Xeyriyyəçi - Qurbanov qardaşları
"Dünyada milyonlarla azərbaycanlı yaşayır. Onları həmrəyliyə çağırmaq, bu barədə təşəbbüskarlıq etmək bizim müstəqil Azərbaycan Respublikasının tarixi missiyasıdır".
Heydər Əliyev, Ümummilli Lider
Asəf Qurbanov: "Ulu Öndərimizin Azərbaycan üçün gördüyü işlərin kiçik bir zərrəsini biz görə bilsək, özümüzü ən xoşbəxt insan hesab edərik".
Qarşımda rus dilində çap olunan bir jurnal var.
"CONSULTING BUSINESS" adlanır. Bu jurnalın 2003-cü ilin oktyabr
ayı nömrəsində məşhur Azərbaycan
mesenatı, tanınmış iş adamı, 2001-ci ildə
Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin
yaradıcısı, bu təşkilat üçün əvəzsiz
işlər görən Aydın Səməd oğlu Qurbanov
haqqında, onun 50 illik yubileyinə həsr olunan geniş
portret yazısı çap olunub. Yazını oxuyub qurtaranda
düşündüm ki, uzun illər Azərbaycan və azərbaycanlılar
üçün əvəzsiz işlər görən belə
bir insanı sizə yaxından tanıdım...
XATIRLATMA
... Bakıda Müqəddəs Jen-Mironosiç Rus kilsəsinin
yüksək səviyyədə bərpa olunması da
Aydın Qurbanovun sayəsində reallaşmışdı.
Maraqlıdır ki, bu müqəddəs kilsəni
vaxtı ilə xaqımızın böyük mesenatı
Hacı Zeynalabdin Tağıyev tikdirmişdi, indi bu kilsəni
onun davamçısı olan mesenat Aydın Qurbanov bərpa
edirdi. 2003-cü ilin mart ayının 24-də
reallaşan və yüksək səviyyədə bərpa
olunan bu kilsənin açılışında ulu öndər
Heydər Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Hacı Allahşükür
Paşazadə, Moskvanın və Ümumrusiyanın
patriarxı II Alekseyin adından onun müavini də iştirak
edirdi. Ulu öndərin bu kilsənin
açılışında etdiyi nitq, xristian və müsəlman
xalqlarının uzun əsrlər dostluq əlaqəsində
yaşaması tarixi bir çıxış kimi həmin
vaxtı hamının yaddaşında əbədi qaldı.
Ümumrusiyanın və Moskvanın patriarxı II Alekseyin
müavininin çıxışı, Aydın Qurbanovu
müqəddəs knyaz Danil Moskovski ordeninin I dərəcəsi
ilə mükafatlandırması və oğlu Səmədin
bu işlərin görülməsindəki əsas xidmətlərini
həmin ordenin III dərəcəsi ilə
mükafatlardırması da açılışa
toplaşanların diqqətinə çatdırdı...
Hələ 1990-cı ildən fəaliyyət göstərən
"Qurbanov Xeyriyyə Fondu" Azərbaycan və həm də
Rusiyada yaşayan imkansız ailələrə böyük
köməkliklər edirdi. Bu Fondun sayəsində
istedadlı azərbaycanlı gənclər Moskva Dövlət
Universitetində və Moskva Dövlət Beynəlxalq Əlaqələr
Universitetində təhsil alırdılar. Eləcə
də Mərdəkan və Şüvəlanda yerləşən
internat məktəblərinin əsaslı təmiri, dərs vəsaitləri
ilə təmin olunması və mütəmadi ərzaqla təchizatı
da məhz bu Fondun hesabına idi.
Azərbaycanda
doğulan və keçmiş Sovetlər Birliyi
üçün böyük, əvəzsiz işlər
görmüş, tarixi şəxsiyyətlər, Şəmkir
rayonunda doğulan, məşhur geoloq, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ Geologiya Nazirinin birinci müavini, Lenin ordenli, Lenin
mükafatı laureatı, Rusiya Fedorasiyasının Əməkdar
geoloqu Fərman Salmanov, Bakının Sabunçu rayonunda
doğulan, məşhur netf mütəxəssisi, SSRİ
Nazirlər Soveti Sədrinin müavini və Dövlət Plan
Komitəsinin sədri, Rusiya və Azərbaycan Dostluq Cəmiyyətinin
sədri Nikolay Kostantinoviç Baybakov, Bakıda doğulan,
Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlər
mükafatı laureatı, general-leytenant Kərim Kərimov
kimi tarixi şəxsiyyətlərlə də Aydın
Qurbanovun çox yaxın əlaqələri vardı. Belə ki, Ümumrusiya Azərbaycanlıları
Konqresini yaradanda, onlardan dəyərli məsləhətlər
alırdı. Onları özünə
ağsaqqal bilirdi.
