"Şikayət"

 

 (pritça)

 

Əlibala RƏHİMOV,

"Qızıl qələm" mükafatı

laureatı, publisist

 

"Ağır oturub, batman gələn kişilərdəndi" Mehdi. Cürəli kəndində həlləm-qələm, hap-çopçu kişilərdən deyil o. Sözünün, söhbətinin yerini bilir. Əqidəsinə, ləyaqətinə görə, ağsaqqal nüfuzu qazanıb, böyüklü-kiçikli kənd camaatı bir sözünü iki eləmir onun. Oğul evləndirən, qız ərə verən onun xeyir-duasını alır. Bəlkə elə buna görə kənddə ailə qalmaqallarına, boşanma hadisələrinə rast gəlməzsən. Sözü bütövdü, əqidəsi möhkəmdi, tüpürdüyünü heç vaxt yalamaz... İndi ömrün ixtiyar çağındadı. 80-i ötürüb, 90-a əl uzadır. Səmimi, tərbiyəli ailə sahibidir. Əmiqızısı Şahsənəmlə əl-ələ verərək 5 oğul, 3 qız böyüdüblər. Balalar, nəvə-nəticələr onu çox sevirlər. Təqaüdünü alanda, onu qəpiyinə kimi verir uşaqlara.

İmanı kamildi onun. 3 dəfə Həcc ziyarətində olub. İran yaxın olduğundan 5 dəfə Məşhədə gedərək İmam Rzanın məzarını ziyarət eləyibdir. Amma son günlər yamanca darıxır, ha fikirləşirsə, dünyasından gələn səsi yaxşı eşidə bilmir. Nədi onun narahatçılığı? Bəlkə balalardan hansısa üzünə qayıdıb, bir sözünü iki eləyib? Yox, belə düşünmək absurddur. O gün böyük oğlu, ali məktəbdə dərs deyən Səlim zəng eləmişdi:

-Qağa, anamı da götür gəl bizə. Bir az dincəlin. Nəvələr sizi istəyir.

-Yox, bala, - dedi, - Bakının qutu evlərində qala bilmərik. Bizimki elə kənddi. Bura elə bil cənnətdi. Bağ-bağçamız, həyət-bağçamız göz oxşayır. Ağaclar sıralanıb: tut, ərik, alça, armud, heyva, əncir... Anan meyvələrdən mürəbbə bişirib. Elə hey deyir:

-Ay Mehdi, Bakıya, nəvələrə meyvə göndər.

Oyandı yuxudan. Səhərin ilk şəfəqləri ipək pərdələrdən süzülüb otağı işıqlandırmamışdı. Gözləri qaranlığa öyrəşənədək yatağından qalxmadı. Çox narahat yatmışdı... Bu vaxt müəzzinin səsini eşitdi və cəld yatağından qalxıb həyətə düşdü, əl-üzünü yudu, dəstəmaz alıb, evə gəldi. Budu əlləri yerdə, alnı möhürdə. İki rikət sübh namazını qıldı. Axırda əllərini havaya qaldırıb, dedi:

-İlahi, səndən heçgizlin deyil. Məni bu bəladan qurtar. Ya məni öldür, ya da bacım qızı Pərvanəni. Bu boyda kənddə, camaat arasında məni biabır eləyib köpək qızı. Əşi, vallah deməli deyil. Harda görüküb ki, qadın maşın sürə, alkaşlıqla məşğul ola...

Bu vaxt səs gəlir: Baam-baam! Odu, özüdü... Pəncərədən yola boylanır. Uşaqlar arxalarında 2-3 kq-lıq çanta. Yəqin ki, məktəbə, birinci dərsə tələsirlər. Maşının səsin eşidən kimi divara tərəf qaçırlar. İt zingiltisi eşidilir. Çox güman maşının təkərləri arasında qaldı o it.

İndi onu görsəniz məəttəl qalarsız. Sağ əlində papiroz, sol əli sükanda. Qulağında da şunur... Əşi, vallah deməli dərd deyil. Qadın maşın sürər, papiroz çəkər?! Bir azdan sonra qocalar yığışacaqlar kənd mağazasının qabağındakı çayxanaya. Nərd, domino oynadıqdan sonra başlayacaqlar mənim arxamca qeybətə. Onları qınağa çəkməyə dəyməz. Pərvanə qancıq məni biabır eləyib. Necə geyinir o? Dar kişi şalvar, göbəyi açıq. Hələ deyirlər ki, burnunu əməliyyat elətdirib, olub sümsüburun... Dünən gedib rayon mərkəzindəki restorana. Quzu kababı yeyib, bir butulka da araq içib.

