Gələcəyə aparan
körpü barədə kitab
Qəmər
xanım Cavadlının "İslam və
bioetika" əsəri işıq üzü görüb
Bioetika fəlsəfi
fikrin yeni başlanğıc nöqtəsini
təşkil edən
elm sahəsidir. Onun formalaşması və inkişafı ənənəvi etikanın
və xüsusi ilə tibbi etikanın transformasiyası
ilə sıx əlaqəlidir. Bioetikaya maraq,
hər şeydən əvvəl, müasir cəmiyyətlərdə insan
hüquqlarına, yeni
texnologiyaların və
tibbi vasitələrin
insanlar üzərində
sınanmasına yönəlmiş
qlobal ictimai marağın göstəricisidir.
Bu da öz
növbəsində, ciddi
hüquqi və mənəvi tənzimləmə
tələb edən bəzi problemlər əmələ gətirib.
... bir az bioetika...
Müasir dünya üçün böyük əhəmiyyət
kəsb edən bioetikanın nəzəri
və təcrübi təməli 1946-ci ildə
keçirilmiş Nürnberq
Məhkəməsində - nasist həkimlərin tükürpərdici əməllərinin
ifşası zamanı
qoyulub.
Bioetika müxtəlif
elmi-tədqiqat sahələrini
birləşdirən mənəvi-etik
və fəlsəfi
elm olaraq ötən əsrin 60-cı illərinin
sonu, 70-ci illərinin əvvəllərində yaranıb. 1971-ci ildə isə Van Renseller Potter "bioetika"
terminini ictimaiyyətə
təklif edib.
Potter yeni termini cəmiyyətə
təqdim edərkən
xüsusi vurğulayırdı
ki, bioetika "özündə bioloji bilikləri və bəşəri dəyərlər
sisteminin idrakını
ehtiva edən yeni elm" olmalıdır.
Əslində o, iki bilik sahəsi-təbiət və
humanitar elmlər arasında yaranmış kəskin ziddiyyətlərin
bütün ekosistemi dağıtma təhlükəsi
barədə "həyəcan
təbili" çalırdı.
Sonrakı illərdə demoqrafiya problemlərini araşdıran
holland əsilli həkim, ABŞ-dakı Kennedi Etika İnstitutunun
yaradıcısı Andre Hellegers
isə bioetikanı bir elm kimi mayevitka
ilə eyniləşdirir. Yəni bioetika
yalnız tibb, fəlsəfə və etika ilə müqayisədə, eləcə
də dialoq prosesində məna kəsb edən bir elm kimi dəyərləndirir.
Məhz Hellegers bioetika termininə akademik struktur verərək onu biotibbi elmlər
sahəsinə, siyasətə
və kütləvi informasiya vasitələri sisteminə daxil etdi.
Bu gün dünya
alimləri bioetikanı
gələcəyə aparan
körpü hesab edir və belə
düşünürlər ki, bu körpüdən
keçən bəşəriyyət
özünün şərəf
və ləyaqətini
qorumağı öyrənməlidir. Təsadüfi deyil ki, biotibbi
texnologiyanın yaratdığı
yeni etik problemlərin həlli üçün müsəlman
hüquqşünasları və fiqh alimləri
mütəmadi görüşlər
keçirir, müzakirələr
aparırlar.
... bir az da kitab
barədə
Qafqaz Müsəlmanları
İdarəsinin sədr
müavini, filologiya üzrə fəlsəfə
doktoru, tanınmış
jurnalist-tədqiqatçı, "Həsən bəy Zərdabi" mükafatı
laureatı Qəmər
xanım Cavadlı gələcəyə aparan
körpü hesab edilən bioetika barədə kitab yazıb. Bu sahədə araşdırma aparan, bioetikaya həsr olunan beynəlxalq konfranslarda ölkəmizi təmsil edən müəllif İslam dininin bioetikaya münasibətini də kitabda geniş təhlilini işıqlandırıb.
Kitabda həmçinin son illər
Azərbaycanda bioetika ilə bağlı həyata keçirilən
işlərdən ətraflı
söhbət açılır.
Qafqaz Müsəlmanları İdarəsinin
sədri, tarix elmləri doktoru, professor, Şeyxülislam Allahşükür
Paşazadə kitaba yazdığı "Ön
söz"də qeyd edir ki, İslam
dininin bioetika problemlərinə münasibəti
mövzusu din xadimlərini
çoxdan bəri narahat edən və maraqlandıran məsələdir: "...Müasir
sivilizasiya rifah mənbəyi olmaqla yanaşı insanın yaşam mühiti, mədəni-ekoloji şəraiti
və sağlamlığı
üçün bir sıra təhlükələr
yaradıb... Qəmər xanım Cavadlının
geniş araşdırmalar
və ətraflı təhlil sayəsində ərsəyə gətirdiyi
kitab İslamın bioetika problemlərinə münasibətini tarixi, fəlsəfi və ictimai aspektlərdən işıqlandırır. Çox təqdirəlayiq haldır
ki, müəllif müqayisə üsulundan
istifadə edərək,
digər dinlərin və fəlsəfi məktəblərin də
problemə münasibətini
açıqlaya bilib.
Bu gün din və elm
arasındakı qarşılıqlı
münasibətlər sistemini
mükəmməl şəkildə
təhlil edən bir kitabın ərsəyə gəlməsi
bütün dindarlarımıza
dəyərli töhfə
sayılmalıdır". Yeri gəlmişkən, Şeyxülislam
Allahşükür Paşazadə
"İslam və bioetika" kitabının
həm də elmi redaktorudur.
Kitaba akademik Vasim Məmmədəliyev
və Qafqaz Müsəlmanları İdarəsi
sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev rəy veriblər. Akademik Vasim Məmmədəliyev
"...İslam və
bioetika"nı "Zamanın tələblərinə
cavab verən kitab" adlandırıb:
"Allah-taala insanı
dünyanın ən kamil məxluqu kimi yaradıb, əqidəsi, imanı, əməli və təqvası olan şəxsi mələklərdən
belə üstün tutub. İslamın bioetikaya münasibəti
də məhz insana olan qayğı
və sevgidən irəli gəlir.
İnsan övladı öz ləyaqətinə xələl gətirmədən, ilahi və dünyəvi hüquqlarını pozmadan yaşamaq, ailə qurmaq, fəaliyyət göstərmək istəyir. Onun bu təbii istəkləri hüquqi və ictimai baxımdan tənzimləndiyi kimi, dini və mədəni-əxlaqi baxımdan da dəstəklənməlidir. Dünya dinlərinin bioetikaya münasibəti məhz əxlaqi kontekstin təsbitlənməsi üzərindədir... "İslam və bioetika" kitabı həqiqi mənada zamanın tələblərinə cavab verən bir kitabdır. Burada işıqlandırılan məsələlər əsrimizin ən aktual və daima cavabı aranan problemləridir..."
Kitabı nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, redaktoru Əhliman Rüstəmovdur. "İpək yolu" nəşriyyatında çap edilən "İslam və bioetika" Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının qərarı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə nəşr olunub.
Ədalət 2018.- 3 fevral.-
S.10.