"Akademikin son əsəri"
haqqında mülahizələrim
Musa Xanbabazadə
filoloq- ədəbiyyatşünas
Oxumuşam birnəfəsə Xalq şairi Sabir Rüstəmxanlının
"Akademikin son əsəri" (Bakı, "Sabir Yazarlar
Ocağı", 2017) romanını. Həm də təkrar-təkrar.
Qeydlər, sitatlar götürə-götürə.
Oxumuşam məni sehrləyən-cazibləyən
cümlə və abzasların, epizod və ricətlərin
altından qara karandaşla xətlər çəkə-çəkə.
Oxumuşam millətin-xalqın başına
rus-erməni cütlüyünün açdığı
müsibətlərə gözlərimdən qan-yaş
tökə-tökə. Oxumuşam
repressiya işgəncələrində zülm-zülm qətlə
yetirilən türkçü və turançıların
qırılan ömürlərinə yas tuta-tuta. Oxumuşam XX əsrdə belə Bakıda repressiya
qurbanlarının balalarına sarısaçlıların
ikrahla "xalq düşməninin balası"
atmaca-replikalarında dona-dona, üşüyə-üşüyə.
Oxumuşam Vətənin hər cövr-cəfasına
kişi-kişiyanə sinə gərən milli ruhlu, cəngavər
xislətli mərd-mübariz qəhrəmanların
önündə səcdə edə-edə, baş əyə-əyə.
Zamanca bizə həm uzaq, həm də yaxın tarixi
gerçəkliklərin bədii-publisist ifadəsi,
inikasıdır "Akademikin son əsəri" romanı. Əlbəttə,
istər uzaq, istərsə də yaxın tarixi gerçəkliklərin
geniş epik təsviri yoxdur romanda. Hər biri
ayrılıqda bir roman çərçivəsinə
sığmayan bu hadisələrə yazıçı
müxtəlif obrazların fikir və düşüncələrində,
mülahizə və mühakimələrində yer
ayırır, qısa, yığcam və lakonik, lakin məna
yükü və tutumu ağır təsvirlərdə tarixə
qovuşmuş həmin tragik olayların milli şüur və
intibaha, əxlaq və mənəviyyata vurduğu sosial-siyasi, əxlaqi-mənəvi
zərbələri yaddaşlarda təkrar-təkrar
canlandırır.
Romanın başlıca qəhrəmanları (Ziyad
Şıxlı, Altay Qızılbaş, Aydın Mirzəzadə,
Murad, Əkbər, Şahin, Aysel, Komendant...) müasirlərimizdir. Və bu qəhrəmanların
əksəriyyətinin arxasında bu və ya digər bir
prototip dayanır: Ziyad Şıxlı obrazının
arxasında akademik Ziya Bünyadov, Aydın Mirzəzadənin
prototipi isə akademik Azad Mirzəcanzadədir. Altay
Qızılbaş obrazı bütün parametrlərilə
Xalq şairi Sabir Rüstəmxanlıdır.
Bu mənada "Akademikin son əsəri" romanı
"bioqrafik roman strukturunda qurulmasa da" (Tehran
Əlişanoğlu) bioqrafik cizgilərdən də məhrum
deyil.
"Akademikin
son əsəri" romanının ideya-məzmun, əxlaqi-mənəvi
ağırlığı, əsasən, üç
obrazın çiyinlərindədir: Ziyad Şıxlı,
Altay Qızılbaş və Murad. Murad əvvəlki
iki obrazdan çox-çox sonralar romana daxil olur və bilavasitə
bu iki obrazın ictimai-siyasi, əxlaqi-mənəvi təsirilə
formalaşır, püxtələşir və nəhayət,
çiyinlərini millətinin ağır yükünün
altına verir.
Romanın qəhrəmanları, xüsusən Ziyad
Şıxlı və Altay Qızılbaş adi, sıravi
adamlarla eyni mühitdə yaşayır, eyni dərd və
ağrıları bölüşürlər. Lakin istər
intellekt, istərsə də ictimai-siyasi hadisələrə münasibət
baxımdan bu qəhrəmanlar adilərdən kəskin fərqlənirlər.
Belə ki, adilər mühitə
sığır. "Palaza bürün,
ellə sürün!" psixologiyası ilə yaşayır.
