AQİL ABBAS:
QİYAMƏT GECƏSİ
(Povest)
əvvəli
Nəhayət, bu donmuş dünyanın donmuş yollarında qara batıb qalmış bu donmuş maşında oturub bu ürək ağrısı ilə çovğunun haçansa kəsəcəyini və yolların açılacağını gözləməkdən O da yoruldu, daha doğrusu, buna ümidini tamamilə itirdi, butulkanın dibindəki axırıncı qurtum viskini də içdi, kürkünün boynunu qaldırdı və maşından düşdü, hər an ayağının altındakı yerin qaçacağından, əslində bu yer onun ayağının altından çoxdan qaçmışdı, qorxa-qorxa büzüşüb qara batmış maşınların yanından keçərək üz tutdu evlərinə tərəf.
Qəbiristanlıq da, batmış
maşınlar da qaldı arxada. Və uzanıb gedən bu yolda Ondan
başqa bir inni-cinni yox idi. Və bu yol heç qurtarana
oxşamırdı, ona elə gəlirdi ki, evləri bu
donmuş dünyanın lap qurtaracağındadı, hələ
bir az da o yandaydı. Və
bu qurtarmaq bilməyən yol yavaş-yavaş Onu əldən
saldı, ürəyinin döyüntüsü də xeyli
artdı. Döyüntü artdıqca
tıncıxırdı, ağır-ağır nəfəs
almağa başladı, bir tərəfdən də
çovğun onu salmışdı şapalağının
altına şapalaqlayırdı. Və bu
şapalaqlar nəfəs almağını daha da çətinləşdirirdi.
Axmaq öskürəyi yenə tutdu, dayandı və
söykəndi neçə ildi İşığa Həsrət
Qalmış İşıq Dirəyinə ki, bir balaca
yorğunluğu çıxsın. Öskürək
isə yaxasından əl çəkmirdi.
Lap bərk
qorxdu, ürəyi ikinci dəfə tutsaydı... Özü də belə bir vaxtda, hayına kimsənin
yetişə bilməyəcəyi bir vaxtda.
Dara düşəndə Allahı çağıran
hamı kimi, sanki Allah yaratdığı insanlara yalnız və
yalnız dara düşəndə lazım idi, O da Allahı
çağırdı. Amma bircə onu bilmirdi ki, Allah bütün kainatın,
bütün yaratdıqlarının və yaratmaqda
olduqlarının problemlərini bir yana
atıb Onun və yalnız dara düşəndən-düşənə
Allahı yadına salanların problemləri ilə məşğul
deyil.
Bir az dincini aldı, ağrıyan ürəyindən
siqaret keçdi. Amma heç siqareti yandıra
bilmədi, çovğun qoymadı, atdı yerə.
Gördü ürəyi yerindən çıxır,
başladı sinəsini ovxalamağa, bir-iki dəfə yenə
möhkəm eşqırdı, hə, deyəsən bir az yüngülləşdi, öskürəyi
də kəsdi, heç gözləmədiyi halda ürəyinin
ağrısı xırp kəsdi, bir az rahatlandı, quş
kimi oldu. Hə, indi getmək olar...
...Özünü
saldı içəri, divin canı olan şüşəni
sındırıb içindən uçan göyərçini
sonuncu - üçüncü oxu ilə vurub daşa
çevrilməkdən son anda qurtulan adamlar kimi rahat nəfəs
aldı və qapını arxasınca örtdü, onunla
birlikdə bir balaca qızınmaq arzusu ilə sivişib
içəri keçmək istəyən şaxta da,
insanları küçələrdən
silib-süpürüb, bu boyda şəhəri bom-boş
boşaldan çovğun da qaldılar qapının
arxasında üşüyə-üşüyə.
Heç içəri də elə isti deyildi. Otağın
küncündəki sobanın ağzını açdı,
gördü ocaq küllənib və közlər də
yavaş-yavaş sönməkdədi. Maşanı
götürdü, ehmalca külü tökdü manqala,
külün altındakı öləziməkdə olan
közləri yığdı bir yerə, üstünə
iki-üç odun atdı, möhkəm-möhkəm közləri
üfürdü, odunlar alışdılar, bundan sonra
donmuş əllərini ovuşdurub tutdu sobanın
üstünə. İsti vurduqca bu isti
yüzlərlə iynəyə çevrilib əllərinə
batırdı, amma bu iynələrin ağrısı ona ləzzət
eləyirdi.
