Yazıçı Əfqan: “Mən
qadının işləməsinin əleyhinə olmuşam”
"Sizə
müsahibə haqda kim tapşırıb?”
"Xoş gəldin”dən sonra suallara ev sahibləri
başlayır - 90-ı haqlayan yazıçı Əfqan və
həyat yoldaşı Səyyarə xanım. Mən də müsahibəyə elə onların
suallarından başlayıram.
Adalet.az
kulis.az-a istinadən yazıçı
Əfqanla müsahibəni təqdim edir.
- Hansı qəzetdir bu, dediniz?
- İndi qəzetlər çox da oxunmur, saytdır. Ədəbiyyat
saytıdır.
-
Başım çıxmır. Yəni ki,
baxmıram. Amma uşaqlar baxır.
- İndi bir çox gənc
yazıçılarımız mətbuatda işləyir. Bəzən
düşünürlər ki, yazıçı özünü
mətbuatda xərcləyir. Amma siz də jurnalist işləmisiniz...
-
Yaradıcılıq ezamiyyətləri olurdu. Amma
deyə bilmərəm ki, onda yazırdım əsərlərimi.
Şair necə şeirini qafiyə gələndə
yazırsa, mən də eləcə. Bir də
bu janrdan asılıdır. İri janrda əsər
yazanda əsas işindən ayrılmalısan. Bu elə şeydir ki, bircə həftəlik
ayrılsan qayıda bilmirsən.
..İndi
iş tapmaq çətindir, yəqin zamanla həyat öz
normasına düşər. Qabaqlar İnstitutu
qurtarmağa bir semestr qalmış adamı dəvət edib
onun gələcək işi yerini müəyyənləşdirirdilər.
Praktikanı "Kommunist”də
keçmişdim, mənə yaxşı rəy
yazmışdılar. Üç yer təklif
etdilər, amma mən "Azərbaycan gəncləri” qəzetini
seçdim.
Mən ruscanı özüm oxumuşam. Sizə deyim ki...
...Bilirsiniz,
gözümü ötən il Almaniyada əməliyyat
ediblər, o üzdən yaddaşım zəifləyib,
gözüm yaşarır, fikrim yayınır,
danışanda çox fikirləşirəm...
-
Əfqan müəllim, siz dediniz, jurnalist kimi...
- Dayan.
Bilirəm... Mən əvvəldən
danışmaq istəyirəm. Əvvəlcə,
ruscanı harda öyrənməyi deyim. Atam
bizi sovxoza aparırdı, orada da işçilərin
arasında malakan çox idi. 4-5
yaşım var idi. Məktəb həyatım
da müharibəyə düşdü. 1941-ci
ildə birinci sinfi qurtardım. Atama nazirlikdə vəzifə
verdilər, bizi Bakıya köçürdü, Sovetskidə ev tutmuşdu. İkinci sinfə
gedəcəkdim, müharibə başladı; atamı da,
böyük qardaşımı da əsgər apardılar.
O əsgərlikdən bir neçə günlük icazə
alıb bizi Ağsuya, bacısının yanına
köçürdü. Axı Bakıda kim
bizə baxacaqdı? Anam savadsız evdar qadın
idi. Heç olmasa, Ağsuda qohum-əqrəba
var idi. İkinci sinfi Ağsuda oxudum. Üçüncü sinifdə müəlliməmizi
götürüb qaçdılar. Müəllimə
tapılmadı bizə. O arada da çörək
olmadığına görə, aqronomları "komsovat” edib
göndərdilər geri. Atam da gəldi, onu
Ağdamda taxıl yetişdirməyə göndərdilər.
Köçdük Ağdama. Məni nə
olduğumuz yerdə, nə qonşu kənddə məktəbə
qəbul etdilər ki, sən üç sinif geri qalmısan.
Elə gözəl vaxtlar idi ki...
Ceyran sürüləri qoyun sürülərinə
qarışırdı. Atam çöldən ceyran balaları
tutub gətirirdi, saxlayırdıq, amma bunlar mənim
gözümdə deyildi, oxuya bilmədiyimi dərd edirdim.
Elə oldu ki, atamı yenidən nazirliyə
çağırdılar. Bakıya
qayıtdıq. Bir nömrəli orta məktəbə
ərizə yazdım. Çox ürəklənmişdim.