Aydın Səməd oğlu Qurbanov 50 yaşında
sağalmaz xərçəng xəstəliyiyə tutuldu. Onu müalicə
etmək mümkün olmadı. Ömrünün
çiçəklənən dövründə həyata əlvida
dedi...
Bu il, yəni 2018-ci ildə dünyaya gəlişinin
65 ili tamam olan və dünyasını dəyişməsindən
15 il keçən Aydın Qurbanovu heç kim yaddan
çıxarmır. Onu tanıyan insanlar
böyük hörmətlə yad edirlər.
Keçən
il Ümumrusiya Azərbaycanlıları
Konqresi bizim bədxah qonşularımızın əli ilə
bağlanmışdı. Amma xeyirxah insanlar bu işdə
yardımçı olub, Aydın Qurbanovun ideya müəllifi
və yaradıcısı olduğu, cəmi iki il
rəhbərlik edə bildiyi bu konqresi yenidən bərpa etdilər.
İndi bu konqresin başında dünya şöhrətli cərrah
və tibb üzrə böyük alim, təkcə Rusiyada yox,
dünyada böyük hörməti olan Aydın Qurbanovun
böyük qardaşı, tibb elmləri doktoru, N.A.Semaşko
adına Mərkəzi Klinik Xəstəxananın cərrahiyyə
şöbəsinin müdiri, Rusiya Xalqlar Dostluğu
Universitetinin hospital cərrahiyyəsi kafedrasının
professoru, akademik, Nyu-York Elmlər Akademiyasının həqiqi
üzvü Fazil Səməd oğlu Qurbanov durur.
...Taleyin
hökmünə bax ki, Moskvada təhsil aldığım illərdən
tanıdığım, hər ikisi ilə elə orada təmasda
olduğum Fazil və Aydın Qurbanovların kiçik
qardaşı, tanınmış iş adamı Asəf
Qurbanovla onun Bakıdakı ofisində üz-üzə əyləşmişik.
Keçmiş illəri vərəqləyirik.
Qurbanovlar ailəsinin kişik oğlu Asəf Bakıda
anadan olub. Xalq Təsərrüfatı İnstitutuna (İndiki
İqtisad Universitetinə) daxil olub. Bu ali
məktəbi də yüksək səviyyədə bitirən
Asəf Səməd oğlu 1982-ci ildə təyinatla
Rusiyanın Vladimr şəhərinə işləməyə
göndərilib. Bu qədim, tarixi şəhər
Asəf müəllimin çox xoşuna gəlib. Evdən
uzaqda və burada artıq sərbəst həyata başlayan
cavan mütəxəssis, yaxşı təşkilatçı
insan az bir zamanda özünə çoxlu
həmfikirlər və dostlar tapıb. Sovetlər
Birliyi dağılandan sonra isə Asəf Qurbanov öz
biznesini qurub. O, öz biznesini qardaşı
Aydının həmin vaxtlar yaşadığı Moskva şəhərində
də onun köməkliyi, ağıllı məsləhətləri
ilə qurub. Çünki həmin vaxtı
artıq Aydın Qurbanovun biznes sahəsində böyük təcrübəsi
vardı. Xalq təsərrüfatı üzrə ali təhsilli mütəxəssis olan Asəf
Qurbanov da biznes işləri artıq alınmağa
başlayırdı. Hal-hazırda Asəf
Qurbanovun Rusiyada böyük Holdinqi var. Onun bu təşkilatında
3 mindən çox insan çalışır. Bu insanların içərisində həmvətənlərimiz
olan azərbaycanlılar da çoxdur.
- Asəf
müəllim, Aydın Qurbanovu təkcə qardaş kimi yox,
bir insan kimi necə xatırlayırsınız?