Zamanın hər amansızlığına
acizanə baş əyir. Qarın-mədə
əsiridir. Ehtiyac və
möhtaclığın girdabında çabalayır. Allahın ömür payını yalnız ailəsinin
babat gün-güzəranına sərf edir. Zamanı dəyişdirmək fikirlərindən belə
keçmir. Qəhrəmanlar (qeyri-adilər)
isə adi, bəsit, cansıxıcı normativlərə
sığmır. Toplumu sıxan-boğan,
ruhu, şəxsiyyəti ayaqlayan mövcudluqla barışmır.
İçlərində hüquq və
azadlıqların boğulmasına, millətin
düşünən başlarını
"qırmızı qatarlara" doldurub Orta Asiyanın cəhənnəmlərində
qətlə yetirən Stalin-Mikoyan-Bağırov üsul-idarəsinə
ehtiraslar nəhri çağlayır. Ömürlərini
qorxmadan-çəkinmədən millətin-xalqın milli
istiqlalına, əxlaqi-mənəvi, əqli-zehni
sağlamlığına fəda edirlər. Həm daxili, həm xarici yırtıcılara,
türkün cani və qatillərinə eyni nisbətdə
amansız və qəddardırlar. Ardıcıl, sürəkli
dirənişçidirlər həm fiziki terror və
repressiyalara, həm də milləti (bəşəriyyəti)
fəlakətə aparan, qiyaməti yaxınlaşdıran
səssiz mənəvi savaşlara - gen və sperma,
yaddaşsızlıq və unutqanlıq savaşlarına. Və qəhrəmanlar tam əmindirlər ki,
"...bütün bu savaşlar, repressiyalar milləti
düşünülmüş və planlı şəkildə
məhv etməkdir" (səh.156).
Roman qəhrəmanları
həmçinin mənəvi cavabdehlik daşıyırlar, ən
uca kürsülərdə öz vicdan səslərini
ucaldırlar Aral və Urmiyə göllərinin
duzlaşmasına, ermənilərin mis mədənlərinin zəhərini
Araza axıtmasına, "Kürün Gürcüstandan
keçən hissəsinin suvarmaya belə
yararsızlığına, Sumqayıt kimya zavodlarının
Abşerona yağdırdığı yandırıcı
qazlara... Bu fəlakətlərin türk dünyası, eləcə
də bəşəriyyət üçün nə demək
olduğunu dərk edən roman qəhrəmanları öz
alim-vətəndaş, şair-vətəndaş, aspirant-vətəndaş
mövqelərini ortalığa qoyur və dünyanı
müasir ekoloji hərəkatın bayrağı altında
mübarizəyə haraylayırlar: "...repressiyanı bu
müharibədən (gen müharibəsindən M.X) ayıra
bilməzsən! Başqa cür da baxmaq olmaz, hədəf
də, məqsəd də birdir. Yüz illər
təkcə insanımızı deyil, təbiətimizi də
hədəfə çeviriblər. Üzdə
görülən savaşlardan başqa, gizli savaşlar da
gedir və heç cür də qarşısını almaq
olmur. İnsan təkcə təbiəti
deyil, həm də özünü məhvə aparır.
Buğdadan-meyvəyə qədər genlər dəyişdirilir.
Hər şey mutantlaşacaq" (səh.
160-161).
Elm fədaisidir Ziyad Şixli - həm də
"yuxarıya sıçrayan mundarlıqlardan qorxmayan fədai!" (Əlibəy Hüseynzadə)
Araşdırır xalqın minillik tarixini.
Üzə çıxarır əsl həqiqətləri.
Sübutlayır tarixi faktlarla türklərin (azərbaycanlıların)
dünyada ən qədim xalq olduğunu. Dünya
sivilizasiyasını nadir elmi kəşflərlə, yüksək
sənət inciləri ilə zənginləşdirdiyini.
Ötkəmliklə susdurur xalqın-millətin
kökünü, mənşəyini farslara bağlayan elm dəllallarını:
"...mən sənin kimi (Qafar Vəliyev nəzərdə
tutulur - M.X) tarixçi deyiləm. Sənə
qalsa bizim tariximiz İran tarixindən başqa bir şey deyil,
biz də farsdan əmələ gəlmişik. Sən ağlını və savadını millətin
xeyrinə işlətmirsən. Sənin
tariximizə vurduğun ziyanı on ilə, iyirmi ilə də
düzəltmək olmaz. Bu halınla erməni
tarixçilərindən nə fərqin qaldı ki?"
