Hər anı qarabağlı Əli Mahmud...
"Tərəqqi"
medallı dostumuza təbrik ovqatlı məktub
Xoş bir xəbər qapımızı
döydü. Hamımızın sözünü, özünü yaxşı
tanıdığımız, şəxsiyyətinə, yaradıcılığına
sevgi bəslədiyimiz
Əli Mahmud (Mahmudov) ölkə prezidentinin sərəncamı ilə
"Tərəqqi" medalına
layiq görülüb.
Elə bu xəbər də bizə ipucu oldu. Başladıq Əli Mahmudun izi ilə
getməyə...
...Bu gün SOCAR Qaz Emalı Zavodu Həmkarlar İttifaqı
Komitəsinin sədri
vəzifəsində çalışan
Əli Mahmud təkcə
söz adamlarının,
oxucuların deyil, həm də birbaşa aid olduğu sahənin adamları yanında da, həmin müəssisənin
əmək kollektivində
də özünün
kimliyini gün işığı kimi sərgiləyib. Adı özünün kimliyini büruzə verən Əli müəllim həm də kollektivinin kimliyini, nəyə qadir olduğunu, özündə hansı mahiyyəti kəsb etdiyini Azərbaycan coğrafiyasında təqdim
etməyi bacarıbdı.
Ona görə də, o, həm söz adamı, həm də bir vəzifə
səlahiyyətlisi kimi
bütövləşib, tamlaşıb,
necə deyərlər.
əlindəki qələmlə səlahiyyət
xalqa, insanlara xidmətə yönəlibdir.
Bax, bu da onun
ömür kitabının
kredosu olubdur. O kitabın səhifələrindən
oxuyuruq...
...Dostumuz Əli Mahmud ictimai fəaliyyətinə
görə hər zaman üzdə olub, sayılıb-seçilib.
1968-ci ildən üzübəri söz dünyamızdadır. "Şuşa" rayon qəzetində
ədəbi işçi,
məsul katib, redaktor müavini kimi imzasını Dağlıq Qarabağdan bütöv Azərbaycana çıxarıbdır. Səsi Bakıda əks-səda veribdir.
Bu bir həqiqətdir
ki, tarixdə şəxsiyyətlə, yaradıcı
insanla, xüsusilə
xalq, millət qarşısında xidmətləri
olanlarla bağlı heç bir iz, heç bir soraq itib-batmır,
zaman, tarix bunu əngəlləyə
bilmir. İnsan iradəsinin, əzminin,
mənəvi yaddaşlarda
cızdığı xəritəni,
elə bilirik ki, hər hansı
bir qüvvənin silməyə, pozmağa qüdrəti çatmaz və çatmır da. Elə bu düşüncələrimizlə
bağlı "525-ci qəzet"də
tanınmış tənqidçi
Vaqif Yusiflinin Əli Mahmud barədə yazdıqları yadımıza
düşür.
"...Əli Mahmudun publisistik yazılarından
da söz açmağı lazım
bilirəm. Çox maraqlıdır ki, şeirlərində ağrı-acısı,
ürək hıçqırtısı,
Şuşa həsrəti daha çox ifadə olunursa, publisistikasında sərt həqiqətlər,
o illərdə Qarabağda,
Şuşada baş verən hadisələrə
kəskin münasibət
öz əksini tapır. Əli Mahmud bu yazılarda bizi o illərə qaytarır, Dağlıq Qarabağda baş verən hadisələri, ermənilərin və onların havadarlarının
törətdikləri cinayətləri,
A.Volskinin sədri olduğu Xüsusi İdarəetmə Komitəsinin
ermənilərin əlində
bir vasitəyə çevrilməsi, Azərbaycan
rəhbərliyinin qətiyyətsiz
hərəkətləri, Şuşada,
Xankəndində yerli
ziyalıların Volskiyə
və onun tərəfdarlarına qarşı
çıxışları onun yazılarında real müşahidələr əsasında
qələmə alınıb.
Əli müəllim özü də bu hadisələrin içindəydi, Şuşada,
Xankəndidə keçirilən
müşavirələrdə "Şuşa" qəzetinin
redaktor müavini kimi kəskin etiraz səsini ucaldırdı, hətta onun həbsinə göstərişlər də
verilmişdir..."
