ƏDƏBİ ADLAR: Rəşad Nuri
Güntəkin
Qadın
azadlığı uğrunda qələm çalan, sonralar
peşman yazıçı öz əsərlərində
rejimə necə etiraz edirdi?..
Rəşad
Nuri Güntəkin – əslində bu yazıçı
haqqında yazmağa heç xüsusi maraq göstərməmişəm.
Halbuki məni türk nəsri ilə ilk tanış
edən yazıçıdır. Həm də
böyük yazıçıdır. Böyüklüyü
təkcə yaxşı yazmağı ilə kifayətlənmir,
o, sərhədləri aşmış biridir. Üstəlik bu sərhədlərin arasında
tikanları neçə-neçə əllər, ürəklər
dağlamış, türk xalqlarını uzun illər
bir-birindən aralı qoymuş qanlı Sovet sərhədləri
vardı. Rəşad Nuri Güntəkin
digər həmvətənlisi olan yazıçılardan fərqli
olaraq bu tikanları heç bir yara almadan əzib keçə
bilmişdi. Keçmiş İttifaqda ən
çox çap olunan, rus dilinə və yerli
respublikaların dilinə tərcümə olunan Güntəkin
əsərləri ürəklərə yol tapdı. Təkcə kitablarda da qərar tutmadı, ekranlara
axdı. Onun eyniadlı əsərinə
çəkilmiş "Çalıquşu” serialına ilk
olaraq Sovet Rusiyası kanalında baxmışdıq. Həmin serialdan sonra Güntəkin sovetlərin ən
sevdiyi, izlədiyi yazıçılarından birinə
çevrilmişdi. Amma sonralar bu
yazıçının digər əsərlərini oxuyanda həssas
oxucunun "Çalıquşu”nda aldığı xoşbəxt
həzz insan bünyəsinin qəbul edə bilmədiyi bir
ağırlığa çevrildi. Əslində
bu da yazıçının böyüklüyüdür ki,
oxucunu yazdığı kitabın təsirindən qopmağa
qoymur. Ancaq oxucu da yazıqdı axı, onun əsəb
tellərində bu qədər şıdırğı rəqs
emək olmaz!..
Rəşad
Nuri Güntəkin haqqında yazmaqdan
qaçmağımın iki səbəbi vardı: (Bu bəlkə
də oxucu üçün maraqlı deyil, mən sadəcə
öz ədəbi vicdanıma hesabat verirəm) əvvəla,
"Ədəbi adlar” rubrikasının formatına görə
təkcə bəhsi olunan yazıçının əsərləri,
yazı üslubu, tənqidçi yanaşması deyil, həm
də onun fərqli həyatına nəzər salmaqdır. "Ədəbi adlar”ın hədəfi məhz
qarışıq, müəmmalı həyat keçirmiş
və belə həyata baxmayaraq xariqələr yaratmış
müəlliflərdir. Rəşad Nuri
Güntəkin isə bu kriteriyaya qətiyyən uyğun gəlmirdi.
Çünki o, indiyədək
yazdığım müəlliflər kimi sərsəri,
yoxsul, kimsəsiz həyat keçirməyib, məhrumiyyət
qorxusu ilə yaşamayıb, həyatın dibindəki ən
günahkar eybəcərliyin içində
böyüklüyünü göstərməyə
ehtiyacı olmayıb. Paşa nəslindən
olmuş, şəhər valisinin ailəsində dünyaya
göz açmış, ölkə parlamentinin deputatı
olmuş, dünyanı dolaşmış birinə həyatı
yaşamaq əzab deyil, zövq olar.
İkinci
səbəb isə şəxsidir: orta məktəbdə bir ədəbiyyat
müəllimim vardı – təkəbbürlü, iddialı, ədəbiyyatı
özündən başqa heç kimin anlamadığına
israrlı olan bir gənc idi. Bəlkə də
gəncliyin diktə etdiyi cahillik idi. Hər
nə isə, dərslərə könülsüz girər,
onu saymayan şagirdlərə əhəmiyyət vermədən
qucaq-qucaq kitablarını mütaliə edərdi. Bir dəfə
təkid etdim ki, məni dinləsin, anlasın ki, onun 30
yaşında aşiq olduğu ədəbiyyatı mən 12
yaşımda qətrə-qətrə qanıma yeridirəm. İstəyimə çatdım, oxuduğum ədəbi
nümunələri uşaq dili ilə olsa da böyük
şövqlə anlatmağım müəllimə öz vəzifəsini
xatırlatmışdı. Həmin gündən sonra
qarşımızda tamamən dəyişilmiş bir müəllim
gördük: bizim sinfə giməkdən böyük zövq
alan, dərs saatlarını həvəslə
gözləyən müəllim. Mənim gələcəkdə
ədəbiyyat adamı olacağımı qətiləşdirdiyindən
hər həftə yeni bədii kitablar gətirər, sonra təəssüratlarımı
maraqla soruşardı. Günlərin birində
mənə Güntəkinin "Yarpaq tökümü” əsərini
tərəddüdlə məsləhət gördü.