(səh. 27, 28).
Təkzibedilməz elmi əsaslarla darmadağın edir
Ziyad Şıxlı ermənilərin Qarabağ haqqında
uydurduqları mif və yalanları. Silkələyir, vahimələndirir
Qarabağ həqiqətlərilə həm respublikanın təslimçi
rəhbərliyini, həm də ermənilərin qıl verəni
SSRİ prezidenti Qorbaçovu: "Ermənilər
"Qarabağ! Qarabağ!" deyirlər.
Tarix qalsın bir yana, ermənilərin cəmi
yüz əlli il öncədən bura köçüb gəldiyini
bilməyən yoxdur. Onlardan əvvəl burada məskunlaşmış
yerli xaçpərəstlərin erməniyə aidiyyəti
yoxdur" (səh. 63).
Heyrətlənir Ziyad Şıxlı rus-erməni
anlaşma və cinayətlərinin bu günədək necə
də ardıcıllıqla davam etdirilməsinə. Yanır-alovlanır qəlbən-ruhən
millətinin, yurdunun başına gətirilən işgəncə
və zülmlərə: "Biz yazıqların nə qədər
düşməni var? Hara əl atıram - cinayət, hiylə,
saxtakarlıq, yalan, qan... Təkcə
adamlarımızı öldürməyiblər, tariximizi,
tarixlə birgə ruhumuzu da öldürüblər. Görmürsən ermənilər nə hoqqalardan
çıxır? Rusiyanın
qucağında oturub iki yüz ildir bu məzlum milləti
qırdırdıqları azmış kimi, tarixi də
saxtalaşdırırlar. İndi də
iştahlarından Qarabağ keçir" (səh. 45).
Ziyad Şıxlı çox-çox sonralar anlayır
ki, o, öz gəncliyini "eşşəklərə
qurban" verib. Anlayır ki, o, Avropa yollarını dizin-dizin sürünərək
faşistləri Rusiyadan çıxaranda "o qəhbə
oğlu Stalin" onun millətini Krımdan, Şimali Qafqazdan,
Gürcüstandan, Ermənistandan qoparıb evlərini
yağmalatdırırmış: "O, (Stalin - M.X) arxada bu
planları quranda biz Stalin uğrunda vuruşurduq. Mənim hər
biri lay divar, əjdahaya bənzəyən
igidlərim dəstə-dəstə ölüm
maşınının ağzına atılırdı" (səh.
44).
Ucalır. Böyüyür. Azmanlaşır.
Pəhləvanlaşır gözlərimizdə
Ziyad Şıxlı respublikanın II katibi Konovalovla
görüşündə. Məğrurdur.
Vüqarlıdır. Əyilməzdir
O, bu görüşdə. Susdurur. Kiçildir. Balacalaşdırır
O, "çar dövrünün canişinlərindən fərqlənməyən"
(səh. 51). Konovalovu: "Bunun adı ikinci katibdir, əslində
çar dövrünün canişinlərindən fərqi
yoxdur. Bizimki (yəni I katib Vəzirov - M.X) oturub
birinci yerdə quzu kimi, hökm verən budur". (səh.
