SƏHNƏMİZİN
TƏBƏSSÜMÜ
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Bu yazını qələmə almaq mənim üçün bir az nostalji duyğularla baş-başa qalmaq demək oldu. Ona görə ki, onu həm həyatda görmüşəm, həm səhnədə... Hələ bunların hər ikisindən öncə də ekranda... Radioda da səsini eşitmişəm. Bütün bu fikirləri mən xatirə kimi qələmə alıram. Amma bu xatirənin özündə də bir təbəssüm, bir işıq var. Adama elə gəlir ki, indi qapı açılacaq və o, öz təbəssümüylə otağa daxil olacaqdı. Yəqin ki, yaşlıların, bütövlükdə isə onu tanıyanlar fikirlərimlə razılaşarlar. Və bu fikir də belədir:
- Xalq artisti Hacıbaba Bağırov görünüşüylə təbəssüm doğururdu. Onun göz önünə gətirilməsi artıq gülüşün dodağa, çöhrəyə qonması deməkdir.
Bəli, bu gün barəsində xatirələr danışılan, oynadığı rollar, yaratdığı obrazlar, çəkildiyi filmlər onu yaşadır və bu yaşayan sənətkarın həyat yolunu yaddaşımızda təzələyir. Çünki Hacıbaba Bağırov əsl səhnə ustası kimi, peşəkar aktyor kimi, bütövlükdə gülüşün ustası kimi ürəklərə, həm də sənət tariximizə öz adını yazıb, öz möhürünü vurubdu. Hacıbaba Bağırov o sənətkarlardandı ki, onun kifayət qədər tamaşaçısı, pərəstişkarı var idi. Və üstəlik, Hacıbaba Bağırov elə bir sənətkar idi ki, onun yaratdığı obrazların özləri də əbədiyaşarlıq qazanıbdı. Yəni ustad sənətkar öz qəhrəmanını filmlərdə deyildiyi kimi o qədər diri oynayırdı ki, tamaşaçı ona özünə inandığı kimi inanırdı və onun həmin obrazın təkcə içərisinə daxil olması yox, həm də obrazı öz içərisnə köçürməsi bütün parametrləri ilə Hacıbaba Bağırovun sənətkar diapozonunu müəyyənləşdirirdi. Açıq şəkildə görünüdü ki, aktyor öz ifa etdiyi obrazı yaşatmaq, özü də həmişəlik yaşatmaq istəyir. Və bu istəyə də o qədər enerji və bilgi sərf etməklə yaradırdı ki, öncə dediyim kimi, onun qəhrəmanları dipdiri olurdu.
Bir anlıq gözümüzün önünə Hacıbaba Bağırovun həyat yolunu gətirək. Onun tərcümeyi-halı digər həmkarlarından fərqlənirdi. Görünür, bunun özü də mərhum sənətkarımızın yaradıcılığına öz təsirini göstərmiş, onun həyatında müəyyən rol oynamışdı. Bax, bu mənada tərcümeyi-halını vərəqlədiyimiz Hacıbaba Bağırov Sovet dövrünün bütün uşaqları kimi orta məktəbdə istedadı ilə fərqləndiyindən şəhərin pionerlər sarayında dərnək üzvü olub, dram parçalarının ifasında o da öz qabiliyyətini nümayiş etdirib. Onun öz yaşıdları arasında bu cür önə çıxması təbii ki, bu informasiyanın yayılmasına da səbəb olub və günlərin birində görkəmli rejissorumuz Adil İsgəndərov pionerlər sarayına qonaq gələrkən xalq şairi Səməd Vurğunun "Vaqif" pyesinin tamaşaçıları sırasında olub. Elə Vaqifi izləmək də böyük rejissorumuza gələcəyin böyük aktyorunu kəşf etmək imkanı veribdi. Həmin tamaşada Hacıbaba Bağırov Vidadi rolunu oynayırmış. Çox yığcam, epizodik rol olsa da, Hacıbaba Bağırov öz ifasıyla böyük rejissorun qəlbinə yol tapıb və Adil İsgəndərov onu teatr studiyasına dəvət edibdi. Bu dəvət xalq artisti Hacıbaba Bağırovun həyat yolunda yandırılan ilk yaşıl işıq idi. Belə ki, teatr studiyasına dəvət alan Hacıbaba Bağırov məhz Adil İsgəndərovun rəhbərliyi altında böyük səhnəyə gedən yolun və bu səhnənin yolçusu olacaq aktyorun öz sənətinin sirlərini öyrənməsində bacarığını qısa bir zamanda nümayiş etdirə bildi. Adil İsgəndərov özünün rejissoru olduğu tamaşalara məmnuniyyətlə onu dəvət edir və hər tamaşadan, hər çəkilişdən sonra Hacıbaba Bağırovun ifasında səhnə uğurları özünü büruzə verir, onun yeni cizgiləri üzə çıxırdı. Paralel olaraq bu ifalar Hacıbaba Bağırovun ürəkdən bağlandığı sənətə tərəf çəkir və sənət də onun həyat kredosuna çevrilirdi.
