ASİF RÜSTƏMLİYƏ AÇIQ
MƏKTUB
Əzizim Asif Rüstəmli, bu günlərdə səni aradım. Dostlarımız dedilər ki, xaricdəsən. Telefonuna da zəng vurdum, cavab vermədin. Sonra kiçik bir xəbərini oxudum. "Mən arxivdəyəm, danışmaq mümkün deyil, fikrini yazarsan". Mən virtual aləmə - texniki ünsiyyətə o qədər də can atmıram. Yalnız zərurət olanda, belə ünsiyyətə müraciət edirəm.
Kompüterdə sənin səhifənə
daxil oldum. Bir-birindən maraqlı, sözün həqiqi mənasında
hər biri tədqiqat əsəri olan yazılarını
ayrı-ayrı vaxtlarda oxusam da, bir də təkrar oxudum. Xalq
yazıçısı Anarla bağlı esse-tədqiqatın
fikir möhtəşəmliyi və fakt zənginliyi ilə məni
sözün həqiqi mənasında heyrətləndirdi.
Əlbəttə, bu faktları bu və ya digər dərəcədə
əvvəldən də bilirdim. Ancaq xüsusi mənəvi
genişliklə və vicdanı meyar tutaraq, mövzuya
yanaşma çox az qələm sahibinə xas keyfiyyətdir.
İndi hər kəsin suyu üfürə-üfürə
içdiyi bir vaxtda sən həqiqəti, hətta, bəzən
çılpaq həqiqəti deməkdən çəkinmirsən.
Elə buradaca bir məqama diqqəti yönəltmək istərdim.
Sanki indiki dövrümüzdə sənəti ilə,
sözü ilə görünə bilməyənlər
özlərini tanıtmaq üçün daha asan bir yol
tapıblar: "Anarı tənqid elə, səni ölkə
tanısın. Ağına, bozuna baxmadan xalqın mənəvi
istinadı olan ziyalını söy, desinlər güclüsən".
Bax, bu meyarla yanaşma meyarı dağıtmağa yönəlmiş
bir yoldur. Meyar isə cəmiyyətin vicdan tərəzisidir. Bir vaxt Anar
haqqında kiçik bir portret esse yazmışdım "Anar
- Meyar". Sonralar bu tipli yazılarımı toplayıb
"Meyar" adlı 800 səhifəlik bir kitabımı da
çap etdirdim. Məqsədim nə
kitabın həcmini, nə də Anar haqqında
yazdığımı diqqətə çatdırmaq deyil.
Məqsədim meyarı hər birimizin
qorumağa borclu olduğunu diqqətə
çatdırmaqdır. Bu elə borcdur ki,
onu səndən heç kəs tələb eləmir. Sən özün daxili mənəvi təlabatınla
bu borcu cəmiyyətə, insanlara qaytarmaq istəyirsən.
Bax, sənin Anar mövzusuna yanaşmanda mən
bu meyarı gördüm. Dağa qibtə
etmək, dağa güvənmək əvəzinə ona həsəd
aparmaq bu yalnız cılızların işidir. Gərək onu da unutmayaq ki, cılızlar bir yerə
yığışanda, lilqarışıq çirkab dolu selə
dönür. Belə sel nəhəng
qayaların dibini ova bilir. Qaya harda olsa,
qayalığında qalsa da. Amma
lilqarışıq çirkab dolu sular tez-gec
qaynağından məhrum olar, kəsilər, qaya isə
öz əzəməti ilə qürur mənbəyinə
çevrilər. Bütün bunlar mənim
öz düşüncələrimdir, amma sənin Anar
haqqında yazdıqlarından qaynaqlanaraq, doğulan
düşüncələrimdir.
Əzizim
Asif, sən yalnız plan mövzularınla başını
girləyən alim deyilsən. Mən plan mövzuları ilə
yaradıcılığını əhatə edən alimlərin
işinə qətiyyən pis baxmıram. Ancaq daha
yaxşı baxıram ictimai həyatla, mühitlə nəfəs
alan cəmiyyətdə zərurət
yaranan kimi mövqeyini bildirən, kimliyini araya qoyan alimlərin
işinə. Doğrudur, ən müxtəlif vəzifə,
mənsəb sahibi olan və yaxud cəmiyyətdən incik
düşən, elə sıravi ziyalıların arasından
da çoxları var ki, alim deyəndə ağzını
büzür. Guya ki, bütün kəm-kəsirlərin
hamısını elə alim həll eləməli imiş.