Bəli, onun Azərbaycanın azadlığı, müstəqilliyi yolundakı mübarizələrinə həbslər, qadağalar mane ola bilmədi. Bu gün isə Əli Mahmud Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, çiçəklənməsi, inkişafı və tərəqqisi yönündə öz fədakarlığını əsirgəmir və çalışdığı dövlət işi ilə yanaşı, respublika mətbuatında da öz imzası ilə içindəki həqiqətləri çəkinmədən qələmə alır, həm də naşiri olduğu "Qarabağa aparan yol" qəzeti vasitəsi ilə də milli dövlətçilik salnaməmizi zənginləşdirir və bu xəzinəyə yeni düşüncə, fikir töhfələri verir. Məhz bu qəzet vasitəsilə də həm Azərbaycan, həm dünya oxucusuna bəyan edir ki, ölkə prezidentinin qeyd etdiyi kimi, Azərbaycanın müqəddəs torpaqlarının işğalı ilə heç zaman barışmayacaq və tarix boyu özgə torpaqlarını qəsb etmək niyyətində olan və zaman-zaman bu çirkin niyyətlərini həyata keçirən erməni terroru, erməni faşizmi ilə mübarizəsini dayandırmayacaq.
Əfsus ki, tale və ikili standartlarla nəfəs alan dünya siyasəti bizi hələ ki Qarabağsız yaşamağa məhkum edib. Lakin buna baxmayaraq, Əli Mahmudun mütəmadi olaraq həftəlik nəşr etdirdiyi qəzet qarşıya qoyulan əsas məqsədlərdən zərrə qədər də olsa, kənara çıxmayıb və bu yolda mübarizəsini inadla davam etdirir.
Qarabağın danışan dili olan Əli Mahmudun "Qarabağa aparan yol"unun artıq mənzil başına çatmağına da çox az bir məsafə qalması inamındayıq. Və belə hesab edirik ki, bu gün hamı bir azərbaycanlı olaraq Qarabağ problemi ilə məşğul olmalı, onun ədalət, sülh yolu ilə həllinə çalışmalıdır. Hələlik isə bu gün elə dünənki kimi də qəzetin kollektivi mobil bir tərzdə böyük azərbaycançılıq ideologiyası qarşısında Qarabağ problemi qoyur və bütün dünyada bu problemin ədalətli həllinə sözün gücü ilə işıq salmağa çalışır. Baş redaktor kimi seçdiyi hədəf təkcə Qarabağ deyil, həm dövlətçilik prinsiplərinə, milli mentalitetimizə, həm də milli varlığımıza və milli əxlaqımıza istinad edir. Dediyimiz kimi, qəzetin problemi təkcə Qarabağ ağrısı deyil. Bu gün sürətlə inkişaf edən Vətənimizdə Azərbaycan insanının taleyi məsələsini diqqət mərkəzində saxlamaqdadır. Azərbaycan insanının, o cümlədən Vətənimizin taleyi demişkən, hələ neçə il əvvəl dünya şöhrətli Çingiz Aytmatovla Əli Mahmudun Moskvadakı görüşü və ondan aldığı "İlham Əliyev XXI əsrin lider etalonudur" adlı müsahibədən bir parça yadımıza düşür. Respublikamızın dəyərli oxucuları bu müsahibəni böyük həvəs və maraqla qarşılamışdı. Orda XXI əsrin lider etolonundan söhbət gedirdi. Çingiz Aytmatov onu Azərbaycana bağlayan tellərdən danışarkən, Azərbaycanın böyük oğlu Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin adını qürurla çəkirdi:
"...Məni Azərbaycana bağlayan elə tellər var ki, onları nə qırmaq, nə söküb dağıtmaq mümkündür. Kimsə belə bir fikrə düşsə belə, o tellər zəifləməz. Əksinə, on qat, yüz qat möhkəmlənər. Hələ Sovetlər dönəmində Heydər Əliyev zəkası, Heydər Əliyev müdrikliyi, Heydər Əliyev uzaqgörənliyi, onun yaradıcı, istedadlı insanlara diqqət və qayğısı məni heyrətləndirmişdi. O, bir tərəfində gündüz, digər tərəfində gecə olan ucsuz-bucaqsız, nəhəng bir dövlətin idarə edilməsində müstəsna rolu olan əvəzsiz rəhbər kimi tanınırdı. İkinci dəfə Azərbaycana qayıtdıqdan sonra gördüyü işlər də miqyasına görə ölçüyəgəlməz idi. Dünyanın siyasi arenasında ön sıralarda yer tutmuşdu. Yaxşı ki, bizim qırğızların və Azərbaycan türklərinin müştərək "ot kökü üstə bitər" deyimi öz təsdiqini tapdı. O böyük insan dünyasını dəyişəndə yerində layiqli varis qaldı..."
