ÖZÜNƏMƏXSUSLUQ

 

 (Ramiz Məmmədzadənin şeirləri barədə qısa qeydlər)

 

Respublikamızın sayılıb-seçilən qəzetlərindən olan "525-ci qəzet"in 16 dekabr 2017-ci il tarixli nömrəsində şair-publisist Ramiz Məmmədzadənin yeni şeirləri yer almışdır. Bu şeirlər bütün zamanları sanki bir-birinə zəncirvari bağlayaraq, keçmiş, bu gün və gələcək arasında körpü rolu oynayır.

İlk şeir "Beşik himni" adlanır. Şair söyləyir ki, körpələrin beşiyi başında hər zaman Vətəni yağı düşməndən qorumaq üçün döyüşə çağırış ruhlu nəğmələr səslənməlidir. Bu nəğmələr körpə balalarımızın Vətəni müdafiəyə çağırış himni olmalıdır. Dünyaya yeni göz açan fidan balalar mənən və ruhən Vətən anlamının nə olduğunu körpəlikdən başa düşməlidirlər. Hər bir Vətən övladı torpaq uğrunda canından keçməlidir. Şair beşikdə böyüyən Vətən övladlarını özünün "kiçik qala"sı adlandırır:

 

Azərbaycan heç bir zaman

Qarabağsız qala bilməz.

İgidlərin baş qoyduğu

Anam torpaq sola bilməz.

Beşikdən düş, tüfəng götür,

söz sənindir!

Düşmənin var, düşməninə

zərbə endir!

Qurban olum, mənim oğlum,

mənim balam!

Sən əsgər ol, səfərbər ol,

kiçik qalam!

 

Şeirdəki poetik fikir oxucuda həyata yeni yanaşma pəncərəsi açır. Bu pəncərə körpəyə beşikdə olarkən işıq bəxş edir - döyüş ruhlu mübarizə işığı. Belə bir himn sanki körpələrə beşikdə Vətən sevgisi laylası çalır. Bu himnin sədaları onların ruhuna - canına və qanına hopur.

"Yaşamaq olmaz" şeiri respublikamızın Əməkdar müəllimi Səlim Əzimova müraciətlə yazılmışdır. Burada müəllif göstərir ki, elə ağrılar var ona dözmək çox çətindir. Bəzən elə ağrılar var ki, bu ağrıların təsirindən nəinki insanlar, hətta dağlar da əriyib yox ola bilər...

 

Ömrümüz haçansa yetəsi sona...

İstər yüzü adla,

istər min sana...

Bir dəfə verilir həyat insana

Bu ömrü Şuşasız

yaşamaq olmaz!!!

Günahı olmayan bir şəxsin şər atılaraq dostunun qatili kimi tutulmasını müəllif "Günahsız" şeirində canlandırmışdır.

Heç bir günah sahibi olmayan insanın qatil kimi suçlanması və ədalətin keşiyində duran ədalətsiz hakim tərəfindən sorğuya tutulması ikrah hissi doğurur:

 

Ona neçə yol zəng etmisən?

, bəlkə

Dostunun canını alıb

sonra şəhərdən

rədd olub getmisən...

 

Ədalətsiz bir hakimin söylədiyi əsassız və heç bir ölçü-biçiyə sığmayan kobud, qeyri-qanuni ifadələr heyrət doğurur. Qanunun keşiyində duran hakimin ədalətsiz hökmü bir ailəni daxilən sarsıdır.

Sonda müəllif "məhkum"a məsləhətlər verir:

 

"Nadzor"u da razı sal ki,

Hərdən arvadını yuxuda

görə biləsən...

Həm də məsləhətdi ki,

Hakimi də, qatili də

yaddaşından siləsən!..

Allaha tapşır onları...

 

Günahsız adamı şərləməklə suçlayıb günahlandıran ədalətsiz hakimlərə şair nifrət hissi bəsləyir. Onların öz mənafeləri üçün günahkar əvəzinə günahı olmayanı cəzalandırması dəhşətli hadisədir. Belə mənfur əməlli hakimlərə müəllif sanki bu şeiri ilə lənət yağdırır.

"Varlı olmaq" şeirində müəllifin arzusunda olduğu həyat tərzindən söhbət gedir və sonda müəllif üzünü göylərə tutur:

 

Mən də sənin bəndənəm axı...

