Tarixin danışan
dili
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
Öncə tarixdən başlayaq. O tarixdən
ki, o yazılıb. Biz də orta
məktəbin aşağı
siniflərindən auditoriyalara
qədər bu tarixi az-çox öyrənmişik və
hər imtahandan sonra da bizə
elə gəlib ki, biz tarixi bilirik. Amma sən demə,
biz yanılırıqmış. Doğrudur, deyirlər ki, şairlər fəhmli olur. Görünür
elə buna görə də böyük Səməd Vurğun məşhur əsərlərinin birində
yazırdı:
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın
sənin!..
Sonra böyük
Məmməd Araz yazdı ki, hər daş parçası bir tarixdi. Və onun ardınca
da arxeoloq alimə üz tutub öyrəndiyi və təqdim etdiyi tarix üçün
ona minnətdar olduğunu xatırladırdı.
Mən butun bunları və ümumiyyətlə, tarixlə
poeziyanın təmasını
istənilən qədər
davam etdirə bilərəm. Lakin indiki halda ehtiyac görmürəm.
Çünki bizim bugünümüz
əslində tarixi bilməyin nə qədər zəruri olduğunu bizə poeziyasız da diktə edir. Yəni zorən cəlb edildiyimiz müharibə, işğal edilmiş torpaqlarımız, düşmənin
uydurma arqumentləri bizə birmənalı olaraq tarixi öyrənməyi,
tariximizi özümüz
kimi tanımağı
və ona istinad etməyi bizdən tələb edir.
Mən Dağlıq
Qarabağda doğulmuşam. Dünyanın zaman və tapıntıları
baxımından ən
böyük abidələrindən
biri olan Azıx mağarası Quruçay vadisində, Xocavənd rayonunun ərazisində yerləşir.
Amma ən qədim insanın çənə
sümükləri tapılan
bu mağara böyük arxeoloq alim, tarixçi mərhum Məhəmmədəli
Hüseynovun böyük
zəhməti nəticəsində
dünya arenasına çıxarıldı. O sovet dönəmində də ermənilərlə
vuruşa-vuruşa bu mağaranın şöhrətini
dünya tarixçilərinin,
arxeoloqlarının diqqətinə
çatdırdı. Böyük alimin
zəhməti hesabına
Azıx mağarasından
cəmi beş-altı
kilometr məsafədə
yerləşən ikinci
bir mağara da tarixə bəlli oldu. Bu da Böyük
və Kiçik Tağlar mağaraları idi. İndi bu qədim abidələr işğal
altında olmaqla yanaşı, həm də ermənilərin informasiya maşınının
təqdimatında düşmən
ölkənin mədəniyyət
nümunələri kimi,
ulu tarixin vərəqləri kimi təqdim olunur və burada Azərbaycan Elmlər Akademiyasının icazəsi
olmadan tədqiqatlar aparılır. O cümlədən
də Dağlıq Qarabağda və digər işğal altında olmuş ərazilərimiz də həmin acı taleyi yaşayır.
Yolum Ağcabədiyə
düşmüşdü. Açığı
yayın istisindən
son yağışların gətirdiyi bir dinclikdən və bütövlükdə bir
az torpağa,
kəndə-kəsəyə yaxınlaşmaq istəyindən
bəhrələnən bu
səfər mənim üçün gözlənilməz
sürprizlərlə yadda
qaldı. İlk sürprizim az
qala iki ilə yaxındı ki, görmədiyim Ağcabədi rayon mərkəzindəki
tikinti-abadlıq, özü
də planlı bir arxitektorun məharəti ilə yaradılan səliqə-səhman
qəflətən gözlərim
önündə açılan
gözəlliyi mənə
yaşatdı. Açığını deyəcəm, bu gün respublikanın əksər şəhər
və rayonlarında tikinti-abadlıq işləri
aparılır. Ancaq bəzi
şəhər və
rayonlarda yol boyunca, küçə uzunu çəkilən ikitərəfli hasarlar öz arxasında çox eyibləri gizlədir. Yəni bu cür abadlıq mənə yamaq kimi görünür,
qəbul edə bilmirəm onu. Lakin Ağcabədidə gördüyüm səliqə-səhman
məndə bir ev sahibinin,
bir ağsaqqalın, torpağa, xalqa, dövlətə bağlı
adamın canıyananlıqla,
öz ailəsi üçün gördüyü
işi xatırlatdı.
