ŞİRİN BİR XATİRƏ
TƏK...
Əzizim Nahid! Xalq arasında belə bir söz tez-tez vurğulanır ki, ruhlar ölmür. Ruhlar hər şeyi öz vaxtında çatdırır sahiblərinə, agah edir onu hər şeydən - haqqında danışılanlardan, deyilənlərdəng
Əgər doğrudan da belədirsə, sənin 80 illik yubileyin münasibəti ilə yazıb "Ədalət" qəzetində çap etdirdiyim "Yaşa, yarat qardaşım!" məqaləsini indi ruhunun ixtiyarına verirəm. O vaxtlar bəzi səbəblər üzündən redaktorluq etdiyin "Yada düşdü" jurnalında çap olunmamışdı bu yazı. Qoy indi çatdırılsın sənə.
Yubiley məqaləsinin indi verilməsinin bir səbəbi də odur ki, mən səni dünyasını dəyişənlər sırasında görmək istəmirəm. İnanmıram ölümünə. Sən ölməmisən!
Odur ki, məqalədə yazdığım kimi, həmişə üz-üzə oturub danışdığımız kimi danışıram səninlə.
Əzizim Nahid! Bir-birini əvəz edən ayları, illəri yola sala-sala axır ki, səksən yaşın əlini sıxmaq sənə də nəsib oldu. Özü də gör nə qədər xoşbəxtsən ki, sənin bu səksən yaşın elimizin, günümüzün həmişə yolunu həsrətlə gözlədiyi bənövşə qoxulu baharın torpağımıza qədəm basdığı günə - mart ayının 14-nə düşür. Hər adama qismət olan xoşbəxtlik deyil axı, bu. Bayramın bayrama qovuşması böyük səadətdi!
Amma məni qınama, nədənsə sənin bu səksən yaşına heç cür inanmağım gəlmir. Çünki sən mənim yaddaşımda indiki kimi yox, o illərdəki kimi qalmısan. Səni universitet illərində tanıdığım o illərdəki kimi. Gənc, hərarətli, təravətli...
Bu günümdən keçmişə boylanıram. Xəyalım məni bizdən addım-addım uzaqlaşan o əl çatıb ün yetməz illərə aparır. Hər şey birər-birər düşür yadıma. Lap elə indiki kimi...
Mən səni tanıyanda məndən iki kurs aşağıda oxuyurdun. 1955-ci
ildə daxil olmuşdun universitetə. İndiki Bakı Dövlət Universiteti o vaxtlar Azərbaycan Dövlət Universiteti adlanırdı.
Bilənlər yaxşı bilir ki, o
vaxtkı universitet başqa
aləm idi. Əsl elm korifeyləri,
adlı-sanlı akademiklər,
professorlar dərs deyirdi həmin universitetdə. Bilik xəzinəsinə açar
salıb, ordakı ləl-cəvahiratları üzə
çıxmaları bir
yana, adicə söz-söhbətləri belə
bir məktəb idi həmin müəllimlərin. Həyat
məktəbi, mədəniyyət
məktəbi, davranış,
mənəviyyat-əxlaq məktəbi!
Tələbələri də indikindən
fərqli idi. Biliyin yeganə meyar olduğu, daim oxuyub-çalışmağın, verilən biliklərdən
bəhrələnməyin zəruriliyi
ətinə-qanına hopmuşdu
tələbələrin. Təkcə
elm, bilik öyrənmirdi
onlar. İstedadı, bacarığı olanlar müxtəlif dərnəklərdə iştirak
edib, öz fitri qabiliyyətlərini təkmilləşdirməyə çalışırdılar.
Belə
gənclərdən biri
də sən idin, Nahid! Yataqxanada qalırdın
o zaman. Tərcümeyi-halınla maraqlanmışdım. Öyrənmişdim ki, Bakıya
Gədəbəyin Şınıx
bölgəsindən - Düz
Rəsullu kəndindən
gəlmisən. Filfakın dil-ədəbiyyat
şöbəsində oxuyursan.
