Həmidə xanım Cavanşir
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Həyatının bütün keşməkeşli günlərini xatirələrində qələmə alan Həmidə xanım daha sonra yazırdı: "1907-ci ildə Qarabağda çəyirtrə və aclıq gözlənilirdi. Belə də oldu. Mən hər ehtimala qarşı xeyli darı ehtiyatı saxlamışdım. Aclıq zamanı camaata darı və un payladım. Bu haqda o zamanın qəzetlərində yazmışdılar. Martın ortalarında rayonumuzda və qonşu rayonlarda külli miqdarda çəyirtkə peyda oldu. Hökumət məmurları çəyirtkəni məhv etmək üçün çöllərə çoxlu işçi qüvvəsi çıxartmışdı. Lakin fəhlələr yeməklə pis təmin olunduğundan onların işi səmərə vermirdi. Mən evdə çörək bişirtdirib aparıb ayrı-ayrı məntəqələrdə özüm fəhlələrə paylayırdım. Əkinləri xilas etmək üçün gecə-gündüz işləyirdim. Axırda gördüm ki, bir şey çıxmır, qubernator Kovalyova teleqram vurdum. Teleqramda vəziyyətin dəhşətli şəkil almasını göstərib təcili tədbirlər görülməsini xahiş etdim. Tiflis xeyriyyə cəmiyyəti bizim rayonun məruz qaldığı çıxılmaz vəziyyətdən xəbər tutduqda zərərdidələrə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul göndərdi. Mən daha çox zərərçəkən kəndlərə gedib hökumət məmurlarının və kənd ağsaqqallarının iştirakı ilə hər nəfər başına bir manat əlli qəpik payladım".
Həmidə xanımın bir bəy qızı olaraq ictimai həyatda olan bu fəallığı, kəndlilərə qarşı canı yananlığı şübhəsiz ki, hamının, xüsusi ilə ətraf bəylərin xoşuna gəlmirdi. Bu məsələyə də Həmidə xanım öz xatirələrində ciddi şəkildə toxunaraq yazırdı:
"Mənim hərəkətlərim qonşu bəylərin xoşuna gəlmirdi. Onlar həmçinin mənim qohumlarımı da öyrədib üstümə salırdılar. Onlar mənə hər cür ziyan verməkdən çəkinmirdilər. Ümumiyyətlə qonşu bəylər bizim əkinləri, bağ-bağatları korlamaq üçün əllərindən gələni edirdilər. Heç bir çəpər, heç bir maneə bu iki ayaqlı heyvanların qarşısını ala bilmirdi".
Məhz belə bəylər haqqında Həmidə xanım bayatılarının birində yazırdı:
Buxarı
qurum saxlar,
Od yanar, qurum saxlar,
Qırıldı mərd igidlər
-
Qaldı
bu qurumsaqlar!
Həmidə xanım zəmanəsində
tüğyan edən nadanlığın, savadsızlığın
və xəstəliklərin
qarşısının alınmasının
əlacını ancaq
xalqın maariflənməsində
görürdü. O, bu məqsədlə heç
olmasa öz doğma Kəhrizli kəndində məktəb
açmaq, xalqı savadsızlıqdan, cəhalətdən
qurtarmaq istəyirdi.
Bu baxımdan onun öz xatirələrində
toplanmış fikirləri
ilə tanış
olmaq maraqlıdır:
"Mən çoxdan
Kəhrizli kəndində
oğlanlarla qızların
bir yerdə oxuduqları məktəb təşkil etmək arzusunda idim. Məktəb üçün bina çoxdan tikilmişdi.
Mirzə
Cəlil mənim niyyətimi bəyəndi.
Onu həyata keçirmək üçün işə
girişdi. O, xarrat
erməni Qriqora 20 skamya və sinif löhvəsi hazırlatdı. Lazım olan kitabları,
dərslikləri, dəftərləri
və s. aldıq.
Sonra yığıncaq çağırıb
kəndliləri və
onların arvadlarını
dilə tutduq ki, uşaqlarını məktəbə göndərsinlər.
Kəndlilər mənə hörmət
bəsləyir və inanırdılar. Buna görədə onların
bəziləri qızlarının
məktəbə getməsinə
razılıq verdilər.
Mənim
qohumlarım qızlarını
məktəbə məmnuniyyətlə
buraxdılar. İlk günlərdə
məktəbə otuza
yaxın oğlan və on nəfər qız uşağı gəlirdi. Onlarla Mirzə Cəlil
özü və mərhum qızım Mina məşğul olurdu.
