Anam şeir yazdığıma görə
məni döydü...
Ədəbiyyatda istedadlı imzalar çoxdur. Bunlardan biri də
Tural Turandır. Əslən Şəmkirli
olan Turalın şeirə, ədəbiyyata sevgisi hələ
uşaqlıdan üzə çıxmışdır. Elə ilk şeirini də birinci sinifdə
yazmışdır. Azərbaycan
Yazıçılar Birliyinin üzvü, 4 kitab müəllifidir.
"Turan təxəllüsü böyük
qardaşımın adı ilə bağlıdır. Bir neçə
aylıq olanda rəhmətə gedib. Mən
doğulanda yenidən mənə Turan adı vermək istəyiblər.
Yaşlı adamlar düşər-düşməzi
olar deyib Tural qoyublar. İkinci kursda
özümə Turan təxəllüsü
götürdüm. Nakam
qardaşımın adını özümlə birgə
yaşatmaq üçün.”
Adalet.az gənc
şair Tural Turanla müsahibəni təqdfim edir:
- Tural bəy,
özünüz haqda danışardız...
- Oğuz
qağa, əslən Qazağın Dəmirçilər kəndindən
olsam da, Şəmkirin Alabaşlı kəndində
doğulmuşam. 28 yaşım var. Qafqaz
Universitetinin filologiya fakültəsini bitirmişəm. Bakalavr təhsilim var. Magistr təhsilimi xaricdə
davam etdirmək istəyirdim. İmtahan
verdim, ilk mərhələdə Konya Səlcuq Universitetinin
Türk şiveleri bölümünü 83 balla qazandım.
İkinci tur üçün
hazırlaşırdım ki, atamın xahişi ilə kəndə
gedəsi oldum. Magistr arzularımın
qarşısını atam kəsdi. Daha doğrusu,
yarımçıq qaldı... Gələcəkdə
bu arzumu reallaşdırmağa çalışacağam.
-Atanız nə etdi ki, təhsil
almağınıza imkan vermədi?
- Təhsilimin
yarım qalmasının səbəbini deyim; o vaxt atamın
200-250 baş qoyun-quzusu vardı. Ümumiyyətlə,
biz tərəkəməyik. Necə oldusa,
atamın çobanı qoyun-quzunu otarmaqdan imtina etdi. Kişi də tək qalmışdı. Bu qədər heyvana nəzarət etmək onluq
deyildi. Yaşlı və tək adamın öhdəsindən
gələsi iş deyildi. Çarəsiz
qalıb məni çağırdı ki, gəl kömək
elə. Dedim ki, a kişi, magistra
hazırlaşıram. Türkiyəyə,
müsahibə mərhələsinə getməliyəm.
Söylədi ki, sonra gedərsən. Qaçhaqaç ha döyül. Bu il olmasın, gələn il olsun. İndi burada
mənə lazımsan, gəl kömək elə dedi. Atadır də, sözündən çıxmaq
olmur. Bir az zəhmi ağır
kişidir. Həm də inciyərdi, həmin
vaxt ona kömək etmək oğul borcum idi. Uzun sözün qısası, getdim kəndə.
Mən qoyun-quzu hərləyirdim, dədəm də
örüş yerlərimizi suvarırıdı. Yaz vaxtı idi. Havalar isindikcə
davar üçün ot-alaf çarəsinə
baxılmalı idi. Nə başını
ağrıdım qağa, universitetdə viza
imtahanlarını, Türkiyədə master ikinci tur mərhələsini
atıb on gün dədəmə çobanlıq elədim. Hazırda media sahəsindəyəm. Filologiyanın dalınca getmədim. 2009-cu ildən jurnalistikadayam. Mediada
fəaliyyətim İctimai Televiziyadan başladı. Hazırda "Həftə içi” qəzetində
çalışıram. Köhnə
kişilər demiş, dörd kitabın müəllifiyəm.
İlk kitabım 2010-cu ildə, 21 yaşım
olanda çapdan çıxıb. Çap
olunanların hamısı şeir kitabıdır. Üçü Azərbaycan dilində, biri özbək
türkcəsində işıq üzü görüb.
-Uşaqlığınıza səyahət
etsək, sizi harda tapa bilərik?
