GÖYÇAY: YÜKSƏLİŞƏ
DOĞRU İNAMLI ADDIMLARLA
Dövlətimizin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində respublikanın elə bir bölgəsi yoxdur ki, orada inkişaf, yüksəliş və insanların xoş güzəranı arzulara işıq salmasın. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası qəbul olunmuş Dövlət Proqramlarının uğurlu icrası və digər transmilli layihələrin reallaşması istiqamətində ölkəmizi daha böyük zəfərlərə aparır. Məhz cənab Prezidentin rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasətimizin nəticəsidir ki, Azərbaycan artıq dünya miqyasında stabil inkişafa malik ölkələr sırasındadır.
Respublikamızın hər yerində olduğu kimi Göyçay rayonunda da sosial-iqtisadi və mədəni inkişaf diqqət çəkir. İndi bir çox sahələrdə qazanılan uğurlar göyçaylıları daha böyük nailiyyətlərə ruhlandırır. Aparılan abadlıq və tikinti quruculuq işlərinin miqyası genişləndikcə təkcə rayon mərkəzində deyil, kəndlərdə də müasirləşmənin yeni mərhələsi yaşanır. Yeni məktəblər, sosial obyektlər, kəndlərdə içməli su və qaz çəkilişi məsələlərinin həlli, yeni yollar və digər quruculuq tədbirləri sakinlərin daha rahat yaşayışına hesablanır.
...Və Göyçay şəhəri daha da gözəlləşir. Son iki il ərzində burada müxtəlif təyinatlı o qədər işlər görülüb və davam etməkdədir ki...
Bütün bunlar yüksək etimadı layiqincə doğrultmağın göstəricisidir. Ölkə rəhbərliyinin qayğı və diqqəti hər sahədə özünü göstərir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və rəhbərlik etdiyi icra strukturu bu qayğıya cavab olaraq sakinlərlə birlikdə yeni uğurlar sorağındadır. İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin istər mərkəzdə, istərsə də kəndlərdə keçirdiyi bütün görüşlər, apardığı müzakirələr optimist notlarla çalarlanır. Sakinlər dövlətin, ölkə başçısı cənab İlham Əliyevin siyasətini dəstəkləyir və gələcəyə inamla baxırlar. Keçirilən bu görüşlər və yığıncaqlar rayonun sosial-iqtisadi və mədəni həyatını müəyyənləşdirən real müzakirələrə sövq edir. Potensiallar sərf-nəzər edildikcə yeni istiqamətlər formalaşır.
Bütün bunlar barədə və digər məsələlər haqqında rayonda keçirilən hesabat yığıncağında da ətraflı danışılmışdır.
"2017-ci ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları, 2018-ci ildə qarşıda duran vəzifələr barədə" Göyçay rayon icra hakimiyyəti başçısının hesabatı və "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları"na həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının nitqindən irəli gələn vəzifələr haqqında Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur. M.Səlimzadə demişdir:
- 2017-ci ildə respublikamızın digər regionlarında olduğu kimi Göyçay rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat ilində Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 7,9% və ya 31,7 milyon manat artaraq 283,4 milyon manat olmuşdur. Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 32,9 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmiş, keçən illə müqayisədə sənaye məhsulu istehsalı 2,6% artmışdır. Ötən il aqrar sahədə müəyyən uğurlar əldə edilmiş, 2016-cı illə müqayisədə taxıl istehsalı 4654 ton, dən üçün qarğıdalı istehsalı 3,3 dəfə artmışdır. Aqrar bölmənin aparıcı sahələri olan meyvəçiliyin və faraş tərəvəzçiliyin inkişaf etdirilməsinə diqqət daha da artırılmış, 62,6 min ton meyvə istehsal edilmiş, meyvə istehsalı 1,4% artmışdır. 138,1 hektar yeni bağ salınaraq meyvə bağlarının ümumi sahəsi 5896,2 hektara çatdırılmışdır ki, bunun da 82,9%-i bar verən bağlardır. Hesabat dövründə rayonda 41,6 min ton tərəvəz istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. Fərdi təsərrüfatlarda istehsal edilmiş faraş tərəvəz məhsulunun böyük hissəsi ixrac olunmuş və təsərrüfat sahiblərinə xarici valyutada gəlir gətirmişdir.
Kənd əməkçiləri tərəfindən 2018-ci ilin məhsulu üçün 16049 hektar sahədə şum qaldırılmış, 14739 hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 282 və 122 hektar çoxdur.
Ölkə Prezidentinin baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına müvafiq olaraq müəyyən tədbirlər həyata keçirilmiş, ötən ilin may ayında kumdarlara 1900 qram barama qurdu paylanılmış və 5293 kq. barama tədarük edilmişdir ki, bu da 2016-cı ilə nisbətən 4,6 dəfə çoxdur. Baramaçılığın yem bazasının yaradılması istiqamətində əməli tədbirlər görülmüş, ötən il rayonun kəndlərində Çin Xalq Respublikasından gətirilmiş 86 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilmiş 46,6 min ədəd tut tingi əkilmişdir.
2017-ci ildə rayonun iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 29,7 milyon manat və ya 2016-cı illə müqayisədə 1,8% çox investisiya yönəldilmiş, tikinti quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi 1,6% artaraq 28,5 milyon manat olmuşdur. Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına müvafiq olaraq "Azərsu" ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi üçün tədbirlər görülmüş, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq bütövlükdə 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular o cümlədən, 101 ədəd bulaq quraşdırılmışdır. Yaxın günlərdə həmin qurğuların istifadəyə verilməsi nəzərdə tutulur. Qurğuların istifadəyə verilməsi həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatını yaxşılaşdırmağa imkan verəcəkdir.
Rayon əhalisinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə təminatının etibarlılığını artırmaq üçün ötən il şəhər və kənd yaşayış məntəqələrində istifadəyə yararsız 12 transformator daha güclü transformatorlarla əvəz edilmiş, Ərəbcəbirli, Yalman, Çaxırlı, Mollahacılı, Şıxbəy, Bəydövül, Qaraməryam və Çayarxı kəndlərində 22,6 km uzunluğunda elektrik naqilləri yükünü özü daşıyan kabellərlə əvəz edilmişdir.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması üçün 9 ədəd yeni tipli qaz tənzimləyici şkaflar quraşdırılmış, 1243 p.m müxtəlif diametrli qaz boruları yeniləri ilə əvəz edilmişdir.
Bütün bunlarla yanaşı rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatında, əhaliyə rabitə xidmətlərinin göstərilməsində nöqsan və çatışmazlıqlar da olmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət 2018.- 8 fevral.- S.4.