UNUTMADIĞIM VİLAYƏT
RÜSTƏMZADƏ
ƏDƏBİ
HƏYAT
Altmış dörd yaşı tamam olmamış dünyasını dəyişdi. Çox istiqanlı, dostluqda sadiq, ünsiyyət sevən adam idi. Sevdiyi insanlara yaşından asılı olmayaraq "starik" deyə müraciət edərdi.
Əsli Gürcüstanın Bala Muğanlı kəndindən idi - Borçalı elindən. Uşaqlığı və ilk gəncliyi orada keçmişdi. Marneuli Dövlət Pedoqoji məktəbini, sonralar Moskvada-Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdi. Lomonosov adına MDU-nun aspiranturasında təhsil almışdı. BDU-da, Axundov adına rus dili və ədəbiyyatı institutunda dərs demişdi.
Özü və nəsli haqqında deyirdi: "Mən doqquz uşaqlı ailənin yeddinci övladıyam, beş bacı, dörd qardaşıq. Atam Məhəmməd Rüstəmoğlu məşhur mövləvilər nəslindən idi, yazı-pozu bilməsə də, gözəl əkinçi-biçinçiydi. Anam Məsmə xanım Alı qızı Qars-Ərzurum-Sarıqamış, bir yanı Başkeçid ellərində tanınmış Mikayıllılardan olmuşdur. Sərrast atıcı olduğu üçün "Kor Alı" təxəllüsü ilə tanınan "qıyıqgöz" ana bağam XX əsrin əvvəllərində Türk-rus orduları arasında dilmanc işləmişdir. Mənim ilk poeziya müəllimim anam olmuşdur. Onun yanıqlı bayatıları indi də ruhumdadır.
Vilayət Rüstəmzadə ilə münasibətim 1980-ci ildən başlanmışdı və hərdən görüşürdük, bir yerdə oturub yeyib-içirdik. Nə gizlədim, bu adamın şirin danışığı, poeziya söhbətləri, Moskvadakı tələbəlik illərindəki xatirələri məni özünə yaman cəzb eləmişdi və o söhbətlərdə Vilayət müəllim öz nəslindən, atasından, anasından, bacı-qardaşlarından, Bakıya gəlişindən, Səməd Vurğuna, Nazim Hikmətə, Mehdi Hüseynə böyük məhəbbətindən elə vəcdlə danışırdı ki, ayrılmaq istəmirdin ondan. Aramızdakı yaş fərqinə baxmayaraq dostluğumuz tuturdu. Deyirdi ki, şeir-smənət yolunda ustadı Səməd Vurğun olub. Bütün ömrü boyu ona pərəstiş edib.
Qəbrini gördükcə düşünürəm hey-
Məzarmı sənindir, sənmi məzarın?
Ona Səməd Vurğunu görmək səadəti də nəsib olub. Böyük türk şairi Nazim Hikməti də görüb. 1958-ci ildə Füzuli yubileyində Əkrəm Cəfər onları tanış edib. Və Vilayət müəllim sonralar Nazim Hikmətlə dəfələrlə görüşüb. Deyirdi ki, Nazim Hikmətin Azərbaycanda dostları çox idi. Amma ən çox Mikayıl Rəfili, Rəsul Rza, Səməd Vurğun və Süleyman Rüstəmlə dostluq edirdi. Tez-tez İstanbulu xatırlayırdı. Bir dəfə, 1961-ci ilin dekabrında ona belə bir sual verdim: "Türk dünyasında ən çox sevdiyiniz yazar kimdir?" Fikirləşmədən cavab verdi ki, Çingiz Aytmatov. Vilayət Rüstəmzadə ədəbi mühitdə çoxlarını xatırlayır, onlar haqqında xoş xatirələr söyləyirdi. Deyirdi ki, Osman Sarıvəllinin, Süleyman Rüstəmin, Əli Vəliyevin onun həyatında böyük rolu olub. Mehdi Hüseyn haqqında isə belə deyirdi: "Mehdi Hüseyn böyük şəxsiyyət idi. O, mənim mənsub olduğum ədəbi nəslin atasıydı. Yazılarımızdan tutmuş mənzil məsələmizə qədər hər şeylə maraqlanırdı".
Vilayət Rüstəmzadə ədəbiyyata sazlı-sözlü bir diyarın-Borçalının şeir havasından gəlmişdi.
Ey vay! Bu nə səsdi, bu nə soraqdı-
Kükrəyib çağlaya-çağlaya gəlir?!
Dastan dünyamızmı varaq-varaqdı-
Könlümü dağlaya-dağlaya gəlir?!
