Dil millətin tarixidir

 

"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir".

 

Heydər Əliyev

 

Dil nədir?

Dil insanlar arasında ünsiyyət vasitəsidir, yaranması formalaşması cəmiyyətdən asılıdır. Böyük xalqlardan başlamış kiçik qəbilələrə qədər hər kəsin öz dili var. Dil ictimai icma quruluşu kimi yarandığı bir gündən inkişafdadır. Dili inkişaf etdirən yeni-yeni əlaqələr, fərqli münasibətlər, ixtiralar, kəşflərdir. Dili təkmilləşdirən xalqlararsı rabitələr, beynəlxalq müqavilələr, ölkələrin, dövlətlərin bir-birindən asılılıq mexanizmidir. İnsan atdığı atacağı hər hansı addımına görə dilinə borcludur. Dil olmasa, elm olmaz, ədəbiyyat, fəlsəfə, musiqi, rəngkarlıq, heykəltəraşlıq s. olmaz. Musiqinin dili olduğu kimi hər musiqiçinin öz dili, o cümlədən, hər filosofun, yazarın, şairin, rəssamın, heykəltəraşın öz dili var.

Dili öyrənən elmə dilçilik deyilir. Dilçilik yaxud dilşünaslıq insanın nəyinə lazımdır?

Əgər dilçilik elmi olmasaydı, bir evdə yaşayan iki adam bir-birinin məktubunu oxuya bilməzdi.

Deməli, dilçilik birinci növbədə nitqin ümumiləşdirilməsi təkmilləşdirilməsi üçündür.

Dilşünaslıqda məqsəd dilin tələb etdiyi qayda qanunların bir mərkəzdən idarə olunması, başqa sözlə eyni dildə danışan insanların vahid yazı forması ətrafında birləşdirilməsidir.

Dilin zənginliyi orfoqrafiya lüğətindəki sözlərin sayına görə təyin olunur. Dilin inkişafı deyəndə biz, əsasən, orfoqrafik lüğətin böyüməsini nəzərdə tuturuq. Əlbəttə, bu böyümə kor-koranə olmamalıdır. Hər qarşıya çıxan sözü orfoqrafiya lüğətinə daxil etmək olmaz. Amma elə alınma sözlər var ki, tədricən, həm xalqın dilinə yatır, həm qrammatik qaydaya tabe olur. Zənnimcə, bu kimi sözlərin lüğətə daxil edilməsi vacibdir.

Yuxarıda qeyd etdiyimiz kimi bütün həqiqi filosoflar özlərinin fəlsəfi dilini yaradır hər yazarın öz şeir dili, nəsr dili var. Sözü ədəbiyyata yazarlar, fəlsəfəyə filosoflar gətirir. Dilçinin vəzifəsi yeni sözün mənsub olduğu dilin qanunlarına uyğunluğunu araşdırmaqdır. Deməli, orfoqrafiya lüğətinin tutulması təkcə dilçilərə aid məsələ deyil, işçi komissiyanın tərkibində mütləq filosflar, yazarlar da iştirak etməlidir.

Ehtiyac, ya qeyri-ehtiyac üzündən əlifbanın tez-tez dəyişdirilməsi müvəqqəti olsa kütləvi savadsızlıq yaradır. Bu mənada orfoqrafiya lüğətinin tərkibinin, yaxud tərkibində olan sözlərin yazılışının dəyişdirilməsi bilməmək üzündən lüğətdən istifadəyə sərf olunan vaxt itkisinə səbəb olur.

Bizim dədə-babadan "kiprik" yazdığımız söz son vaxtlar orfoqrafiya lüğətinə "kirpik" kimi daxil olub. Sözün etimoloji təhlili məhz ikinci variantın doğruluğunu təsdiqləyir, amma mətnlərdə "kirpik" kimi yazılsa da hələ indiyə kimi bu sözü danışığında yazdığı şəkildə tələffüz edən kimsəyə rast gəlməmişəm. Belə çıxır ki, dilimizə uyğun gələn sözün köhnə variantıdır.