O vaxt bu roman kitab halında deyildi. Ədəbiyyat
jurnallarından birində "Xəzan” adlı ilə hissə-hissə
dərc olunurdu. Qiraətə başlamazdan
öncə "Bunu hər şagirdə tövsiyə etməzdim.
Sənə də tərəddüdlə verirəm.
Yaşın oxuduğunu qaldıra bilməz.
Amma oxumağa cəhd et”, – demişdi. Kaş ki, tərəddüdü qətiyyət
olardı. Və o yaşımda belə
ağır əsərlə zehnimi qaraltmazdım. Bir ailənin fəlakətindən dəhşətə
gəlib jurnalları bir kənara atmaq istəsəm də
oxucu səbrinə xəyanət etməmək
üçün qeyrətə boğulub sona qədər
bitirdim, amma özüm də bitdim. Orta
statistik, ziyalı, qırılmaz ailə bağları ilə
möhkəm sarılmış bir ailədə yetişən
qızcığaz üçün oxuduqlarını həzm
etmək çox ağır idi. Əsəri
oxumadan "Yarpaq tökümü” serialına baxanlar
bütün bu sadaladığım ailə tellərinin orda da
əsas xətt olduğunu irad bildirərlər. İradınız "i”sindən "d”sinə qədər
yanlışdır. Çünki serialın əsərə
yalnız bir neçə məqamda aidiyyatı var: adlar və
bəzi obrazların sayı üst-üstə
düşür. Qalan məqamlarda ağla qara
kimi bir-birinə ziddir. Əlil arabasında
zülm çəkən atanın gözü
qarşısında hər cür əxlaqsızlıq edən,
evin bütün xərcini mənasız şənliklərə
sərf edən, evə hər gün müxtəlif kişiləri
daşıyan bacıların uçurumun dibinə necə
yuvarlanması, bütün ailə, insani dəyərlərin
pula alınıb-satılması insanı dəhşətə
gətirməyə bilməz. Elə
yaxşı ki, serialı tamamən dəyişilmiş halda
lentə alıblar, yoxsa müasir insanın qafası
almazdı.
Güntəkinin
yaratdığı ailə faciəsi mənə o qədər
ağılalmaz gəlmişdi ki, yazıçıdan
incimiş, bir az da diksinmişdim. Ta ki,
yetkin yaşlarımda yenidən, həm də türkcə bu əsəri
təkrar oxuyana qədər. Artıq bu zaman ərzində
Güntəkinin əksər müasirlərinin də əsərlərini
oxumuş və bu yazıçıya qarşı çəkdiyim
səddi qaldıra bilmişdim. Yazıçının
digər əsərləri ilə, elə ən yaxşı
tanıdığımız "Çalıquşu” ilə
müqayisə edərək onun nə demək istədiyini,
daşı hansı bostana atdığını
anlamışdım. "Çalıquşu”
romanını Güntəkin 1922-ci ildə yazıb. Bu dönəmdə yeni Türkiyə
üçün qadın obrazı çox önəmli idi.
(Dinindən və coğrafiyasından asılı
olmayaraq bütün yeniləşən toplum və sistemlərdə
qadın obrazı aparıcı rol oynayır. Bir ölkə nə qədər irəli gedirsə
getsin, elmdə, təhsildə inkişaf sərgiləsin,
qadını azad deyilsə, ölkə də müasir
sayılmır). Bu romanda
yazıçı İstiqlal hərbi dönəmində
baş qəhrəman Fəridənin timsalında idealist
türk qadını obrazı yaradıb. Çünki
həmin dövrdə təhsilli, sərbəst
düşüncəli, yeni nəsil qızlara çox ehtiyac
vardı ki, Türkiyə Cumhuriyyəti məhz bu cür
ziyalı qadınların çiynində bərqərar
olacaqdı. Amma təəssüf ki,
heç də ədiblərin, ziyalıların
düşündüyü kimi müasir, əxlaqlı,
mütərəqqi türk qadınları sonralar çoxluq təşkil
etmədi. Əksinə müasirliyi yanlış anlayan
yeni tip qadınlar və kişilər Türkiyəyə
başqa don geyindirdilər.
"Yarpaq tökümü” romanı 1939-cu ildə
yazılıb.
Aradakı illər fərqi yazıçıya
həm bu fiaskonu anlamağa, həm də rahat-rahat giley etməyə
imkan verirdi. Daha dəqiq desək,
"Yarpaq tökümü” Mustafa Kamal Atatürkün
ölümündən bir il sonra yazılıb. "Nə əlaqəsi var?” sualını
eşitmiş kimi oldum. Əlaqəsi
birbaşa deyil, sətiraltıdır. Rəşad
Nuri Güntəkin də digər qələmdaşları
kimi 1920-ci illərdə ziyalı kişilərin
arzuladığı, müasir Türkiyədə görmək
istədiyi mütərəqqi, amma hansı torpaqlara, hansı
soya, əxlaqa aid olduğunu unutmayan başıdik,
güclü qadınları sonrakı illərdə barmaqla
sayılacaq qədər müşahidə edirdilər. Səbəb isə dəyişikliklərin qəfil
baş verməsi, keçidin tədricən deyil, bir atlamada
yaşanması idi. Başqa cür izah etsək,
5 yaşlı uşaq, birdən-birə 25 yaşlı
olmuşdu. Dünənə qədər
başıçadralı, burnunu qapıdan çölə
çıxara bilməyən, müti, savadsız Anadolu
qadınının bir qərarda başı
açıldı, ətəyi qısaldı, kişilərlə
açıq məclislərdə əlini şərab qədəhi,
barmaqlarını isə siqar "bəzədi”. (1925-ci il "Şapka qanunu”. Məcburi
olaraq qadınların və kişilərin baş
örtüsü şlyapalara dəyişdirildi. Daha sonra isə geyimləri müəyyənləşdi.