Yerdəki çaydanı da götürüb qoydu
sobanın üstünə.
Bu otaqla onun kitabxanasını taxtadan düzəldilmiş
bir arakəsmə ayırırdı və bu arakəsməni
istədiyi vaxt beşcə dəqiqəyə sökmək
mümkün idi. Onda böyük bir zal alınırdı.
Toyunda
atası arakəsməni götürdüb Bakıdan gələn
şair dostları üçün bu zalda ayrıca süfrə
açmaq istəmişdi, amma O qoymamışdı:
- Ata, mən
onların çoxunun kitabxanasından kitab
çırpışdırmışam.
Dostlar mənimdisə, yaxşı tanıyıram,
hayıflarını çıxmaq üçün fürsət
axtarırlar.
Özü də bilirsən ki, şairlər
hamısı vuran olur, sən də evə içki
buraxmırsan, içkisiz süfrə də onlara ləzzət
eləməyəcək.
Atası da razılaşmışdı.
Və
toyunda indiyədək heç bir toyda görünməmiş
və hamıya çox qəribə görünən
qeyri-adi bir hadisə baş vermişdi, uzun müddət də
bu hadisəni eldə-obada danışmışdılar, hətta
lağ eləyənlər də olmuşdu:
- Bu
şairlərin doğrudan da başları xarab imiş ey,
durub Bakıdan basa-basa gəliblər kişinin toyuna, dəftərə
də pul əvəzinə kitab yazdırıblar.
Bir
maraqlı hadisə də o olmuşdu ki, toyun səhərisi nəmərləri
yazan xalası oğlu yığılan pulla bərabər
dostlarının nəmər əvəzinə toya
saldıqları kitabları da stolun üstünə qoyub təhvil
verəndə anasının üzü
gülmüşdü:
- Oğul,
sənin nə ağıllı dostların varmış?
Və
anası həmin kitabları ayrıca bir rəfə
yığmışdı, evə gələn qonaqlara göstərib
deyirdi:
-
Görürsünüz, dostları mənim oğlumun toyuna nə
gözəl kitablar bağışlayıblar.
Kürkünü
çıxarıb atdı divanın üstünə və
keçdi kitabxanasına...
Anası onları hardan qoyub getmişdi elə orda da -
öz köhnə dəmir çarpayısında
üzünü iki əli üstə qoyub adətinə
uyğun sol böyrü üstə yatmışdı və
onlardan ayrılıb gedən zaman üz-gözündəki
yorğunluq da elə üz-gözündəydi. Amma bu
yorğunluq onun gözəlliyini soldura bilməmişdi. Hamı kimi Ona da elə gəlirdi ki, bu dünyada
onun anasından gözəl ana yoxdu. Və
indi dünyanın ən gözəl anası xəstəliyin
gətirdiyi yorğunluqdan elə möhkəm
yatmışdı ki, oyatmağa ürəyi gəlmədi.
Əvvəllər bu otaqda çarpayı yox idi, elə
ki, anası xəstələnib düşdü
yorğan-döşəyə, onda öz dəmir
çarpayısını köçürtdürdü bura.
Otaqda
kitab rəflərindən başqa bir taxta divan, üstünə
qoyun dərisi atılmış iki taxta kreslo, bir jurnal mizi - bu
mizin üstündə həmişə nərdtaxta olardı və
O, bu nərdtaxtada dostu Surxayın bəlkə də bir
"Jiquli" kitabını udmuşdu - bir də köhnə
radioqəbuledici vardı. O, bu radioqəbuledicidən əsasən
gitara çalanda, gitara çalanda deyəndə yekə
çıxır, dınqıldadanda, səsgücləndirici
kimi istifadə edirdi. Anası da əsəbiləşirdi:
- Ay bala,
baş-beynimizi aparma, sənin musiqi duyumun yoxdu, qırx il də özünü öldürsən
düz-əməlli bircə mahnı da çala bilməyəcəksən.
Və elə
qırx il idi o gitaranı
dınqıldadırdı, amma anasının dediyi kimi, bircə
mahnını da düz-əməlli çala bilmirdi. Uşaqlıqda anasının zəhləsini
tökürdü, indi də xanımının.
Divardan Leonid İliçin portreti asılardı, o
portreti də balaca bacısı çəkmişdi. İlk dəfə Xəlil
Rza onlara qonaq gələndə divardakı portretə baxıb
demişdi:
- Bu şəngülümün
şəklini kim çəkib?