-Mənim
uşaqlığım əsasən irəmələrdə,
örüşlərdə keçib. Atamla, əmilərimlə,
öz tay-tuşlarımla qoyun-quzu otarmışam. Dörd yaşından əlimdə çomaq,
çiynimdə heybə tərəkəmələr
demiş, düzdə-bozda olmuşam. Kəndimizin
ayağında Qarabaldır irəməsi və Daşlı dərə
deyilən yer var idi. Uşaqlığma
geri boylansaq, məni əsasən orada tapmaq olar. Adətən ağsaqqallarla heyvan otarmağı daha
çox sevirdim. Çünki dənçikləri,
sinələri dolu adamlar idi. Onlar sinələrini
boşaltdıqca, mən
yığıb-yığışdırırdım. Yaşıl bir dəftərçəm var idi.
İndi də qalır. O dəftərçədə
300-dən çox söz var. Unudulmuş, arxaik sözlərdir.
Yaşlıların ağzından
çıxdıqca dizimi yerə qoyub dəftərçəmə
yazırdım. Könüllərinin
xoş vaxtında həmin bilmədiyim sözlərin mənalarını
soruşub dəftərimə qeyd edirdim. Sonra
da əzbərləyirdim.
-Aha
-Hətta
o sözlərdən ibarət cümlələr qururdum ki,
unutmayım. İş elə gətirdi ki, diplom
işimi də bu sahə üzrə seçdim. Diplom işimi "Şəmkirin Alabaşlı kəndindəki
köhnəlmiş sözlərin leksik və semantik
xüsusiyyətləri” mövzusu üzrə müdafiə
etdim. Dörd dənə "100” aldım.
Bu da maksimum bal deməkdir. Həmin
diplom işini diplom rəhbərim, dekanım çox bəyəndi.
Professor Akif Hüseynli dedi ki, mütləq bu diplom işi
çap edilməlidir. Çap üçün
hazırlandığından da xəbərim vardı. Sonra əsgərliyə getdim, nəşr edilib-edilmədiyindən
xəbərim olmadı. Uşaqlığımda
bir müddət fortopiano dərsləri aldım. Sonra cüdo idman növü ilə məşğul
oldum. Hamısı da yarımçıq
qaldı. Heç birində
özümü tapmadım. Fağır
adamam, kiməsə ilişən deyiləm amma hərdən
ikisinə də ehtiyac duyuram (gülür).
- Turan imzanız millətçiliklə
əlaqəlidir?
-Bu sual mənə
bir neçə dəfə verilib. Milliyətçilik
baxışlarım milli dəyərlərin mühafizəkarlığı
və mental dəyərlərin qorunub yaşadılması,
Boz qurd inancı ilə hüdudlaşır. Yəni, faşist deyiləm. Radikallığı
sevmirəm. Ümumiyyətlə, valideynlə,
milli kimliyi özün seçmirsən. Ona
görə də bu cür yanaşma absurddur. O ki,
qaldı Turan təxəllüsünə, bu məndən
böyük qardaşımın adı ilə
bağlıdır. Bir neçə aylıq
olanda rəhmətə gedib. Mən
doğulanda yenidən mənə Turan adı vermək istəyiblər.
Yaşlı adamlar düşər-düşməzi
olar deyib Tural qoyublar. İkinci kursda
özümə Turan təxəllüsü
götürdüm. Nakam
qardaşımın adını özümlə birgə
yaşatmaq üçün. Əvvəllər
isə qəzet və dərgilərdə Tural Mustafayev
imzası ilə çap olunurdum.
- İlk kitabınız haqda
düşüncələriniz, təəssüratınız
necədi?
-Birinci
kitabım 8 il əvvəl çap edilib. 2015-ci ildə "Bələksiz
qığılcım” adlı ikinci şeirlər kitabım
işıq üzü gördü. 2017-ci
ildə "Tanrı qağaya ismarış” kitabım
işıq üzü gördü. Bir
neçə həftə əvvəl isə müxtəlif
illərdə yazdığım şeirlər
"Qaranlığın aydınlıq adı” altında
özbək türkcəsində işıq üzü
gördü. Oxucularım birinci kitabdan
başqa digərlərinin adının çox qəribə
olduğunu deyirlər. Məncə də
elədir. Amma səbəbini də deyim, həmin
kitabların adları tərəkəmə ruhundan irəli gəlir.
