Ürəyim mənim deyil, sevdiklərimindi...

 

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı şairə, ədəbiyyatşünas Elnaz Eyvazdır.

 

 

- Son vaxtlar ədəbi proseslərdə bir durğunluq, bir sakitlik hökm sürür. Bəzən qələm əhli bu sükütu qalmaqallı fikirləri, açıqlamaları ilə pozurlar. Bu nə ilə əlaqədardır, ortada ciddi ədəbi nümunələr yoxdur, ya bu bir gündəmdə qalma priomudur?

 

Ədəbi prosseslərdə durğunluq olduğunu deməzdim. Çünki vaxtaşırı yeni kitablar nəşr olunur, təqdimatlar keçirilir, əvvəlki kimi olmasa da, müsabiqələr təşkil olunur. Ancaq bu yetərli deyil təbii. Təəssüf ki, son zamanlar bu tədbirlər özləri də monoton xarakter alıb. Bir-birimizin kitab təqdimatlarına getmək toya getmək xarakteri daşıyır az qala – o gəlib, mən getməsəm, ayıb olar. O ki qaldı sükutu qalmaqalla pozmaq cəhdlərinə, bu, adamların şəxsi işidir. Əlbəttə ki, heç də xoş deyil ki, özünə ədəbiyyat adamı deyən kəs gündəmə qalmaqalla gəlsin. Amma insanların seçiminə qarışa bilmərəm. Hər kəsin öz həqiqəti var. Bəlkə, onlar bunu düzgün hesab edir. Bəlkə, həqiqətən, oxucunun diqqətini çəkmək, mətnlərini onlara oxutdurmaq üçün belə səs-küyə ehtiyac var, bilmirəm. AYB-dən çıxdığım vaxtlarda xeyli söz-söhbət, haqlı-haqsız üstümə gəlmələr oldu, inanın ki, bütün əsəblərim pozuldu, həftələrlə gərginlik içində oldum. O söz-söhbətin gətirdiyi "şöhrət”, saysız dostluq təklifləri, oxucu diqqəti belə məni o qədər narahat edib bezdirirdi ki, bir an hər şey bitsin istəyirdim.

 

- Kənardan hadisələrə baxdıqda onu daha dolğun və aydın görmək mümkündür. Sizin baxış bucağınızda bu günki ədəbi mühit necə görünür?

 

· Vallah, iş-güc, məişət problemləri, yaşamaq uğrunda çabalar başımı elə qatıb ki, kimin nə ilə məşğul olduğundan, kimin kimlə didişdiyindən xəbərim yoxdur. Daha doğrusu, az da olsa xəbərim var, sadəcə dərinə gedib maraqlanmıram. Məni bu söhbətlər heç vaxt maraqlandırmayıb, ədəbiyyat adamı mənim üçün mətni ilə maraqlıdır. Hər halda, uzaqdan baxanda, heç də könülaçan mənzərə görünmür. Sənin də bu camiədə olduğunu bilən adamlar var ha, onlar soruşanda ki, ay Elnaz, niyə filankəslə filankəs vuruşur, ya da "o nə idi filankəs ağzına gələni danışıb?” utanıram...

 

- Bəlkə də ənənəvi sualdır. Amma həm də maraqlı tərəfi də var bu sualın: Şeirlə, sözlə ilk tanışlığınız hansı dövrə təsadüf edir?

 

Özüm yazmazdan xeyli əvvəl. Gözümü açıb evimizdə kitablar görmüşəm. Atam ədəbiyyatı çox sevir, ağlım kəsəndən onun mütaliə etdiyinin şahidiyəm. Bu gün də belədir. Azərbaycan ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini orta məktəb illərində oxumuşam. Atam hər hansı kitabı oxuyandan sonra ayrı qoyardı, deyərdi ki, qızım, maraqlı kitabdır, vaxtın olanda oxu bunu. Su kimi çəkərdim başıma....İndi o zamanalardakı kimi ciddi və davamlı mütaliəyə vaxtım olmur, onda qayğılarım yox idi, işim-gücüm dərslərimi oxumaq idi, boş vaxtlarımda da kitablar... Aşağı siniflərdən artıq ara-sıra yazırdım. 11 yaşımda "Pioner” qəzetinə göndərməyə başladım yazılarımı. Get-gedə gördüm ki, Söz, mənəm, özüməm. Məktəb illərində artıq Sözün fərqində idim. Tələbə olandan sonra isə daha məhsuldar yazmağa başladım. Həm şeir, həm də publisistik yazılarla mütəmadi çap olunmağa başladım.