Sonra Gürcüstandan müəllim
Xmaladzeni dəvət etdik. Məvacibindən əlavə onu
yemək-içmək və
mənzil ilə də təmin etdik. Uşaqlara azəri dilindən
dərsi kəndin sakini Mirzə Şəfi Axundov deyirdi. O biri il Qori seminariyasını bitirmiş
Əlibəyovu və
Salman müəllimi çağırıb məktəbə
müəllim təyin
etdik. Məktəbdə oxuyan yoxsul uşaqlara paltar və ayaqqabı da verirdik".
Beləliklə 1907-ci tədris ilində Həmidə xanım Kəhrizlidə oğlanlarla
qızların bir yerdə oxuduğu bir sinifli məktəb
açıb xalqın
istifadəsinə verir. Maraqlıdır
ki, elə həmin ilin sonunda onun ömür-gün
yoldaşı Cəlil
Məmmədquluzadə həmin
məktəbin nəzdində
"Molla Nəsrəddin"
adına kitabxana da təşkil
edir. Bu kitabxana
Ağcabədidə təşkil
olunan ilk kitabxana olur.
Təhsil sahəsində Həmidə
xanımın göstərdiyi
xeyriyyəçilik təkcə
Kəhrizli kəndi çərçivəsində məhdudlaşıb qalmırdı. Tiflis Qızlar İnstitutunda oxuyan öz qızına və Mirzə Cəlilin Nazlıdan olan qızına baş çəkmək üçün
Tiflisdə olduğu zaman öyrənirk ki, institutda qızlara Ana dili dərsi deyən müəllim yoxdur. Əməkhaqqı verilmədiyindən heç bir kəs bu dərsi
aparmır. Məlum olur
ki, bu işin
həllinə köməkliyi
isə ancaq Şeyxülislam edə bilər. Həmidə xanım çəkinmədən
onun yanına gəlir. Şeyxülislama bildirir ki, instituta müəllim təyin etsin, əməkhaqqını özü
verəcək. Həmidə xanımın bu açıq cəsarəti
Şeyxülislamın xoşuna
gəlir və söz verir ki, müəllim təyin olunana qədər qızlara dərsi özü deyəcək. Elə də
edir. Sonra müəllim təyin
olunur və əmək haqqını da Həmidə xanım ödəyir.
Xeyirxaqlıq fitrətən Həmidə
xanımın qanında
idi. Yıxılana əl uzatmaq,
xəstəyə, imkansıza
kömək etmək onun xarakterinin əsas məziyyətlərindən
idi.
Məlum olduğu kimi böyük şairimiz Mirzə Ələkbər
Sabir ömrünün
son günlərində ciddi
xəstə olmuşdur. O, Mirzə
Cəlilin, Həmidə
xanımın dəvəti
ilə Tiflisə gəlib onların köməkliyi ilə müalicə olunmuşdur.
Bu zaman o, Mirzə
Cəlillə Həmidə
xanımın evində
qalmış, şairin
müalicəsi ilə
bu iki alicənab
insanlar məşğul
olmuşdur. Bu zaman Həmidə xanım şəxsən özü onun qulluğunda dayanmış,
böyük şairin
sağalması yolunda
Mirzə Cəlillə
hər ikisi əllərindən gələni
əsirgəməmişlər. O vaxtlar Mirzə Cəlil Tiflisdə nəşr olunan "Molla Nəsrəddin" jurnalının redaktoru işləyirdi. Xüsusi ilə Həmidə xanımın böyük
qayğısı xəstə
şairi bərk mütəəsir etmiş,
sonradan dostu Abbas Səhhətə göndərdiyi bir məktubda yazmışdır:
"Mirzə Cəlil
və Həmidə xanım cənablarından
çox razıyam, bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə
tamam məxaracımı
və zəhmatimi mütəhəmmil olmuşlar.
Mən mehmanxanada, ya xəstəxanada yatmağa
razı olmadılar, öz evlərində mənzil vermişlər.
Xülasə, bilmirəm nə
dil ilə təşəkkür edim".