Varlı olmaq

gözəlmiş, İlahi!

Üzü qara olsun

kasıbçılığın!..

Bu şeirdə böyük alman şairi Henri Heynenin məşhur "Allaha məktub" şeirinin təsiri açıq-aşkar hiss edilir.

R.Məmmədzadə uşaqlıqdan qocalanadək mürgülü ömür sürən bəzi yaramaz insanların heç bir xeyirxah iş görmədiklərini "Mürgülü adam" şeirində yumoristik bir dillə qələmə almışdır. Belə yararsız adamlar dərsdə də, toy edəndə də, paqonlu vəzifə daşıyanda da mürgüləyir. Heç kəsin xeyir və şərinə yaramayan, ömrü boyu mürgü içərisində yaşayan və hər işə biganə yanaşan insanı şair dəyərsiz kimi qiymətləndirərək deyir:

 

Axı niyə ayılsın ki,

Əzəldən fikri belədi:

"Bu dünyanın işlərilə nə işim,

Sakitəm, dincəm, rahatam"...

Bəlkə də heç

mürgüdən ayılmaq istəmir

bu adam...

 

"Hünər göstər" şeirində günümüzün işığı söz olduğu söylənilir. Sözün təsirindən ürək köz kimi yanır. Sözü şeirə çevirmək üçün şair barmaqlarının dəmirə döndüyünü söyləyir:

Məndən sonra qalan şeir

Məndən kimə nə sözun var?

 

Müəllif özünə bənzəyən şeirin ondan dözümlü olduğu fikrinə gəlir. Özünü meydanda bəxti olmayan çapar adlandırır və deyir ki, çalış sən mənə bənzəmə. "Əlinə düşən səhər"i axşama qədər qorumağa çalış. Dünya möcuzə və həm də "bəxtəbəxtdir". Bəzən nə salam verən, nə də salam alan var. Belə bir zamanda yaşamaq mənasızdır. Əgər yaşamağın mənası yoxdursa, özünü misralardan hördüyün kəndirlə asmağa hünərin olsun. Şeirdə gizli-aşkar bir simvolizm var:

 

Yaşamağın nə mənası?

Yox, qadası,

belə olmaz!

Misralardan kəndir hörüb

Hünər göstər,

özünü as...

 

R.Məmmədzalə "Məlum qadına" şeirində özü üçün məlum, oxucuya görə isə naməlum olan gözəldən söhbət açır. Sənə şeir ithaf etsəydim əvvəlcə baxışlarını vəsf edərdim. Baharın rəngarəng naxışlarından bir dəstə gül bağlayaram sənə. Yuxuda gördüklərim həqiqətdir. Yuxuma gəl, onu danışım sənə. Əllərin havaya qalxan göyərçinlərin qanadı kimi dümağdır. Sən gəzən bağçada səni görən güllər gizlənir. Ona görə ki, sən onlardan gözəlsən. Allah bilir sənin könlündən nə keçir. Səni Tanrıdan soruşsam da, səndən heç bir xəbər verməz. Sonda şair fikrini belə yekunlaşdırır:

 

Mən sənin adına şeir yazsaydım...

Yox, mənim deyilsən...

Gözlərin aydın...

 

"Ağdamın baməzə adamları" silsiləsindən" başlığı altında verilmiş "Dəli Dilbər", "Oxuyan Elman" və "Uzun Əbiş" şeirləri öz xarakterik cəhətləri ilə seçilir. "Dəli Dilbər" şeirində şair Ağdamın keçmiş baməzə adamlarından olan "Dəli" Dilbərdən danışır. Əhvalat belə baş verir: Bir yay günü "dəli" Dilbəri tanıyan iki nəfər şəxs onu "maşına basıb" kənar bir şəhərdə yerləşən dəlixanaya aparırlar. "Dəli" Dilbər dəlixanaya girəndə onu gətirənlərdən tez irəli atılıb özünü dəlixananın baş həkiminin otağına salır və həkimə deyir ki, sizə "iki dəli gətirmişəm Ağdamdan...". Beləliklə, "Dəli" Dilbər onu gətirən adamları qabaqlayaraq gülməli vəziyyətə salır:

 

...Tez özünü saldı

Baş həkimin otağına

Dedi: "- həkim,

iki dəli gətirmişəm

Ağdamdan"...

