Gözdən-könüldən süzülənlər

 

Fəlsəfə doktoru Şəfəq Nasirin (Şəfəq Oqtay qızı Məmmədovanın) məqalələr toplusu olan "Könüllərə şəfəq payı" ("Nurlar" NPM, 2014) kitabına müəllifin özü də ön söz yazıb. Kitabdakı yazılarla tanışlıq tapdıqdan sonra Şəfəq xanımın "Ömür zaman işığında"... adlı ön sözündə dediklərinin bir daha həqiqət olduğuna əmin oldum:

"Elə jurnalistikaya bütün şüurumla, düşüncəmlə bağlı olmağım məni ruhən, qəlbən meylləndiyim bədii yaradıcılıqdan da uzun zaman qoparıb öz arxasınca apara bildi. Əslində bunlar ədəbi yaradıcılıqda qoşa qanad olsalar da, son illər jurnalistikaya daha çox söykəndim. Bax bu illərdə elmi araşdırmalara istiqamət almağım, klassik mətbuat səhifələrində tədqiqatlar aparmağım ədəbi fəaliyyətimə yeni bir təkan oldu.

Son illər mətbuatda dərc etdirdiyim məqalələrlə görüşünüzə gəlməyim də ixtisasıma həmişəlik bağlı olmağımın göstəricisidir. Nədən bu yazıları bir kitabda toplamaq qərarına gəldim? Ən başlıcası, bu yazıların çoxu günlərlə, aylarla kitabxanalarda, arxivlərdə apardığım ciddi araşdırmaların sayəsində ərsəyə gəlib. Bunların itib-batmasına yol verməməkdən ötrü toplu halında nəşr etdirməyi düşündüm. Zaman-zaman "Ədəbi ömürlər" qovluğumdan mətbuata yol alan bu yazılar həm də göz-könül yaddaşımdan süzülən işıqlardı. Ədəbi şəxsiyyətlərin həyatına isti yanaşmalarım onların ömür yollarına bələdçiliyimdən başlayıb". Mən Şəfəq Məmmədovanın XX əsrin fədakar jurnalisti olan Məmmədəli Nasirin həyat və yaradıcılıq yolundan bəhs edən monoqrafiyasını oxuyanda, oradan onun tədqiqatçı fədakarlığının, alim cəfakeşliyinin şahidi olmuşdum. Bu dəfə isə Şəfəq xanımın ədəbi-publisist yönlü yazılarının cəzbinə düşüb təsirləndim, Həsən bəy Zərdabidən gələn müqəddəs bir peşənin Şəfəq Məmmədovanın qələmində çox yüksək bir səviyyə fəth etdiyini gördüm. Azərbaycan jurnalistikasının ölçü və tələbləri onun publisistikasında açıq-aydın şəkildə ifadə olunur. Azərbaycanlı jurnalistin yazı səviyyəsi necə olmalıdır deyə məndən soruşsaydılar, mən birbaşa Şəfəq Nasirin qələmindən süzülənləri buna ən parlaq nümunə gətirərdim.

 

"Könüllərə Şəfəq payı"nın annotasiyasında

 

verilmiş"Kitab ictimai-ədəbi fikrin, milli mətbuatımızın inkişafı prosesi ilə maraqlananlar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur" cümləsi doğrudan da, söz-fikir xatirinə deyilməyib. Mən bu fikrə əminliklə onu da əlavə edərdim ki, kitab jurnalistika fakültəsinin tələbələri üçün ixtisas kurslarında istifadə ediləcək vəsait dəyərindədir. Hətta burdakı oçerklərdən orta məktəblərin dərsliklərinə əlavə oxu materialları bölməsi üçün də istifadə edilə bilər.