"Bələksiz qığılcım”
adı bir əhvalatdan gəlir. Yorucu deyilsə,
danışım...
-Buyurun
-Deməli,
8-9 yaşım olardı. Kəndimizdə köhnə
kişilərdən olan Cümşüd kişi
ilə quzu novatına getmişdim. Yaz vədələri
idi. Qəfil yağış yağmağa
başladı. Quzular, çəpişlər
təpələrdəki dikanlığa, qanqallığa səpələnmişdilər.
Cümşüd qağam dedi ki, al bu kibriti ocaq qala. Mən də quzunun dalını-qabağını
yığıb gəlirəm. O vaxtkı kişilər
ehtiyatlı idilər. Ciblərində
islanmasın deyə kibriti sellofana bükürdülər.
Sellofan bükməcəni açdım. Kibriti çıxardım. Ha yandırmağa
çalışdım, alınmadı. Xeyli
kükürd giləsini heyf elədim. Birdən
rəhmətlik Cümşüd qağa gəldi. –Ayə,
nağayrırsan? - dedi. Odu bələməsən
yanarmı heç. İndiyə kimi harada
bələnməmiş qığılcımın
yandığını görübsən?! Sonra da kibriti iki ovucunun arasına aldı.
Qutusuna çəkdi və kətyən koluna od
vurdu. Bu söz o vaxtdan yaddaşımın bir
küncündə ilişib qaldı. Əbədiləşdirmək
üçün kitabıma bu adı verdim.
-Bəs "Tanrı qağaya
ismarış” haradan gəlir?
-Elə o
da oradan – tərəkəmə uşaqlığımın
yaddaşından gəlir. Bizdə Tanrıya-
yaradana qağa, baba deyə müraciətlər var. Çox
yerdə işlədilmir. Tanrını öymək mənasında,
onun sirdaş, dost olduğunu ansıtmaq anlamında bu ifadənin
yanında "qağa” sözü də istifadə edirik. Biz tərəfdə nə o vaxt, nə də indi demək
olar ki, namaz qılan yoxdur. Uşaq idim.
Qoyun qırxını vaxtı uzaq kəndlərin
birindən bir qırxınçı gəlmişdi.
Əlində toğlunu qayçıladıqdan sonra dedi ki, mən
namaz qılıb gələcəyəm. Ayağımızın
altına saldığımız quzu dərisini
götürüb bir kənara çəkildi. Çömbəlib qalxmağa başladı. Hamımız marıtlayıb baxmağa
başladıq ki, bu ərəseyli nə edir görəsən?
Yad adama bizim obalarda ərəseyli – kənardan gəlmə
deyərlər. Bir gəllədar
koxamız – baş çobanımız var idi. Dedi ki, lələ,
tanrı qağaya nə ismarışı göndərdin? – Həmin
qırxınçı da gülümsədi, heç nə
demədi. Onda bildim ki, Allaha dua eləməyin
biz tərəfdəki adı "Tanrı qağaya
ismarış” imiş. Həmin dəftərçəmə
bu ifadəni də yazmışdım. Üstündən
18-20 il keçəndən sonra kitabıma
bu adı verdim. Kitabımın təəssüratlarına
gəlincə, ən çox satılan birinci və
üçüncü kitablarım olub. "Mənə
bir az o dünyadan danışın” adlı kitabımın təqdimatı
Qafqaz Universitetində olmuşdu. Təkcə
təqdimat günü 319 kitab satılmışdı.
Rektor özü beş kitab
almışdı. "Bələksiz
qığılcım” o qədər də populyarlaşmadı.
"Tanrı qağaya ismarış” isə mənə
ən çox oxucu qazandıran kitab oldu. Azərbaycanda
ilk dəfə məhz bu kitaba "book face”lər çəkildi.