 

R.Məmmədzadə "Oxuyan Elman" şeirində vaxtilə Ağdam şəhərində qonşuları olmuş Elmanın sərgüzəştlərindən, küçələrdə "oxuya-oxuya" gəzməsindən, ona rus dili öyrəndiyini da-nışmasından, mahnı oxuyarkən bəzi sözləri rusca deməsindən və bununla:

- Ramiz, qaqa, rus dilini yaman öyrənmişəm, su kimi içirəm, - deməsindən şair maraqla söz açır və sonda keçmişdə Ağdamda keçirdiyi günləri xoş xatirə kimi anır:

 

Eh, o xoşbəxt günlərdə

Elman vardı dünyada...

Ağ damları ulduz-ulduz

Məkan vardı dünyada...

 

Uzun Əbiş də Ağdamın baməzə adamlarındandır. Şair "Uzun Əbiş" şeirində də duzlu-məzəli əməlləri ilə yaddaşlarda qalan Uzun Əbişin keçdiyi həyat yoluna işıq salır. Öz baməzə hərəkətləri ilə hamını heyrətə salan Uzun Əbiş yay vaxtı dağlara köç edənlərin "inəklərini qatıb qabağına" Qarqar çayı boyunca Xocalının yanından, Şuşanın aşağı hissəsindən, "Zarıslının ortasından" keçərkən dağların "yarpızlı suyundan" içə-içə pay-piyada daşlı-kəsəkli yolları keçərək Qarabağın ata-baba yaylağı Turşsuya, Sarıbabaya gedərdi:

 

Yaddaşımda donub qalıb

Uzun Əbiş:

Çantası çiynində,

çomağı əlində,

"Ohoo!" "Ohoo!" kəlmələri

dilində

Ağdam-Turşsu yolunda...

 

Zatən, Dəli Dilbəri, Uzun Əbişi bir ağdamlı kimi mən özüm də şəxsən tanıyırdım. Allah onlara rəhmət eləsin!

"Ağdamın baməzə adamları" silsiləsinə daxil olan hər üç şeirdə Ramiz Məmmədzadə Ağdamın bəxtəvər çağlarında yaşamış duzlu-məzəli adamların əməllərini xatırlatmaqla bizləri kövrəldir.

XX əsrin tarixi yaddaşından boylanaraq ötüb keçən zamanları yad etməklə şair bu gün erməni vəhşilərinin əsirliyində inləyən "Qarabağın toy evi" olan Ağdam şəhərini gözümüz önünə gətirir. R.Məmmədzadə öz doğma beşiyi olan Ağdamın keçmiş cah-cəlallı dövrünü canlandır-maqla bizi ötən illərdə baş verən, yaddan heç vaxt çıxmayan anlarla qovuşdurur.

Ramiz Məmmədzadənin "525-ci qəzet"də çap edilmiş şeirlərini diqqətlə araşdırdıqda həyatın özündən pərvazlanmış və qida almış mənzərələrin şahidi oluruq. O hər bir mövzunu seçərkən özünəməxsus ampluada spesifik cəhətləri nəzərə alaraq xüsusi planda canlandırmağa çalışmışdır. Fikirləri aydın, ifadələri dolğun və poetik keyfiyyətləri isə yeni biçimdə, yeni tərzdə... Hiss olunur ki, şair bütün zaman kəsiyində öz sənətkarlıq ənənələrinə sadiqdir və qələmə aldığı mövzuları isə həyat özü diktə edir. Təbii deyim və ifadə manerası R.Məmmədzadə şeirlərində məna çalarlığını artırır, oxucunu yormur, onlara sanki düşünmək stimulu verir. Rəvanlıq, fikir tamlığı, bayağılıqdan çox-çox uzaq olan bu poetik nümunələr özünəməxsus cəhətləri ilə şair ürəyindən süzülən səmimi hisslər kimi insanı daxilən silkələyir və onu özünə daha da yaxından bağlaya bilir.

Müəllifə uğurlar olsun!

 

SABİR RÜSTƏMOĞLU,

ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB-nin üzvü

 

Ədalət  2018.- 8 fevral.- S.6.