Gəncə
filialının fəaliyyətini canlandırmaq
üçün tədbirlər planı hazırlayıblar.
Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd
Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd
Cəmilin iştirakı ilə keçirilən iclasda Gəncə
filialının Fəridə Əlyarbəyli, Nazim Axundov və
Nəriman Həsənzadədən ibarət bürosu təsdiq
edilib. Fəridə Əlyarbəyli həmin
iclasda filialın məsul katibi seçilib. Arada iki il bu quruma Müzəffər Piriyev rəhbərlik
edib. Fəridə Əlyarbəyli isə yenidən
qurumun rəhbərliyinə qayıdaraq Yazıçılar
Birliyinin Gəncə şöbəsinin məsul katibi olub.
O, 1953-1989-cu illərdə Azərbaycan Yazıçılar
Birliyi Gəncə bölməsinin rəhbəri kimi də fəaliyyət
göstərib.
Fəridə Əlyarbəyli ədəbi fəaliyyətə
1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində
çap olunan "A dağlar" adlı şeri ilə
başlayıb. Elə həmin vaxtdan da mətbuatda bədii
yazıları ilə çıxışlar edib. O, XX əsrin
əvvəllərində Gəncədə
yaşayıb-yaratmış Əkbərşah Ruhi barədə
möhtəşəm bir monoqrafiyanın müəllifidir. 1955-ci ildə "Uşaqgəncnəşr" tərəfindən
Fəridə Əlyarbəylinin "Arzular" adlı ilk
kitabı çapdan çıxıb. Müxtəlif
vaxtlarda "Yasəmən", "Gəncəli
qız", "Qayğı", "Sərv
ağacı", "Dünyaya insan gəlir", "Novruz
bayramı", "Könül
çırpıntıları", "Cavad xan türbəsi",
"Ona xanım dedilər", "Pürrəng
çay", "Sular bulananda", "Dünya nə qəmlisən"
və başqa kitabları nəşr olunub. "Damlardan
uca çinar" şerlər toplusu Moskvada "Sovetski
pisatel" nəşriyyatında rus dilində çapdan
çıxıb. Ümumiyyətlə
qeyd etmək istərdim ki, Fəridə Əlyarbəylinin nəşr
olunan hər bir kitabı geniş oxucu kütləsi və ədəbi
ictimaiyyəti tərəfindən hər zaman maraqla
qarşılanıb. Filologiya elmləri namizədi Ruziyə
Quliyeva "Dünya nə qəmlisən" kitabı
haqqında yazır: ""Dünya nə qəmlisən"
kitabında toplanmış müxtəlif səpkili şerlər
və poemalar bugünkü həyatımızın dolğun
mənzərəsini verir, babalarımızın keçdiyi
şərəfli həyat yolunu bir daha yada salır. Bu poetik lövhələr korşalmış
yaddaşlarımızı təzələyir, ruhumuza sevinc
nuru bəxş edir. Qəmli
dünyanın qəmləri içərisində məhv
olmuruq, aydınlığa, işığa doğru can
atırıq".
Bu gün xüsusi olaraq qeyd etməliyəm ki, Fəridə
Əlyarbəylinin ayrı-ayrı kitablarında
toplanmış şerləri və poemaları onu həm
lirik, həm də ictimai məzmunlu əsərlər müəllifi
kimi tanıda bilib. Xüsusi ilə Fəridə Əlyarbəyli
yaradıcılığının son illərində əsasən
"Səkkizliklər"in yazılmasına böyük əhəmiyyət
verirdi. Bu "Səkkizliklər"
çox böyük maraqla qarşılanırdı. Onun "Səkkizliklər"i hər zaman ümumbəşəri
fikir və duyğularla əhatə olunmaqla səciyyəvi,
dolğun idi. Şairə Aləmzər Əlizadə Fəridə
Əlyarbəyli haqqında öz xatirələrində
yazır: "Mən Fəridə xanımın bütün
yaradıcılığına bələdəm. O, sonradan
şair olmamışdı. O, şair doğulmuşdu,
şair yaranmışdı. Bütün
varlığı ilə yaradıcılığa
bağlı bir xanım heç vaxt sənətinə biganə
qalıb onu arxa plana keçirmədi. Onu hər
yerdə, hər zaman hər şeydən uca tutdu". Filologiya üzrə fəlsəfə doktoru, əməkdar
mədəniyyət işçisi, şair-dramaturq Sahib
İbrahimli isə Fəridə Əlyarbəylini
xatırlayarkən onu "Gəncə yazarlarının
anası" deyərək yad edir.
Fəridə Əlyarbəyli həmçinin bir
neçə dram əsərlərinin də müəllifidir. "Xan
qızı", "Qonşular", "Günahkar
qız", "Özgə yeri" pyesləri onun
yaradıcılığının əsasını təşkil
edirdi. "Xan qızı" tarixi
dramı 1972-ci ildə qələmə alınıb və elə
həmin ildə də Gəncə Dövlət Dram
teatrının səhnəsində xalq artisti, rejissor Vaqif
Şərifovun quruluşunda tamaşaya hazırlanıb.
