"Akademikin son əsəri" haqqında mülahizələrim
Musa
Xanbabazadə
filoloq-
ədəbiyyatşünas
(əvvəli
ötən sayımızda)
Sərt, ötkəm reaksiya verir Ziyad Şıxlı SSRİ prezidenti Qorbaçovun - bu boyda ittifaqı yenə rus hegemonluğunun at oynatdığı xırda savaşlar ocağına çevirməsinə, I Pyotrun, Yekaterinanın, Stalinin, Mikoyanın türklərə qarşı başlatdıqları qan-qadalı oyunlarının yeni şəraitdə "çiçəkləndirməsinə", Ermənistandan çıxarılanların Qarabağda yox, Bakıda, Sumqayıtda yerləşdirilməsi barədə respublika rəhbərliyinə tapşırıq verməsinə, 1990-da 20 Yanvar qırğınına birbaşa başçılıq etməsinə, iki xalqı, iki respublikanı qanlı müharibəyə aparmasına... "Hakimiyyətdəkilərin və onların əlaltılarının nəzərində bu iş başa çatmamışdır. Hər yeni türk nəslinin qaymağı yığılmalıdır. Fərqi yoxdur, dünən bu işə Stalin fərman verirdi, bu gün Qorbaçov verir... Dünən bu xəyanət Mikoyanların, Mirzoyanların... əlilə həyata keçirilirdi, bu gün cəllad bıçağı Balayanların, Kaputikyanların, Sərkisyanların... və bir sürü insanlığı, qonşuluğu, həqiqəti çoxdan unudanların əlindədir. Yəni ölüm siyahısını Bakıda yox, Moskvada, İrəvanda axtarmaq lazımdır. Qorbaçovun yolu demokratiya deyil, xalqları bir-birinə düşmən edib, dünyanın cənnət guşələrindən biri olan Qafqazı qan çanağına döndərməkdir" (səh. 61-62; 64, 65).
Bütün roman boyu ən dramatik, ən fəci situasiyalarda kəfəni əynində ixtiyar sahiblərinin hüzurunda kökləri buğum-buğum torpağın yeddi qatına dirənən dəmirağacıtək əyilməzdir - bükülməzdir Ziyad Şıxlı!
Erməni mafiyasının (intellektlərinin) yuxusunu qaçırır, rahatlığını əlindən alır Ziyad Şıxlının elmi araşdırmaları. Çaş-başdır bu araşdırmalardan nəinki ölkə erməniləri, hətta xaricdə yaşayan ermənipərəst rus, fransız, alman, fars alimləri də. Heçə-puça çıxarır Ziyad Şıxlının sərrast elmi dəlilləri ermənilərin Qafqaz Albaniyası, Cənubi Qafqazda xristianlığın tarixi, habelə Naxçıvan və Qafqazda aborigen xalq olmaq konsepsiyalarını. Bu səbəbdən ermənilər Ziyad Şıxlını, hansı vasitə ilə olur-olsun, öz tərəfinə çəkmək üçün dəridən-qabıqdan çıxır, müxtəlif üsullara əl atırlar. Haqqında gah böhtan dolu məqalələr yazır, onu islama qarayaxmada suçlayır, gah da İrəvanın mərkəzində mülk, maşın, böyük miqdarda pullar vəd edirlər. Bu murdar təkliflərə baş əymir akademik. Əksinə, "...təkliflə gələnlər onun otağından şil-küt vəziyyətdə, suları süzülə-süzülə çıxırdılar". (səh. 287)
Ram olmur Ziyad Şıxlı. Erməni alimləri başqa yola - terrora əl atır, Ziyad Şıxlının fiziki məhvini planlaşdırırlar: "...Son çıxışından sonra meydanda ona verilən "ölüm siyahısı"na təəccüblənmədi. Bu siyahıda onun adıyla Altayın adı yanaşıydı. "Böyük şairlərimizi Sibirdə çürütdükləri bəs eləmədi, indi də onları əvəz edən yeni nəsli terror qurbanı edəcəklər", - deyə düşündü". (səh. 61).