Bəli, insanlar alimdən, onun gücündən
artıq çox şey umurlar. Demirəm ki, kimsə
gücündən artıq iş görsün, amma alim gərək
xalqının oğlu olduğunu da unutmasın. Bu mənada sənin mövqeyin, yeri gələndə
cəmiyyətlə açıq-aşkar danışmaq cəsarətin,
bu millətin, bu yurdun bağrından qopduğuna sübutdur.
Elə milli-mənəvi varlığımız
sənin güc qaynağın, ilham mənbəyindir. "Cümhuriyyət 100" başlığı
ilə qeydlərini də oxudum. Burda da nə
qədər yanğı var. Yanğı mənbəyə
istinad edəndə, həqiqəti araya gətirəndə,
başqalarına da sirayət edə bilir. Dedin ki, arxivdəsən.
Arxivdə işləmək kimsəyə asan gəlməsin.
Yaşının indiki çağında
qaranlıqlar içərisində qalan faktlarla dil tapmaq istəyin,
əslində, səhhətindən verdiklərinin bahasına
başa gəlir. Arxivdə işləmək birbaşa
millət üçün nağdı can verməkdir. Sonra düşüncələrini oxudum. Azərbaycan istiqlal bəyannaməsinin dünyaya
ilkin olaraq Tiflisdən yayıldığı binadan
aldığın təəssüratla yazdığın
düşüncələri deyirəm. Doğru
deyirsən ki, bəlkə, dünyada belə bir ölkə
yoxdur ki, onun azadlıq bəyannaməsi dünyaya başqa bir
ölkədən yayılıb. Pillələri
qalxmaq, iclas salonunu seyr etmək, artıq bizdən yüz illik
bir məsafədə tarixi uzaqlığın həyəcanlarını
təzədən yaşamaq... o qədər canlı idi ki,
cümlələri oxuduqca, sanki özüm də səninlə
birgə addımlayırdım. Bu qış soyuğunda
tarixin hərarətini canımda hiss edirdim. Bilirəm,
çətinliklərin də var. Yəni nəyi isə tapa
biləcəksən, tapa bilməyəcəksən...
nigarançılıqların da var. Amma inadın da var,
inamın da var. İnsan axtardığını o vaxt tapa
bilir ki, gücünü inamından alır. Utopist Anri
Sen Simonun bir fikrini həmişə xatırlayıram:
"Mübarizə üçün ilham almaq gərəkdir".
Bəli, sənin ilhamın inamından güc
alır.
Əziz dostum, Asif Rüstəmli, illərdir ki,
bir-birimizi tanıyırıq. Hətta qəlbimizin dərinliklərində
olan sirlərimizi də bir-birimizdən gizlətmirik. Mənim
bir "Xələfli var imiş" poemamda belə misralar
var:
Nə
sirdardır öz sirrindən keçməsin,
Nə zəmidir
oraq onu biçməsin,
Nə bulaqdı təşnə ondan içməsin.
...Yadıma
düşdü, dilimə gətirdim. Ziyalı
da bir bulaqdır, əgər onun duruluğundan,
saflığından insanlara pay düşməsə, nə
faydası. Milləti üçün
çalışan ziyalını da mən təşnələrə
su verən bulağa bənzədirəm.
Yadındadırsa, "Soyadlarımız" yazınla
bağlı sənə düşüncələrimi
şifahi bildirmişdim. Həmin məqalə də ayrıca kitab
halında çap olunmağa, insanlara, sözün həqiqi mənasında
ad axtaran, ancaq tapa bilməyən, ziyalıdan kömək uman
atalara, analara paylanılmalıdır. Ancaq çox istəyərdim
ki, həmin yazıya bir də qayıdasan və orada qədim
türk ruhundan güc alıb dilimizdə və
düşüncəmizdə zəmanəmizə gəlmiş
adları az səslə, ifadə olunan,
lakonik, milli güc daşıyan adları bir məsləhət
kimi siyahılayıb, yazıya gətirəsən. Bu yolda az-çox müəyyən
hazırlığım olduğu üçün ehtiyac olsa,
köməyimi də əsirgəmərəm. Niyə
uşaqlara Arac, Amac, Alac, Amay, Anay, Alar, Bilən, Bilər,
Ağur, Ağru, Alru, Ansu, İlay, Elay, Ucal, Oday, Suay, Yelay,
Dağər, Ərdağ, Tunar, Tuncay... kimi adlar qoyulmasın. Mən bu tipli adları nəinki onlarca, hətta
yüzlərcə sadalaya bilərəm. Onu da deyim ki, elə
bu yanaşma ilə, bu düsturla ilk hərfi "B",
"Q", "M", "L" olan türk əsilli nə
qədər ad saymaq olar. Düşünürəm
ki, artıq cəmiyyət ifrat ərəbi adlardan yorulub.