Sevindim ki, döyüş bölgəsində, Azərbaycanın
qədim bir guşəsində bu gün həyat doğrudan da çiçəklənir. Yol boyunca əkilən ağacların sırası
da bu işlərə
əlavə bir yaraşıq verir.
Ağcabədinin qədimliyini tarixdən də bilirəm, oxuduğum bədii əsərlərdən də. Ancaq bu rayonda olarkən dost-tanışdan eşitdim ki, rayon ərazisində xüsusi arxeoloqlar - tədqiqatçılar qrupu
işləyir. Özü də
bu beynəlmiləlçi
qrupa Almaniyadan olan bir xanım
professor rəhbərlik edir.
Maraq güc gəldi və elə o dostların təqdimatı ilə də millət vəkilləri Tahir Rza və Aqil
Abbasla birlikdə arxeoloqların görüşünə
getdik. Yol boyunca bizimlə
həmsöhbət olan
Tahir Rza və Ağcabədinin digər tanınmış
insanları bu arxeoloji qazıntılar barəsində həvəslə,
ağızdolusu danışdılar.
Eşitdiklərim məni əməlli-başlı
səbirsiz edir, tələsdirirdi ki, həmin ünvana tez çatım, deyilənləri öz gözlərimlə görüb,
şahid olum.
Bu da Ağcabədi rayonunun Aşağı Aran kəndinin bir tərəfi Xocavənd, bir tərəfi Ağdam olan Haramı düzü. Burada bizi arxeoloqlarla yanaşı, yerli sakinlər də qarşılayır. Bu qarşılanma məqamında millət vəkili Aqil Abbasla ən doğma adam kimi görüşən, üz-gözündən yorğunluq, həm də maraq tökülən bir nəfərin sevinci, canfəşanlığı diqqətimi çəkir. Öyrənirəm ki, o, tarix üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri Təvəkkül Əliyevdi. Təvəkkül müəllim onunla birlikdə çalışan Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyanın rəhbəri doktor Barbara Helvinqi bizə təqdim edir. Türk dilində rahat danışa bilən Barbara xanım millət vəkillərinə gördükləri işlər barəsində həvəslə, həm də xüsusi bir maraqla məlumat verir. Hiss olunur ki, millət vəkillərinin ekspedisiyanın çalışdığı əraziyə gəlişi onu bir az da sevindirib, ürəkləndirib.
Elə sözarası da deyir ki, Ağcabədi rayon rəhbərliyi, xüsusilə rayonun icra hakimiyyətinin başçısı Şahin Məmmədov onlarla demək olar ki, hər gün maraqlanır. Zəruri ehtiyaclarının ödənilməsinə, iş və yaşayış şəraitlərinin qənaətbəxş olmasına diqqət yetirir. Barbara xanımın dediklərindən məlum olur ki, bu gün Ağcabədi ərazisində Kamiltəpə deyilən arxeoloji abidələr - kurqanlar var. Sayı 37-ə çatan bu kurqanların beşində tədqiqatlar aparılır. Qazıntı işləri zamanı məlum olub ki, bu kurqanların yaşı eradan çox-çox əvvəllərə - 7600-8000 il əvvələ gedib çatır.
Çox qəribədir ki, qazıntı aparılan kurqanlarda arxeoloqları təəccübləndirən maddi-mədəniyyət nümunələri tapılıb. Burada hətta nərə balığının, eləcə də digər canlıların sümükləri, muncuqlar, küp qalıqları, kərpic, hətta ocaq külü da tapılıb. Ocaq yerinin ətrafında tapılan nümunələr isə həmin yerin kütləvi toplantı yeri olduğunu göstərir. Çünki tapılan maddi-mədəniyyət nümunələri bunu sübut edir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 26 dekabr.- S.7.