Bir axşam

 

Müşfiqin məzarından da gizli

Bir yuxu gördüm.

Bir şair təlqin edirdi qələmimə

sirrini bu həyatın, bu ömrün.

 

Sordum ondan xoşbəxtliyin əsrarını.

Dedim, göstər o yolun qapısını,

At yuxumun dərinliyinə qəddarlığını.

 

Dedi ki, hər qar yağanda bir yaşıl qapı var olur.

İçərişəhərin ən dolanbac küçəsində

Bir qadın var, o qapı arxasında

Zərif əlləri rəqs edir ağ-qara piano üzərində.

Qarışıb ruhu notlara,

Qısa saçları köksümdə böyüyən

Min illik kədərdən qara.

Dedi ki, o qapı arxasında bir ölkə var

Paytaxtı payız, bayrağı xəzan yarpağı.

Himni uşaq səsi, sakinləri xoşbəxtin yekəsi.

Orda kədərə, ölümə, böyüylərə verilmir viza.

Orda hər uşağ şairdi biraz...

Marionet oyuncaq olub diktatorlar orda

Güldürürlər uşaqları kukla teatrında...

 

Dedi ki,

O qapı arxasında,

Repressiyalar,

Sürgünlər, Sibirlər

Bir şamın aydınlatdığı,

Bumbuz otaqlar yoxdu.

 

Sonra getdi, o yox oldu,

mənsə doymadım dediklərindən.

Ondan sora yağmadı qar Bakıya.

Mən illərlə yalvardım Tanrıya.

Dedim ki, qar ağlat bu buludlara.

 

Dünən axşam bəmbəyaz oldu şəhər,

Getdim, bədənimi çıxarıb ruhumdan

Çırpdım bütün ittihamları

Qız qalasından aşağıya

Tellərimdən həsrəti bir-bir qoparıb

Daradım arxaya,

Təmizlədim Xəzərin suyunda üst-başımı.

Bir təhər getdim, tapdım, döydüm o qapını.

Kilid açıldı, əlimi atdım cəftəyə

Qapı birdən yox oldu...

Qarlar əridi, buludlar sildi üz-gözünü.

Heçnə anlamadım, bu paraqrafından həyatın.

Heçnə...

 

Ey Cavid, yuxuma pəmbə buludlar kimi niyə axdın,

Niyə öldün, niyə gəldin, niyə anlatdın,

o yaşıl qapını mənə niyə tanıtdın?

 

 

İsmayıl Xanlar

 

Ədalət.- 2018.- 29 dekabr.- S.16.