Buradakı ön sözdə Şəfəq Məmmədova jurnalistikanın onun bədii yaradıcılığına arxa plana keçirməsinə işarə vurur. Mən etiraf edim ki, onun bədii yazıları ilə tanış deyiləm. Ancaq düşünürəm ki, elmi axtarışda prinsipiallıq nümayiş etdirən, publisistikamızı ləyaqətlə təmsil eləyən və əsl jurnalistin yazı dəst- xəttinin necə olmalı olduğunu qələmi ilə görk elətdirən Şəfəq xanımın ədəbi-bədii düşüncələri də ötərgi ola bilməz. Əlbəttə, onun özününqeyd etdiyi kimi, məzunu olduğu BDU-nun jurnalistika fakültəsinin ağır sanbalına verdiyi dəyəri və jurnalistika peşəsinə vurğunluğu müəyyən mənada bədii yaradıcılığını üstələyib. Məncə, indiki dövrdə jurnalistliyin böhranlı hal keçirdiyi vaxtlarda publisistikaya üstünlük vermək özübir hünərdir. Əslində, Şəfəq Nasir öz dəyərli publisistikası ilə özünü kənardan-kənara jurnalist ordusunun içinə soxanlara və cəmiyyətin gözündə jurnalist nüfuzuna xələllik gətirənlərə əyani şəkildə Azərbaycan jurnalistinin ləyaqətlilik və savadlılıq mücəssəməsi olduğunu isbat elədi.Doğrudan da, jurnalistin qələmində hər şey açıq-aydın görünməlidir,oxucu bütün dövrlərdə özü üçün bu yazılardan lazımi məlumatlar əldə etməlidir. Mətbuata ayaq açan yazıların kütləviliyi, oxunaqlılıq müddəti təkcə yazılma zamanına və şəraitinə görə yox, bütün dövrlər üçün aktuallıq kəsb etməlidir. Gərək elə yazasan ki, gələcəkdə Azərbaycan publisistikasının inkişaf səviyyəsini nəzərdən keçirmək üçün boylanılıb geriyə baxanda, utanc hissi keçirməyən, əksinə, yazdıqlarımızın xalq, millət üçün bir şərəf-şan işi, tarixi iftixar duyğusu olduğunu dərk edə bilərsən.

 

Şəfəq Məmmədovanın

(Nasir) publisistikası

 

Bax Şəfəq Məmmədovanın (Nasir) publisistikası bu baxımdan çox diqqətəşayandır.

Özünün də göstərdiyi kimi, onun bu yazıları kitabxana və arxivlərdəki ciddi axtarışların məhsulu kimi ortaya çıxıb.

Həqiqətən də, jurnalistlik özüinsandan araşdırıcılıq keyfiyyəti tələb edir. Hansısa bir mövzuya başdansovdu yanaşmaq jurnalist məsuliyyətsizliyi deməkdir. Toxunacağın mövzunu əvvəlcədən dərindən mənimsəməlisən.

Yoxsa ki, el arasında işlənən məşhur bir deyimdəki kimi":başın girməyən yerə bədənini soxma". Yəni başımızın girə biləcəyi yerlərə-ağlımızın kəsdiyi işlərə baş təpməliyik ki, oradan nəsə ibrətamiz, dəyərli bir nəticə götürə bilək.

Əks təqdirdə, mahiyyətindən xəbərsiz olduğumuz yerlərə özümüzü atsaq, canımızı ( el arasında deyilən bədənimizi ) oda-közə, ya hansısa bir bataqlığa atmış olarıq. Nəticəsi də nəticəsizliklə (uğursuzluqla) qurtarar.

Bu mənada jurnalist yüksək savada sahib olmalıdır ki, girişdiyi mövzudan baş çıxara bilsin( başını sağ çıxara bilsin ki, bədənini də salamat qurtara bilsin). Elə bu məqamda Şəfəq xanımın bir cümləsini misal gətirməklə onun publisistikada uğurunun səbəbini də bu mövqedən şərh etmək istərdim:

"Ədəbi şəxsiyyətlərin həyatına isti yanaşmalarım onların ömür yollarına bələdçiliyimdən başlayıb". Yuxarıda qeyd etmişdim ki, kitabdakı oçerklər dərslik kitablarına salınacaq səviyyədədir, ona görə ki, burada özünə yer almış ədəbi şəxsiyyətlərin hər birinin həyatı və fəaliyyətilə bağlı dolğun və yetərli məlumatlar əks olunubdur. Bəs bunun səbəbi nədədir? Müəllif özü bunu açıq göstərib:Ədəbi şəxsiyyətlərin həyatına isti yanaşmalarım(ın səbəbi !).....

