“Media ilə
bağlı şikayətlər qaçılmazdır”
Əflatin Amaşov: “Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi
məsələsi diskussiyaya açıq
mövzudur”
Azərbaycan Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibə verib. O müsahibəsində Mətbuat Şurasının
hüquqi statusunun dəyişdirilməsi, bununla
bağlı ayrıca
qanunun qəbul edilməsi barədə təklifindən danışıb.
Bildirib ki, təklif reallaşsa media sahəsində ciddi irəliləyişlərə nail olunacaq: "Yadınızda
olar, bir vaxtlar media ilə bağlı çoxsaylı
məhkəmə qərarları
var idi, kütləvi informasiya vasitələrinə, ayrı-ayrı
jurnalistlərə iri
məbləğli cərimələr
kəsilirdi. Nəyə görə? Səbəblər müxtəlifdir. Əsasən
medianın siyasi qütblər arasındakı
mübarizədə bir
növ, vasitəyə
çevrildiyini bildirməliyik.
Bu durum ümumən cəmiyyətə də mənfi təsirini göstərirdi. O da
yaxşı yadımdadır
ki, müxtəlif siyasi düşərgələrə
məxsus jurnalistlər
eyni məclislərdə
iştirak etməyi özlərinə rəva
bilmirdilər. Belə hallar
çoxdan aradan qalxıb, yeni ənənələr formalaşıb.
Bu gün müxtəlif
məsələlərə baxış bucağından
asılı olmayaraq, Azərbaycan mediası monolit komanda kimi çıxış edir. Bu, ümummilli
maraqlar, ölkəmizin
imicinin qorunması baxımından son dərəcə
vacibdir. Bugünün Azərbaycan mediası ümumən peşəkardır.
Dünyada və ölkədə
baş verən hadisə və proseslərə kifayət
qədər operativ yanaşır, nəinki ölkəmizin, eləcə
də regionun ictimai rəyinə təsiri ilə seçilir. Bu isə vacib meyardır. Kimsə bu sahəni
başdan-ayağa qara
rəngdə görürsə,
bu onun baxışı
yox, çox ciddi problemidir. Təbii, biz mediamızı daha da güclü görmək istəyirik.
Nöqsanları və çatışmazlıqları
da bunu əldə
bayraq edənlərdən
yaxşı görürük.
Arzu edirik ki, nəhəng
media korporasiyaları ilə
rəqabətimiz olsun.
Medianın iqtisadi cəhətdən
özünü maliyyələşdirən
struktur kimi təkmilləşməsini, bazar
münasibətlərində layiqli yer tutmasını
istəyirik. Azərbaycan Mətbuat
Şurası da ötən 15 ildə bu yolda addımladı.
Media məkanında baş verən proseslərdə aktiv iştirak etdi. İnkişafa öz töhfəsini verdi.
Eyni zamanda, Şuranın yerinə yetirdiyi missiya nəticəsində az əvvəl qeyd etdiyim məhkəmə
proseslərinin sayı
əhəmiyyətli dərəcədə
azaldı. Mətbuat Şurasının tədbirləri sayəsində
media peşəkarlığı məsələsinə fərqli
baxış yarandı.
Dövlət qurumları ilə
media arasındakı problemlər
aradan qalxdı, hər iki qütbün
cəmiyyətin rifahı,
ölkənin gələcəyi
naminə fəaliyyətində
ortaq nöqtələr
və hədəflər
formalaşdı. Nəhayət,
Mətbuat Şurası
ölkə başçısı
cənab İlham Əliyevin şəxsində
dövlətin media siyasətinə
dəstək oldu,
KİV sahəsində qanunların
qəbulunda, onların
təkmilləşməsində pay sahibinə çevrildi. Şura bunu ictimai təşkilat
olaraq etdi. Mən bunu demişəm, yenə təkrarlayıram,
qurum yarananda onun sədrinin otağı birotaqlı evin mətbəxində yerləşirdi. Halbuki yuxarıda
qeyd etdiklərimi nəzərə alsaq ki, MŞ-nin çiyinlərinə götürdüyü
yük ağır idi. Bu ağırlıq
bizim heç zaman üzərimizdən ata bilməyəcəyimiz,
daşımağa bir
növ məhkum olduğumuz ağırlıqdır.
