NİYƏ UZANMADI ÖMRÜN BİR QARIŞ

 

Fərqanə Mehdiyeva

 

Az yaşadı, amma şərəfli ömür yolu keçdi... Ömrün uzun olması şərt deyil, əsas odur ki, xatirələrdə yaşayasan. Mətləb Nağı bu qısa ömründə yalnız yaxşılıq etməyi bacardı. Ardınca işıqlı bir yol qoyub getdi. Öz misraları ilə desək: "Gücüm çatdığını elədim ancaq". 9 fevral Mətləb Nağının anım günüdür. Onun kitabları ilə baş-başa qaldım.

Mətləb Nağı ədəbiyyata 80-cı illərin əvvəllərində qədəm qoyub. Onu müəyyən mənada 70-ci illər poetik nəslinin nümayəndəsi saymaq olar. Amma tanınıb və sevilib, M.Nağı kifayət qədər təbliğ olunmayıb. Müəllifin "Yüz il yaşamaq olmur", "Ə.Qardaşbəylinamə" şeirlər toplusu həmişə stolüstü kitablarım olub. M.Nağı yaşaya-yaşaya nakam ömrünün şeirlərini yazırdı:

 

Taledən yoxdur gileyim

Doğuldum, yaşadım, öldüm.

Çin oldu yuxum, diləyim,

Doğuldum, yaşadım, öldüm.

Çıxıb getdi əcəl gəlcək,

peşmanam, nə sevincək

Min il əvvəl olanlar tək

Doğuldum, yaşadım, öldüm.

Mətləb Nağının bu qısa ömründə keçdiyi poeziya yolunu ildən-ilə, hətta şeirdən-şeirə uğurlarını izləmək üçün yuxarıda adını çəkdiyim kitablar ən dəqiq, ən vəfalı mənbədir.

O, bir çox şeirlərində yaşdan, ömürdən yazır. Elə bil ürəyinə damıbmış kimi:

 

Gedir əldən el-oba,

Qalıb düşmənə torpaq

Baxıram - ürəyimi

Kədər üzür, dərd sıxır

Yüz il yaşamaq olmur

İçindən min çıxır.

 

Onun mövzu dairəsi geniş idi, həm lirik, həm də satirik şeirləri oxucular tərəfindən sevilirdi:

 

Pəncərəmin önündə

Bir ağac çiçəkləyib.

Ətrindən yatmaq olmur.

O qədər gözəldir ki,

Çiçəklərinin ətri,

Ayrı söz, ayrı ahəng

Ayrı rəng qatmaq olmur.

 

Pəncərəmin önündə

Bir ağac çiçəkləyib.

Başqadeyim sizə,

Ruhun dindiyi yerdə

Sözü unutmaq olmur.

 

Vaxtilə şairləri mənsub olduqları xalqın dili, tərcümanı adlandırırdılar. Bu fikir hər zaman gündəmdədir. Mətləb Nağının da şeirləri bu baxımdan təqdirəlayiqdir. Şair gəncliyindən ömrünün sonuna kimi keçdiyi ömür yolunu, sevgisini, ağrısını, Vətən kənd-kəsək təəssübünü, dosta sədaqətini hər bir şeirində işıqlandırır. Qardaşı Yaşara həsr etdiyi şeirdə yazır:

Yenə gözə nur ələyir

Daşı, divarı bu evin,

Ürəyimdə qönçələyir

Gülü-gülzarı bu evin.

 

Sözümdür, söz qardaşıdır

Gözümdə sevinc yaşıdır,

Keçən ömrün yaddaşıdır

Dövləti, varı bu evin.

Dünyadır-sevin, sevinin

Tərsin üzünü çevirin,

Ölsəm, üzümü çevirin

Səmtinə sarı bu evin.

 

Mətləb Nağının şeirləri yaşadığı mühitdən gələn təsirləri əks etdirir. Onun poeziyasında özünəməxsus bədii təsvir ifadə vasitələri öz əksini tapır:

 

Payız günü bu yazdı?

Kim bu bəxti mənə yazdı?

Haqq desəydim, olmazdı,

Nahaq dedim bəşər sənə.

O, hər anın həqiqətləri ilə yaşayan şairdir. Elə yazıb-yaratdı ki, bu gün şeirləri aktualdır. Ata-ana sevgisi, qardaş məhəbbəti-bacı sədaqəti, doğma yurd-yuvasına bağlılığı onun misralarında özünü göstərir. Böyük şair Xəlilrza Ulutürkə həsr etdiyi şeirə nəzər salaq:

 

Yetən qaranı oxşayır.

Ağlayan ağı ağlamır,

Dağın qarını oxşayır,

Sovulan bağı ağlamır.

 

Ömür gedir, bag üzülür,

Ətəyin tutan üzülür,

Yarasından qan süzülür,

Yarı-yarağı ağlamır.