İzləyir Ziyad Şıxlını "ölüm siyahısı" addım-addım. Pusur Ziyad Şıxlını "ölüm siyahısı" kölgə-kölgə, ölkə-ölkə - Moskva və Bakıda, Tehran və İrəvanda. Nəhayət, "ölüm siyahısı" gərir qara qanadlarını Ziyad Şıxlının üzərinə Təbriz-Tehran yolunda. Allahın möcüzəsi və mərhəmətindən sağ qalır Ziyad Şıxlı başından travmalar alsa da, sümükləri xıncım-xıncım olsa da. Yayılır bu məşum xəbər ildırım sürətilə İrana və habelə bütün dünyaya. Elmi konfrans iştirakçıları dəyir bir-birinə. Tehran xəstəxanalarının birində yerləşdirilir Ziyad Şıxlı. Tək qoymurlar Ziyad Şıxlını nə Azərbaycan səfirliyi, nə türk-azəri ziyalıları, nə də Ziyad Şıxlını tanıyan məşhur elm adamları. Şəfaxanada da terror ağ xalatda, ağ libasda kəsir Ziyad Şıxlının başının üstünü. İstəyir bitirsin, nöqtələsin Ziyad Şıxlının ömür-gününü. Burda da gücü çatmır terrorun Ziyad Şıxlıya. Əlbəyaxa döyüşdə qollarını burur, nəfəsini kəsir Ziyad Şıxlı terrorun: "-Gecədən xeyli keçmiş əlində iynə bir həkim girdi otağa ki, "iynənin vaxtıdır, qolunu çırma!". Baxdım üzü xoşuma gəlmədi. "Hayes?" - deyə soruşdum. Başı ilə təsdiq etdi. "İynə vurdurmaq istəmirəm", - dedim. Yox e, cumur irəli, qoluma əl uzadır. Tutub qolunu burdum, iynə əlindən düşdü. "Durub öldürərəm səni, rədd ol!" - dedim. İynəni də götürüb tez çıxdı". Sonra da anladım ki, bəlkə də, İranda hazırlanan bu qəza hansısa başqa bir terrorun ilk pərdəsidir". (səh. 260; 264).
Qarşı-qarşıya qoyur Moskvanın məkrli siyasəti Ziyad Şıxlı ilə oğlunu. Moskva susdurmaq, sındırmaq istəyir atanı doğma oğlunun əliylə. Gərginlik, düşmənçilik ovqatına kökləyir hər ikisini. Oğlunun (Vladimirin) DİN-dəki qərargahına gəlir Ziyad Şıxlı. Anlayır ki, bu görüş Konovalov, Polyanıçko, Bakatin və digərlərilə görüşlərə bənzəməz. Əvvəlki görüşdükləri yaddilli, yad ocaqlıydılar. Üstlərinə ovuna tələsən bir aslan kimi gedirdi. İndicə görüşəcəyi onun ovu deyil, dosdoğmaca oğludur, taleyinin, ömür-gününün bir parçasıdır. Üz-üzə, göz-gözə dayanır ata-oğul. Hirs boğur, əsəb yeyir atanı. Dişi bağırsağını kəsir. Yaşayır böhranlı-sarsıntılı dəqiqələr. Ucalır bu çətin, bu ağrılı məqamlarda Ziyad Şıxlının qətiyyətli səsi: "Öz ordumuz deyirsən? Bakıya girən o uzunsaçlı narkomanlar və ya kazak muzdlularımı bizim ordu? Mən gözünü qan örtmüş, "Ubeyte etix turkov!" deyib tankı uşağın, böyüyün üstünə sürən muzdlu qatilləri ordu saymıram... Gəlməməliydin bura! O boyda ordunu ələk-vələk eləyib xüsusi olaraq səni tapıblar bura göndərməyə və istəyirlər ki, burada atayla oğul üz-üzə dayansın. Biri işğalçı, biri öz xalqının haqqını qoruyan. Səni göndəriblər ki, məni öldürəsən! Mənim acığıma! Düşmənlərim göndərib. Elm meydanında cavabımı verə bilməyənlər, haqqımda ölüm hökmü çıxarsalar da, bu hökmü yerinə yetirə bilməyənlər qisaslarını bu cür alırlar - oğlunu atanın üstünə göndərməklə!". (səh. 102; 108).