Bu ağırlıq, eyni zamanda, ictimai
əhəmiyyət daşıyır,
cəmiyyət üçün
faydalı və zəruridir. Biz bu faydalı yolu ağırlıqları
aradan qaldırmaq əzmimizi artırmaqla getməyi düşünürük.
Mətbuat Şurası haqqında
qanunun olmasının,
onun hazırkı statusunun dəyişdirilməsinin
fəlsəfəsi buna
söykənir. Bildiyiniz kimi,
Mətbuat Şurası
qeyri-hökumət təşkilatıdır,
2003-cı ildə medianın
özünütənzimləmə orqanı kimi formalaşıb. Özünütənzimləmənin fəlsəfəsi isə dərindir. Avropa və dünya təcrübəsində bunun
müxtəlif formaları
var. Azərbaycanda da Şura yaradılanda həmin fəlsəfəyə
istinad edildi. Qurum mətbuatın dövlətsizləşdirilməsi
xəttinə uyğun
şəkildə meydana
çıxdı. Yəni Şuranı
jurnalistlər yaratdı
və strukturunu da formalaşdırdı.
Bu, çox gözəl
ənənədir. Heç bir
halda bu prosedurdan kənar dayanmaq olmaz. Çünki jurnalistika cəmiyyətin demokratik institutudur və ali orqan
kimi ölkə jurnalistlərinin qurultayı
da jurnalistikanın cəmiyyətə demokratiya
mesajıdır. Təklifim ilk olaraq özündə bunu ehtiva edir
ki, istənilən fərqli hüquqi statusundan asılı olmayaraq, Şura medianın özünütənzimləmə
qurumu, seçkili orqan olaraq qalmalıdır.
Burada qərarlar kollegial şəkildə qəbul
edilməlidir. Mən nələri
düşünürəm? Düşünürəm ki, məsələni
zəruri edən səbəblər yetərincədir.
Əvvəla, cəmiyyət amilini
vurğulamalıyam. Media
ilə bağlı şikayətlər qaçılmazdır.
Lap hesab edək
ki, Azərbaycanın bütün media orqanları
tam peşəkar şəkildə
fəaliyyət göstərirlər.
Şikayət olmayacaqmı? Olacaq. Baxın, Almaniya Mətbuat Şurası il ərzində
1800-2000, İsveç və
Norveçdə fəaliyyət
göstərən eyni
adlı qurumlar 500-600 şikayətə baxır.
Böyük Britaniyada isə
bu rəqəm 30 minə yaxındır.
Azərbaycanda bu baxımdan hazırda nisbətən kiçik göstərici var. Məsələn,
2017-ci ildə Şuraya
374 şikayət olmuşdu
ki, bunun da 203-ü şifahi, 171-i yazılı şikayət
idi. Ancaq daha əvvəlki
illərdə təxminən
500-600, bəzən bir
qədər də çox şikayət qeydə alınıb.
Sözüm ondadır ki,
cəmiyyətin maraqlarının
daha ardıcıl şəkildə qorunması
vacibdir. Mətbuat Şurası
bir institut kimi bu missiyanı
yerinə yetirir.
Həm medianın, həm də cəmiyyətin maraqlarını balanslı
şəkildə təmin
edir”.
Ə.Amaşov onu da qeyd edib ki,
media sahəsində məhkəmələr
danışmasın: "Şura
yaranmazdan öncə
media ilə bağlı
məhkəmə proseslərinin
sayı həddən artıq çox idi. Bundan jurnalistlər ziyan
çəkirdi. Biz bu fikirdəyik ki, media ilə bağlı mübahisələr
hər zaman media müstəvisində həllini
tapsın, məhkəmələrə
daşınmasın. Hüquqi statusunun
necə olmasından asılı olmayaraq, Şuranın mahiyyətində
bu amil dayanır.