Kitabın dörd siması var, "Tanrı
qağaya ismarışın”. 1000 nüsxə
çap edildi. Oxucular kitab istəyirdi deyə,
məcbur ikinci basqı da oldu. Üçüncü
kitabın reklamı da yaxşı getdi. Çevrəmdəki
insanların da dəstəyini gördüm. Həmin kitabın üz qabığındakı
foto da orijinaldır. Məhz bu kitab
üçün çəkilib.
- Şeir yazmaq
dövrünüz nə vaxtdan başladı? Nə vaxt şeirə ehtiyac duydunuz, hiss elədiniz ki,
şeir yaza bilərsiz ?
-İlk şeirimi birinci sinifdə yazmışam. Riyaziyyat dərsi
idi, bir bəndlik şeir yazdım. Ani oldu,
sözlə indi ifadə edə bilməyəcəm. Çünki tam olaraq yadımda deyil. Həmin şeir indi yadımda deyil. Evə gəldim, anam baxdı ki, misalların
arasında bir bənd şeir var. Milçəköldürənlə
birini başıma ilişdirdi. Sonra atama dedim ki, anam məni
şeir yazdığıma görə vurdu (gülür). Atam
da anama – heybəsinə bir "qaralama” dəftər qoy, bir də
uşağı vurma – dedi. İlk şeirim
yeddinci sinifdə oxuyanda çap edildi. Onda anama dedim ki,
milçəköldürənlə bax bura vurdun
(başını göstərir), düz
oradan öp bağışlayım səni (gülür).
Yeddi il sonra həmin "ilk şeir
ağrısının” ağrısını özümə
unutdurdum.
-Şeirlərinizdə fəlsəfə
daha çoxdu. Sizcə
müasir şeirin düsturu fəlsəfədən
asılıdır?
-Deməzdim
ki, şeirlərim fəlsəfidir. Mənim
düşüncəm odur. Xalqın
unutduğu ruh halında, keçmiş ruhani dünyasında
yazıram. Son zamanlar dadaist şeirlər
də yazıram. Mifik kodeksdən Artur Bravan
stilinə keçmək də qeyri-ixtiyari oldu. Süli Pridomu oxuyandan sonra baxdım ki, bu janrda
yazmağa başlamışam.
- Şəmkirlisiniz. Şəmkirdə ədəbi mühit, abu-hava necədi?
-Şəmkirdə bir-iki yazan şair tanıyıram. Şamxal
Rüstəm, Məzahir Hüseynzadə, əslən Kəlbəcərdən
olan Elməddin Nicat və sair. Əsas
ağırlıq bu adamların üzərindədir. Ara-sıra tədbirlər keçirirlər. Şəmkirdə yaxşı şərait var. Amma
fəal mühit yoxdur. Buna baxmayaraq, mənə
görə, Bakıdakı bədəvi mühitdənsə,
Şəmkirdəki, Qazaxdakı ədəbi mühit daha
sağlam müstəvidə inkişaf edir. Özümü Şəmkirdən daha çox Qazax
ədəbi mühitinə yaxın hesab edirəm.
-"Xalqın Şairi”
müsabiqəsində sizi də gördük. Finala çıxa bilmədiz. Ümumiyyətlə müsabiqəyə münasibətiniz
necədir?
-Müsabiqədir,
getdim, gördüm, gəldim. Yarımfinalda mənə
görə ən yaxşı şeirimi dedim. Amma
kəsdilər. Nizaməddin Şəmsizadə
kimi trafaret baxışlı münsiflər olan yerdə mənə
yer yox idi. Həmin müsabiqədə mənim
ruhumu təkcə Qulu Ağsəslə Rüstəm Behrudi
duymuşdu. Onlardan da qiymətimi
almışdım. Yarımfinaldakı son
qalmaqal münsiflərin hansı səviyyədə
olduqlarını göstərdi. Məti
Osmanoğlu BDU-nun tələbələrinin şeirlərini
şedevr kimi "Ulduz"a göndərir. Sizi inandırım ki, heç 7-8-ci sinif şagirdləri
o cür zəif şeirlər yazmırlar. Əksəriyyəti söz
yığınıdır. Necə olur ki,
onlar şeir olur, fəlsəfi məzmunda yazılmış,
bədii dolğunluğu ilə seçilən, orijinal ifadələr
olar müsabiqə iştirakçılarının şeirlərinə
zəifdir deyir, "qayçılayır". Mən bunu anlamıram. Bütün
bunlara baxmayaraq, bu bir yarışmadır. ARB
telekanalına təşəkkür edirəm ki, paytaxtda və
regionlarda yaşayan gənclərə bu cür imkan
yaratdılar. Əsasən də layihənin əsas
simalarından olan Mintac xanım Elsəvərə...