İstədi yeznəsi Hikməti çağırıb söhbətləşə, mələkdonlu əmiqızısı Şahsənəm buna etiraz elədi:

-Ağlın çaşıb, nədi ay Mehdi, Hikmət hər gün gedib rayon mərkəzində alkaşlıq, qumarbazlıq eləyir, hər axşam şoferlər onun ölüsünü gətirib atırlar xarabasına. Ona da yeyib-içmək pulunu qızı Pərvanə verir. Ən yaxşısı bacuvu-Gülgəzi çağır. Onu başa sal ki, qızına öyüd-nəsihət versin. Desin ki, ay bala, ayıbdı, kəndə, evə maşınla gəlmə, araq içmə, papiroz çəkmə, üz-gözünə, yanaqlarına qırmızı boyaq sürtmə, kimlə danışırsansa, çırtıq çalma, göz vurma, göbəyi açıq paltar geymə.

Şahsənəm üyüdüb tökürdü:

-Ötən ay xarrat Kərimin yasına getmişdim. Molla bacı İmam Hüseyn müsibətindən danışdı, mərsiyyə dedi, bizi ağlatdı. Sonra ehsan süfrəsi açıldı. Orda arvadlardan biri dedi:

-Pərvanə "Xan sarayı" şadlıq evində toy mərasimində iştirak eləyib. O, masabəyindən söz alaraq əvvəlcə hind mahnıları oxuyub. Hamı alqışlayıb onu. Sonra "tərəkəmə" oynayanda qəribə hərəkətlər eləyirmiş. Tez-tez əlini dizinə vurur, göbəyini oynadır, gedib dayanır bəylə-gəlinin qabağında, əlinin üstünü öpə-öpə qışqırır: Qorka, qorka! Hamı məəttəl qalır.

Naxırçı Təzəxanın arvadı da ağzıbaşına danışdı:

-Hər dəfə qızı Bakıdan gələndə Gülgəz qapı-qapı düşür, baha qiymətə süd alıb, gətirir, doldurur hamam vannasına və Pərvanə də o, süddə çimir.

Mehdi Şahsənəmin məsləhətinə qulaq asıb, bacısını çağırtdırdı. Gülgəz qaçaraq gəldi:

-Təndirə çörək bişirirdim. Uşaq deyəndə ki, dayım səni görmək istəyir, heç bilmədim neyləyəm... Noolub ay qardaş? Kimdi sənin bir sözüvü iki eliyən? İsti aşuva soyuq su qatan?

Hacı Mehdi səsinin tonunu dəyişib, çox sərt səsləndi:

- Qızının neçə yaşı var?

Gülgəz mızıldandı:

- 42.

- Sən bilməmiş olmazsan. Onun tay-tuşlarının indi nəvəsi var... Bakının şadlıq saraylarında meymunluq eləməyi yığışdırsın o. Qayıtsın kəndimizə, ərə getsin, oğul-uşaq sahibi olsun... Ali təhsilli ədəbiyyat müəllimidir. Gedib öz məktəbimizdə işləsin. Bilirəm şirin, zənguləli səsi var. Qoy yas təziyələrində mollabacılıq eləsin. Qadın mollalar kişi mollalardan az qazanır bəyəm? Pərvanəyə de ki, ağıllı, tərbiyəli ol, qızım. Yolda rastlaşdığın qocalara salam ver, uşaqların üzündən öp.

Əvvəl istədi yabanı götürüb gedə bacısıgilə, o "Prado" maşınının pəncərələrini, kapotunu vurub sındıra, sonra nə düşündüsə, bu fikrindən əl çəkdi: "kənddə biabır olaram".

Səhərisi gün gəlib, polis rəisi, polkovnik Səfərovla görüşdü:

-Mən sizin yanınıza şikayətə gəlməmişəm, - dedi, - dayı bacısı qızından şikayətlənməz. Amma o ifritə məni Cürəlidə, camaat arasında pis vəziyyətə qoyub. Maşın sürür, araq içir, papiros çəkir, tay başqa şey deyib imanımı yandırmaq istəmirəm... Bəlkə mənə köməyiniz dəyə. O, gördüyü, eşitdiyi bütün hadisələr haqqında danışdı.

Rəis əvvəl ucadan şaqqanaq çəkdi, güldü. Demə onun xəbəri var imiş Cürəliyə "Prado" maşını ilə gələn Pərvanədən. Hiss etdi ki, bu Hacı Mehdi köhnə kişilərdəndi. O, hardan bilsin ki, indi Bakıda, başqa ölkələrdə qadınlar da maşın sürür, hətta Avropada kişi kişiylə, qadın qadınla evlənir...

Axşamçağı rəis Pərvanəni gətizdirdi şöbəyə və ona barmaq silkələdi:

-Bir də kəndə, lap elə rayon mərkəzinə maşınla gəlsən, tay məndən incimə, özünü atdıracam kepezeyə, maşınını da qoyacam cərimə batalyonuna.

 

Ədalət  2018.- 7 fevral.- S.8.