Atası
təəccüblə soruşmuşdu:
- Kimin?
- Şəngülümün
də!
Sonra hər ikisi qəh-qəhə çəkib
gülmüşdülər. Və Xəlil Rza birinci dəfə
ayaq basdığı evdə çox böyük bir ərklə
portreti çıxarıb atmışdı yerə:
- Əşi, atın getsin. Hər itin-qurdun şəklini
divardan asmayın.
Sonra da uşağa məsləhət
görmüşdü, - qızım, bir də belə mənasız
adamların portretini çəkmə.
Amma Xəlil Rza gedəndən sonra itin-qurdun portretini
yenidən qaytarıb öz yerindən asmışdılar,
Leonid İliçin xətrinə yox, uşağın xətrinə. O da şəkil çəkməyi
sevirdi, elə balaca bacısı da bunu Ondan öyrənmişdi.
Amma O, portret yox, mənzərə çəkməyi daha
çox xoşlayırdı. Hər il
yayda alaçıq qurub yayladıqları Kəlbəcərin,
Turşsuyun dağlarını, qayalarını,
cığırlarını köçürərdi vərəqlərə.
Yaylaqdan dönəndən sonra da göndərərdi
"Pioner" jurnalına, amma birini də çap eləmirdilər.
Bir az böyüyəndən sonra daha
gördüklərini çəkmək Ona ləzzət eləmədi,
bir də ki, belə şəkilləri hamı çəkə
bilərdi, biri bir az pis, biri bir az yaxşı. O isə
hamının çəkə bildiklərini çəkmək
istəmirdi, heç kəsin çəkə bilmədiyini
çəkmək istəyirdi. Və heç kəsin
çəkə bilmədiyini əslində heç
özü də çəkə bilmirdi, əcayib-qərayib
şeylər alınırdı. Gah yuxusunu
çəkirdi, gah xoşuna gələn qızın ürəyini
çəkirdi, gah həmin qız haqqında fikirləşdiklərini
çəkirdi və nə çəkdiyini də heç
kimə başa sala bilmirdi.
Evdə
atası, məktəbdə də müəllimlər Onu belə
əcayib-qərayib şəkillər çəkdiyinə
görə danlayırdılar:
- Gül
kimi qabiliyyətin var, amma səfeh-səfeh şeylər
çəkirsən.
Onu danlayanlar çəkdiklərini başa düşmədikləri
kimi O da danlayanları başa düşə bilmirdi, burda nə
var ki... bu daş sevdiyi qızın ürəyidi, onun sevgisindən
əriyib axır.
Nə qədər danlasalar da xeyri yoxuydu, çünki
Onun belə səfeh şəkillər çəkməkdən
çox xoşu gəlirdi.
-
Oğul, bu çəkdiklərin nədir?
- Bilmirəm.
- Necə
yəni bilmirsən?
- Bilmirəm
də.
- Bəs
niyə çəkirsən?
- Nə
bilim niyə çəkirəm, xoşum gəlir çəkirəm.
Öz qəşəng baldırları, dolu məmələri
ilə təkcə sinifdəki oğlanları deyil, məktəbdəki
qoca müəllimlərin də ağzını sulandıran,
təbii ki, O da bu baldırlara, bu məmələrə biganə
deyildi, Nəğmə Müəlliməsindən zəhləsi
gedirdi. Bu Nəğmə Müəlliməsinin hər dərs
Onu qaldırıb danlamaqdan və ona "iki" yazmaqdan
xoşu gəlirdi, sanki bundan ləzzət alırdı. Və elə bil bunu bütün məktəbə
meydan oxumaq üçün eləyirdi.
Direktor dəfələrlə
Nəğmə Müəlliməsinə demişdi:
- Müəllimə,
bu uşaq nə Qədir Rüstəmov olacaq, nə də Rəmiş,
bu uşaq riyaziyyatçıdı, incitmə.
- Biri
deyir rəssam olacaq, biri deyir şair olacaq, siz də deyirsiniz
riyaziyyatçı olacaq. Heç nə olmayacaq ondan! Heç
nə! Görəcəksiz! Atasının bir az
pulu var deyin tərifləyə-tərifləyə mindirmisiniz
boynunuza, bəlkə onu dalıma alıb gəzdirim?
- Yox,
sağ ol Müəllimə. Dalına alıb gəzdirmə,
amma əl çək o uşaqdan. Özü
də bunu sənə bir direktor kimi deyirəm.