Ya "kiprik" deyək, ya "kirpik", dil heç itirməyəcək, lakin elə sözlər var ki, onların əsrlər sonra dəyişdirilməsi müəyyən tarixi prosesləri kölgələyə bilər.

Bir əsr əvvəlki adamın nitqi ilə bu günkü nitq bütünlüklə üst-üstə düşə bilməz. Qocaldığı üçün istifadə olunmayıb yaddan çıxan, əvəzində iqtisadi, humanitar - elmin bütün sahələrini əhatə eləyən inkişafi proseslərin lüğətə əlavə etdiyi yeni sözlər var. Ehtiyac olmadığı üçün şifahi nitqdə istifadə olunmayan sözlər orfoqrafiya lüğətində mütləq öz əksini tampalı, sözlər qocalsa da lüğət qocalmamalıdır, çünki dil millətin tarixidir. Qeyd eləyim ki, mən rusca-azərbaycanca lüğətlərdə köhnə rus sözlərini tapa bilmirəm.

Lüğətin tərkib hissəsinin dəyişdirilməsinə ehtiyac o vaxt yaranar ki, sözün təqdim olunan yeni yazılış forması şifahi nitqdə çoxdan öz tələffüzünü tapmış olsun. Əks halda dil ağırlaşacaq və sözə uyğunlaşmaq üçün müəyyən zaman tələb edəcək. Əgər sözün dəyişdirilməsi üçün əsaslı arqument yoxdursa, dəyişilməsi üzündən yaşanan çətinliklərə də məcburiyyət olmamalıdır.

Dil almaz cilalayan dəzgah kimidir, istənilən sözü iradəsinə tabe edə bilər, lakin bu prosesin müəyyən zamana ehtiyacı var. Düşüncəmə görə, dilçilikdə əsas məsələ lüğətin zənginləşdirilməsi prosesidir. Lüğətdə öz sırasını tapmaq istəyən hər yeni sözün taleyinə şifahi nitq cavabdehdir, yəni danışıq dilinə uyğunlaşmayan söz bədii mətnə də xələl gətirir.

Son dövrlərdə "dilimizi yad sözlərdən təmizləyək" kimi çağırışlara tez-tez rast gəlirik. Əlbəttə, insan üçün ən ümdə vəzifə dilini qoruması, mümkün qədər doğma dilə uyğun gəlməyən qayda-qanunlardan, fars-ərəb izafətlərindən qaçmasıdır, lakin bədii mətndə mənasını bildiyimiz fars, ərəb və digər sözlərdən istifadə etməklə heç nə itirmərik. Doğrudur, hər əcnəbi sözün dilimizdə qarşılığı var, amma mətni bədiiləşdirən, dili zənginləşdirən bir söz yox, eyni mənanı daşıyan sözlər çoxluğudurleksion qaydalara uyğun gələcəyi təqdirdə onların hamısından istifadə etmək arzuolunandır. Təsadüfi deyil ki, klassiklərimiz bir bənddə eyni məna verən, "al", "qırmızı", "əhmər" sözlərinin üçündən də ustalıqla istifadə ediblər.

Dil dekorotiv əşya deyil, bəzəyib dolabın üstünə qoyasan. Mən indi "ədəbiyyat" yazam, ya "ədəbyat", dilin bu mənada qazanıb-itirdiyi heçyoxdur. Dil o vaxt qazanır ki, yarandığı bir gündən bu günə kimi istifadə etdiyi bütün sözləri qoruyub saxlamaqla leksikonuna uyğun gələn yabançı sözləri "özəlləşdirməyi" bacarır.

Əlbəttə, mənim söylədiklərim şeirin, bədii mətnin tələblərinə uyğun bir çıxış idi. Nəsrdə belə olmasa da şeirdə elə məqamlar var ki, yerində işlətmək üçün tək bircə sözü tapmağa günlər, həftələr lazım gəlir. Dilin bu günü keçmişini təkzib eləmir, amma gələcəyindən sığortalı deyil. Məhz bu mənada dilin yaşaması üçün lazım olan amillərə üstünlük vermək dilçiliyin ən böyük xidməti sayılmalıdır.

 

Ədalət 2018.- 13 fevral.- S.5.