- Mən
mübaliğəsiz deyə bilərəm ki, bu 59
yaşımda onun kimi xeyirxah, güclü, insanlara yanan,
gördüyü işlərdə heç bir təmənna
güdməyən, sözü bütöv, yüksək
erudisiyaya malik ikinci insan görməmişəm. O,
gördüyü işləri heç vaxt təbliğ etməyi
xoşlamırdı. Ona görə heç bir
qəzetə, televiziyaya müsahibə vermirdi. Özünü təriflətmirdi və təbliğ
etdirmirdi. O, çalışırdı ki,
gördüyü xeyirxah işləri yalnız həmin adamlar
özləri bilsin. "Sağ əlin verdiyini sol əl bilməməlidir"
- bu sözlər isə onun ali məqsədi
və həyat kredosu idi: "Allah mənə yaxşı
imkan yaradıb. Mənim də məqsədim
insanlara kömək etməkdir".
- Necə
oldu ki, Aydın Qurbanov Ümumrusiya Azərbaycanlıları
Konqresini yaratdı?
-
Yadımdadır ki, 2001-ci ildə Dünya Azərbaycanlılarının
I Qurultayında ulu öndər Heydər Əliyev belə dedi:
"Yaşadığı ölkədən asılı
olmayaraq, Müstəqil Azərbaycan bütün azərbaycanlıların
doğma Vətənidir. Siz
yaşadığınız ölkələrdə diaspor təşkilatları
yaratmaqla oradakı azərbaycanlıları daha sıx birləşdirə
bilərsiniz. Bu müqəddəs işdə
biz, sizə necə lazımsa köməklik edəcəyik".
Həmin vaxtı dünyada yaşayan azərbaycanlıların
çoxlu diaspor təşkilatları yarandı. Bu təşkilatlardan ən birincisi Rusiyada Aydın
Qurbanovun rəhbərliyi ilə yaradılan Ümumrusiya Azərbaycanlıları
Konqresi oldu. Amma ondan əvvəl Aydın
Azərbaycan üçün çox işlər
görürdü. Belə ki,
Aydının Milli Məclisin üzvü, rəhmətlik
Əli Ansuyski ilə çox yaxın dostluq əlaqələri
vardı. Həmin vaxtı Aydın təmənnasız
olaraq, Azərbaycana eşalonlarla taxıl göndərirdi.
Əli Ansuyskini də Azərbaycan hökuməti
Milli Məclisin üzvü kimi bu cavabdehli işə təhkim
etmişdi. O da bu xeyirxah işi cavabdehliklə yerinə
yetirirdi. Aydın da həmvətənlilərinin
çörək qıtlığı çəkməməsi
üçün bu müqəddəs işi özü də
böyük həvəslə görürdü. Hətta Ümumrusiya Azərbaycanıları
Konqresini yaradanda da özü sədr olmadı. Sədr
başqasını təyin etdi, özü isə sədr
müavini seçildi və iki il sərasər
bu cavabdehli işlə məşğul oldu. Öz
sağlamlığını fikirləşmədi. Həmişə yollarda olmaq, insanları bir fikir ətrafına
toplamaq, tez-tez sərt mövqelərlə rastlaşmaq onun səhhətinə
pis təsir edirdi. Aydın ağır xəstələndi.
O, nə vaxt ki, sağalmaz xərçəng xəstəliyinə
tutuldu, yalnız həmin vaxtı icazə verdi
ki, onunla bağlı mətbuatda yazılar yazılsın. Aydının sadəliyi və təvazökarlığını
mən həmişə yüksək qiymətləndirmişəm.
Onun oğlu dünyaya gələndə və həmin
oğluna atamız Səmədin adını qoyanda mən
görürdüm ki, o, saatlarla oğlunun yanında olur, onun hər
bir hərəkətini izləyirdi. İndi
bizim üçün çox sevindirici haldır ki, Səməd
atasının işini uğurla davam etdirir. Atası Aydın kimi ağıllı, savadlı və
təfəkkürlü insandır. Mən
Səmədlə də fəxr edirəm və onun uğurlu gələcəyinə
inanıram. O, bizim ümid
çırağımızdır. O, böyük biznesmen və
yüksək təfəkkürə malik güclü bir insan
idi. Baxmayaraq ki, Aydının dünyasını dəyişməsindən
15 il keçir, onunla tək bircə dəfə
təmasda olanlar belə bu günə kimi onu yaddan
çıxarmırlar.
-
Yadıma gəlir ki, Fazil həkim və siz bilavasitə bu
konqresin yaranmasında qardaşınız Aydın müəllimə
çox köməklik edirdiniz. O illər sizin yadınızda
necə qalıb?