Hündürboylu, enlikürəkli, gur, şəvə kimi qapqara saçlı,
yarlı-yaraşıqlı bir oğlan idin. Yoldaşlarının hamısının xətrini çox istədiyini də deyirdilər. Dərs əlaçısı
olduğuna, mehriban və səmimi rəftarına, sədaqətinə,
təvazökarlığına görə. Çoxlarından eşitdiyim bir sözü indi də yaxşı xatırlayıram. Deyirdilər ki,
Nahid Bakıya Gədəbəy dağlarının
bənzərsiz təmiz
nəfəsini, xoş
ab-havasını gətirib.
Yox, təkcə onu gətirməmişdin sən.
Həyatı, insanları qəlbən
sevib onlara vurğun olan bir gəncin hərarətli, məhəbbət
dolu ürəyini də gətirmişdin.
Onda sən hələ bilmirdin ki, quş qanadlı
illər bir-birini arxada qoya-qoya gəlib keçəcək,
o illər kimi özü də pillə-pillə irəliləyib
ucalan o məhəbbət
dolu ürəyin sahibi bacarıqlı qələm adamı kimi söz sənəti
dünyasında öz
layiqli yerini tutan Nahid Hacızadə
imzası ilə hamının yaxşı
tanıdığı bir
sənətkara çevriləcəkdi...
Bəlkə sənin də yadına düşər Nahid, mən səni ilk dəfə universitetin "Lenin tərbiyəsi
uğrunda" çoxtirajlı
qəzetinin redaksiyasında
görmüşdüm. O vaxtlar
həmin qəzetdə
sənin ara-sıra xırda həcmli yazıların, mənsur şeirlərin, lirik hekayələrin dərc olunurdu. Amma az sonra
da sevimli müəllimimiz, gözəl
və bənzərsiz
şair Bəxtiyar Vahabzadənin (onda Vahabzadə çox gənc idi) universitetdə rəhbərlik
etdiyi ədəbiyyat dərnəyinə qatılanda
daha yaxından tanımağa başladım
səni.
Məşğələləri həmişə böyük
maraqla keçən bu dərnəyə filoloji fakültənin o dövrdəki ən istedadlı ədəbiyyat
həvəskarları cəlb
olunmuşdu. Yaşar Qarayev, Tofiq Hacıyev, Famil Mehdi, Əlibala Hacızadə, Şamil Fərzəliyev, Hüseyn
Kürdoğlu ilə
yanaşı dərnəyin
sayılıb-seçilən üzvlərindən biri də sən idin, Nahid. Burada
oxuduğun miniatür
yazılarının, lirik
hekayələrinin həmişə
rəğbətlə qarşılanmasının
az şahidi
olmamışam.
Deyirlər, istedad axar suya
bənzəyir. Axar su özünə
yol açdığı
kimi, istedad da özünə yol açmaqda çətinlik çəkmir,
qarşıya çıxan
hər cür maneələri dəf etməyi bacarır.
Elə sənin istedadın da özünə belə yol açdı,
əziz dost! Ali təhsil
almasına baxmayaraq, çoxları istədiyi
işi tapa bilmədiyi halda, sən hələ 1959-cu ildə, yəni məktəbi qurtarmağından
bir il əvvəl
Azərbaycan Radio və
Televiziya Verilişləri
Komitəsində özünə
iş tapa bilmişdin. Əslində
işi sən yox, iş səni tapmışdı. Qabiliyyətinin, qələminin üzünə
açdığı yol
idi bu yol.
Taleyini bağladığın bu
doğma məkanda
1996-cı ilə qədər
müxtəlif vəzifələrdə
- müxbir, redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmısan.
Nə az,
nə çox, düz 20 il Azərbaycan Televiziyasının
ədəbi-dram verilişləri
baş redaksiyasına
rəhbərlik etmiş,
1992-ci ildən 1996-cı ilədək
Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Şirkətində
sədrin birinci müavini vəzifəsində
çalışmısan.
