Ədalət və Axmaq
(nağıl)
Ədalət əlini gözlərinin üstünə qoyub, zülüm-zülüm ağlayırdı. Hərdən hıçqırığını udur, başını qaldırır, kimdənsə kömək gözləyirmiş kimi ümidsiz halda ətrafına boylanır, yenidən yanıqlı-yanıqlı içini çəkirdi:
-Bu nə işdi başıma gəlir, İlahi?!
-Əda-a-lət?!... - Quyunun dibindən gəlirmiş kimi zəhmli bir səs eşitdi. - Bu sən-sə-ən?!..
Hıçqırığını içinə salıb, gözləri yaş içində oynayan Ədalət başını dik qaldırdı.
- Gözlərimə inana bilmirəm?!
-Dərdim dilə gələsi deyil! - Ədalət yorğun-yorğun cavab verdi.
-Dərd ola, dərmanı olmaya?!
-Özünüzü zəhmətə salmayın.
-Niyə?
-Dərdim elə böyükdü, ona çarə eləməkdən ötrü gərək siz Zəmanə olasınız.
-Ha... ha... ha...
-Nahaq gülürsünüz.
-Bilirsən mən kiməm?
-Nə deyim?!
-Bir yaxşı-yaxşı fikirləş!
Ədalət gözlərini qıyıb diqqətlə baxdı:
-Yox, tanıya bilmirəm.
-Sənin arzuladığın Zəmanə mənəm da!
Birdən Ədalətin gözlərinin yaşı qurudu, səsi batdı, nəfəsi ağır-ağır gedib-gəlməyə başladı.
-Nə oldu sizə?
Ədalət handan-hana özünə gələndə heyrətlə içini çəkdi:
-İlahi!
-Nə olub ki?
Ədalətin gözləri alacalandı:
-Deməli... Ax-ma-aq?!
Zəmanə razılıqla başını yellədi:
-Özüdür ki, var.
-Deməli, məni sizə ad eləmək istəyirlər?!
-Qulaqların səni aldatmayıb!
-Biz bir-birimizə yaraşmırıq axı!
-Nə olub mənə?!
-Allah hərəmizə layiq bir ad verib, biz o adla da yaşamalıyıq.
-Sözündən belə çıxır ki, sən özünü mənə layiq bilmirsən?!
Ədalət bu həyasızlığın qabağında duruş gətirə bilmədi - gözlərini yerə dikti.
-Niyə dinmirsən?!
-Nə dinim?!
-Belə getsə göz yaşların illərlə qurumayacaq!
-Yerinizdə bərk oturmusunuz, onu demək istəyirsiniz?!
-Nə qədər ki, bu avamlar var, biz də varıq!
-Ağlayıb gözlərimi kor etməyimin faydası yox imiş, deməli?!
-Ağlamağın bir turş alçaya da dəyməz!
-Neyləməliyəm?!
-Necə yəni?!
-Mən də axı rahat yaşamaq istəyirəm!
-Rahat yaşamağın bir yolu var!
-Necə?
-Gərək bizdən olasan!
Buz kimi tər gəldi
Ədalətin sifətinə:
-Sizdən olmalıyam?!
-Şübhəsiz!
-Bəs mənim özlüyüm?
-İndi kim
özüdür ki?! Hamı ya bizik,
ya da heç
kim.
-Bəs mənim şərəfim?!
-Həəə... bu ayrı məsələdi.
-Necə?!
-Onda gərək öləsən!
Qəşəm İsabəyli
Ədalət.- 2018.- 29 dekabr.- S.16.