Qara ciyəri xəstə olan böyük şair həkimlərin və dostların cərrahiyyə əməliyyatı
olunmaq üçün
etdiyi təklifə razı olmayıb, əlacsız Şamaxıya
qayıtdıqdan sonra
Həmidə xanımdan
dostlarına dəfələrlə
razılıq etmiş,
hətta bir dəfə onun haqqında bədahətən
farsca aşağıdakı
beyti demişdir:
"Nəkərdənd gəz
əcəl püştəm
xəmidə
Gəşəm dərdüşi - xud
rənci Həmidə"
(Əgər əcəl belimi bükməsə Həmidənin xəcalətindən
çıxaram)
Həmidə xanımın Sabirə
göstərdiyi qayğı
barədə böyük
bəstəkar, həmyerlimiz,
ölməz Üzeyir
Hacibəyli o vaxt mətbuatda çıxan bir məqaləsində yazırdı:
"Qoy ədəbiyyat
tarixinə yazılsın
ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi
olmadısa da, bir nəfər arvad oldu ki,
şairin iadeyi səhhəti üçün
milyonçu kişilərə
rəğmən öz
varından keçərək
qədər böyük
bir həmiyyət göstərdi".
Həmidə xanım eyni zamanda Cəlil Məmmədquluzadənin kicik
qardaşı, İran
inqilabının fəallarından
biri, Cənubi Azərbaycanda azadlıq fədailəri Səttarxanın,
Şeyx Məhəmməd
Xiyabaninin, yaxın dostu və silahdaşı
Mirzə Ələkbər
Məmmədquluzadənin onu
gözləyən ömürlük
sürgün cəzasından
xilas olmasında, qayğısında və
müalicə olunmasında
əlindən gələn
maddi və mənəvi köməkliyi
göstərmişdir Həmidə
xanımın cəsarətli
bir qadın, haqq sözü deməkdən çəkinməyən
bir tribun olduğunu xarakterizə etmək sahəsində onun 1-6 noyabr 1912-cü ildə Tiflisdə Zaqafqaziya Pambıqçılarının
XIII qurultayında Qarabağda
Pambıqçılığın vəziyyəti barədə
etdiyi tarixi çıxış böyük
əhəmiyyət kəsb
edir. Olduqca iftixar doğurası
haldır ki, Qarabağda pambıqçılığın
vəziyyəti və
problemləri barədə
çıxış etmək
Həmidə xanıma
həvalə olunmuş
və Həmidə xanım bu tarixi
çıxışı rus
dilində etmişdir.
Müasirlərin söylədiyinə
görə hələ
qurultay başlamamışdan
əvvəl qurultaya rəhbərlik edənlər
gündəlıkdə çıxış
edənlər arasında
bir müsəlman qadınının da adını görüb bərk təəcüblənmiş,
Həmidə xanımın
aşağıda qeyd
etdiyimiz gözəl çıxışına heyran
olmuşlar:
"Rayonumuzun pambıqçılarının əsas bəlası çəyirtkədir. 1892-ci ildən 1912-ci ilə kimi ancaq bircə il (1910) çəyirtkə əkinlərimizə zərər verməmişdir. Bütün bu illərdə əkinlərimizi, o cümlədən pambıq sahələrimizi çəyirtkə qismən, yada tamamilə tələf etmişdir. Çəyirtkəni məhv etmək üçün adi vasitələrlə kifayətlənmək olmaz, təxminən sahəsi 500 min hektardan ibarət olan Mil düzünü mümkün qədər su ilə tez təmin etmək lazımdır. Əsrlər boyu cüt görməmiş bu səhranın son dərəcə məhsuldar torpağı vardır. Eyni zamanda bu səhra uzun qərinələrdən bəri çəyirtkə yuvasıdır, çünki çəyitrkə adətən əkilməyən torpaqda törəyir. Mil səhrasını suvarmaq üçün Arazdan kanal çəkmək və onu həmin səhradakı Gavurarxına birləşdirib Lənbəran kəndinədək uzatmaq lazımdır. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, 1866-cı ildə bu arxı mənim mərhum atam Əhməd bəy Cavanşir çəkdirmişdir. Həmin arxı çəkdirməklə Lənbəran kəndinə kimi uzatmaq fikirində idi. Lakin yerli orqanlar ona razılıq vermədilər. Atamın bu haqdakı yazışmaları indi də məndə qalır.
(ardı gələn
sayımızda)
Şirxan Aranlı
Yazıçı,
publisist. Azərbaycan
Yazıçılar
Birliyinin üzvü
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2018.-16 fevral.-S.7.