Birləşir Ziyad Şıxlının xislətində həm maddi igidlik, həm də mənəvi igidlik. Maddi igidlik ölümə və hər cür sui-qəsdə etinasızlıqdır. Təhlükə və xətərlərə soyuqqanlılıqdır.
Hərb meydanlarında yeri gəldikcə əlbəyaxa savaşlarda güclü əzələ nümayişidir və s. Maddi igidliyin parlaq nümunələridir Ziyad Şıxlının cinayət işlətmiş əsgərlərini ən ağır döyüşlərdən keçirə-keçirə ölkədə şöhrətlənməsi, iki dəfə ağır yaralanması; düşmən qəlpəsini 35 il ayağında gəzdirməsi; ağır beyin silkələnməsi ola-ola əlbəyaxa döyüşdə düşmən əsgərini məhv etməsi; Berlinə sinəsində Qızıl Ulduzla daxil olması...
Mənəvi igidlik ən ağır sınaqlarda qorxmamaqdır. Yaramaz ehtiraslara boyun əyməməkdir. Nəfsin-tamahın ağzına daş basmaqdır. Mənəvi dəyər və əxlaqi sərvətləri özündə gerçəkləşdirməkdir. Elmə, sənətə sonsuz təşnəlik və vurğunluqdur. Ziyad Şıxlının mənəvi igidliyinin görsənişləridir: a) arxivlərdə təkcə xalqın uzaq tarixinin köklərini yox, həm də bu günün yaxın köklərini, günahsız qurbanların haqqını da səbirlə, inamla araşdırması; b) respublikada repressiyanın paslı maşınının tamamilə dayandırılması uğrunda mübarizəsi; c) respublikanın ictimai-siyasi, ədəbi-mədəni həyatında gənclik eşqi və ehtirası ilə fəallıq göstərməsi, ən qaynar və təhlükəli olayların mərkəzində çarpışması; ç) SSRİ-nin "siyasət nəhənglərilə" - Brejnevlə, Qorbaçovla, Rimakovla, Bakatinlə... açıq-aydın, qara-qorxusuz söz savaşı, fikir müharibəsi aparması; d) repressiya qurbanlarının akademiyada çalışan, fəqət rəhbərlik tərəfindən kölgədə saxlanılan övladlarına təmənnasız maddi-mənəvi dəstəyi; e) Azərbaycan xalqının üzləşdiyi yeni bir fiziki və mənəvi repressiyaya - genetik savaşa dirəniş və protesto sərgiləməsi və s.
Sabir Rüstəmxanlı unutmur Ziyad Şıxlının bədii yaradıcılığını da, istedadlı qələm sahibliyini də. Söz açır müəllif Ziyad Şıxlının şeir və esselərindən də, hekayə və parodiyalarından da, nağıl-roman və nağıl povestlərindən də, arxivində əlyazması halında qorunan "Zurnaçı bəyin başına gələnlər"dən də, 1937-nin qanlı repressiyaları ilə bağlı "Terror" əsərindən də, tamamlanmamış məşhur "Nağıl-roman"ından da... Sabir Rüstəmxanlı Ziyad Şıxlının məğzində müasir dünyanı silkələyən qan-gen savaşı, soysuzluq-sonsuzluq gerçəkliyi, sperma-toxum bankları satışı, süni qida və fəsadları problemləri dayanan "Nağıl-roman" əsərindən bəzi məqamları öz əsərinin bədii mətninə əlavə etmişdir ki, bu, romanın maraqla və böyük heyranlıqla oxunan epizodlarındandır. Sabir Rüstəmxanlının bədii həqiqətləri oxucunu inandırır ki, "kişi toxumlarının bazara çıxması dünya nizamını kökündən çevirməyə qadirdir və Aslan nazirin oğlu Kamranın romanı bütünlüklə millət kişisinin faciəsidir" (Tehran Əlişanoğlu).