- Mən əlbəttə,
əgər bu haqda ətraflı danışsam bu müsahibə
yox, böyük bir kitab olar. Sadəcə onu deyə
bilərəm ki, biz günlərlə, bəzən aylarla onu
görə bilmirdik. Sadəcə telefonla
danışırdıq və o da bizə məsləhətlər
verirdi ki, nəyi necə edək. Aydın
da istəmirdi ki, Rusiyada yaşayan həmyerliləri özlərini
arxasız, kimsəsiz hiss etsinlər. Ümumiyyətlə,
Aydında elə bir dərin ağıl, uzaqgörən siyasət,
yüksək təşkilatçılıq vardı ki, hər
bir adamı inandırıb, öz ardınca apara bilirdi. Açığı belə təşkilatçılıq
və insanları öz ardınca aparmaq kimi istedad
böyük qardaşımız Fazil həkimdə də var.
Bu da atamızdan gəlir. Onun da həmişə bir ali məqsədi vardı. Hər şeyi
insanlara düz desin və həmişə də düzlük
carçısı olsun. Bu gün Ümumrusiya
Azərbaycanlıları Konqresinin sədri, akademik Fazil həkimin
seçilməsi də sübut edir ki, artıq bu konqres
düz yoldadır və böyük uğurlar əldə edəcək.
Təkcə Rusiyada yox, dünyada tanınan həkim
kimi onun ağlına, savadına, təşkilatçılığına
görə Rusiya rəhbərliyinin, ziyalılarının da
Fazil həkimə hörməti böyükdür. Belə böyük şəxsiyyətin konqresin
başında dayanması çox şey deməkdir. O, həyatda
çox uğurlu insandır. Məşhur cərrah,
akademik Topçubaşovun yetirməsidir.
-
Eşitmişəm ki, sizin qardaşınız Arif Qurbanov
Qarabağ döyüşlərinin iştirakçısı
olub...
- Bəli,
Arif Xalq Təsərrüfatı İnstitutunu da bitirmişdi. Ulu öndər Heydər Əliyev ikinci dəfə
hakimiyyətə gələndə, xalqa müraciət edəndə
Arif də həmin çağırışa qoşulub, evdə
heç kimə demədən könüllü ordu
sıralarına getdi və atəşkəs elan olunan vaxta
kimi döyüşlərdə iştirak elədi. Müharibə iştirakçısı kimi ordudan
qayıdandan sonra biz, onun müalicəsi ilə çox ciddi məşğul
olsaq da, ən məşhur həkimlər belə onu müalicə
eləsə də, mümkün olmadı. Arif də 51 yaşında dünyasını dəyişdi.
- Siz
Rusiyada sayılıb-seçilən iş adamlarından biri
idiniz. Amma orada işlərinizi yarımçıq qoyub, bir il bundan qabaq Azərbaycana
qayıtmağınıza səbəb nə oldu?
- Mən Azərbaycana həmişə gəlmişəm. Bura mənim
doğma Vətənimdir. Biz qardaşlar Vətənə
çox bağlı insanlarıq. Həm də
burada mənim çoxlu qohumlarım, dostlarım,
uşaqlıq yoldaşlarım yaşayır. Rusiyada mən öz biznesimi qurmuşam. Aydının ölümündən sonra mənim
dostlarım da xahiş edirdilər ki, Azərbaycana gəlib,
Aydının buradakı işlərini davam etdirim. Mən öz işimi hələ də Rusiyada və
bir sıra xarici ölkələrdə də davam etdirirəm.
Orada özümün bir neçə
davamçılarımı yetişdirmişəm. İndi orada bu işi onlar uğurla davam etdirir.
Mən də buradan onlara nəzarət edirəm.
Axırıncı on ildə hər dəfə
Azərbaycana gələndə burada görülən işlərdən
böyük qürur duymuşam. Fəxr eləmişəm
ki, Azərbaycan belə sürətlə inkişaf edir və
özünün intibah dövrünü yaşayır. Amma mən indi gəlməyi daha üstün tutdum
ki, ölkəmizdə işsizlik probleminin tam həll
olunmasına bacardığım köməklikləri edim.
Burada "İsgəndər ASA" adlı
böyük HOLDİNQ ŞİRKƏTLƏR QRUPU
yaratmışam. Mən "İsgəndər
ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPU" Məhdud Məsuliyyətli
Cəmiyyətinin prezidentiyəm və mənim bu işdə
yalnız bir həmfikirim var, o da Mətləb
Şükürovdur. Mən ona özüm
kimi inanıram. O, çox bacarıqlı iş
adamı, yüksək intellektə malik insan və
yaxşı təşkilatçıdır. İnanıram
ki, biz onunla birlikdə çox uğurlu işlər görəcəyik
və bu yolla da millətimizə lazım olan köməklik edəcəyik.