Deyim niyə? Hələ
rayonda olanda təsadüfən rastlaşdığım bir məktəb
direktoru sorğu-sual etmişdi, deyirdi proqramı bilirsən,
heç məktəbdən qalana oxşamırsan. Sən demə o da, rayona ezamiyyətə gəlib,
gedib Bakıdan attestat gətiribmiş. Götürdü
bir boş attestat, mənə attestat verdi.
Dedi, get hansı məktəbə istəyirsən, ora ver davam
elə oxumağa. Mən də ona görə
ürəkliyəm. Bu məktəbin
direktoru ərizəmə baxanda qayıtdı ki, sən
heç ərizəni düz yaza bilməmisən. Qanım qara, kor-peşman qayıdırdım.
Tramvayda bir kişi məni tanıdı.
Atamın adını dedi. Mən də əhvalatımı
danışdım. Məlum oldu ki, bu
feldşerlik məktəbində dərs deyir. Məni aparıb o məktəbə düzəltdi.
İmtahansız qəbul etdilər.
Bunları sizə niyə danışıram? Çünki
mənim həyatımda belə təsadüflər çox
olub. Oranı bitirib universitetə də sənəd
verdim, qiymət də aldım, qiyabi şöbəyə.
Amma qiyabi istəmirdim. Əməlli-başlı
oxumaq istəyirdim. Burada da təsadüf
rol oynadı. Dostumun atasının
tanışı var idi, universitet rektoru idi. Məlum oldu ki, boş yerlər var. Boş yer var idi
deyə, məni jurnalistikaya götürdülər. Heç bilmirdim jurnalistika nədir. Deyirdim ki, mən köşkdə jurnal satmaq istəmirəm,
şair olmaq istəyirəm (gülür). Şair olmadım. Amma indi də
arada şeir yazıram. Bir də foto
işini öyrənirdim. Fotostudiya ilə
danışmışdım, foto böyütməni rəngləri
öyrənmişdim. Pul qazanırdım
eləcə.
- Evli idiniz o zaman?
Həyat
yoldaşı Səyyarə xanım: Nə
danışırsınız, onda yəqin mənim
üç, ya dörd yaşım olardı.
-
Aranızda yaş fərqi çoxdur deməli...
Səyyarə
xanım: Mən Əfqanın bacısı ilə oxumuşam.
Əfqan:
Hə, nə vaxt gəlirdim, görürdüm bizdədir.
Səyyarə
xanım: Sənə görə gəlirdim yoxsa ki? Mən bundan çox balaca idim. Amma
atamın necəsə xoşu gəlmişdi Əfqandan.
- Səyyarə xanım, sizin
ixtisasınız nədir?
-
APİ-ni qurtarmışam, amma işləməmişəm,
uşaqlara baxmışam. Qoymayıb məni.
9-cu sinifdə nişanlandıq, 10-u qurtarandan
sonra evləndik. Sonra APİ-yə düzəltdi
məni oxumağa.
Əfqan:
Mən qadının işləməsinin əleyhinə
olmuşam.
Səyyarə
xanım: Baxın, baxın... Feodalizm. (gülür)
Əfqan:
Axı bunun evdə işi azdır ki, getsin
başqasının uşağını da saxlasın,
baxçada müəlliməlik etsin? Allah imkan
verib şükür Allaha.
- Əfqan müəllim,
axı onu dövlət oxudub, öz hesabına?
- Yox elə,
öz uşaqlarına baxsa, bu böyük işdir.
- Bəs niyə oxusun istədiniz?...
- Hələ
ki, sağam. İmkan var. Olmasa idi başqa...
- Aranızda neçə yaş fərqi
var?
Səyyarə
xanım: O, məndən 16 yaş böyükdür.
Əfqan:
14 yaş. 4 övladımız var, səkkiz nəvəmiz
var. Üç nəticəmiz var. Dünyada insanın ən
böyük qazancı və sevincidir. Ondan böyük nə
ola bilər? Şükür
Allaha, evimiz də var. Bağımız da var.
- Əfqan müəllim, siz
altmışıncılardan əvvəlki nəsil
sayılırsınız?
- Yox, elə
61-ci ildə çıxdı ilk kitabım. Bundan
əvvəl pyeslərim oynanılırdı teatrda.
- Ən yüksək tirajla
çıxan romanınız hansı idi, necə
qarşılandı?
