ƏDƏBİ
ADLAR: Cek London
Qərbin ilk
proletar və ilk milyonçu yazıçısı kimi tarixə
düşdü
Onu yaşamaq uğrunda mübarizənin ən gözəl
təsvir ustadı hesab edirlər. İnsanın ölümlə
üz-üzə dayandığı o son məqamda
ölüm mələyinə yenilməyən, bütün
gücünü toplayıb dişi-dırnağı ilə
savaşan, sonuncu nəfəsini belə boşa almayan qəhrəmanların
yaradıcısı Cek London... Çünki o
özü həyat eşqini elə anasının bətnindəcə
öyrənmişdi. 1875-ci ildə
ABŞ-da böyük qalmaqal qəzetləri "bəzədi”.
Tanınmış astroloq, professor Ulyam
Çeyninin nikahsız yaşadığı qadın hamilə
idi. Uşağı qətiyyən qəbul etməyən
professor onun dünyaya gəlməməsi üçün
çox cəhd etdi. Amma alnına məşhurluq
yazılmış bu körpə dünyaya gəldi, doğma
atadan görmədiyi şəfqəti sonralar
atalığından gördü, yoxsul ailəsini
dolandırmaq üçün 10 yaşından
çalışdı, məktəbi yarımçıq tərk
etməsinə baxmayaraq özbaşına hazırlaşıb
universitetə daxil oldu... Biz sözlə, qələmə
aldığı "Həyat eşqi”ni qəhrəmanından
öncə öz üzərində sınaqdan keçirdi.
Elə buna görə də mübariz qəhrəmanları
öz gerçəkliyi, həyatiliyi oxucunu inandırdı.
Bəlkə də oxucu inamından idi ki, dönəmində
kitabları ən çox satılan, naşirlərin təqiblərinə
tutulan bu yazıçı Amerikanın ilk milyonçu
yazıçısı kimi tarixə düşüb. Təkcə Amerikadamı? Təsəvvür
edin, keçmiş SSRİ-də Hans Andersendən sonra ikinci ən
çox oxunan və kitabları təkrar-təkrar nəşr
olunan qərb yazarı olub. Elə çar Rusiyasında
da şöhrəti dünyanı dolaşan ədiblərin
diqqətini çəkmişdi: Lev Tolstoy, Yesenin, Maksim Qorki və
başqaları öz şəxsi kitabxanalarında Londonun
bütün kitablarını həvəslə
toplayırdılar. Deyilənə görə,
Lenin bu yazıçının əsərlərini o qədər
sevirmiş ki, ölüm döşəyində belə onun əsərindən
bir parça oxumasını istəmişdi. Nəinki yaşadığı dönəmdə elə
günü bu gün də Azərbaycan daxil, dünya nəşriyyatlarında
Cek London yaradıcılığına dəfələrlə
müraciət olunur. Cəmi 17 illik yaradıcılıq
dövründə keçmiş avara, əyyaş,
avantürist 20 roman, 3 pyes, 200 hekayə dünya ədəbiyyatına
miras qoyub.
Gördüyü ağır işlərdən, çəkdiyi
əzabdan sonra anlayır ki, arzuladığı həyata sahib
olmaq, yəni bir sinif atlayıb kübar cərgəyə daxil
olmaq üçün əllə yox, beyinlə qazanmaq
lazımdır. On səkkiz yaşındaykən
yazıçı olmağa qərar verir. Qərar
verməklə yazıçı olmaq
mümkündürmü? Elə Cek Londonun də əsas
məziyyəti bu idi: qafaya qoydumu, mütləq hədəfə
çatmalıdır. Hər halda müəllimsiz,
məktəbsiz Kaliforniya Universiteti kimi böyük təhsil
ocağının tələbəsi olan keçmiş
brokonyer üçün yazıçı olmaq da
müşkül deyildi. İyirmi üç
yaşından etibarən ədəbiyyata peşəkar olaraq
qədəm basır, dayanmadan oxuyur, yazır, ta istədiyini qələmdən
alana qədər kirpiyi ilə od
götürür. Bir-birinin ardınca yazdığı
romanlar, povest və hekayələr toplusu ilə diqqəti
öz üzərinə çəkir. Güclü,
fiziki əməyin, zəhmətin nə olduğunu bilən bu
cavanın kitabları sobadan çıxmış isti
çörək kimi qoxusu ilə valeh edir. Xüsusilə yaşadığı dövrün
"qızıl sətəlcəmi” – Alyaska qızılı
uğrunda güclü rəqabət və onun insanlığa
verdiyi ziyanı o qədər səhih təqdim edib ki, onun
kitablarını bu soyuq ştatda oxuyanların çoxu
qızıl arzularını yarımçıq qoyaraq həsrət
qaldıqları ailələrinə, doğma yurdlarına geri
dönüblər. Elə Cek Londonun özü də
qızılaxtaranların izi ilə Alyaskada heç də az soyuq tər tökməyib. Ümidləri
və əli boş qalsa da, qələmi rəngarəng
mövzularla dolub-daşıb. Özünə xeyli
qonorar, ədəbiyyata isə qızıl dəyərində
yeni əsərlər bəxş edib: "Smok Belyu” hekayələr
toplusu, "Canavar oğlu”, "Həyat eşqi”, "Qar
qızı”, "Şaxtanın uşaqları” və b.
