Özümlə söhbətim
Son vaxtlarda diaspor məsələsi gündəmi ən çox tutan mövzulardan birinə çevrilib. Hərə bir fikir səsləndirir; bilən də danışır, bilməyən də. Haqqı çatan da ittiham edir, çatmayan da. Diasporumuzun bir üzvü kimi bundan narahat olmaya bilməzdim və ona görə də qərara gəldim ki, bu məsələlərə münasibətimi bildirim, ancaq müsahibə formasında. Bəs məndən müsahibə almağı kimdən xahiş edim? Yox, yanlış anlamayın, mətbuatda dostlarım, həm də təmənnasız dostlarım çoxdur. Ancaq axı onlar nədən danışmaq istədiyimi bilmirlər. Odur ki, özüm özümlə söhbət etməyə, yəni özümdən müsahibə almağa qərar verdim.
- Vüqar bəy,
sizə necə müraciət edim, bəy, yoxsa müəllim?
- Sadəcə Vüqar və həm də "sən" deyə müraciət etmənizi istərdim. Əgər etiraz etmirsinizsə, mən də sizə "sən" deyə müraciət edim.
- Əlbəttə. Bəs səni necə təqdim edim, Niderlandda fəaliyyət göstərən "Connect" (Konnekt) təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü kimi təqdim etsəm olar?
- Bunları qeyd etmən sadəcə ona görə önəmlidir ki, oxucular həmsöhbətinin kim olduğunu bilsinlər. Yoxsa titulların, adların və s. mənim üçün önəmi yoxdur.
- Diasporla
bağlı müsahibə vermək istədiyini demisən. Nədən belə bir istəyin
oldu?
- İt
olub hürmədik Aya,
Yıxdı
bizi abır-həya,
Qoyun
olmaya-olmaya
Qoyun olmaq çətin şeymiş.
Səhv etmirəmsə Ramiz Rövşənin
şeridir. Baxırsan ki, hər kəs diaspordan
danışır, bilən də bilməyən də. Bir də adamın gözünün içinə elə
yalan deyənlər olur ki, qalırsan belə, nə deyəsən.
Bir söz deyəndə də olursan pis adam.
Söhbətimiz boyunca bu istəyimin səbəbi
daha da aydın olacaq.
- Vaxtilə sən özün də
diaspordan yazar, tənqid edərdin. İndi nə oldu, niyə
çoxdandır yazmırsan?
- Bəli,
vaxtilə diaspor barədə ən çox yazanlardan, tənqid
edənlərdən biri də mən idim. Ancaq o
vaxt sadəcə bir jurnalist kimi yazırdım, təşkilatçı
kimi deyil. Yəni o zaman maraqlı tərəf
deyildim. Jurnalist kimi hər zaman
düşündüyümü, gördüyümü
yazmağa, obyektiv olmağa çalışmışam.
İndi isə mən də bir təşkilatın
sədriyəm. Düşünürəm ki, etik olmaz
ki, bir təşkilat rəhbəri digər təşkilat(lar)ı
tənqid etsin. Onda elə anlaşıla bilər ki, mən
maraqlı tərəf kimi digər təşkilat(lar)ı
"vururam". Halbuki diaspor təşkilatları
siyasi partiya deyillər və heç bir siyasi iddiaları da
olmalı deyil. Diaspor təşkilatlarının
işi sadəcə diaspor fəaliyyəti olmalıdır və
bu fəaliyyəti də kimlərəsə, rəsmi
Bakıya xoş gəlmək üçün, məhz
diasporumuz üçün etməli olduğu düşüncəsindəyəm.
Nə vaxt ki təşkilatçılıqdan
çəkiləcəm, o vaxt yenə də jurnalist kimi
yazılarımı yazacam və lazım olanda tənqid də
edəcəm.
- Diasporumuz Azərbaycan
üçün nə edib, nə edir, nə etməyi
düşünür?
- Əslində, bizim burda gördüyümüz bir
çox işlər həm də Azərbaycan
üçün edilmiş deməkdir. Məsələn,
bizlər yaşadığımız yerlərdə
özümüzü yaxşı mənada tanıtsaq və
burdakılar da bilsələr ki, biz hansı öıkədən
gəlmişik, bu elə Azərbaycanın yaxşı mənada
tanıdılması deyilmi? Bizlər
yaşadığımız yerlərdə
övladlarımızı soyuna-kökünə bağlı
böyütsək belə, vətənpərvərlik
etmiş olarıq. Beləki gənc nəsil
yerli uşaqlarla birlikdə böyüyür, təhsil
alır və gələcəkdə işləyəcəklər.