Biz, çoxlu iş yerləri açmışıq. Onu da
vurğulayım ki, xarici ölkələrdə iş
adamları olan çoxlu dostlarım var. Mənim Azərbaycana
gəlməyimdən onlar da ruhlanıb, buraya öz bizneslərini
yatırıb, böyük işlər
görmək istəyirlər. Bu yolla da Azərbaycanın
iqtisadiyyatının daha da dirçəlməsinə, ölkəmizin
daha böyük uğurlar əldə etməsinə köməklik
edəcəklər. İnanıram biz,
qısa vaxtda daha böyük işlər görəcəyik.
Mənim bir məqsədim də var. Belə ki,
Bakıda və Sumqayıtda çoxlu yaşayış
binaları, hötellər tikməyi
planlaşdırmışıq. Sumqayıtda
cənab Zakir Fərəcovun sayəsində çox nəhəng
quruculuq işləri gedir. Bu şəhər
günü-gündən gözəlləşir. Biz, bu şəhərdəki köhnə
binalardakı liftlərin də yeniləri ilə əvəz
olunmasına köməklik etmək istəyirik.
Ən əsası odur ki, ölkəmizin başçısı cənab İlham Əliyev dünya ölkələri rəhbərləri arasında böyük təfəkkürə, nüfuza, orijinal məqsədyönlü siyasətə malikdir. Cənab Prezident artıq 15 ildir ki, millətimizin güzəranının yaxşılaşması, qaçqın və köçkünlərin evlə təmin olunması, səhiyyənin, təhsilin, mədəniyyətin, idmanın inkişaf etməsi üçün böyük işlər görür. Bu gün Azərbaycan MDB ölkələri arasında ən aparıcı yerdədir. Dünyanın ən aparıcı ölkə rəhbərlərinin də cənab İlham Əliyevə hörməti və inamı çox böyükdür. Belə ölkə başçısı ilə böyük işlər görmək olar. Çünki o, özünün belə yüksək təşkilatçılığı, saflığı və heç kim arasında fərq qoymaması ilə biz iş adamlarını da nəhəng işlər görməyə ruhlandırır. Artıq mənim Azərbaycanda yaratdığım "İsgəndər ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNU" Məhdud Məsuliyyətli Cəmiyyətin yanvar ayında bir yaşı tamam oldu. Çoxlu ölkələrlə müqavilələr bağlamışıq. Öz işçilərimizə lazım olan şəraitlər yaradıb, onlara qayğı ilə yanaşırıq. Buna görə hamı bizdən razılıq edir. Mən keçən il Bakıda ailə həyatı qurmuşam. Bir oğlum dünyaya gəlib. Qohumum, gözəl insan, uzun illərdir ki, Sumqayıt Çörək Açıq Səhmdar Cəmiyyətinin direktoru işləyən Əlfuqar Qasımovun şərəfinə oğluma onun adını qoymuşam. Əlfuqar müəllim də lap cavan yaşlarından insanlara təmənnasız köməkliklər eləyir. Mən onunla fəxr eləyirəm. Artıq belə qərara gəlmişəm ki, bundan sonrakı ömrümü yalnız Azərbaycana və onun iqtisadiyyatının dirçəlməsinə, yeni iş yerləri açmağa həsr eləyim.
Həyatda biz qardaşların özümüzə örnək bildiyimiz ən böyük dahi şəxsiyyət ümummilli liderimiz, əbədiyaşar prezidentimiz, ulu öndər Heydər Əliyev olub. Əbədiyaşar prezidentimizin Azərbaycan üçün gördüyü işlərin kiçik bir zərrəsini də biz görə bilsək, özmümüzü ən xoşbəxt insan hesab edərik. Mən onu da qətiyyətlə deyə bilərəm ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır. Yaxın illərdə Azərbaycanın iqtisadiyyatı dünyanın ən aparıcı ölkələrinin iqtisadiyyatı səviyyəsində olacaq. Bu, ölkəmizin böyük uğurlu və sürətli addımında tam təsdiqini tapır. Tezliklə ermənilər istəsə də, istəməsə də işğal etdikləri Vətənimizin bir parçası olan Qarabağ torpaqlarını boşaldacaq və bütün qaçqınlarımız, köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar. Bu xoş günlər heç də uzaqda deyil.
Ağalar
İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Ədalət 2018.- 7 fevral.- S.6.