51)
Həcmcə kiçikdir Ziyad Şıxlı - Konovalov epizodu. Fəqət böyükdür, tutumludur, kəskin siyasi xarakterlidir məna - mündəricə baxımdan. Açır-tökür ortalığa Ziyad Şıxlı SSRİ rəhbərliyinin azərbaycanlılara (türklərə) qarşı antihumanist, antixalq siyasətini. Konovalov,,. sizin bəzi hərəkətləriniz Moskvadakıları da narahat edir. Kimlərisə təhqir etmisiniz. Mənə tapşırıblar ki, bu məsələni aydınlaşdırım" (səh. 51) deyəndə ucalır Ziyad Şıxlının cürətli-cəsarətli, ovxarlı-neştərli hərbi geyimli sözləri. Sanki hər söz komanda gözləyən əsgərə dönür, yer-yerdən Konovalovun üstünə yeriyir: "-Açıq danışaq, Konovalov! Mən hərbçiyəm. Elm də mənim üçün savaş meydanıdır. Kimi təhqir etmişəm? Erməni arvadının çaldığına oynayan Saxarovu? Onların yanındakı missionerlər dəstəsini? Onların nə məqsədlə gəldiyini siz bilmirsiniz məgər? Mən onu təhqir etməmişəm, yerini göstərmişəm... Bonnerin, Staravoytovanın fitvası ilə sərsəmləyən bu qocaya nə cavab vermək olardı? Dedim, Ermənistana torpaq istəyirsənsə, buyur, Rusiyada iddialı olduqları Krasnodar vilayətini, yaxud Armavirin çevrəsini bağışla onlara. Sənin torpaqlarındır, özün bilərsən. Ancaq mənim torpaqlarımla işin olmasın. Bu missioner dəstələri Qorbaçovun oyunlarıdır", (səh. 52). "Moskva qan töküləcəyindən qorxur" (səh.52) cümləsi Konovalovun ağzından çıxar-çıxmaz Ziyad Şıxlının amiranə, sərt, nifrətli-qəzəbli "Bəs Ermənistanda tökülən azərbaycanlı qanı qorxutmur Moskvanı?" cümləsi od-alov kimi qarsıyır Konovalovu. Konovalov hiss edir Ziyad Şıxlı ilə dialoqda gücsüzlüyünü, dözümsüzlük və səbatsızlığını. Yerindən dikəlir. Barmaqlarını akademikə uzadıb təhdidedici bir tərzdə: "Siz ekstremistsiniz!" deyir. İdarəolunmaz alim döyüşə atılmağa hazır bir aslan qətiyyətilə ayağa qalxır. Bu, qorxudur Konovalovu. Alimin onun üzərinə cumacağından ehtiyatlanırmış kimi kresloya büzüşür. Bir addım atır Konovalova doğru Ziyad Şıxlı. Düzəldir qamətini. Şax, məğrur dayanır önündə Konovalovun. Yağdırır sözlərini ox kimi, mərmi kimi Konovalovun cəmdəyinə: "Bu layiq olmadığın kresloda oturub dünyanın kefini çəkir, mənim Vətənimin naz-neməti içində şellənirsən, qara kürünü qaşıqla ötürürsən, rəssamlarımızın misilsiz rəsmlərini su qiymətinə və ya hədiyyə kimi qoparıb Rusiyadakı xarabana göndərirsən və özünü də kişi hesab edirsən. Qonşuların bir-birini necə qırdığını riyakarlıqla seyr edir, üstəlik mənə ekstremist də deyirsən. Əsl ekstremist və riyakar sənsən!.. Mən rus torpağını qoruyanda sən yançağında cırıq şalvar bazarlarda tum satırdın. Kimə ekstremist dediyini düşünsən, utanıb yerə girərsən" (s. 54).
Bu və buna bənzər digər epizodları (Ziyad Şıxlı - Primakov xətti: Ziyad Şıxlı - Razumovski xətti; Ziyad Şıxlı - Polyanıçko xətti; Ziyad Şıxlı - Yazov xətti; Ziyad Şıxlı - Vladimir xətti; Ziyad Şıxlı - Altay Qızılbaş xətti) oxuyarkən oxucu neçə də qürurlanır, necə də iftixarlanır! Qürurlanır - iftixarlanır ki, məmləkətdə sarsılmaz - əyilməz Ziyad Şıxlı kimi kişilər nə yaxşı ki var. Sevincindən yerə-göyə sığmır ki, həm dış, həm də iç düşmənlərlə döş-döşə gələn, kəllə-kəlləyə qoyan mərd-cəsur Ziyad Şıxlılarla əsrdaş, yurddaşdır. Ürəyindən keçir ki, kaş Azərbaycanın bütün ziyalıları: alimləri, şairləri, həkimləri, müəllimləri... Ziyad Şıxlı xislətində, Ziyad Şıxlı qüdrətində olaydı - mərd-mübariz, devrimçi-savaşçı, prinsipial, qətiyyətli, haqsevər, halallıqsevər, xeyirxah, qayğıkeş...