Bunların arasından isə irəliləyən
zamanlarda mütləq siayasi xadimlər və digər sahədə
çalışanlar çıxacaq və bunun nə demək
olduğunu izah etməyə ehtiyac görmürəm. Bir də ki niyə elə
düşünürsünüz ki, xaricdə yaşayanlar
hamısı diaspor fəaliyyəti ilə məşğul
olmalıdır? Hamı Azərbaycan
üçün nəsə etməlidir?
- Məşğul olmalı deyillər?
- Yox, əlbəttə.
Xaricə yaşamağa diaspor fəaliyyəti
ilə məşğul olmaq məqsədilə gedən
yoxdur. Artıq xaricdə yaşadıqca insanda müəyyən
hisslər yenidən oyanmağa başlayır ki, ölkəm
üçün bunu edim, onu edim və s. Kimisi bunu fərdi
edir, kimisi bir başqaları ilə birlikdə təşkilat
yaradır, kimisi də yaradılmış təşkilatlarda
aktiv olmağa çalışır. Bir də
ki nə üçün düşünürsünüz ki,
hamı fəaliyyəti barədə məlumat verməlidir?
Məsələn, mən fərdi fəaliyyət
göstərdiyim vaxtlarda bunu kimsəyə nə deyir, nə də
bir yerdə yazardım. Dostum Elnur Eltürk
məni buna bir növ məcbur etdi. Başqa
bir misal, mənim həyat yoldaşım artıq bir neçə
ildir ki, ibtidai məktəbdə (12 yaşına qədər
olan uşaqlar üçün) işləyir və ölkəmizi
bacardığı qədər təbliğ edir. Məsələn,
Novruzda, Respublika günlərində qısa məlumatlar verir,
evdə şəkərbura, paxlava bişirib aparır və s.
Ancaq bunu nə mətbuata vermək üçün edir, nə
facebookda yazmaq üçün. Mən də
bunları ilk və son dəfə deyirəm. Bilirsiniz nə
qədər soydaşımız var ki, fərdi etdiklərini
heç yerdə demir, yazmırlar. Səbəbini
də soruşanda birisi bunu təvazökarlıqdan kənar
kimi dəyərləndirir. Digəri deyir
ki, nə üçün hamıya bildirməliyəm? Kiminsə qarşısında öhdəliyim
olduğu üçün etmirəm axı. Sadəcə içimdən gəlir və edirəm.
- Deyirsən
ki, hər kəs diaspor fəaliyyəti ilə məşğul
olmalı deyil. Bəs ermənilər...
- Dayan bir
dəqiqə, ermənilərlə bağlı sualını
bir azdan verərsən. Yaxşı ki, bir
söz bilirsən, "erməni diasporu", "yəhudi
diasporu". Nəzərə alın ki, bu
gün diaspor adlandırdıqlarınız əksəriyyəti
ölkədən bu, yaxud digər səbəblərdən
narazı çıxmış insanlardılar. Nəzərə alın ki, hər hansı bir səbəbdən
ölkədə uğur qazanmasına imkan vermədiyiniz
adamların xarici ölkələrdə uğur
qazanmasını və bundan da şəxsi məqsədləri
üçün deyil, narazı çıxdıqları
ölkə üçün istifadə etməyini istəyirsiniz
və s. Nə isə, buna qayıdarıq. Gələk hər kəsin diaspor fəaliyyəti məsələsinə.
Əlbəttə ki, hər kəs məşğul
olmalı deyil. Napoleon deyir ki, bütün əxlaqsızlıqların
ən yekəsi bacarmadığın işdən
yapışmaqdır. Səncə,
hamı, bildi-bilmədi bu işlə məşğul
olmalıdır? İnan ki, bunun zərəri
olar.
- Bəs xaricdə yaşayan
soydaşlarımızın tədbirlərə, mitinqlərə
gəlməməsinə necə baxırsan?
- Bəsdir,
sən vicdanın. A kişi, Azərbaycandakı
bütün tədbirlərə yığışıb
bütün azərbaycanlılar gəlir? Xocalı,
20 Yanvar anım günlərində Şəhidlər
Xiyabanına hamı gəlir? Özün də
bilirsən ki, yox. Heç mümkün də
deyil. Biz də sizdənik də, bura gəlib
dəyəcəyimizi gözləməyiniz
yanlışdır. Biz pisiksə, demək
siz də pissiniz, yaxşıyıqsa, siz də
yaxşısınız. Hamımız eyni
millətdənik; burda da, orda da. Digər tərəfdən,
camaatın işi-gücü var. İstədiyin vaxt işdən-gücdən
qalmaq olmur. Başqa ölkədə
yaşayırıq, işdən icazə almaq olmur. Hər kəsin ailəsi-uşağı var, hər
dəfə filan qədər verib tədbirlərə getmək
olmur. Avropada yol xərci çox
bahadır. Şəxsən mənim
yaşadığım yerdən Den Haaqa (ki, orda tədbirlər
çox olur) gedib gəlmək 50-100 avroya başa gəlir.