Böyükdür, əzəmətlidir, basılmaz və məğlubedilməzdir Ziyad Şıxlı alimliyində də, yazıçılığında da, savaşçılığında da, vətəndaşlığında da! Cəsarət, mərdlik, igidlik, döyüşkənlik, əzmkarlıq, halallıq, səxavət, sədaqət... rəmzidir ömrünün bütün etap və dönəmlərində Ziyad Şıxlı. Canlı nümunədir, parlaq örnəkdir, başucalıqdır, üzağlıqdır hər bir Azərbaycan vətəndaşına, hər bir Azərbaycan gəncinə Ziyad Şıxlı!
Narahatdır Ziyad Şıxlı təbii iqlimin, flora və faunanın doğallığına, əslliyinə - xalisliyinə, insanın geninə yönələn qlobal müharibələrdən ötrü. Çünki təbiətin ilkinliyinə-saflığına təcavüz edir radiasiya şüaları, süni kimyəvi tərkiblər, atom bombalarının partladılması, çeşid-çeşid təcrübələrin yerdə-göydə gerçəkləşdirilməsi. Pozur bu müharibə-sınaqlar təbiətin nizamını. Əhatələnir təbiət nizamlana bilməyən xaos və hərc-mərcliklərlə. Genetik kodun bəkarətinə hər hansı qəsd və ya həmlə cavabsız qalmır, dərhal insan fitrəti əleyhinə çevrilir, irsiyyət qanunlarının ahəngini pozur, əxlaq və mənəviyyatı cılızlaşdırır, insan kamilliyini naqisləşdirir, müqəddəs yaddaşı manqurtlaşdırır, babaların yatdığı əbədi aramgahı heyvan məzarlığı ilə eyniləşdirir, dünyaya gələn uşaqların xəstə, şikəst və qüsurlu doğuşunu şərtləndirir. Təbiət qısırlaşır. Təbii (doğal) ərzaq qıtlığı başlayır. Ərzaq qıtlığı süni qida (süd, buğda, meyvə...) bolluğu yaradır.
Zəhrimarların yaraşığına, şəklinə, bəzəyinə aldanırıq. Öz mal-qaramıza, mer-meyvəmizə dodaq büzürük. Nəticədə genetik kod iflicləşir-sperma durulur, maya çürüyür, ehtiras ölür, sonsuzluq faciəsi bizi rahat buraxmır. Başlayırıq dava-dərmana, cadu-pitiyə, qaçırıq sperma bankları dalınca: "Bir yandan baxanda, doğrudan da, inqilabdır, bir çox ailənin həsrətinə son qoyur, ailənin dağılmaq təhlükəsinin qarşısını alır. Lakin nəslin qorunması baxımından bu bir fəlakət və ya fəlakətlərin başlanğıcıdır... Çünki bu yolla doğulub böyüyən uşaqların kökünün hara, hansı insana, hansı irqə, hansı soya bağlı olduğunu kimsə müəyyənləşdirə bilməz. Bəlkə, heç bu maya da təbii deyil. İndi süni insan yaratmaq yarışına giriblər. Bəlkə, insanları da meyvə kimi hibrid, qarışıq toxumadan almaq istədilər. Onda nə olacaq? Kim çıxacaq bu yazıq anaların qarnından?". (səh. 155). Əlbəttə, bədənləri lət bağlamış oğlancıqlar, gözləri susqun, əlləri nazik və tərli qızcıqlar, döşləri qadın döşləri kimi sallanmış kişiciklər, doğub-törətmək qabiliyyətini itirmişlər, ata-ana mehribanlığı görməyənlər, dayə tərbiyəsilə böyüyənlər, dilinə, ədəbiyyatına biganələr-laqeydlər... Bəli, bütün bunlar böyük ölkələrdən əlvan paketlərdə idxal edilən, necə yapıldığını bilmədiyimiz süni qida və ərzaqların, dədə-baba yeməklərimizə dodaqbüzmənin zay məhsulu-bəhrəsidir: "Durulur sperma da, ilik də, beyin də, durulur, xarab olur. Mənşəyini bilmədiyimiz zir-zibildən, hibridləşdirilmiş meyvədən, almadan, kartofdan, süni yumurtadan və süddən... Sintetik qida məhsulları uşaq yarada bilən hüceyrələri on dəfə azaldır. Bu, milyonlarla hüceyrənin ölüb sıradan çıxması deməkdir. Ehtiyac duymadan yaşamağınla öyünmə!". (səh. 153).