Təkcə Azərbaycanın deyil, dünyanın bir çox ölkələrinin təcrübəsi
göstərir ki,
media cəmiyyətlə daha
çox təmasda olduğu üçün
bu sahədən narazılıqların mövcudluğu
təbiidir. Ancaq bu təbiilik məhkəmələrin
yüklənməsinə gətirib
çıxara bilər.
Əsas olan medianın və media ilə birgə cəmiyyətin də marağının daha səmərəli şəkildə qorunmasıdır”.
Şura sədri onu da deyib ki, hazırda media sahəsində yaradılan münbit şəraitdən sui istifadə edənlər var: "Mətbuat Şurası mahiyyətcə həm də medianın saflaşmasına çalışan qurumdur. Bir qədər öncə qəzet və sayt bolluğundan danışdıq. Bu, Azərbaycanda media fəaliyyəti üçün yaradılan münbit şəraitin nəticəsidir. Hər kəs qəzet və sayt açıb ona rəhbərlik edə bilər. Ancaq biz bunun mənfi cəhətlərini görürük. Şəraitin münbitliyi heç də hər kəs tərəfindən söz və ifadə azadlığının gerçək mahiyyətinə adekvat şəkildə dəyərləndirilmir. Çoxsaylı sui-istifadə halları var. Bundan ziyanı isə cəmiyyət çəkir. Cəmiyyətlə birgə media da zərər görür. Cəmiyyət-media təması kimlərəsə görə pozulur. Birincinin ikinciyə inamı azalırsa, dövlətə inamında da şübhələr yaranacaq. Bu, zəncirvari prosesdir. Bəzən olur, müəyyən əks fikirlərlə rastlaşırıq. Deyirlər ki, "reket jurnalistika” adlı bir şey yoxdur, ya reket var, ya jurnalist. Bəli, bu fikirlərlə müəyyən qədər razıyam. Hüquqi baxımdan "reket” sözünün daşıdığı mahiyyət ayrıdır, jurnalist adının daşıdığı mahiyyət ayrı. Əgər kimsə reketçiliyi jurnalistikadan istifadə edərək həyata keçirirsə, demək ki, jurnalist deyil, cinayətkardır. Bu, məsələyə birbaşa baxışdır. Ancaq gəlin, bir az da fərqli rakursdan yanaşaq. Azərbaycanda həyata keçirilən dövlət siyasətində jurnalistika əlahiddə qəbul edilən sahədir. Ona görə ki, bu sahə söz və ifadə azadlığı baxımından strateji əhəmiyyət daşıyır. Hər bir dövlət kimi, Azərbaycan dövləti də çalışır ki, mövcud istiqamətdə bütün yolları rəvan etsin. 1998-ci ildə senzuranın aradan qaldırılması, sonra Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, medianın özünütənzimləmə qurumu kimi Mətbuat Şurasının yaradılması mütərəqqi mahiyyətdən irəli gəlirdi. Bu mahiyyət əsla dəyişə bilməz. Çünki Azərbaycanın bəlli demokratik yolu var. Söz azadlığı bu yoldakı mühüm dəyərlərdən biri və deyərdim ki, başlıcasıdır. Az əvvəl də qeyd etdim, təcrübə göstərdi ki, əlverişli media mühitindən sui-istifadələr var. Belədə idarəçilikdə problemlər yaranır. Bəli, sui-istifadə edən mediadır, yaxud özünü media orqanı kimi təqdim edənlərdir. Əgər Şura olmasaydı, təbii ki, onlar media deyil, birbaşa cinayətkar kimi qəbul ediləcəkdilər və barələrində inzibati tədbir görüləcəkdi. Amma media ilə bağlı məsələləri araşdıran Mətbuat Şurası var və Mətbuat Şurası təkcə ona görə mövcud deyil ki, "reket jurnalistika” ilə məşğul olsun. Az əvvəl qeyd etdim və konkret misallar çəkdim ki, bütün cəmiyyətlərdə mediadan şikayətlər var. Ancaq iş elə gətirib ki, biz həm də sui-istifadələrə qarşı mübarizə aparırıq və bu kimi hallar bütövlükdə cəmiyyətin problemidir. Əlbəttə, bütün problemlərin zaman adlı əlacı da var. Amma biz nəyisə gözləyə bilmərik. Bəli, Mətbuat Şurasının "reket jurnalistika”ya qarşı mübarizəsi ictimaiyyətin məsələyə diqqətini cəlb etmək məqsədi daşıyır. Sualınızda səslənən məqam bir elementdir. Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi yalnız "reket jurnalistika” ilə mübarizə üçün lazım deyil. O ki qaldı ictimai təşkilat olan Mətbuat Şurasının digər ictimai təşkilatlardan fərqlənməsinə, mən məsələni belə qoymazdım. Təklif etmişəm ki, Mətbuat Şurasının hüquqi statusu dəyişdirilsin. Hüquqi status dəyişdirilirsə, qurum missiyasından uzaqlaşmaya da bilər, müstəqilliyini də itirməz. Güman edirəm ki, vurğulanmalı başlıca məqam budur. Dünyada ilk Mətbuat Şurası 1916-cı ildə İsveçdə yaranıb. Sonra başqa ölkələrdə oxşar qurumlar formalaşmağa başlayıb. Məsələn, hazırda Danimarkada, Lüksemburqda və Litvada Mətbuat Şuralarının iş prinspi xüsusi qanunlarla tənzimlənir. Avstriyada Mətbuat Şurasının maliyyəsinin yüz faizi dövlət tərəfindən ödənilir. Demək, burada da qanuni mexanizmə söykənmə var. Almaniyada, Finlandiyada və Belçikada şuraların fəaliyyətinin əsas hissəsini dövlət yardımları təşkil edir. Avropadakı mətbuat şuralarının bəzilərinin büdcələri mübahisədə uduzan tərəfin ödədiyi cərimələr hesabına müəyyənləşdirir. Məsələn, İsveçdə Mətbuat Şurasının büdcəsinin 20 faizi mediaya tətbiq edilən cərimələrdəndir. Kanadada mediadan şikayət verən tərəf məsələyə baxma prosedurunun haqqını ödəyir ki, bu da ölkədəki Mətbuat Şurasının büdcəsinin formalaşmasında vasitədir. Yeri gəlmişkən, bir qədər də dünyada medianın özünütənzimləmə orqanlarının büdcə göstəriciləri barədə məlumat verim. Britaniyadakı qurumun büdcəsi 3 milyon avroya yaxındır. Norveçdə bu rəqəm 850 min, Almaniyada 700 min, İsveçdə 600 min avro civarındadır. Bu təbii ki, keyfiyyətə də təsir göstərən kifayət qədər ciddi faktordur. Göründüyü kimi, müxtəlif formalar var. Düşünürəm ki, əsas məsələ cəmiyyət və medianın maraqlarından irəli gələn daha faydalı mexanizmin seçilməsidir”.
Ə.Amaşov onu da vurğulayıb ki, media sahəsini tənzimləyən hansısa dövlət qurumunun yaradılması əsla yolverilməzdir: "Bu, geriyə addım olar. Nə də Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi elə mahiyyət daşımalıdır ki, təşkilat dövlət qurumuna çevrilir. Bəli, Mətbuat Şurasının fövqündə durduğu dəyərlər dövlətimiz üçün də əhəmiyyətlidir. Bu əhəmiyyətliliyə adekvat münasibət olmalıdır. Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi məsələsi diskussiyaya açıq mövzudur. Bəli, mən deputat kimi parlament kürsüsündən məsələni qaldırmışam. Ancaq mövcud istiqamətdə müzakirələr getməli, fikir və rəylər ətraflı öyrənilməlidir. Çünki hər bir halda məsələ həssasdır. Hələ indiki durumda Mətbuat Şurasını az qala dövlət təşkilatı kimi qələmə verib mürtəcelik axtaranlar var. Düşünürəm ki, belələri özlərinin siyasi məqsədləri naminə daha da aktivləşəcəklər. Önəmli olan kimlərinsə nəyisə düşünməsi yox, media ictimaiyyətimizin rəyidir”.
Ədil Ədilzadə
Ədalət 2018.- 7 fevral.-
S.3.