Hətta avropalı qadınlar kimi yerişləri,
tövrləri dəyişilməsi üçün dərslər
verilirdi.)
Əslində məqsəd qərb standartlarına uyğun Türkiyədə qadının da bu standartlara uyğunlaşdırılması idi. Yuxarıda qeyd etdiyim kimi, ölkənin müasirliyi onun qadınının sosial vəziyyəti və xarici görünüşü ilə bəlirlənir. Parlamentlə idarə olunan, Avropayla yarışan Türkiyənin qadını çadralı ola bilərdimi? Təcili dəyişiklik lazım idi. Tələb olunan qaydalarda geyinməyən, sosiallaşmayan qadınların ərləri, ata və ağabəyləri (böyük qardaş) cərimələnirdi. Bu, tezliklə xoşagəlməz nəticələrə gətirib çıxardı. Qadınlar evlərindəki kişilərdən icazə almadan məclislərə açıq-saçıq qatılır, içki, siqaret qoxusunda xumarlanırdılar (hətta 90-cı illərə qədər Türkiyədə qadınların içki və siqaretə aludəçiliyi kübarlıq sayılırdı). Müsəlman-türk kişisi nə qədər müasir olur-olsun, qadının bu qədər dibə baş vurmasına qarşı olur. Bu təkcə qonşu Türkiyədə deyildi. Azərbaycan maarifçiləri də "Daloy çadra!” – deyə car çəkirdilər, amma arada barmaqlarını da dişləyirdilər ki, eyvah nə etdik! Mirzə Cəlil daha cəsarətli çıxıb məqalələrindən birində etiraf edirdi ki, "Ayə, bu cahil kişiləri qınayırıq ki, arvadını niyə çarşafa bükür. Vallahi, qınamalı deyil. Mənim də övrətim, qızım başı, sinəsi açıq yolla gedəndə içim içimi yeyir ki, indi yad, iyrənc baxışlar onların üz-gözündə gəzir”. Yaxud yazıçıya məxsus digər deyimi yada salaq: "Azərbaycan qadını çadranı atanda müasirləşirik deyə sevincimdən papağımı göyə tulladım, o gün bu gündür papağımı tapa bilmirəm...”. Bu baxımdan elə Türkiyədə də ziyalı kişilər narahat olmağa başlamışdılar. Bəli həzarat, müasirlik təkcə geyimin dərhal dəbə uyğunlaşması deyil, əvvəlcə qafaların içi dəyişməlidir. Sonra keçid tədricən, göz öyrəşə-öyrəşə baş verməlidir. Amma deyəsən, əsrin əvvəlindəki kişilər tələsdilər, amma təəssüf ki, təndirə və ya uçuruma düşən qadınlar oldu. Rəşad Nuri Güntəkin və onun kimi düşünən qələmdaşları Mustafa Kamalın sağlığında bunu dilə gətirməyə cəsarət etməsələr də, həmçinin Türkiyə üçün canı bahasına böyük işlər görmüş bu dahiyə hörmət olaraq dillənməsələr də, sonrakı mərhələdə əsərlərində sətiraltı iradlarını sərgiləyirdilər. Bunu "Ədəbi adlar”ın daha öncəki türk qonağı olan Ömər Seyfəddin əsərlərində də açıq sezmək olar. Xüsusilə onun "Bahar və kəpənəklər”, "Zeytunla çörək” hekayələrində qadınların yeni və yanlış durumuna münasibət bildirilir. Elə Əziz Nesinin də ilkin hekayələrində bu irad sezilirdi.
Yazıya başlarkən Rəşad Nuri
Güntəkinin böyüklüyünü xüsusi
qabartmışdım. Onun niyə sərhədləri
aşmasının səbəbi indi açıqca
görünür: əsl yazıçıya xas olaraq toplumun əziyyətini,
narahatlığını, özü çətinlik görməsə
də başqalarının dərdlərini, məhrumiyyətlərini,
ağrı-acısını ən xırdalığına qədər
görə bilmək, ən əsası onu sözə
töküb anlada bilmək... Özünün gözəl
deyimi var: "Dibi görünməyən quyulara atılan
daş çıxardığı səslə dərinliyi
göstərdiyi kimi, başqalarının kədəri də
ürəklərimizə düşəndə bizə
insanlığımızın dərəcəsini öyrədir”.
Şəfiqə
ŞƏFA
Ədalət 2018.- 2 fevral.- S.8.