Ayda iki tədbirə getsən, hesabla gör nə
qədər edir. Hardan alsın kimsə hər
ay bir neçə tədbirə getsin? Sən
denən, Azərbaycandakılar, xüsusən burda yaşayan
sadə insanları qınayanlar, ayda demirəm, ildə 100 avro
ölkə üçün xərcləyirlər? Azərbaycanda yaşayan soydaşlarımıza
öz məmurlarımızla görüşmək
asandır? Razılaşarsınız ki,
yox. Ancaq gözləyirsiniz ki, biz dünən
gəldiyimiz ölkədə bu gün baş nazirlə oturub
durmalıyıq. Bir qədər səmimi
olaq e. Bəziləri eləcə adət ediblər irad bildirməyə.
Hələ bir də təsəvvür et
ki, eyni məqsədlə bir ayda, bəzən isə bir
gündə neçə təşkilat tədbir
keçirdir. Birinə gedirsən, digərinə gedə
bilmirsən... Olmur, inan ki, olmur. Sözdə
demək asandır...
- Bəs
ermənilər...
- Bəsdirin
də, ermənilər, yəhudilər dediniz. Əvvəla
bilin ki, ermənilər, yəhudilər yüz illərdir ki,
dünyanın müxtəlif ölkələrində
yaşayır və həm də geniş maddi imkanlara malikdirlər.
Digər tərəfdən isə bəsdirin
özümüzü kiminləsə müqayisə edib
kiçiltməyə çalışdıq. Bir sual verim. Qarabağı ermənilər
öz gücünəmi alıb? Cavabını da
özüm verim: yox. Necə Qarabağı
almaqda dəstək veriblər, eləcə də diaspor fəaliyyətində
dəstək verirlər. Bundan başqa, gəl bir
neçə səbəb də sayım:
* Erməni
diasporuna kənardan, Ermənistandan heç bir müdaxilə
edilmir. Əksinə, diaspor Ermənistana təsir
edir.
* Erməni
diasporunu dünyanın heç bir yerində Ermənistanın
dövlət qurumları arasında seçim etmək məcburiiyyətində
qalmır.
* Ermənistan
xaricdə yaşayan heç bir ermənini
yaşadığı yerin vətəndaşlığını
alıb deyə vətəndaşlıqdan
çıxartmır.
* Ermənistan
xaricdə yaşayan heç bir ermənini
yaşadığı yerdə seçkili orqanlarda, parlamentdə,
bələdiyyədə iştirak edib deyə vətəndaşlıqdan
çıxartmır.
*
Heç bir erməni Ermənistana viza alıb getmək, ora gedəndə
isə qeydiyyata düşmək məcburiyyətində deyil.
*
Heç bir erməni başqa ermənini diaspor fəaliyyəti
ilə məşğul olduğuna görə hakimiyyətə
işləməkdə və s. suçlamır.
Bunlar sadəcə saydıqlarımdır və nəzərə
alın ki, eyni sözlər yəhudi diasporuna da aiddir.
- Məncə,
xaricdə yaşayan biri kimi Vətənə xidmət etmək
sizlərin borcunuzdur. Azərbaycanda yaşayan
insanlar düz edib sizdən hesabat istəyirlər.
Düz edib deyirlər ki, niyə qazancınızdan diaspor fəaliyyətinə
ayırmırsınız, yaxud da az
ayırırsınız.
- Sənin
bu boş və məntiqsiz sualın yadıma Əziz Nesinin
"Vətən borcu" hekayəsini saldı. Get bir onu oxu.
Hekayədən bir sitat verim sənə: "Hirslənmə, əzizim.
Sən də polisdə işləyib, vətəndaşlıq
borcunu yerinə yetirirsən, ancaq hər ay sənə bala-bala
gəlir. Məclis deputatı da öz
borcunu maaşsız yerinə yetirmir". İndi mən
deyim, cəsarətin varsa olduğu kimi də qəzetə ver:
1. Bizim
qazancımızın hesabatını soruşmaqdansa, kimin cəsarəti
varsa gedib araşdırsın ki, dövlətin diaspor fəaliyyətinə
ayırdığı pullar aidiyyətə üzrə xərclənirmi?