 

 

 

- "Rəqsimin sirri öldü” yazısında həyatınızla bağlı bir çox məqamlara yer ayırmısınız. Müəlliminizlə bağlı təsirli anları nəsr dili ilə desək, təbii və səmimi canlandıra bilmisiniz. Ümumiyyətlə, nəzmdən nəsrə keçid asandı, ya nəsrdən nəzmə? Bu keçidlərə münasibətiniz...

 

Bu yazıdan qabaq da nəsrlə bir çox yazılarım yayımlanıb. Nəsr yazdığımdan kimsənin xəbəri yox idi. 2011-ci ildə Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində "Qadın” hekayəsilə qalib olanda hamı məni təbrik edir, dalınca da deyirdi ki, necə olub, şeir nominasiyasında iki qalib var? Çünki şeir nominasiyasında Musa Əfəndi qalib idi. Gülür, deyirdim, mən nəsrdə qalib olmuşam. Və bu iki forma arasındakı keçidi heç vaxt hiss etməmişəm. Biri o birinə mane olmayıb. Kimdə hər ikisi də alınırsa, niyə də yazmasın? Şeirlərdə hisslərimi daha çox ifadə edirəm və onu yazmağa vaxtım, enerjim çatır necə olsa. Amma nəsr daha çox zaman və zəhmət tələb edir. Əlbəttə, bu, o demək deyil ki, şeir zəhmət tələb etmir. Əsla. Yazdıqdan sonra dəfələrlə oxuyub, hər oxuyanda da bir düzəliş edirəm şeirdə. Ancaq yenə də nəsr daha çox istəyir ki, onun əhatə dairəsində olasan. Odur ki, nəsrə daha ehtiyatla yanaşıram. Qarşımda həftə səkkiz, mən doqquz bir hekayə yazmaq öhdəliyim yoxdur. Daha çox yay tətilində nəsrə vaxt ayırıram, nəsə yazıb tamamlayıram, mətn zövqünə inandığım yaxın dostların müzakirəsinə buraxıram, sonra da oxucunun ixtiyarına verirəm. Dostlarımının zövqünə və fikirlərinə etibar edirəm, deyirlər ki, alınır... Hekayə mənim sevimli janrımdır. Roman yazmaq haqqında düşünmürəm. Hələ ki... Arzum maraqlı hekayələr yazmaqdır. Şeir də ki...şeirdir də...məni ən yaxşı tanıyan, tanıdan şeir...Etibarlı sevgilim...

 

 

- "Söz adamı” deyəndə ilk öncə düşüncənizdə hansı fikirlər formalaşır. Bu fikirlərin istinad nöqtəsinin adı nədir?

 

Orta məktəb illərində ədəbiyyat adamı, söz adamı mənim üçün dünyanın ən saf, təmiz, hiylədən, paxıllıqdan uzaq adamları idi. Daha doğrusu, mənə elə gəlirdi ki, pis adamların arasında bircə nəfər də söz adamı yoxdur. Ancaq yaşadıqca gördüm ki, söz adamının paxılı, xəbisi, xəyanətkarı, yalançısı heç ələ düşməz. Xislət başqa şeydir e. Adamlar var ki, ömründə bircə misra yazmayıb, amma ADAMdır da! Uğrunda ölmək olar! Amma elə söz adamı da var ki, uğrunda ölsən də, xeyri yoxdur, adlayıb üstündən keçər. Xarakterdir də, insan xarakteri. Buna yazıq Söz neynəsin... Sözü bilən, əli kitablı olanın pisi daha pis, yaxşısı çox yaxşı olur. Cahilin elmlisi daha təhlükəlidir, nəinki elmsizi. Bir də ki, səni incidən, aldadan, xəyanət edən, yalan danışan və s. söz adamıdırsa, daha çox ağrıyırsan, yanıb-tökülürsən. Axı o duymalı idi, bilməli idi ki, olmaz, bunu sənə etmək olmaz!

 

 

- Siz həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Necə düşünürsünz zaman keçdikcə şagirdlərin ədəbiyyata, humanitar sahəyə olan marağı azalır ya əksinə?