Və zaman göstərdi ki, dünyanı ədəbi düşüncəsi, bədii fikirləri ilə fəth etmiş Çingiz Aytmatov Azərbaycan liderinə münasibətini ifadə edərkən nə qədər haqlı imiş. Əli Mahmud da bir əqidə, fikir sahibi kimi dövlətimiz, xalqımız üçün etibarlı və sədaqətli vətəndaşdır. Onun bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin könüllü vəkili kimi təbliğat, təşviqat işlərində xüsusi fəaliyyət göstərəcəyini böyük fəxrlə ifadə etməsi bir daha onu sübuta yetirir ki, o, inandıqlarına güvənir. Azərbaycan dövlətinin yeritdiyi siyasətə güvənir, dövlətimizin uğurlarına, son illərdəki nailiyyətlərinə, onun həm də hərbi-iqtisadi potensialına arxalanır. Qaçqın və məcburi köçkünlərin doğma yurda qayıdış ümidlərinin bir gün doğrulacağına inamını naşiri olduğu qəzetdə qətiyyətlə üzə çıxarır. Onun "Qarabağa aparan yol" qəzeti milli birliyimizin, gücümüzün səfərbər olmasına xidmət edir.
Onu da deyək ki, Əli müəllimin "Tərəqqi" medalı ilə təltif olunması münasibətilə təbrik edəndə, Əli müəllim özünəməxsus təbəssümlə gülümsəyib dedi:
-Çox sağ olun, bu mükafat ölkə prezidentinin Həmkarlar Komitəsi işçilərinə, ümumiyyətlə, həmin sahədə çalışan insanların əməyinə verdiyi qiymətin daha bir nümunəsidir. Bu həm də bizim məsuliyyətimiz deməkdir. İnşallah qarşıdan gələn prezident seçkilərində namizədliyini müdafiə etdiyimiz cənab İlham Əliyevə dəstək olacağıq.
...Bəli, Əli Mahmudun bu sevincli hallarda özünəməxsus təmkin və içdən gələn səmimiyyətlə ifadə etdiyi təşəkkür hissi onun bütün zamanlarda qoruduğu şəxsiyyətinin, bütövlüyünün daha bir göstəricisi idi. Bu, o demək idi ki, Şuşaya, Ağdama, ümumiyyətlə işğal altında olan torpaqlarımıza məhz ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında gedəcəyimizə öz varlığı kimi inanır. O, bilir ki, üçrəngli bayrağımız Şuşada, bütün dövlət sərhədlərimizdə dalğalanacaq!... O, inanır ki, ?u?a öz sahiblərinin üzünə bağlı olan yollarını minalardan, mərmilərdən xilas olacağı günü bayram edəcək!.. O, əmindir ki, Cıdır düzündə "Qarabağ şikəstəsi" oxunacaqdır. O, bilir ki, Şuşa deyəndə göynəyən dilimiz o ağrıdan, o qabardan qurtulacaq!... Və Əli müəllim ona da əmindir ki, Xarıbülbül, İsa bulağı, Topxana meşəsi həmin gün mələklərin ovcunun içində bütün dünyaya cənnətin ünvanını nümayiş etdirəcəklər və biz Əli müəllimin inancının şahidinə çevriləcəyik. Onda Əli müəllim sinəsində parlayan medalın yanında çırpınan ürəyindən boylanan Xarıbülbülü öz nəfəsi ilə oxşayacaqdır.
"Qarabağa aparan yol" qəzetinin kollektivi adından
Ədalət.-2018.-10
fevral.-S.12.