Mətləb Nağının şeirlərində ilahi səs var. Həzinliyini, kövrəkliyi, ağrı-acısını bizlərlə bölüşməyi onun şeirlərindən səda kimi yayılırdı. Ürəklərə hopurdu. Hər kəs özünü bu misralarda tapmağa çalışırdı. Mətləb Nağının ürəyi sevgi sarıdan zəngin idi:

 

Dağlarım qaldı çəndə,

Ağrı-acısı məndə,

Bu sevgini az bilib

Çoxu özün sevəndə

Mən hamını sevirdim.

Dərdimə yanmadılar

 

Ölümü anmadılar,

Məni yalan bildilər,

Mənə inanmadılar.

Mən hamını sevirdim.

 

Şair evinə, ailəsinə, övladlarına çox sədaqətli idi: Ömür-gün yoldaşı İradəyə yazırdı:

Bu təzə il gecəsi

Arzum yenə köhnədi:

Qızlarım bilməsinlər,

Kədər nədi, qəm nədi?

 

Həyatının ən ağır günlərində övladlarını düşünürdü:

Məni sevən qadın, sevdiyim qadın

Qızlarını al yanına,

Qoyma onlara kədər toxunsun,

Axşamlar ürəyimdən şeiri Aygülə de,

Sənin üçün oxusun.

 

Onun o peziyasında həm qəribə bir nisgil, həm uzaqgörənlik var:

 

Yoldu aldanıb keçilən,

Suyu bir qurtum içilən,

Beş günlük ömrə biçilən

Beş arşın bezdimi dünya?

 

Poeziya o vaxt qiymətini alır ki, orada yeni deyim tərzi olsun. Mətləb Nağı da özünü şeirlərində tapdı. Şeirləri ilə düz-dünyanı gəzdi, dolandı:

 

Ömürdən qalıb...

Az, ya çox, Allaha pənah.

Götür başını əlinə,

Yola çıx, Allaha pənah.

 

Bayaq vurğuladığım kimi, çox şeirlərindən doğmaları boylanır. Qardaşı Ədaləti "anamın sonbeşik oğlu" deyə çağırır:

 

Yıgnaq ötdü, yurd tək oldu,

Ürəyində bir yük oldu,

Hamımızdan uşaq ikən

Hamımızdan böyük oldu

Anamın sonbeşik oğlu.

 

Mən Mətləb Nağını uşaq yaşlarından tanıyıram. Bir kənddə doğulub boyümüşük. Salyanda tez-tez "Kürün töhfə"sinə gələrdi. Bakıda rastlaşanda bir-birimizdən kəndi kəsəyi soruşardıq. Mətləb Nağı adlı-sanlı Mirağa kişinin oğlu idi. Gülcahan xala anamın uşaqlıq dostu olmuşdu. Bütün bunlarla yanaşı Mətləb Nağı qələm əhli olduğu üçün mənə çox doğma idi. Şeirlərini sevə-sevə oxuyardım.

Çox tez getdi Mətləb Nağı. Getdi gəlməməyə. İnana bilmirəm. Elə bilirəm ki, bir gün bir bağlama şeirlə qayıdacaq. Söz adamları ölmür. "Doğul, yaşadım, öldüm..." şeiri düşdü yadıma. Mətləb Nağı bu şeiri yazanda hardan biləydi ki, o öləndən sonra sağ qalacaq. O dünyasını dəyişən gün anamın rəhmətə getməsinin qırxıncı günü idi. Onu yola salmağa çata bilmədim. Duyğularım bu misralara çevrildi.

 

NİYƏ UZANMADI ÖMRÜM BİR QARIŞ

 

Səni ötürməyə gəlmədim, qardaş

Yolladım dalınca gözümün yaşın

Yuyub suya çəkdi günahlarımı

Anamın yasına qarışan başım.

 

Bir gün qardaşım beləcə getdi,

Bir əlim gözümdü, silirəm daha

O yolun yolunu əzbər bilirəm,

O yolun dilini bilirəm daha.

 

Üzünə gülmədi bu gələn bahar,

Əllərin dərmədi açan çiçəyi.

Sənin oralardaölümün var?

Qayıt, yetim qoyma kəndi, kəsəyi.

 

Mən daha o kəndə dönə bilmirəm,

Gəzişə bilmirəm Kür qırağını,

Böyüklər bir yana, deyə bilmirəm,

Uşaqlar soruşur Mətləb Nağını.

 

Əvvəl yay gələcək, sonra payız, qış

Məzarın üstünə ələnəcək qar.

Niyə uzanmadı ömrüm bir qarış,

Qayıt, oralardaölümün var.

 

Mənə elə gəlir qayıdacaqsan,

Dost-tanış inanmır ölən gününə

Səni ötürməyə gələ bilmədim,

Gələcəm qayıdıb gələn gününə.

 

 

Ədalət  2018.- 7 fevral.- S.7.