Cəlil Məmmədquluzadənin Ağcabədi ilə bağlılığı

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Ağcabədinin tarixi keçmişində əbədiyyətə qovuşan parlaq səhifələrdən biri böyük yazıçı dramaturq, mübariz jurnalistustad satirik Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddinin) bu məkanla bağlılığıdır. Azərbaycanı cəhalətin qəflət yuxusundan oyadan, islam Şərqini lərzəyə salan mübariz "Molla Nəsrəddin" jurnalının yaradıcısı kimi, tarixi bir şəxsiyyətin Ağcabədi ilə əlaqəsi şübhəsiz ki, şərəfli bir hadisə kimi tarixə həkk olunub yaşamaqdadır.

Məlumdur ki, C. Məmmədquluzadənin Ağcabədi ilə əlaqəsinin səbəbkarı Kəhrizli Əhməd bəy Cavanşirin qızı Həmidə xanım olmuşdur. Maraqlıdır, Azərbaycanın ucqar bir kəndində yaşayan bir bəy qızının bəylərin, din pərdəsinə bürünüb min bir fırıldaq edən qatı mövhumatçıların amansız ittihamçısı C. Məmmədquluzadə ilə yaxınlığı necə mümkün olmuşdur?! Bəs Mirzə Cəlil kimi böyük bir şəxsiyyət nə üçün öz məsləkinə sadiqliyini pozub Həmidə xanım kimi bir bəy qızı ilə izdivaca girmişdir? Bəli, o zamanlar Qarabağ bəylərini də hiddətləndirən, onların "bəylik qüruruna toxunan" da məhz bu məchul suallar idi.

Həmidə xanımın xatirələrindən göründüyü kimi, hətta bir dəfə Mirzə Cəlil Kəhrizlidən Bakıya gedəndə faytonla Yevlaxdan keçən zaman bir para Qarabağ bəyləri yolda onu öldürmək istəmişdir. Bundan tez xəbər tutan Həmidə xanım gəlib onu müşayiət edərək qaçaq-quldur yuvası olan keçilməz Sultanbud meşəsindən keçirib Yevlaxa yola salmışdır.

Məsələyə elmi şəkildə yanaşdıqda görürük ki, bütün bu göstərilən səbəblər ancaq zahiri fərqlərdir. Onlar məkanca, mənşəcə nə qədər uzaq olsalar da, məsləkcə bir-birilərinə o qədər yaxın idilər. Hər ikisinin əqidəsi, həyata, insanlara münasibəti eyni idi. Həmidə xanım həmişə kəndlilərin tərəfini saxlayır, onların qeydinə qalır, dar ayaqda dadlarına çatırdı. Öz xərci ilə kəhrizlər qazdırır, həmkəndlilərinin əkinlərinə su verir, onlara geniş tibbi yardım göstərir, məktəb, toxuculuq emalatxanası və dəyirman açaraq yoxsul kəndlilərin ehtiyacını ödəyirdi. Məhz bu canyananlığın, xeyriyyəçiliyin və kəndlilərə belə həmdəm olmağın nəticəsidir ki, onun adı da el-oba yanında həmişə əzizlənmiş, doğmalaşmış, indi də qocaların dediyi kimi "Həmdəm xanım" adı ilə bu günədək yaşamışdır.

Mirzə Cəlilin elə böyüklüyünün, həssaslığının birionda olmuşdur ki, o özündən çox-çox uzaqlarda yaşayan açıq fikirli bir qadının qəlbində çırpınan yüksək amalları elə ilk tanışlıqdan duyub onu sevmişözünün gələcək 25 illik parlaq ömür yolunu onunla bağlamışdır.

Mirzə Cəlillə Həmidə xanımın tanışlığı 1903-cü ildə Tiflisdə olmuşdur. Belə ki, Həmidə xanım yenicə vəfat etmiş atası Əhməd bəy Cavanşirin şeirlər kitabını çap etdirmək üçün Tiflis şəhərinə gedir. O, bu zaman Tiflisdə "Şərqi-rus" qəzetində işləyən Cəlil Məmmədquluzadə ilə tanış oluronun köməkliyi ilə kitab "Asari-Əhməd bəy" adı ilə həmin il çap olunur.

Cəlil Məmmədquluzadənin Həmidə xanımla ilk tanışlığı, onun bəy qızı olmasına baxmayaraq açıq fikirliliyi, həyata düzgün baxışı C. Məmmədquluzadədə ona qarşı böyük rəğbət hissi yaradır və bu mehriban ünsiyyət dörd il sonra mehriban ailə həyatına çevrilir.