Kiçikliyindən və böyüklüyündən
asılı olmayaraq işlədiyin bütün
vəzifələrdə ləyaqətlə
çalışmısan. Daim diqqəti
çəkən və
yaddaqalan işlərinlə,
hər sahədə yenilikçi olmağınla
fərqlənmisən. O dövrlərdə sənin
rəhbərliyin və
təşəbbüsünlə araya-ərsəyə çıxarılan,
daim insanlarda xoş ovqat yaradan onlarla maraqlı verilişlərdən
təkcə birinin -
"Səhər görüşləri"nin adını çəkmək elə bilirəm ki, kifayət eləyər. İndi hanı bu gün
həsrətini çəkib
məhəbbətlə xatırladığımız
elə verilişlər?
Əzizim
Nahid! İndi sənin onunla
öyünməyə qanuni
haqqın var ki, sən yalnız
yaxşı işçi
olmaqla kifayətlənməmisən.
Mənalı keçən ömür
yollarında qazandığın
uğurları get-gedə
artıra bilmisən.
Televiziyada işlədiyin müddətdə
yazdığın ssenarilər
əsasında 30-a yaxın
sənədli və bədii filmlər çəkilib. Onlardan bir
çoxu, o cümlədən
"Son qəmin olsun,
Vətən!", "Yaz
gününün işığı",
"Yaşa, ey haqq", "Qayalarda qalan sən" və bir çox
başqaları bu gün də televiziyanın qızıl
fondunda saxlanılmaqdadır.
Bütün yaradıcı insanlar kimi sənin də söz silahın - qələmin həmişə əlində
olub. Ürəkdən süzülüb gələn sözlərinlə
mayalanıb, onlarla qidalanıb qələmin.
1972-1983-cü illər arasında
qələmindən çıxan
"Bir ana tanıyıram", "Dağlar
yuxuma girir", "Ömür gözləyir
bizi", "Məhəbbət
ölüncə var"
kimi əsərlərin
oxucular tərəfindən
sevilə-sevilə oxunub
və oxunmaqdadır. Qoy yeri gəlmişkən onu da deyim
ki, təkcə nəsr əsərlərin
şöhrətləndirməyib səni, Nahid. Ədəbiyyatın ayrı-ayrı janrlarına
da girişib qələmin. Bakıda
- Akademik Dram Teatrında
və ayrı-ayrı
yerlərdə tamaşaya
qoyulan "Qisas qiyamətə qalmaz",
"Məhəbbət yaşadır"
və "Ömrün
sorağında" pyeslərinin,
sözləri qələmindən
çıxan "Səslə
bizi, Azərbaycan",
"Əsgər qardaş",
"Qürbətdə qalan
dağlar", "Qalx,
qalx ana torpaq" kimi mahnılarının da taleyi çox uğurlu olub.
Böyük Səməd Vurğunun
"Bizdən ayrı
düşənlərə borcumuzdur, bu ehtiram" misrası elə bil ki,
səni duyğulandırmaq,
içərisində maraqlı
xatirələrinin toplandığı
650 səhifəlik "Yada
düşdü" adlı
kitabının işıq
üzü görməsi
üçün yazılıbmış,
ay Nahid. Bu kitabı
vərəqlədikcə nələrə
rast gəlmədim mən? Nazim Hikmət, Mirzə İbrahimov, Mir Cəlal, Rəsul Rza, Əli Vəliyev, Ənvər Məmmədxanlı,
İlyas Əfəndiyev
və neçə-neçə
ölməz söz sərrafları haqqında
nə qədər gözəl xatirələri
dilə gətirmiş,
sanki onlara sözdən heykəl qoymusan. Sənin bu əvəzsiz
xidmətini, dünyasını
dəyişib bizdən
ayrılanlarımız qarşısındakı
bu borcunu heç nə ilə ödəmək mümkün deyil.
... Xalq üçün yaşayıb
yaradanlar heç vaxt ölmürlər.
Böyük şairimiz Səməd
Vurğun necə də gözəl deyib:
Ölüm sevinməsin qoy!
Ömrünü vermir
bada,
El qədrini canından
daha əziz bilənlər.
Şirin
bir xatirə tək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək
ölənlər!..
Allah sənə qəni-qəni rəhmət
eləsin, Nahid! Qəbrin nurla dolsun!
Qədir Tərtərli
AYB-nin üzvü,
"Qızıl
Qələm" mükafatı
Laureatı
Ədalət.-2018.-10 fevral.-S.11.