Xərclənirsə, hara və necə? Ancaq diqqətli ol, mən "xərclənmir"
demədim, sadəcə soruşdum.
2. Gedib
hesabatını soruşun ki, filan qədər xərc çəkib
xarici dillərdə çap etdirdikləri vəsaitləri
haralara və kimlərə paylayırlar? Yoxsa elə
"quş qoymaq" xətrinə çap edirlər?
Sübut kimi deyim ki, Almaniyada yaşayan bir tanışım
evində illərdir saxladığı kitablardan bir qutu da mənə
verdi.
3. Hesabatını soruşun ki, xaricdə
keçirilən tədbir xaricilər, orda yaşayan
soydaşlarımız üçündür, yoxsa Azərbaycandan
gələn rəsmi, qeyri-rəsmi, lazımlı,
lazımsız adamlar üçün ki, bəzi tədbirlərdə
Azərbaycandan gələnlər daha çox olur?
4.
Hesabatını soruşun ki, iş adamlarını belə, dəstək
vermələri üçün niyə konkret kimlərəsə,
özlərinə yaxın təşkilatlara yönləndirirlər?
Gəlin düzünü danışaq, bir çox halda
Vətəndəki soydaşlarımızın bəzilərinin
bizlərdən gözləntiləri lazım olduğundan da
çox olur.
Bunları çatdırmaq isə nə fiziki, nə də
maddi cəhətdən mümkün deyil, ən azından
çətindir...
- Sən də pul davası edirsən?
Ənənəvi şantaj üsulu. Deyirəm ki,
maddi imkanlar yol verməlidir, yol verməyəndən sonra nə
edəsən, necə edəsən? Mən
Azərbaycan dövlətindən heç nə gözləmirəm,
imkanım olsa özüm yardım edərəm. İstənilən məsələnin
hesabatını da açıq verməyə hazıram.
İş adamlarına gəlincə, onlarla əməkdaşlıq
etmək olar, qarşılıqlı maraqlar çərçivəsndə
ki, iş adamının da marağı gözlənilsin. Bir məqamı
da qeyd edim ki, mən özüm biznes qurmağa
çalışdım, bir neçə il
öncə. Azərbaycan gömrüyü, bəzi
məmurları məni elə maddi ziyana saldılar ki, borcundan
bu yaxınlarda qurtarmışam. Deyəndə
ki, bu biznesdən gələn gəliri filan işə xərcləyəcəm,
belə vicdansızlıq etməyin. Deyirlər
ki, səndən bunu xahiş edən var? Vicdana
gəlincə, bu sözün tələffüzünü belə
bəziləri bilmir. Burdan, Niderlanddan Azərbaycana sərmayə
qoymaq üçün bir çox iş adamları ilə
danışıqlar apardım. İş adamlarından biri də
dedi ki, biz Azərbaycanda filan işi görmüşük, pulumuzu da ala bilmirik. Bizə kömək et. Rəsmi yerlərə
müraciət etdim. Uzun zaman gözləyəndən
sonra da dedilər ki, bizlik deyil. "Axırıncı
aşırım" bəbii filmində deyildiyi kimi, əşşi
hansını deyəsən, birdi, ikidir ki, deməklə
bitsin. Söz də deyəndə olursan düşmən,
pis adam. Danışmayanda da
yuxarıdakı bənd yadıma düşür.
- Bir sual da verim...