- Mütaliəyə vaxtınız
qalırmı, dünya ədəbiyyatını daha çox
oxuyursuz?
-Bəli,
hər gün on səhifə oxuyuram. Bu artıq
adi hala çevrilib. Hazırda Corc Oryolun "Birma
günləri”ni, eyni zamanda Tolstoyun "Etiraf”ını
oxuyuram. Təzə başlamışam. İki, hətta üç kitabı eyni müddət
ərzində oxumaq kimi xüsusiyyətim var. Universitet
vaxtı zaman qıtlığı səbəbindən eyni
anda bir neçə əsəri oxumağa
başlayırdım. Bu tədricən ənənəyə
çevrildi. Daha çox dünya ədəbiyyatını
oxuyuram. Türkiyə ədəbiyyatından da Murat
Menteşi, Onur Ünlünü, Emrah Serbesi, klassiklərdən
Nazim Hikməti, İsmet Özeli oxuyuram.
- Gənc şairlər daha çox
feysbukda tanınırlar. Və bu da nisbətən
yaşlı nəslə xoş gəlmir ki, ciddi ədəbiyyat
ola bilməz feysbukda. Siz necə
düşünürsüz?
-Mən
mühafizəkaram amma zəruri yeniliklərdən geri
qalmağı da axmaqlıq hesab edirəm. Fərqi
nədir, sosial şəbəkə də kütlə və
ya ictimai bir yerdir. Canlı yaxud virtual
olmasının nə mənası var. Feyskubda ədəbiyyat
yaranmır, sadəcə təqdim edilir.
- Son vaxtlar gənc yazarlar, şairlər
gündəmi dəyişirlər. Siz də nə
vaxtsa gündəmi dəyişməyi
düşünürsüz?
-Mən
gündəmlik şair deyiləm, qağa. Şeirlərimin
çəkisi qədər ağırlığım var. Eyni
zamanda, hədəflərim daha genişdir. Burada deyirəm, bir kənara yazın, mən
"Nobel”i bu ölkəyə gətirəcəyəm. Bu eqo deyil, iddiadır. Sadəcə zamana ehtiyac
var. Bu söhbətləşməmizi çayxanada, kafedə
oxuyub bu cavabıma gülənlərə isə sadəcə
olaraq salam göndərirəm.
- Azərbaycan
Yazıçılar Birliyinin üzvüsünüz. Bu sizə nə qazandırdı?
-Bəli
üzvüyəm. Hələ ki, heç nə
qazandırmayıb. Ümumiyyətlə,
AYB-nin son dövrlərdəki fəaliyyətindən
narazıyam. Fuad Cəfərli, Emil Rasimoğlu,
Çinarə Ömray kimi istedadlar kənarda qalır,
istedadsızlara təqaüd verilir. Hələ
özümü demirəm, çünki az-çox qonorar
alıb dolana bilirəm. Heç 2017-ci ildə AYB
hansı gənc yazarlara prezident təqaüdü verdi, bilmədik. Çünki
siyahını açıqlamadılar. Bilmirəm,
bəlkə də utandıqlarından
açıqlamadılar həmin siyahını. Emil
Rasimoğlu, Fuad Cəfərli, Sərvər Kamranlı kimi
istedadlarımız bu gün kitab çap etdirə bilmirlər.
Kitab bir yana, işsizdirlər, dolana bilmirlər.
Ayda 198 manat da az deyil. Bizdən
yaşca çox kiçiklər aldı o təqaüdü.
Bizə gələndə AYB-nin kisəsinə
güvə düşdü?!
- Hazırda nə yazırsız, son
yazdığınız şeir hansıdır?