 

Bizim orta məktəb illərimizdə humanitar sahəyə meyil indikindən çox idi, bəli. İndi şagidlərin çoxu bu sahədən qaçır. Hər sinifdə iki-üç nəfər humanitara meyilli şagird olur. Ədəbiyyata isə, ümumiyyətlə. Hansı şagirdin özünün mütaliəyə marağı varsa, seçdiyi sahədən asılı olmayaraq mütaliə edir, vəssalam. Düzdür, təbliğ edirsən, həvəsləndirirsən, müəyyən qədər təsirin olur. Ancaq yenə də azdır. Kitab aldırırsan, oxudursan, valideyn səndən şikayət edir ki, uşaq kitaba pul verdi və ya dərsi qalıb, bədii kitab oxudur müəllimi. Baxmırsan, fikir vermirsən, davam edirsən, ancaq nəyin bahasına? Əsəblərinin, səhhətinin…

 

 

- Poeziyada "bağışlanma” və " bağışlamaq” mövzüsu ətrafında çox yazılıb. Sizcə bir insana nəyi bağışlamaq olar, nəyi bağışlamaq olmaz?

 

Bu asılıdır qarşındakının hansı səbəbdən bağışlamaq lazımdır, ya da lazım deyil məsələsinə. Xırda səhvlər var ki, onları bağışlamaq lazımdır, bağışlayırıq da zatən. Axı hər xırda səhvə görə insanı silib atmaq da olmur. İnsan o qədər dəyərlidir ki, ondan ötrü hər şeyə dözüb yaşayırsan hətta! Ölürsən demirəm ha, yaşayırsan deyirəm! Yaşamaq zülümdür ee... Yalanla barışa bilmirəm və yalanı göydə tuturam. Həyatımda heç kəsə və heç nəyə nifrət etmirəm, yalandan başqa! Yalan danışmağı təkcə xarakterdən gələn xüsusiyyət kimi qəbul etmirəm, yalan danışmaq həm də tərbiyəsizlikdir. Düşünürsən ki, düzünü desəm Elnaz ölər, qoy yalan deyim ki, bir az yaşasın, etmə. Əsil onda ölürəm... Xaraktercə elə adamam ki, başım ayağının altına çatınca qarşımdakına güzəşt edirəm, deyirəm, olmaz, itirmək istəmirəm, itirmək dəhşətdir. Çünki özümü yaxşı tanıyıram, xətt çəkdimsə, bitdi dedimsə, bitdi. Geriyə dönüş yoxdur. Kim olur olsun, fərq etmir. Bir adamın kimliyi artıq fərq etmirsə, demək bitib. Hüqo deyirdi, bir adamı bağışla və unut, bu ən yaxşı intiqamdır. Təxmini bu cür. Əslində, "bağışlamaram!” dediyim adamları bağışlayıb silmişəm həyatımdan. Barmaqla saya biləcəyim qədərdir onlar. Elə bilirəm heç vaxt tanımamışam, nə nifrət hiss edirəm, nə sevgi, nə mərhəmət...heç bir hissim yoxdur həmin adamlara qarşı. Qəfil qarşıma çıxanda belə heç bir hiss keçirmirəm. Elə bilirəm tez-tez istifadə etdiyim marşrut avtobuslardan birinin sürücüsü, ya da konduktorudur, ona görə üzü tanış gəlir. Amma bu adamları ürəyimdə bağışlamasam, "haqqım halal olsun” deməsəm, bu qədər rahat boş verə bilmərəm, bu qədər rahat özgələşə bilməzlər. Bağışlamaq özümü rahat edir, başımı yastığa qoyanda içim göynəmir, vicdanım rahat olur ki, mən incitməmişəm, məni incidiblər. Düzdür, çox diqqətcil adamam, elə xırda şeylərə görə insanlardan ötrü narahat olub qayğılarına qalaram ki, özləri də məəttəl qalar. Əgər maraqlanmamışamsa, demək, xəbərim olmayıb narahatlığından. Yəqin bu üzdən həm də bir balaca küsəyənəm. Ancaq kinli deyiləm. Yəqin ki, bağışlaya bilməyəndə adam kinli olur və o kin özünü didir, yeyir içindən...

 

- Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər...