- İndi qəzetlərin çətin vaxtıdır,
baxırsan adı qəzetdir, heç nə qalmayıb. Mənim
kitablarım o zaman 45 min, 50 min tirajla çıxıb. İndi yadımda deyil, arxasında yazılıb
hamısının. Amma bilirəm ki 40 min
tirajla çıxan kitabım bir ay sonra tapılmırdı.
Amma elə arxası möhkəm adamlar var idi, on min tirajla
çıxan kitabı il uzunu
qalırdı, alan olmurdu. Yəqin ki, "Dədə
Bəhmən” trilogiyası çox tirajlı olub. O
trilogiyanın ilk kitabı "Gülyanaq” idi. Mənim
haqqımda bir yazıçı kimi yazılan məqalənin
müəllifi Rəsul Rza idi. Elə
böyük məhəbbətlə yazmışdı, sanki
onun doğmaca qohumuyam. Məqalənin
sonunda məni təbrik etmişdi. Bir
növ də ədəbi aləmə təqdim etmişdi.
- İlk dəfə
familiyasız imza sizin idi hə?
- Hə.
- Hardan ağlınıza gəldi bu?
- Nə
bilim xarici yazarları oxuyurdum, yəqin ordan.
- Jurnalist işləmisiniz, çox adam tanımısınız. Qəhrəmanlarınızın
prototipləri var idimi?
- Əvvəla, sənət əsəri, bədii əsər
kiminsə fotokopiyası olmamalıdır. Hətta
çalışmalısan ki, həyatda
gördüyünü yox, onun nə nəticə verə biləcəyini
də analiz edəsən. Heç vaxt elə
şeylərə getməmişəm. Bu ədəbiyyatdır,
bu oyuncaq deyil.
...Biz elə
bir dövrə gəlib düşdük ki... Mənim
bir əsərimdə soruşurlar ki, insanlar nə vaxt dəyişəcək,
deyir, dünya dəyişəndə. Çünki
ayrı-ayrılıqda adını çəksən də,
dünyanı da, keçmişi də, gələcəyi də
insan yaradır. Tarixi bilirsiniz, hansı
ictimai inkişaf mərhələləri keçilib. Bu saat Avropanın hamısında sosializmdir. Amma onu şüara çevirmirlər. Sosializm həyat şəraitinin düzəlməsidir.
Bunu bilə-bilə...
Biz kommunist partiyasının bayrağı altında
Hitleri əzdik. Bu tarixdir. Doxsan neçənci il idi, Kommunist partiyasının ləğvi
haqqında Mərkəzi Komitədə iclas keçirildi. Məni də təzəcə "Həyat” qəzetinə
redaktor qoyublar. Cibimizdə də
partiyanın bileti. İclas gedir. O
adamlar ki, kommunist adı gələndə qalxıb əl
çalırdılar, indi bu iclasda partiyanın əleyhinə
kim danışır, ona əl
çalırlar. Bir neçə adam
danışdı, sonra Ziya Bünyadova söz verdilər. Ziya o birilər kimi danışmadı. Ziya kimi danışdı. Yerdən nazirlərdən
biri-ikisi dedi ki, Ziya müəllim, deyəsən az qalır ki, ağlayasan. Dedi ki, mən
ağlamıram. Mən kommunist biletini sizin kimi
pulla almamışam. Mən Dnestr
çayını qışda üzüb keçmişəm,
qoşuna yol açmışam. Mən
bileti atmayacam, saxlayacam. Tarixi qorumaq
lazımdır. O zaman "Xalq” qəzetinə bu
çıxışı verdim.
- Bəs
necə reaksiyalar oldu? Axı xalq hərəkatının
havası soyumayıb, şəhidlər var...
- Hamı
çaş-baş qalmışdı. Hadisələr elə
tez-tez dəyişirdi ki...
-
Gözünüzün qarşısında quruluş, dövr
dəyişib. Nə müşahidə edirsiniz, deqradasiya gedir
ya...
-
Deqradasiya deyəndə... Pulun yoxdursa,
gücün yoxdur, başqa hava oxumalısan. Amma Marksın yazdığının əleyhinə
getməyə heç Avropada düşünmürlər.
Baxın, Lenini demirəm.