Epizodlardan görünür ki, Ziyad Şıxlı özündən qat-qat böyük və güclü qüvvələrlə döyüşür. Və bu qüvvələrin hər biri siyasət-rəyasət adamıdır, SSRİ prezidenti Qorbaçovun əlaltısıdır, diplomatik korpusun hiyləgərləşən-kələkləşən buqələmunudur, hökm-fərman sahibidir. Adi məntiqə görə, gərək Ziyad Şıxlı onların qabağında susaydı, dilini qısaydı, həddini aşmayaydı, qorxa-qorxa, yazıq-yazıq danışaydı, hər dediklərinə "Baş üstə", "Bəli, bəli" deyəydi. Lakin millətinin-xalqının bu qatı düşmənlərinə, əlləri türkün təmiz qanına batan, 1990-da Bakını qan dənizində çimizdirən bu insan geyimli canavarlara meydan oxuyur, çarizmin, habelə SSRİ-nin Cənubi Qafqaza məqsədli gəlişini, Rusiya imperator, Baş katib və prezidentlərinin Birinci Pyotrun siyasətindən bir o qədər də fərqlənməyən mürtəce-avantürist siyasətini, ikibaşlı, üçbaşlı çirkin oyunlarını cəsarətlə üzlərinə çırpır: "Açıq deyin ki, biz Bakıya düşmənçiliklə gəlirik. Azərbaycan xalqının azadlıq, müstəqillik, torpağını qorumaq istəyi bizim vecimizə deyil, dərdimiz ancaq erməniləri qorumaqdır. Bu ikiüzlülük sizin kimi ciddi vəzifə sahiblərinə yaraşan iş deyil. Bəlkə, Bakıda bir milli qırğın tamaşası yaratmağa çalışırsınız. Hamınız yığışmısınız. Köhnə ssenaridir: 1905, 1918-ci illərdə sınaqdan keçirilib. İndi təzələmək istəyirsiniz onu", (səh. 76, 77)
Qane etmir Ziyad Şıxlını SSRİ rəhbərliyinin fəaliyyəti. Çəkinmir həmin rəhbərlərə tənqidi münasibət sərgiləməkdən belə. Bir-bir üzlərinə oxuyur buraxdıqları nöqsanları və atdıqları yanlış addımları, vəzifə səlahiyyətlərindən sui-istifadəni. Sovet ittifaqı qəhrəmanlığının qızıl ulduzlarını döşünə düzməyi sevən Baş katib Brejnevə tərəddüd etmədən etirazda bulunur: "Əlinizdə ixtiyar var deyə, xalqı alçaltmayın. Qızıl Ulduzu qəhrəmanlığa görə alırlar, vəzifə borcunu yerinə yetirməyə görə yox". (səh. 65). Hiddətləndirir Kremldəkiləri Ziyad Şıxlının Brejnevə ünvanladığı məktub. Hətta Ziyad Şıxlını tənbeh üçün bir məmur da atlanıb Moskvadan gəlir Bakıya. Görüşünə dəvət edir Ziyad Şıxlını. Lakin gerçəkləşmir təşəbbüsü. Bir dəstə yaltaq yerli məmurla özü gəlir Ziyad Şıxlının yanına. Ziyad Şıxlı çox çalışır ki, əsaslandırsın məktubdakıları. Qonağın qanmazlığını yəqinləşdirən Ziyad Şıxlı çoxmərtəbəli söyüşlərlə ballanan dilini işə salır:
"Zırramanın biri zırrama! Sən kimsən mənim üstümə gəlmisən. Sənin kimi podonokları çox görmüşəm. Oxuyub nəticə çıxarmaqdansa atıla-atıla bura niyə gəlirsiniz. Minlərlə dostum bu ölkə üçün yaşamaq haqqından keçdi. İndi söz haqqımızı da əlimizdən alacaqsınız? Lazım olsa, yazdıqlarımın ardınca özüm gələrəm və yazmadığım başqa sözləri də üzünə deyəcəyəm". (səh. 66) Ziyad Şıxlı bir müddətdən sonra Berlinə - Qələbənin ildönümünə Baş katiblə birgə gedərkən ürəyini ona da boşaldır: "Qəhrəmanlığı ucuzlaşdırmaq olmaz. Biz qan töküb onu almışıq".
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 15 fevral.- S.5.