 

Oxucu zövqləri, maraqlar müxtəlifdir. Hər kəsin öz seçimi var. O baxımdan vacib deyil, sadəcə, məsləhət bildiyim əsərlər var ki, sadalasam, yenilik olmaz. Çünki bu əsərlər yetkin oxucular tərəfindən oxunmuş olar artıq. Kamyunun "Yad”, Kafkanın "Çevrilmə”, Remarkın "Zəfər tağı”, Markesin hansı əsəri olsa, xüsusən, "Patriarxın payızı” və "Yüz ilin tənhalığı” əsərləri və ümumiyyətlə, Dostoyevski, Tolstoy, Saramaqo, sonra Platonovun, Çexovun və Mopassanın hekayələri...siyahını uzatmaq olar. İndilik dərhal xatırlaya bildiklərimdir bunlar.

 

 

- Müasir dövr ədəbiyyatından kimləri oxuyursunuz?

 

Oxuyursan deyəndə ki, mənim indiki mütaliəm ayaqüstü nəsə atışdırmaq kimi bir şeydir ki, acından ölməyim. Çünki tamamən oxumayanda özümü bomboş, mənasız hiss edirəm. Fürsət olduqca nəsə oxuyuram. Çünki məişət, qayğılar, problemlər və üstəgəl bütün bunları zərif çiyinlərində daşımaq, əlbəttə ki, məni ürəyim istəyən mütaliədən və yazı-pozudan ayırır. Axşamlar ədəbiyyat portallarını vərəqləyirəm, dünya ədəbiyyatından paylaşılan nümunələr və müəlliflərlə imkan dairəsində tanış olmağa çalışıram. Siz mütaliə deyirsiniz, heç yazmağa çata bilmirəm...

 

- "Mən qorxmuram, əsl Qadın yaşımdan” şeirində insanın psixoloji təlatümlər içində özünü axtarması, var-gəl etməsi incə bədii zövqlə izah olunur. Bu şeirin alt qatında sanki daha çox həyatın faniliyi və vəfasızlığı görünür. Sizin üçün həyatın, yaşamın fəlsəfəsi nədir?

 

Mənim üçün yaşamaq odur ki, nə qədər ki həyatdasan, olmayacağın zaman üçün sanki depozit yatırırsan. İnsanların ürəyində özünə ev qurursan, ev qurursan ki, qarda-qışda donmayasan. Daldalanmağa damın olsun. Mənim üçün yaşamaq odur ki, ürəyində adamlara ev tikirsən, ev tikirsən ki, istədikləri vaxt ərklə qapısını döyüb daldalanmağa, sığınmağa bir küncləri olsun. Yaşamaq – başqaları üçün həm yaşamaq, həm də bir az da ölməkdir. Ürəyim mənim deyil, sevdiklərimindir, dostlarımındır - illərlə üzlərini görməsəm də, məndən çox onlara xidmət edir, onları düşünür. Ancaq bir az qırıqlıqları çoxdur, o üzdən dama bilər – sevdiklərim islanar, hava çəkər – üşüyərlər. Odur ki, məni bağışlasınlar. Haqlarını halal etsinlər. Üzrlü bilsinlər...mən adamları sevirəm...Mənim üçün yaşamaq sevməkdir, sevdiklərin uğrunda özündən, öz maraqlarından, istəklərindən vaz keçməkdir. Özünə əzab-əziyyət olsa da...

 

- Yazmaq, bunun qarşılığında layiqli qiymət almamaq və ədəbiyyatdan, insanlardan küsmək. Bu halları yaşayan söz adamlarına münasibətiniz necədir?

 

Yenə də təkrar edəcəm, hər kəsin öz düşüncəsi var, hər kəs də özlüyündə haqlıdır. Ancaq mən yazmağın qarşılığında kimsədən nəsə ummuram. Mənim yazmağım mənə lazımdır, yazıdan aldığım zövqü özüm yaşayıram, yazanda xoşbəxt oluram, buna görə niyə kimsə mənə nəsə ödəməlidir? Bəlkə də, yazı mənim üçün yeganə varlıqdır ki, onun qarşılığında heç bir təmənnam yoxdur. Bir halda ki, söz sənə nəsib olub, demək, söz qarşısında xidməti borcun var.

 

- Yazıçının və yaxud şairin sosial durumu onun yaradıcılığı ilə bilavasitə bağlı olmalıdırmı ?