Bəli, artıq Bakı tamaşaçıları, eləcə də paytaxta qonaq gələn teatrsevənlər Hacıbaba Bağırovu tanımağa başlamışdılar. Düzdür, xalq artistinin həyatının müəyyən bir dövrü də ölkənin cənubundakı böyük şəhərlərimizdən olan Lənkəranla bağlıdır. Hacıbaba Bağırov Lənkəran teatrının səhnəsində də öz dəsti-xəttini nümayiş etdirərək öz tamaşaçı sevgisini qazana bilmişdi. Bundan sonra o, Azərbaycanın daha bir qədim şəhərində, Gəncədə işini davam etdirmişdi. Belə ki, öz yeni obrazları ilə diqqəti çəkən və hər bir tamaşadan sonra alqışlarla qarşılanıb, alqışlarla səhnədən yola salınan Hacıbaba Bağırovun Gəncədəki fəaliyyəti də bu qədim şəhərin sakinlərinin yaddaşına yazılmışdı. Bütövlükdə isə Azərbaycanın iki böyük şəhərində, yəni Lənkəran və Gəncədə kifayət qədər tamaşaçı sevgisi qazanan Hacıbaba Bağırov yenidən Bakıya, ölkə paytaxtına dəvət alır. Təbii ki, bu dəfə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olur. Və bəribaşdan qeyd etmək yerinə düşər ki, ölkənin Dövlət Musiqili teatrının tarixində Hacıbaba Bağırovun adı böyük bir xətt kimi keçir. O, bu teatrın tarixinə öz adını həmişəlik yazıbdı.
Tarixi vərəqləyəndə, daha doğrusu, Hacıbaba Bağırovun həyat yolunu gözdən keçirəndə onu da öyrənirik ki, xalq artistinin Dövlət Musiqili Komediya Teatrına gəlişi 1962-ci ilə təsadüf edir. Hesablamalara görə, yəni Hacıbaba Bağırovun sənət yolunu araşdıran teatrşünasların verdiyi bilgiyə görə, ömrünün 26 ilini bu teatra həsr edən Hacıbaba Bağırov musiqili komediya teatrının səhnəsində 50-dən çox obrazı canlandırıb, onu dipdiri şəkildə tamaşaçı qarşısına çıxarıbdı. Və bu obrazların hər biri də tamaşaçıya dipdiri təbəssüm bağışlayıb. Həmin obrazların adlarını çəksək, onda görərik ki, Hacıbaba Bağırov böyük Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərində yaratdığı Sultan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Zülfüqar Hacıbəyoun "Əlli yaşında cavan" əsərində Orduxan, xalq artisti, böyük və unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun "Həmişəxanım" pyesində Cəbi Cüməzadə, "Hardasan ay subaylıq" tamaşasında Novruzəli və digər rollarıyla öz tamaşaçılarını gülüşə qərq edirdi.
(Ardı növbəti
sayımızda)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 8 fevral.- S.7.