Dövlətçilik tariximizə səyahət

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Azərbaycan sivilizasiyanın ən qədim ocaqlarından biridir. Azıx mağarasında arxeoloji qazıntılar nəticəsində aşkar olunan maddi mədəniyyət qalıqları göstərir ki, Azərbaycan ərazisi qədim insanların formalaşması arealına daxil idi. Bu materiallar ibtidai insanların burada 1,5 mln. il əvvəl məskunlaşmasını sübut edir. Qobustan qayaüstü təsvirləri kompleksi Mezolit, Neolit və sonrakı dövrlər incəsənətinin mühüm abidəsidir.

Azərbaycan ərazisində e.ə. VI minilliyin ortalarına aid olan yaşayış məskənləri burada qonşu vilayətlərlə sıx əlaqədə olan sakinlərin təsərrüfatı, mədəniyyəti və ictimai münasibətləri haqqında aydın təsəvvür yaradır. E.ə. IV minilliyin ortaları - III minilliyin sonlarında Azərbaycanda və qonşu ərazilərdə Kür-Araz mədəniyyəti yayılmışdır. Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhs olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı. Akad. M. İsmayılov, Prof. Q. Qeybullayev, Prof. F. Cəlilov və başqaları kutiləri türkdilli hesab edirlər.

Urmiya gölündən cənub-şərqdə yerləşən əyalətlər haqqında məlumat verən e. ə. III minilliyin sonlarına aid Akkad mənbələrində lullubum (Lullupum, Luilume, Lullu) tayfasının adı çəkilir. Q. Qeybullayev lulubi etnonim, teonim və toponimlərini tədqiq edərək onların türk dilli ola biləcəkləri ehtimalını irəli sürmüşdür.

E.ə. XI əsrdə Manna ərazisində müstəqil siyasət yürüdən Zamua, Gilzan, Alateye, Surikaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andias. vilayətlər meydana gəlmişdi.

Urmiya gölündən cənubdakı ərazi Zamua adı ilə tanınmağa başladı. Bu ad lullubi tayfalarından birinə mənsub yerli ad hesab edilir. Sonralar həmin ərazi hissələrində mannalılar yüksəldi. Bu ad altında şübhəsiz ki, ayrı-ayrı qohum tayfalar birləşir.

Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş Kuti, Lulubi kassilərin bilavasitə varisi idi. Manna, Minni ya Manas - Tarixi Azərbaycan ərazisində, Urmiya gölünün sahilində yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət olmuşdur. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük iqtisadi mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi.

Mannada dövlətin başında irsi hakimiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü.

Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir (Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994, səh. 36). Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır (Dğəkonov İ. M. İstoriə Midii. M. - L., 1956, səh. 145; Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2007, səh. 465).

Mannanın adı ilk hökmdarı Udakinin adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843-cu ildə III Salmanasar kitabəsində çəkilir (S. Qaşqay - Manna dovləti, Bakı, 1993, səh. 65). Adətən assurlar Mannanı "Manneylər olkəsi", Mannaş, urartulular isə Mana olkəsi adlandırırdılar.

S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiya ətrafında yaşayan tayfalardan birinə məxsus olmuş, sonralar mannalılar ərazi tayfaları birləşdirdikdən sonra bu ad bütün dovlətə şamil edilmişdir.

Mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur.

Zikirtu əyaləti müasir Miyanə - Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir. O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə, Zikirtunun başında mannalıların canişini dayanırdı.

Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (aşşurca - Uisdis, Urartuca - Ugisti) əyalətinin adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikirtu Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi Bari əyalətləri yerləşirdi. O, həm Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu. II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun Tarmakis (Təbriz) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.

S. Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün farsdilli tayfaların İran yaylasına soxulması dövrünü onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır (S. Qaşqay - Manna dövləti, Bakı, 1993, səh. 148). Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözügedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.

 

 

(ardı gələn sayımızda)

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2018.- 6 fevral.- S.7.