Qalxır, havalanır Qorqud nəfəsi,
Qopur Koroğlunun dəli nərəsi,
Dilqəmin, Kərəmin ahı-naləsi,
Hönkürüb ağlaya-ağlaya gəlir...
Tarixə bəxş etdi Azər elləri
Bir tut kötüyündə
"Sarıtel"ləri.
Ay dad! Qıfılbəndin hikmət
dilləri
Dilimi bağlaya-bağlaya
gəlir.
Vilayət Rüstəmzadənin doğma
kəndi, Borçalı,
aşıq havaları,
ustad aşıqlar və şairlər, Azərbaycanın təbiət
gözəllikləri ilə
bağlı şeirləri
çoxdu və o şeirlərin hər birində bir saz havası duyursan.
O, səyahət etdiyi ölkələri, oradakı
səmimi insanları,
yaddaşında iz salan çayı, dənizi, meşələri,
dağları da şeirə gətirirdi.
Amma əsas
mövzusu yenə Azərbaycan torpağı,
Azərbaycan elləri,
Azərbaycan insanı
idi.
Bir şair
ömrünü yaşayırdı
və bu ömrün sevincləri, ağrıları şeirlərində
yaşayır. Çox həssas idi.
Bir körpə məzarına həsr etdiyi şeiri var:
Bir körpə məzarı var,
Burda islanar, aman.
İnləməsin asiman,
Bulud, ağlama, ağlama!
Şeirlərinin bir çoxunda öz taleyindən, günündən-güzəranından, insanlarla ünsiyyətindən
söz açırdı.
Ömrümün yelkəni quş
kimi səkir,
Sualı-sorğunu başından əkir.
Kotan nə bilsin ki, qayış nə çəkir,
Çoxuna bəxtəvər görünənəm
mən.
Kimiyə
yaxşıyam, kimiyə
yaman,
Diləyən deyiləm kimsədən aman.
Ürəyim təklənib üşüyən
zaman
Hicran yanğısına
bürünənəm mən.
Çox
gəzib-dolaşdım, az deyil yaşım,
Var öz məhək daşım, var öz yaddaşım,
Sədaqət yolunda əyilər
başım,
Sanma dizin-dizin
sürünənəm mən.
Vilayət Rüstəmzadə həm
də gözəl tərcüməsi idi. Özü nəşr
olunmaqdan daha çox tərcümə
ilə məşğul
olurdu. Bloku, Nekrasovu, Mustay Kərimi, Kaysın Kuliyevi tərcümə edirdi. Və həm də
tərcümə etdiyi
sənətkarların bir
çoxu ilə dostluq edirdi, xüsusilə Rəsul Həmzətovla. Onun
tərcümələri sayəsində
Azərbaycan oxucuları
iyirmidən çox şeir, nəsr kitabları ilə tanış oldular. Bunların içərisində N.Nekrasovun "Rus qadınları" və
R.Həmzətovun "Mənim
Dağıstanım" oxucular
arasında daha çox sevildi.
Vilayət Rüstəmzadənin tərcümə
etdiyi şeirlərin əsas məziyyəti orijinala sədaqət, hər misranı duyub dilimizdə səsləndirmək məharəti
idi. Kaysın Kuliyevin
Səməd Vurğunun
xatirəsinə həsr
etdiyi şeirdən bu misralara diqqət
edin:
Nə tez köçüb getdin, hicran nə ağır?!
İndi özüm səndən xeyli yaşlıyam.
Dağlara qar-yağış Səmədsiz
yağır,
Mən də bulud kimi gözüyaşlıyam.
Rəsul Həmzətovdan etdiyi bir şeirin rusca variantına diqqət yetirdim. Sanki bu şeirin bizim dildə yazıldığını
hiss etdim: bu - məşhur "Durnalar"
şeiridir:
Yadıma
düşəndə hərbin
fəryadı,
Sanıram: cəbhələr yaran
igidlər
Qardaş
məzarında yatıb
qalmadı-
Bəyaz durnalara döndü şəhidlər.
Uçur,
yorğun-yorğun uçur
durnalar-
Hər biri əzizim, həmvətənimdir.
Pozulmaz sırada azca ara var,
O boş görünən yer bəlkə mənimdir?!
Yaşasaydı, bu il
80 yaşını görərdi.
Görmədi. Amma Vilayət Rüstəmzadəni
xatırlayanlar, ananlar
çoxdu. İstedadlı şair kimi, tərcüməçi
kimi, insan kimi, dost kimi...
Ədalət.-2018.-10 fevral.-S.15.