Şairdir, alimdir, publisistdir, millət vəkilidir, ən başlıcası istiqlal savaşçısıdır Altay Qizilbaş. Azərbaycanın qollarından imperiya buxovlarını qırmaq, Azərbaycanı müstəqil görmək ən uca amalı, ən ali məramıdır Altay Qızılbaşın. Elə bu mərama, bu amala köklənib şairliyi də, alimliyi də, publisistliyi də, millət vəkilliyi də!
Çox sevirlər bir-birini Altay Qızılbaşla Ziyad Şıxlı. Aralarında yaş fərqi olsa da, bu, onların dostluq və qardaşlığına mane olmur. Fikir və düşüncələrində ixtilaflar yaratmır. Gizlətmirlər bir-birinə sonsuz sevgi və məhəbbətlərini. Altay Qızılbaşın "Ədəbiyyat və incəsənət" qəzetində Ziyadın döyüş yolu və tarix elmindəki yeri haqqında dərc etdirdiyi məqalə elə bu sevginin əyani görsənişi-ifadəsidir. "Uzaq və yaxın tarixlərin davam edən dialoqu" xatırladan bu məqalə oxucular arasında böyük rezonans doğurmaqla yanaşı, Ziyad bəyi də çox təsirləndirir və o, "hətta qəzeti oxuyandan sonra durub tənbəllik etmədən redaksiyaya getmiş, müharibə veteranı dostlarından olan redaktorun yanında cavan jurnalistə təşəkkürünü bildirmişdir". (səh. 16). Qanadlandırır Altayı - bu gənc jurnalisti həm akademikin - Ziyad Şıxlının haqqında dediyi xoş sözləri, həm də baş redaktorun səsləndirdiyi ölçüyəgəlməz tərifləri: "Güclü qələmi var, təkcə publisist yazılar yazmır, həm də sizin akademiyada müdafiə edib, alimdir. Amma mən onu daha çox şair kimi bəyənirəm". (səh. 18).
Baş redaktoru idi "Azərbaycan" qəzetinin Altay Qızılbaş - o qəzetin ki, həmin o təlatümlü illərdə ölkəyə demokratiya və azadlıq, istiqlal və müstəqillik, milli birlik və vətəndaş həmrəyliyi çağırışları buradan yayılırdı. Baş qərargah idi qəzetin redaksiyası o mənhus, o məşum günlərdə. Fəqət nə baş redaktor sarsılır, geri çəkilirdi, nə əməkdaşları. Vətən sevgisi qovmuşdu ürəklərindən qorxu adlı iblisi. Açırdı bu qəzet 1988-də yenidən baş qaldıran erməni hərəkatına münasibətdə Azərbaycan hakimiyyətinin iç üzünü, antimilli dəst-xəttini, Moskva siyasətinə təslimçiliyini. Xalqa faktlarla anladırdı SSRİ-nin və digər Avropa ölkələrinin dəstəyilə Ermənistanın Azərbaycana açıq müharibəyə başladığını. İfşa edirdi baş redaktor köşə yazılarında köhnəlmiş rejimin eybəcərliklərini, ikiüzlülük və riyakarlığını, pula-altuna söykənən dünya siyasətini və habelə Bakıda olan işğal ordusunun vəhşiliklər törətməyə hər an hazır olduğunu. Diqqətlərə çatdırırdı, eyni zamanda, yerli məmurların fəaliyyətsizlik və itaətkarlığını, milli müqavimət duyğusundan məhrumluğunu. Qəzet tövsiyə edirdi oxuculara (vətəndaşlara) şayiələrə, təxribat və panikalara uymamağı, dözümlü, səbirli, lakin ayıq-sayıq olmağı!
(ardı gələn
sayımızda)
Ədalət.-2018.-16 feval.-S.5.