Sinif
yoldaşları da zarafatla:
- Ə, şair, sən öl, müəllimə səndən
kəsir, eşitdin də, Əli müəllimə
deyirmiş ki, istəyirsiniz onu dalıma alıb gəzdirim.
O:
- Ə, boş-boş danışmayın. Onun dalını
çoxdan...
Dostu Eynur
da Onun xətrinə bir dəfə Nəğmə Müəlliməsinin
dərsində stula elə bir mıx qoydu ki, müəllimə
düz on gün məktəbə gələ bilmədi.
Nəğmə Müəlliməsinin hərəkətlərindən
boğaza yığılmış və bəlkə də
müəllimədən umduğunu ala bilməmiş direktor
da buna görə onlara elə bir ağır cəza vermədi. Sadəcə olaraq gəldi
girdi sinfə, bir az uşaqları
danladı, bir az tərbiyədən danışdı, bir az
öz uşaqlığından, sinfə qurbağa gətirməsindən,
buna görə direktorun onu toqqayla döyməsindən
danışdı, amma heç kimi toqqayla döyməyib getdi.
O da Nəğmə
Müəlliməsinin əcayib-qərayib bir şəklini
çəkdi. Atası həmin şəklə diqqətlə
baxıb soruşdu:
-
Oğul, bu nə şəkilidi?
- Ata, bu nə
yox, kimin şəkilidi.
- Olsun
kimin.
-
Ramellanın.
- Ramella
kimdi?
- Nəğmə
Müəlliməsi.
- Ə,
bu nə təhər adam şəklidi ki,
baş yerində arxa çəkmisən, arxa yerində
baş.
- Hə də,
ata, bizim o Nəğmə Müəlliməmizin
başının əvəzinə elə orası işləyir.
Atası
gözlənilmədən oğlunun onunla belə
açıq danışmasından bərk əsəbiləşdi,
möhkəm danladı, şəkli də cırıb
atdı:
- Sənə
neçə dəfə demişəm, bir də belə səfeh
şeylər çəkmə.
Amma gecə hamı yatandan sonra həmin səfeh şəkli
yenidən çəkdi və səhər aparıb asdı məktəbdə
divar qəzetinin üstündən, uşaqlar da
yığışdı divar qəzetinin başına. Nəğmə Müəlliməsi
də məktəbə girəndə həmin şəkli
görüb əvvəl-əvvəl diqqətlə baxdı,
sonra şəkli qoparıb ağlaya-ağlaya getdi direktorun
yanına:
- Bu da
sizin tərbiyəli, əlaçı şagirdiniz! Onu bu məktəbdən qovdurmasam heç atamın
qızı deyiləm.
Dəxli yox idi ki, o atasının qızıydı, ya
qızı deyildi, amma Onu məktəbdən qovdura bilmədi. Bircə pis o
oldu ki, atasını məktəbə
çağırdılar, direktorun otağında direktor, Nəğmə
Müəlliməsi və atası xeyli söhbət elədilər,
sonra bildi ki, atası Nəğmə Müəlliməsindən
üzr istəyib.
Axşam
günahkarcasına atasının qarşısında
dayanıb hərəkətinə görə yox, atasına Nəğmə
Müəlliməsindən üzr istətdiyinə görə
bağışlanmasını xahiş eləyəndə
Kişi gözlənilmədən dedi:
- Oğul,
deyəsən axı sən o şəkli düz çəkmisənmiş.
Və nəhayət gördü ki, kimsə Onun çəkdiklərindən
heç nə başa düşmür, hətta hamıdan
ağıllı bildiyi atası da onun bu rəssamlığından
əsəbiləşir, ruhdan düşdü və belə səfeh
şəkillər çəkməyi yavaş-yavaş tərgitdi.
Sonralar,
lap sonralar qadağan olunmuş kitabları minbir müsibətlə
tapıb, oxuyub, qadağan olunmuş dünya ilə
tanış olanda gördü ki, heç demə belə səfeh
şəkillər çəkən tək O deyilmiş və
onların tanımadığı dünyada Salvador Dali
adında bax belə səfeh şəkillər çəkən
çox məşhur bir rəssam varmış, o rəssamın
çəkdiyi belə səfeh şəkilləri
dünyanın ağıllı adamları ən azı bir
milyon dollara alıb asırmışlar evlərinin ən
görkəmli yerindən, bununla da fəxr edirmişlər...
(ardı var)
Ədalət 2018.- 14 fevral.- S.6.