Bilirsiniz, birtərəfli yanaşmaq düz deyil. Həyata hərtərəfli,
həyatın sanbalına uyğun yanaşmaq lazımdır.
O adamlar ki, 90-cı ilə qədər tamam başqa adamlar idilər,
indi qəfil dəyişdilər. Hər şey
bir qırağa, o boyda, o ədalətdə müharibə
olmayıb tarixdə. Mən o dövrü
yaşamışam...
Küçə qonşumuz var idi. Müharibə
vaxtı çörək kartla idi. Amma bu
uşaq peçenye gətirirdi məktəbə. Yəni heç pis oğlan da deyildi. Velosipedi də var idi. Velosipedini
bizə də verirdi sürməyə. Biz
heç ona qədər velosiped minməmişdik. Sonralar o qonşumuzla rastlaşdım. Onun vəziyyəti yaxşı deyildi. Yəni, tamam təzad var idi. O peçenye yeyəndə
qanqal yeyən mən, indi başqa adam kimi
onun qarşısında idim... Ağır idi o
günlər. Amma biz yaşadıq.
Allahın bir adı da haqdır. Neyləsən, Allahın adı yalan
ola bilməz.
- Heç memuar yazırsınız?
-
Düşünürəm yazmağı. İndi
hələ bir dəfə də əməliyyata getməliyəm.
- Siz
tarixi mövzuda əsərlər yazmısınız, "Bəy
İnal” kimi.
- Hə,
nəvəmin də adı İnaldır.
- Necə qarşılandı, senzura
filan oldumu?
- Mən
qəzetdə işləmişəm. Senzuranın
nə olduğunu bilirəm.
- Yəni bilirdiniz nəyi yazmaq olar, nəyi
yox?
- Yox ey,
senzura bizdə o dəhşətdə olmayıb. Heç qəzetdə də. Düzünü
deyirəm sizə. Elə dəhşətli
senzura olmayıb.
- Müasir yazıçılardan
kimləri oxuya bildiniz?
- İnan ki, özümün yaşadığım
dövrdəki yazıçıların hamısının
kitabı var. Oxumuşam da. Amma indi elə bir
kitaba rast gəlmirəm axı. Kitab
dükanı var ki? Kim çıxardı
bu telefonu zadı? Kitabsız ölkə
olar?
- Yaxşı, mən belə
soruşum: oxuduğunuz ən cavan yazıçı kim oldu?
- Nə
çətin sual verdiniz...
- Əfqan müəllim, necə
düşünürsünüz, sizin yazıçı nəsli,
ziyalı nəsli ədəbiyyat baxımdan, tarixi baxımdan
öz üzərinə düşən missiyanı yerinə
yetirdimi?
- Yetirənlər
də oldu, yetirməyənlər də. Mənim
ən sevdiyim şair Səməd Vurğundur. Onun elə məhəbbət şeirləri nəyə
desən dəyər. Şairə,
yazıçıya əvvəl imama, peyğəmbərə
inanan kimi inanırlar. Bizə dünya
yazıçılarının əsərləri, filmləri
seçilib gəlirdi. Özü də ən
yaxşıları seçilirdi.
- Son illərdə nə
yazmısız?
- Budur,
buradadır. Pyeslərdir: "Leyli və Məcnun” və
"Lənət şeytana!”. Əsər
nazirlikdə də əla qiymət alıb. Amma qaytarıblar, harasınısa dəyişməliyəm.
- Nədən bəhs edir bu pyes?
- İnsanın şeytana lənəti kimi məhəbbəti
də var, ondan danışır. Baş rolda
şeytandır, amma insan cildinə girmiş şeytan. Mərahim Fərzəlibəyova vermişdim. Onu da deyəsən işdən
çıxarıblar.
- Bəs yazdıqlarınızı mətbuatda
çap etdirirsinizmi?
- Çap belədir ki, indi gərək pul verəsən dərc etmək üçün. Şah Abbas haqqında bir roman yazmışam. Beş yüz vərəqlik romandır. Bir iki parçası orda burda çap olundu. Bir də məndən dissertasiya yazanda da yazıblar. Amma kitab kimi çap olunmayıb. Bir də bu pyeslər.
- Kiminlə görürsünüz
yazıçı dostlarınızdan?
- Nəriman Həsənzadə ilə
görüşürük. Həm də qonşuyuq.
Ədalət 2018.- 14 fevral.- S.7.