Bezənlər də çoxdur. Dini fanatizmi İslamın intibahı adı ilə
ruhumuza, varlığımıza sırımaq istəyənlər
on min illik türk mənəvi tarixinə kor olan,
özlüyünə xor baxanlardır. Bəyənmədiyimiz
sovet hökuməti (bu deyimdə heç bir rəğbət
çaları yoxdur) son 30-40 ilində dini vicdani iş elan
etmişdi. Və dini əqidəsinə görə
də heç kimi təqib eləmirdi. Amma bu gün dini
yox, fanatizmi tənqid eləyən bir yazıya görə az qalır ki, mühit səni daşa
bassın. Təəssüf ki, belələrinin arasında gənclər
də az deyil. Və bir
çoxları xülyalara uyub İŞİDəcən gedib
çatır. Bu qeydlərimi də sənin
soy adlarımızla bağlı düşüncələrində
işıq gördüyüm üçün yazıram.
Adlarımızın saflaşmasında
Türkiyənin tarixi təcrübəsindən də bəhrələnmək
olar. Bir göstərişlə nəsillər,
təbiət və tarixlə bağlı lakonik adlar seçər.
Bu işdə dövlət də kömək eləsə,
zənnimcə, nəticəni hamı qəbul edər.
Əzizim Asif, yaşam payımızın nə qədərinin
qaldığını bilməsəm də, hər halda
çoxundan keçdiyimizi bilirəm. Bizi əvəz edəcək
ruhu sağlam nəsillərin gəlişinə də
inanıram. "Tarixi həqiqətlərin
təbliği" ictimai birliyinin sonuncu tədbirində birgə
iştirak elədik. General Əlibəyin
yaratdığı muzeyin özündə tarixi həqiqəti
fotolarla yaşadan eksponatlarına birgə baxdıq. Bəli, belə muzeyləri yaratmaq da, yaşatmaq da
böyük hünərdir. Hər halda həmin
ictimai birliyin təsisçilərindən biri də sənsən.
Biz həmin gün Sevindik Nəsiboğlunun
şeirlərini, çıxışlarını da dinlədik.
Onun hələ on yaşı tamam deyil - dördüncü
sinifdə oxuyur. Amma
çıxışlarında da, şeirlərində də
böyük gələcəyindən xəbər verən
işıqları gördük. Nəvəm
Alur beşinci sinifdə oxuyur. Həmin tədbirdəki
şəkillər əsasında Sevdik Nəsiboğlunu da
tapıb, onunla dostluq eləyir. Şeirlərini
də ona göndərib, yazışırlar, əlbəttə,
virtual aləmdə. Düşünürəm
ki, bəlkə, elə böyük gələcəyin - nəsillərarası
böyük dostluğun yeni mərhələsi elə bu
virtual aləmlə başlayır.
Mən həmişə deyirəm ki, ağıllı və
istedadlı övlad hamımızındır, Vətənindir,
millətindir.
Hörmətli
Asif Rüstəmli, (bu bir qədər rəsmi müraciətdir)
danışdığımız kimi,
hazırladığım kitabı qurtardım. "Redaktordan"
yazısı səni gözləyir. Televiziya
üçün çəkiliş də başa
çatmayıb, unutmamısansa, sənin
çıxışın olmalıdır. "Söz və qan" kitabım üçün
yazdığın rəyi tapmadım. Rəyləri
toplayıb ayrıca bir kitab buraxmaq istəyirəm.
Bu da belə. Qardaşım, həyatımda dostların sayının çox böyük sürətlə azaldığı indiki vaxtımda hələ də fikirlərimi bölüşmək üçün kimlərinsə olduğu mənim üçün böyük təskinlikdir. Mən indi daha çox inanıram: "Yaşamaq yaratmaqdır". Yaratmaq eşqin sönməsin.
Səni hər vaxt arzulayan
Əli Rza
XƏLƏFLİ
Ədalət
2018.- 7 fevral.- S.5.