Cek London xaricən güclü kişi olduğu kimi xasiyyətcə də mühafizəkar idi. Onun həyat devizinə baxanda soyuq qərblidən çox, istiqanlı şərq kişisini xatırlatdığını görmək olar. İki dəfə evli olan Londonun həyat yoldaşlarından iki tələbi olub: Onun "sola getməy”inə qarışmasınlar və mütləq onu oğul atası etsinlər. Amma arvadları heç birinə əməl etməyib. İlk həyat yoldaşı (ölən dostunun nişanlısı olub) ona iki qız övladı verib, özü də ərinin "sol” yolunu sağa döndərmək üçün əlindən gələni edib. Bu evlilikdən boğaza yığılan London ikinci dəfə aşiq olduğu qadınla evlənsə də o da birincini təkrarlayıb. Ərini addım-addım təqib edib, pərəstişkarları isterikcəsinə uzaqlaşdırıb. Üstəlik dünyaya gətirdiyi bir qız övladı da xəstə doğulduğundan tələf olub. Kənarda sevgi axtarışına çıxan Londonu içkiyə yenidən qurşanmağa vadar edən oğul atası ola bilməmək idi. Bu da onun yaradıcılığına çox təsir edirdi. Yaradıcılıq böhranı o qədər artmışdı ki, vaxtilə gündə 15-17 saat yazan adam artıq bir cümlə qurmaq iqtidarında olmurdu. Bir tərəfdən də ona zülm verən böyrək ağrıları sağalmaq bilmirdi. Ağrı və fikirlərini azaltmaq üçün morfiyə üz tutmuşdu. Elə ölümünə də bu səbəb oldu: bəziləri onun bilərəkdən artıq dozada morfi iynəsi vuraraq intihar etdiyini düşünsələr də, əslində o, dözülməz ağrını yatırmaq üçün buna əl atmışdı. Morfi də onu arzusuna çatdırdı: əbədi dincliklə təmin etdi.
Cek London həm də publisist idi. Ölkəsinin
nüfuzlu qəzetlərində vaxtaşırı məqalələrini
dərc etdirirdi. Bu məqalələrdə
əsas xətt "Mən” obrazı idi. London
yalnız və yalnız özündən yazır,
özünü tərənnüm edir, fikirlərini təbliğ
edirdi. Məsələn: "Mən necə sosialist
oldum”, "Həyat mənim üçün nə deməkdir?”,
"Siniflərarası mübarizəyə münasibətim”
və s. Bundan başqa onun hərbi jurnalist fəaliyyəti də
olub.
Yeri gəlmişkən, Londonun sosialist olmasına səbəb
də məhz siniflərarası mübarizə idi. Kasıbların
həddən artıq işləməsinə rəğmən
yenə də yarıac qalması, uşaq əməyi,
aşağı təbəqəyə laqeyd münasibət
yazıçını daim narahat edib. O, çox
ağır bir dönəmdə yaşayırdı, üstəlik
ən kapitalist ölkə olan Amerika vətəndaşı
idi. Cek haqlı idi: "Amerikada hər şey kapital idi –
canlı-cansız hər şey satılırdı. Quldarlıq əslində qanunla ləğv
olunmuşdu, amma zənginlərə köləlik davam edirdi”.
Sosialist olmaqla sistemi dəyişə bilməyəcəyini
anlayırdı, amma ən azından əsərlərində
kapitalistləri doyunca söyə bilirdi. Londona
görə kapitalistlər bütün insani duyğulardan məhrumdurlar.
Onların tək bir hissiyatı var: o da pul hissiyatı. Amma ömrünün sonlarında Sosialist
partiyasını da tərk edib. Sosialistlərin
"Döyüş ruhu”na, sinfi bərabərlik arzularına
inamını itirdiyi üçün bu addımı atıb.
Yazıçı təəssüflə etiraf
edirdi ki, sosialistlərin çoxu pul qazanmağın yolunu bilməyən
fəhlə sinfidir. Onların da əlinə
pul və vəzifə düşəndə bərabərlik
heç yada da düşmür. Tarazlığı
ilk olaraq belə sonradangörmüşlər pozurlar. Özünün "Martin İden” romanında (rus
dilinə ilk dəfə Maksim Qorki tərcümə edib) bu
mövzuya ətraflı toxunub. Çoxları bu
romanın avtobioqrafik olduğunu düşünür: bəlkə
də baş qəhrəmanın yazıçı olaraq zənginləşməsinə
görə belədir. Əslində Cek heç
vaxt Martin kimi sevgi uğruna üzüyola olmayıb, onun sinif
atlatma istəyi sevgi naminə deyil, sırf kapitalistlərin
gözünün içinə dik baxma təkəbbürü
idi. Doğrusu, hər bir
yazıçı yaratdığı qəhrəmana
özündən nəsə köçürür,
özünü qismən də olsa onda görür. Cek London da həmçinin.
Bir sözlə,
yazıçı-döyüşçü, güclü
insan, Qərbin ilk proletar yazıçısı Cek London həm
ölkəsi, həm də dünya ədəbiyyatı
üçün forma, novatorluq baxımından böyük
xidmət göstərib. O ədəbiyya öz mövzusu ilə gəldi, kimisə
təkrarlamadı, təsirlənmədi: Şimalın
soyuqluğunu isti qəlblərdə əridə bildi. Dünyanın bütün sivil ölkələrində
hər kəs bu yazıçını
uşaqlığından tanıyır. Çünki
bütün ədəbiyyat dərsliklərində Londona
geniş yer verilib. Pedaqoqlar hesab edirlər
ki, böyüməkdə olan nəsil üçün insani
duyğularla, həyata iki əllə sarılmaq, mübarizə
aparmaqla bağlı Cek Londonun əsərləri bir örnəkdir.
İnsanlıq üçün, yoxsullar, həyatdan
ümidini üzənlər üçün savaşdı, hətta
özü özüylə mübarizə apardı, amma
canıyla bacarmadı. Həbsxananın, məhrumiyyətin,
müharibənin yıxa bilmədiyi güclü kişini
böyrəkləri yıxdı...
Şəfiqə ŞƏFA
Ədalət 2017.- 9 fevral.- S.5.