-Adətən iyirmi günə, bir aya bir şeir yazıram. Son yazdığım şeir elə "Xalqın şairi”ndə dediyim "Qadın diktorun səsi”dir. Artıq həmin şeiri hamı eşidib. Ondan sonra iki yarımçıq şeirim var. Hələ tamamlanmayıb deyə, burada söyləmək istəmirəm. Şeirə dolaşıq mexanizmli saat kimi baxıram. Tez-tez söküb yığıram. Ona görə də bir şeirimə başqa-başqa variantlarda rast gələ bilərsiniz. Yazdığım şeirlərin üzərinə yenidən qayıtmağı sevirəm.
- Bu günlərdə özbək dilində şeirlər kitabınız çapdan çıxdı. Bu kitabın ərsəyə gəlməsindən danışarsınız...
- 2018-ci ili özüm üçün beynəlxalq aləmə çıxış ili elan etmişəm. Siftəni özbək türkcəsindən başladıq. Sağ olsun, Şahista Ortiqova- Kamralı tərcümə məsələsini öz üzərinə götürdü. Özbəkistan Yozuvçular Uyuşmasının üzvü Akif Azalp bəy ön söz yazdı. Görkəmli alim Yaşar Qasımın redaktorluğu ilə kitabı Bakıda, "ÇapArt” nəşriyyatında nəşr etdirdik. Kitabın siqnal nüsxəsini görən mütəxəssislər Şahista xanımın tərcüməsini çox yüksək qiymətləndirdilər. Ümumiyyətlə Şahista Kamranlı çox istedadlı tərcüməçidir. Bunu bütün səmimiyyətimlə deyirəm. Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinə töhvə vermək baxımından bu cür addımları atmaq hər bir gənc yazarın imkan daxilində borcudur. Bütün xərcləri öz üzərimə götürdüm. Üç yüz nüsxə çap etdirdim. Kitabın Bakıda və Daşkənddə təqdimat mərasimini keçirməyə hazırlaşırıq. Bu il rus dilində və Türkiyə türkcəsində də şeir kitablarımın təqdimatını planlayıram. Təki sağlıq olsun.
- Bugünkü ədəbi
gənclikdən danışaq. Hansı gənclərin
şeirini xüsusi qiymətləndirərdin?
- Fuad Cəfərli, Emil Rasimoğlu, Taleh Mansur, Ulucay Akif, Oğuz Ayvaz, İntiqam Yaşar, Ümid Nəccari, Sərvər Kamranlı, Furqanın yaradıcılığını yüksək qiymətləndirirəm. Adlarını çəkdiyim bu adamların şeirlərində yeni tapıntılar var. Ən maraqlısı odur ki, bu adamların şeirlərinin öz nəfəsi var. Amma eyni zamanda nöqsanları da çoxdur. Emil Rasimoğlu dar komponentli bəşəri təsvir şairidir. Dediyim kimi, bütün yaradıcılığı Tanrı, güzgü, ovuc, barmaq kimi komponentlərin üzərində qurulub. "Əli qumbaralı şəkillər” şeirinin müəllifi Fuad Cəfərlidə isə mənfi cəhət monotonluqdur. Altı-yeddi şeirini oxuyan kimi yorulursan. Amma ilk misradan bilirsən ki, bunu Fuad yazıb. Fuad Cəfərli imzası Ulucay Akif axtarışdadır. Hələ ki, öz cığırında aşağı-yuxarı fırlanır. İstedadlıdır, hardasa 24-25 yaşında öz cığırını tapacaq. Taleh Mansurda isə bədii lövhə zənginliyi çox olsa da, həmin çoxluğu orijinal tapıntılar yetərincə bəzəyə bilmir. Talehdə bəzi hallarda uzunçuluq da nəzərə çarpır. Amma milli və bəşəri ruhu özündə çuğlaşdıran şairdir, Taleh Mansur. Ümid Nəccarinin və İntiqam Yaşarın istedadını da xüsusi qiymətləndirərdim. Oğuz, bu müsahibənin altında imzan olacaq deyə, sənin haqqında heç nə demək istəmirəm. Başqa bir müsahibədə sənin haqqında da fikrimi deyərəm. Belə yaxşı çıxmaz – deyə düşünürəm.
Ədalət 2018.- 8 fevral.- S.7-8.