 

Bayaq da dedim, məsələn, məişət qayğılarım, problemlərin həlli yolunda qaçhaqaçlar, bəlkə də, ən çox yalnız yazı-pozuma zərbə vurur. Yaşamaq üçün bu çabalar zorundayam, həm də bu məsuliyyət birbaşa sənin üstündə olanda, daha çox əzilirsən. Yazmaq istəyirsən, dolursan, ancaq həm özün, həm də səndən asılı olanlar üçün yazmağı arxa plana salası olursan. Uşağa çörək lazımdır, sənin mətnlərinlə qarnı doymaz. O başa düşməz ki, yazmadığın, yazmaq imkanın olmayan mətnlər səni içəridən yeyib-tökür, dağınıq olursan, dolub-dolub partlamağa gəlirsən...Qış təzə girəndə evdəki elektrik peçini işlətmək istədim, gördüm nasazdır. Qoydum qabağıma, necə lazımdır, düzəltdim, işə saldım. Sonra yaxın dostlarımdan birilə danışanda dedim, barmaqlarımın başı ağrıdı, dırnaqlarım didik-didik oldu peçi düzəldib bitirincə. Düşüncəli-düşüncəli dedi ki, o barmaqlar yazı yazmaq üçündür, peç düzəltmək üçün yox...Hələ də xatırlayanda ətim ürpənir...Harasa tələsirəm, harasa gecikirəm, zaman da gedir, özü də çox sürətlə gedir.

 

- Ədəbi mükafatlara münasibətiniz...

 

Kimlər üçün bu önəmlidirsə, kim hesab edirsə ki, mütləq və mütləq bu mükafatları almaq lazımdır, Tanrı nəsib etsin. İki dəfə ədəbi müsabiqədə iştirak etmişəm. Nəsimi Milli Ədəbiyyat müsabiqəsində, hekayə nominasiyasında qalib oldum və Azadalıq radiosunun keçirdiyi müsabiqədə hekayəm onluğa düşmüşdü. Hər hansı bir ədəbi mükafat, ad, təltif iddiasında deyiləm, heç vaxt da olmamışam. Alsan, yaxşı, almasan da layiq deyilsən demək deyil. Bəzən insan ya həyatda layiq olduğunu almır, ya layiq olmadığını alır. Ya da sənin layiq olduğun başqasına nəsib olur…həyatdır da…Ədəbi mükafatlardan daha önəmli nələrsə var həyatda. Ya bu nəsələr daha önəmlidir, fəqət nəsibim olmayıb, mükafat nədir ki onların yanında, ya da elə gözəl, həyati əhəmiyyətli nəsibim olanlar var ki, yenə də, ədəbi mükafat nədir ki, onların yanında…

 

- Mütaliə vərdişinin formalaşması üçün zəruri bildiyiniz amillər hansılardı?

 

Elə vərdiş etmək… Hər gün müəyyən qədər oxumaq, az da olsa. Hazır oxucu bunu yaxşı bilir. Ancaq, məsələn, məktəbdə şagirdlərimə belə öyrədib, alışdırıram, evdə də qızıma. Hər gün yatmazdan öncə 10-20 səhifə oxuyur heç olmasa. Çətini vərdişə çevrilincədir, ondan sonra kitabsız darıxırsan.

 

- Son olaraq "söz” haqqında sözünüz...

 

Söz deyilən qədər müqəddəs və sehrlidir. Sözün enerjisi qədər güclü enerji bir də Sevgidir. Təkcə yazanda yox, gərək danışanda da sözləri seçəsən. Seçəsən ki, qarşındakını yaralamayasan, ya da yarasını qanatmayasan. Yazanda isə min dəfə ölçüb biçəsən, darayasan. Hər bir halda sözün məsuliyyəti var, insanın boynunda, istər yazar ol, istər olma. Hər dəfə nəsə yazanda, yazıb bitirəndə deyirəm, təşəkkür edirəm, sənə, Tanrım. Nə yaxşı ki, söz var və sən bu dəryadan mənə damla da olsa nəsib etmisən, yoxsa ürəyim çoxdan partlamışdı ee, haçandı...

 

 

Söhbətləşdi: Tural Cəfərli

 

Ədalət 2018.- 3 fevral.- S.6;10.