Qeyd etməliyəm ki, müəllif Fəridə
Əlyarbəyli ilk dəfə olaraq Azərbaycan teatrında
xan qızı Xurşudbanu Natəvan haqqında tarixi bir dram əsərinin
yazılmasına müvəffəq olub. Səhnədə
hadisələr cərəyan etdikçə XIX əsrdə
Şuşada yazıb yaradan, tarixdə hər zaman öz
imzası ilə seçilən xan qızı Xurşudbanu Natəvanı
görür, onun həyatına və o illərdə bir insan
olaraq gördüyü xoşməramlı işlərə
valeh olmaya bilmirsən. Tamaşada Xurşudbanu
Natəvan obrazını xalq artisti Sədayə Mustafayeva ifa
edib. Aktrisanın ifasında Xurşudbanu
Natəvan həssas qəlbli ana, lirik, romantik təbiətli
şairə, həm də mürtəce qüvvələrə
qarşı sərt və barışmazdır. Pyesin
müəllifi Fəridə Əlyarbəyli "Xan
qızı" tarixi dramının yaranması haqqında
öz xatirələrində yazırdı: "70-ci illərin
əvvəllərində xalq artisti Məhəmməd Bürcəliyev
mənim dram əsəri yazmağımın səbəbkarı
oldu. Mən bu xeyirxahlığı heç
zaman unutmaram. Biz ailəvi dost idik. Bir
gün yenə bir yerə yığışıb söhbət
edirdik ki, o, mənə Xurşudbanu Natəvan haqqında pyes
yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən Natəvan
haqqında axtarışlar etdim və "Xan qızı"
- ilk pyesimi yazdım. Pyes üzərində
işləyərkən nədənsə həmişə
xalq artisti Sədayə Mustafayevanın xoş siması
gözlərimin önündən getmirdi. Sanki
mən Xan qızı haqqında düşünərkən
elə səhnədə artıq Sədayə xanımı
görürdüm. Xan qızı
obrazını məhz xalq artisti Sədayə xanım
Mustafayeva üçün yazdım. Teatra
təqdim etdim və bədii şurada oxuyub bəyəndilər.
Tamaşanı hazırlamağı gənc
rejissor Vaqif Şərifova həvalə etdilər. Rejissor rol bölgüsündə elə bil ki, qəlbimdən
hər zaman keçənləri, duyğularımı
oxumuşdu. O, ilk olaraq Xan qızı rolunu Sədayə
Mustafayevaya verməyi planlaşdırırdı. Bundan sonra qəlbimdə heç də
narahatçılıq qalmadı. Həm
aktrisanın, həm də rejissorun gücünə
yaxşı bələd idim. Əsərin
uğurlu səhnə taleyi olacağına inanırdım və
belə də oldu".
Fəridə Əlyarbəylinin 80-ci illərdə qələmə
aldığı "Qonşular" pyesi də maraqlı
detalları ilə diqqət mərkəzində olmağı
bacaran səhnə əsərlərindən biridir. Belə ki,
keçmiş sovet post məkanının tüğyan etdiyi
bir zamanda guya rüşvətxorluqla mübarizə etmək pərdəsi
altında əslində bir çox məsələlərin
elə korrupsiya ilə həlli yollarının göstərilməsi
o zamanlar yazardan böyük iradə və mərdlik,
qorxmazlıq tələb edirdi. Fəridə Əlyarbəyli
"Qonşular" pyesi ilə səhnədə bir daha
korrupsiya bataqlığında batan dövlət məmurlarını
göstərməklə mübarizə yollarının
aparılması üçün də əsas şərtləri
səciyyəvi xarakterləri ilə açıb göstərməyə
nail olurdu. Tamaşanın quruluşçu
rejissoru Hilal Həsənov müəllif fikirlərini öz
rejissor traktofkasında səhnədə daha dolğun göstərilməsinə
çalışırdı. Fəridə Əlyarbəylinin
"Qonşular" pyesi haqqında xalq artisti, rejissor Vaqif
Şərifov öz müsahibələrinin birində deyirdi:
"Yadınıza gəlirsə, 1988-1990-cı illərdə
meydanlarda mitinqlər gedirdi. O zamanlar sanki teatrın bir qismi
meydana köçmüşdü. Bir dənə
cəsarətli söz o dövr üçün kifayət
idi. O dövrlərdə senzura vardı. Xatırlayıram,
Fəridə Əlyarbəylinin "Qonşular" pyesini
oynayırdıq. Bu pyes korrupsiya ilə
mübarizəyə yönəlmişdi. Pyesdə fikir səslənirdi
ki, uşaqlıqda oğurluq üstə yatıb indi polis rəisidir
və ya rüşvət alan təhsil
şöbəsinin müdiridir. Bu kimi fikirlərə
görə o dövrlərdə senzura bizə qan
uddururdu".
Bütün bunlarla yanaşı, xüsusi olaraq qeyd etməliyəm ki, Fəridə Əlyarbəyli poeziyada olduğu kimi, bütün səhnə əsərlərində də öz mövzularına daima sadiq qalır, insanın daxili aləmi ilə yanaşı cəmiyyətdə, ictimai həyatda mövqeyinə də bir sənətkar münasibəti göstərirdi. Onun son illərdə qələmə aldığı bütün əsərlərində xüsusi olaraq Qarabağ hadisələri və baş verən olaylardakı faciələr, işğal altında olan yaralı torpaqlarımızda tökülən günahsız insan qanı, erməni vəhşilikləri bütün incəlikləri ilə göstərilməklə xatırlanır, yad edilirdi.
"Əzəldən qəm üstündə köklənmiş bu dünya kimsəni sona qədər sevmədi, ani, ötəri sevinclər qəmlə əvəzləndi. Gələn də, gedən də qəm odunda qovruldu" deyən Fəridə Əlyarbəyli 2011-ci ilin dekabr ayında Gəncədə əbədiyyətə qovuşdu. Öz misralarında deyildiyi kimi:
Dünya, nə qəmlisən yaranışından,
Gələn də peşiman, gedən peşiman.
Dünya, nə qəmlisən,
Nə qəmlisən sən.
Anar Bürcəliyev,
Teatrşünas
Ədalət 2018.- 20 dekabr.- S.5.