C. Məmmədquluzadə ilə Həmidə xanımın birgə ailə həyatı 1907-ci il iyun ayının 15-dən başlamışdır. Həmin dövrdən etibarən böyük ədib ömrünün sonunadək müxtəlif fasilələrlə Ağcabədidə - Kəhrizli kəndində yaşamışdır.

C. Məmmədquluzadənin Ağcabədiyə ilk gəlişi 1907-ci il iyun ayının əvvəllərinə təsadüf edir. O zaman o, Həmidə xanımla birlikdə Kəhrizliyə gəlmiş və bir neçə gündən sonra kənd camaatının iştirakı ilə ailə həyatı qurmuşlar. Kəndin mehriban adamları gəlib Mirzə Cəlillə görüşüb, onun maraqlı suallarının müqabilində şirin söhbətə girişirdilər. O, kənd camaatının vəziyyəti, həyat tərzi ilə yaxından maraqlanaraq kənd həyatı ilə ətraflı tanış olurdu.

Mirzə Cəlil ilk gündən özünü kəndin doğma adamı kimi aparır, kənd əhalisinə qaynayıb-qarışırdı. Çox keçmədən o, kənddə hamının hüsn- rəğbətini qazanır. Sonralar kəndə hər gəlişində özü ilə əhali arasındakı bu mehribanlığı daha da artır, bu yerlərə qəlbən bağlanırdı. Sevimli həyat və məslək yoldaşı Həmidə xanım həmin unudulmaz illəri xatırlayaraq yazır ki, bir dəfə Mirzə Cəlil mənə dedi: "Kəhrizliyə gələrkən hələ uzaq məsafədən yan-yana düzülmüş uca qovaq ağaclarını görüb malikanəmizi tanıyır və bu zaman ürəyim sevinclə döyünməyə başlayır. Doğma ailəmə, mənim üçün əziz olan dost-aşnaya tez qovuşmaq üçün faytonçunu tələsdirirəm. Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. Jurnalın qarşısında öz borcumu yerinə yetirdikdən sonra ömrümün son illərini bu sakit guşədə keçirmək istərdim..."

C. Məmmədquluzadə əsəblərinin sakitləşdirildiyi, mənəvi zövq aldığı bu yerlərə təkcə istirahət xatirinə gəlmirdi. O, hər dəfə kəndə gəlişində əhalinin qeydinə qalır, camaatla çiyin-çiynə kəndin müəyyən bir işinə kömək edirdi. Böyük ədib 1910-cu ildə Kəhrizli kəndinə getməsi ilə əlaqədar "Molla Nəsrəddin" jurnalına redaktorluğun müvəqqəti olaraq Məhəmmədəli Sidqiyə verməyə icazə almaq haqqında Tiflis qubernatorluğuna göndərdiyi ərizəsində yazır:

"Ev-ailə şəraitinin yaratdığı zərurətlə əlaqədar olaraq dörd ay müddətinə Tiflisdən ayrılıb Yelizavetpol quberniyasında Şuşa qəzasının Kəhrizli kəndinə getməliyəm. Siz cənablarından xahiş edirəm, mənim əməkdaşım Məhəmmədəli Sidqiyə jurnala müvəqqəti redaktorluq etməyə icazə verəsiniz".

 

Cəlil Məmmədquluzadə

16 sentyabr, 1910-cu il

 

O, nəinki kəndin mühüm işlərində, habelə xırda təsərrüfat işlərində də çalışaraq dəyirmana gedir, taxıl səpir, əkinləri suvarır, bağdakı ağaclara qulluq edirdi. Gəlin 1919-cu ilin payızında onun sevimli həyat yoldaşına dediyi aşağıdakı sözlərlə tanış olaq: "Gözün aydın olsun, Həmidə, bu il taxıl əkinlərimiz yaxşı tutub, ona görə ki, sahələri vaxtında şumladıq.

Gələn il dəni tökməyə yer tapmayacaqsan. Kəndlilər də mənə baxıb taxılı vaxtında səpdilər. Əgər cəyirtkə, dolu və quraqlıq olmasa, bu il bol məhsul götürüləcək".

C. Məmmədquluzadənin kəndlilərə əvəzsiz xidmətləri ilk növbədə kənddə məktəb və toxuculuq emalatxanası açılmasında göstərdiyi yüksək qayğıdır. O, bu sahədə Həmidə xanıma yaxından kömək edərək həvəslə işə girişir, usta çağırtdırıb 20 ədəd skamyasinif lövhəsi hazırladır. Həmidə xanımla bərabər lazım olan müxtəlif dərs ləvazimatı toplayır, həmçinin məktəbin ilk müəllimi olaraq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

 

(Ardı var)

 

Şirxan Aranlı

Azərbaycan Yazıçılar

Birliyinin üzvü

 

Ədalət $g 2018.- 1 fevral.- S.7.