Bəli, bu cümləni bu cür iki tərəfə-iki cəbhəyə ayırmaq olar. 1-cisi, yuxarıdakı göstərdiyim hissədir ki, sanki Şəfəq xanım bu "isti yanaşmanı"- mövzudakı uğurun səbəbini cümlənin davamında ikinci tərəf kimi belə açıqlayır:

"Onların ömür yollarına bələdçiliyindən başlayıb". Bax Şəfəq Nasir toxunduğu mövzuya dərindən bələdçiliyi sayəsində "isti yanaşa" bilir-oxucunu təsir dairəsinə sala bilir. Həm də bu, ondan irəli gəlir ki, o, yazacağı mövzularla bağlı zəhmətə qatlaşır, kitabxana və arxivlərə baş vurub öyrənir və bundan sonra gərgin və hərtərəfli jurnalist araşdırmasının bəhrəsi kimi həmin materialı hazırlayıb oxucuya təqdim edir.

Başqa sözlə, qələmə aldıqlarını əvvəlcədən tam mənimsəyib özününküləşdirir, bundan sonra öz təfəkkürünün süzgəcindən keçirib ortaya çıxardır. Deyərdim ki, burada onun tədqiqatçı jurnalist fədakarlığı ilə alimlik ziyası çox vaxt üst-üstə düşür ki, bu da onun publisistikasının işığının daha da güclü olmasına gətirib çıxardır. Bunu o özü belə ifadə edir ki, "bu yazılar həm də göz-könül yaddaşımdan süzülən işıqlardı".

Doğrudan da belədir : jurnalistin qələmindən süzülənlər onun gözününkönlünün yaddaşından bərq vuran şəfəqlərdir.Bu, nə deməkdir? Professor Teymur Əhmədov, yazıçı Hüseyn Abbaszadə, tanınmış yazıçı -publisistlər Məmmədəli Nasir Hacı Məhəmmədzadə İrəvani, Qulam Məmmədli, aktrisa Barat Şəkinskaya, Yusif Heydərzadə , Əli Vəkil, tələbə yoldaşı Vəsilə Usubovaonlarla bu kimi başqaları ədəbi-publisistikasının qəhrəmanlarıdır. Kitabın da adı "Könüllərə şəfəq payı"dır. Bu adla bu ədəbi qəhrəmanlar arasında nə kimi qırılmaz əlaqə var? Çoxlu çözümləri var bu sualın. Birincisi, müəllifin adı olan Şəfəqlə könlünün-zehninin ziyası olan şəfəq burda eyni məcraya gətirilib.

Yəni bu, həm jurnalist Şəfəqin (Nasirin), həm də ziya nuru timsalında şəfəqin payı-könül ərməğanı, ziya hədiyyəsidir-həm oxucularına, həm də elə yazısını həsr elədiyi işıqlı insanlara. Hər kəs istəsə özünə bu şəfəqdən pay götürə bilər. O şəfəq ki gözünkönülün yaddaşından doğulur... Göz görür, sevirsevdiyini əbədi olaraq könül boğçasına atıb saxlayır. Beləcə, gözün gördüyü, könlün sevdiyi əbədilik yaddaş səhifəsinə köçürülür və yaddaşın sönməz şəfəqi timsalında daimi nur saçıb, qaranlıqları işıqlandırır. Şəfəq Nasir könüllərə şəfəq payı ilə bizlərə belə bir nəcib missiyanı aşılayır!..

 

Şakir Albalıyev,

fəlsəfə doktoru, dosent

 

Ədalət  2017.- 9 fevral.- S.6.