- Bir dəqiqə dayan, yadıma bir şey düşdü, onu da deyim. Bu günə qədər onlarla niderlandlı siyasət adamları, eləcə də millət vəkilləri ilə görüşdüm, qəzetlərdə, saytlarda yazılar, müsahibələr verdim, radioda çıxışlar etdim və s. Dəfələrlə də jurnalistlərdən gələn bu təklifləri rədd etdim ki, səbəbləri başqadır, zamanı gələr deyərəm. Sənə bir məqamı deyim ki, heç kimə deməmiş, heç yerdə yazmamışam, məncə. Şou biznes adamları demişkən, eksklüziv olaraq burda açıqlayacam (gülür). Bir neçə il öncə Niderland parlamentində jurnalist kimi qeydiyyatdan keçmək istədim. Məqsədim də o idi ki, yerli deputatlarla əlaqə yarada bilim. Sonunda buna razılıq ala bildim. E-maillər hələ də məndə qalır, sübut edə bilərəm. Ancaq şərtləri bu idi ki, mən bir mətbuat orqanını təmsil etməli və həftənin beş gününü ora getməliyəm. Azərbaycanda nə qədər media qrumuna müraciət etdim ki, məni burda jurnalist kimi qeydiyyata alsınlar. Soruşa bilərsiniz, məsələn, ANS-dən Mirşahin bəylə, o vaxt İTV-yə sədrlik edən İsmayıl Ömərovla və başqa çox adamla danışdım. Alınmadı, razılıq verən olmadı. Səbəbləri barədə heç danışmaq istəmirəm. İnanmırsınız gedin özlərindən soruşun ki, Niderlanddan bu məsələ ilə bağlı sizinlə danışan olubmu? Bax, sənə deyirəm, etiraf edirəm, bəlkə təvazökarlıqdan kənar səslənəcək, burda mənim özümə görə əlaqələrim olub və var. Ancaq maddi baxımdan daha tükənmişəm. Neyləyim, evdəkilərimi ac saxlayıb gedib diaspor fəaliyyəti ilə məşğul olmalıyam? Novruz bayramı keçirtmək də, şəhidlərimiz üçün anım tədbirləri keçirtmək də və s. diaspor fəaliyyətidir və olduqca vacib məsələlərdirlər. Ancaq fəaliyyət təbii ki, bununla kifayətlənməməlidir. Bilirəm sizlər necə fəaliyyət istəyirsiniz. Ancaq o fəaliyyət bir tədbirə sığası deyil. Məsələn, on yeddi milyondan artıq əhalisi olan Niderlandda sən tədbirlərlə fikrini çatdıra bilməzsən. Bunun üçün mətbuatın; televiziyaların, qəzetlərin və s. xidmətlərindən istifadə etməlisən. Saytlar yaratmalısan ki, bununla bağlı məndən çox təklif verən olduğunu düşünmürəm. İlin bütün aylarında bu sahədə fəaliyyətdə olmalısan, sizin istədiyiniz fəaliyyət üçün. Buna görə isə gərək özünü ancaq bu sahəyə aid edəsən. Ancaq biz də işləməli və ailəmizi saxlamalıyıq. Razı deyilsənsə, mən deyirəm, bəlkə kimlərinsə açıq demədiyini deyirəm, yoxdur imkan və hətta sənin imkanın varsa bunları böyük şriftlərlə yaz: PULSUZ İŞ GÖRMƏK OLMUR, PUL DA YOXDUR. KƏNARDAN OTURUB SÖZ DEMƏKLƏ DEYİL.
- Bəs necə
edək ki, diasporumuz güclənsin?
- Mütləq nəsə etməlisiniz? A kişi, gedin ölkənin daxilindəkilərin məsələsini həll edin. Məsələn, gedin təhsilinizlə, mətbuatınızla, gündəlik sosial qayğılarınızla, səhiyyənizlə və s. maraqlanın. Xaricdə oxutdurduğunuz tələbələrə elə şərait yaradın ki, ölkəmizə qayıtsınlar və ölkəmizdə işləsinlər. Axı onları oxutdurmağa xərc çəkmisiniz. Diasporu boş buraxın ki, diasporumuz təbii inkişaf etsin. Diasporda monopoliya yaratmağa çalışmayın. Hələ də öyrənə bilmədik ki, monopoliya olan yerdə inkişaf olmaz. Orda-burda tədbirlər keçirtməklə diaspor güclənməz, tədbirlərin alt yapısını hazırlamaq lazımdır, insanlarla işləmək lazımdır. Əlinə hər bayraq alıb yellədən barədə mətbuatda palaz-palaz yazılar verib mətbuatı da gözdən salmayın. Özümə də aid deyirəm, məndən xəbər alanda dəqiqləşdirmədən mətbuata verməyin. Hesab soracağınız bizlər deyilik, bir qədər əvvəl də dediyim kimi, bu sahəyə dövlət pul ayırırsa, o pulların hesabını sorun. Bizdən hesab sormayın ki, niyə belə etmirsiniz və yaxud da orda min bir əziyyətlə qazandığınızı niyə ailənizə xərcləyirsiniz, bu işlərə yox. İttiham etməyiniz bizi, daha da həvəsdən salırsız. Bir sözlə, nəticəni tənqid etməyin, bu nəticəyə gətirib çıxaran səbəbləri tənqid edin.
- Bir sual
da verim...
- Vermə,
daha sual vermə. Sonra bir də söhbət edərik.
Hələlik bu olsun bizim birinci söhbətimiz,
sonra ikincini, lazım olarsa üçüncünü,
dördüncünü və s. edərik.
Ədalət 2018.-
6 fevral.- S.6.